Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:48

'Putin İstanbula nazir də göndərə bilərdi'


R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin

Aparıcı nəşrlər İstanbulda hər şeydən çox diqqətçəkən Putin-Erdoğan yaxınlaşmasından yazır.

Rusiya prezidenti Vladimir Putin-lə türkiyəli həmkarı Recep Tayyip Erdoğan İstanbul enerji sammiti çərçivəsində ikitərəfli görüş keçirib, vacib məsələləri müzakirə ediblər. Hər şeydən əvvəl Rusiyanın çoxdandır reallaşdırmağa çalışdığı qaz kəməri layihəsiylə bağlı razılaşma imzalanıb.

«The New York Times» yazır ki, Putin ABŞ-la münasibətlərin gərginliyindən istifadə edərək, İstanbulda Kremllə Türkiyənin münasibətlərini isitməyə və dayandırılmış layihənin bərpasına nail oldu.

HƏRƏNİN ÖZ NİYYƏTİ

«Türk axını» layihəsi Rusiya qazının Avropaya Ukraynadan yan keçərək daşınmasını nəzərdə tutur. Kəmər Qara dənizin altından Türkiyəyə, oradan isə Yunanıstan sərhədlərinə qədər uzanacaq. Yəni Rusiyaya Ukraynadan keçən kəmərdən asılılığını azaltmağa, Ukraynaya gedən qazı istədiyi vaxt kəsmək imkanı verəcək.

Bu layihənin həyata keçirilməsində Türkiyənin də məqsədləri var. «Deutsche Welle» yazır ki, Türkiyə Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgəsindən gələn təbii qazın ötürülməsi baxımından mühüm mərkəzə çevrilmək, daxili enerji təhlükəsizliyini təmin etmək və ölkənin geostrateji əhəmiyyətini möhkəmləndirmək niyyətindədir.

Putin Moskvayla Ankara arasında gərginliyə səbəb olan təyyarə insidentindən bəri ilk dəfə idi Türkiyəyə səfər edirdi. Keçən ilin noyabrında türk ordusunun Suriya yaxınlığından keçən rus təyyarəsini vurması bu ölkələrin münasibətlərini pisləşdirmişdi. Amma yayda Erdoğan hadisəylə bağlı üzrxahlığını bildirəndən sonra hər iki lider yaxınlaşmağa başladı. «The New York Times» yazır ki, həm Rusiya, həm Türkiyə prezidentləri münasibətlərini yaxşılaşdırmaqla siyasi cəhətdən təcrid edilmədiklərini, Suriya məsələsində əsas oyunçular olduqlarını vurğulamağa çalışırlar. Qərb nəşrlərinin çoxu Putin-lə Erdoğan-ın yanaşı oturub güldükləri fotonu dərc edib. Yeri gəlmişkən, Putin-in o biri tərəfində Azərbaycan prezidenti İlham Əliyevin əyləşməsi diqqəti cəlb edir.

İ.Əliyev, V.Putin və R.T.Erdoğan
İ.Əliyev, V.Putin və R.T.Erdoğan

«PUTIN İSTƏSƏYDİ...»

Rusiya Strateji Araşdırmalar İnstitutunda Asiya və Yaxın Şərq Mərkəzinin rəhbəri Anna V.Glazova «The New York Times»a müsahibəsində deyib ki, Putin istəsəydi, İstanbul sammitinə hansısa naziri göndərməklə kifayətlənərdi: «Deməli, o, regional məsələləri Erdoğan-la üz-üzə müzakirə etmək istəyib... Bu isə Rusiyanın ABŞ-la münasibətlərinin gərginləşdiyi vaxtda özəlliklə vacibdir».

«The New York Times» son vaxtlar həm Putin, həm də Erdoğan-ın ABŞ-la münasibətlərinin soyuduğunu, Vaşinqtondan fərqli olaraq, Moskvanın Türkiyə prezidentinin ölkədə çevriliş cəhdindən sonra gördüyü tədbirləri dəstəklədiyini vurğulayır.

Amma Suriya məsələsində yaxınlaşma bir qədər problemlidir. Bunu «Reuters» agentliyi yazır. Agentlik Erdoğan-ın sözlərini – Suriyanın «həssas məsələ» olduğunu, amma birgə əməliyyatlarla bağlı müzakirələr haqda az danışdığını qeyd edir.

HƏLƏBLƏ BAĞLI RAZILIQ

«Deutsche Welle» yazır ki, Ankara indiyədək Suriyada Assad rejimini devirməyə çalışan qiyamçıların arxasında dayanırdı. Amma Rusiyanın əməliyyatlarından sonra Türkiyə rəsmiləri Assad-ın hakimiyyətdən getmək niyyətində olmadığını anladılar və bu, Türkiyənin siyasətində dəyişikliyə səbəb oldu.

Oktyabrın 10-da keçirdikləri mətbuat konfransında Erdoğan-la Putin Suriyada qırğının dayandırılmasını istədiklərini, Hələb şəhərinin yardımla təmin olunmasıyla bağlı razılığa gəldiklərini deyiblər.

Hər iki prezident başqa sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, nəqliyyat sahəsində də əməkdaşlığın bərpası istiqamətində işləyəcəklərini vəd ediblər. Erdoğan həmçinin, Rusiyanın Türkiyədə ilk nüvə stansiyasının tikintisi planını da tezliklə gerçəkləşdirəcəyini deyib.

XS
SM
MD
LG