Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:16

Erdoğan NATO-dakı təmsilçilərini cəzalandırır


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Yaydakı çevriliş cəhdindən sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan həm də NATO xidmətindəki yüzlərlə yüksəkrütbəli hərbçini cəzalandırıb. Hadisə zamanı ölkədən kənarda, iş başında olan, həm də ölkəni NATO kimi nüfuzlu təşkilatda təmsil edən hərbçilərin kütləvi həbsinin, ya da işdən qovulmasının səbəbi nə ola bilər? «Reuters» agentliyinin eksklüziv yazısında bu suala cavab axtarılır.

ONLARA 3 GÜN VAXT VERİLİB

Agentliyin əldə etdiyi gizli bilgiyə görə, sentyabrın 27-də Türkiyə NATO-nun Almaniya, Belçika, Niderland və Britaniyadakı qərargahlarında fəaliyyət göstərən 149 hərbçisini geri çağırıb, ölkəyə qayıtmağa onlara 3 gün vaxt verilib.

Qayıdandan sonra bu hərbçilərin çoxu ya xidmətdən uzaqlaşdırılıb, ya da həbs olunublar. «Reuters» bu barədə məlumatları NATO-dakı türk rəsmisindən və NATO-dakı həmkarlarına yazan hərbçilərin məktublarından əldə edib. Məktublardan birində yüksəkrütbəli hava qüvvələri komandanlarının təqib olunduğu deyilir.

Türk hərbçisinin sözlərinə görə, indiyədək hökumət 400 hərbi təmsilçini cəzalandırıb. NATO-dakı qeyri-türk rəsmiləri də məlumatı təsdiqləyiblər.

Erdoğan hökuməti çevriliş cəhdinə görə təkcə hərbçiləri deyil, 100 minə yaxın ədliyyə, polis işçisini, müəllim və həkimləri də cəzalandırıb, 30 mindən çox adam həbsdədir.

CƏMİ 9 TƏMSİLÇİ

Amma NATO-dakı təmsilçilərin işdən kütləvi çıxarılması alyansın düşməni olan Rusiyaya yaxınlaşan Erdoğan-ın strategiyası barədə suallar doğurur.

Türkiyə islamçı qruplaşmalarla mübarizədə Qərbin ən yaxın müttəfiqlərindən olub, Əfqanıstandakı NATO təlim missiyasının tərkibi, əsasən, türklərdən ibarətdir.

Amma indi Türkiyənin Belçikadakı NATO qərargahına göndərdiyi 50 təmsilçidən cəmi 9-u yerində qalır. Türkiyə təmsilçiləri NATO toplantılarında iştirak etmirlər.

Türkiyənin NATO səfiri agentliyə müsahibə verməkdən imtina edib. Amma təşkilatın başqa bir rəsmisi hərbi kontingentin dəyişməsi məsələsinin Türkiyəylə NATO arasında yüksək səviyyədə müzakirə olunduğunu bildirib.

QAYITMAYANLAR VAR

Amma geri çağrılan hərbçilərin heç də hamısı qayıtmır. Bəziləri sığınacaq üçün xarici ölkələrə müraciət ediblər. Adının açıqlanmasını istəməyən bir dövlət rəsmisi «Reuters»ə müsahibəsində qayıtmayan hərbçilərin məsuliyyətə cəlb edilməli olduğunu, Türkiyənin müttəfiqlərinin bu məsələdə hökumətə dayaq duracağına inandığını deyib.

Ankaraya toplantıya çağrılan türk hərbçilərindən biri «Reuters»ə deyib ki, onu ya işdən qovacaqlarını, ya da həbs edəcəklərini güman edir: «Çevrilişə cəhd olanda biz xaricdə, iş başındaydıq. Bizim dövlətə qarşı çıxmağımız üçün səbəb yox idi».

Qayıtmayan hərbçilərin ölkədəki hesabları dondurulur, pensiya hüquqları ləğv edilir, onların yaxınlarının Türkiyədən çıxması yasaqlanır. «Reuters»in əldə etdiyi məktublarda hərbçilər yaxınlarının həbs olunduğunu da yazırlar.

QƏRB TƏHSİLİ VƏ DÜNYƏVİ BAXIŞLAR

ABŞ-da təhsil almış, çevriliş cəhdinə qədər NATO-nun Brüsseldəki qərargahında çalışmış, indi isə Belçikadan sığınacaq istəyən bir türk pilotu hər şeyinin əlindən alındığını deyir: «Ailəmi də alıblar, halbuki mənə heç bir ittiham elan olunmayıb».

İşdən qovulan NATO hərbçiləri Qərbə meylli olduqlarına görə cəzalandıqlarını düşünürlər. Onların fikrincə, Türkiyəni İslam ölkəsinə çevirməyə çalışan Erdoğan Avropa və ABŞ-da təhsil almış adamlarla düz gəlməyəcəyini bilir.

İşdən qovulanlardan biri, polkovnik Aziz Erdoğan Brüsseldəki həmkarlarına yazdığı məktubunda deyib ki, «təmizləmə əməliyyatı qurbanlarını birləşdirən cəhət… onların Qərb təhsili və dünyəvi baxışlarıdır».

XS
SM
MD
LG