Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

ABŞ-da rekord sayda müsəlman seçki siyahısına düşüb


ABŞ-da müsəlmanlar seçki qeydiyyatına düşür

ABŞ-da müsəlmanlar seçki qeydiyyatına düşür

Onlar çox sayda müsəlmanın yaşadığı ştatlarda müsəlman icmasını ciddi qüvvəyə çeviriblər

ABŞ-da rekord sayda - 1 milyondan çox müsəlman noyabrın 8-də keçiriləcək prezident seçkilərində səs vermək üçün qeydiyyatdan keçib. Bu, çox sayda müsəlmanın yaşadığı ştatlarda müsəlman icmasını ciddi qüvvəyə çevirir.

“Bir milyon səs” kampaniyası

ABŞ Müsəlman Təşkilatları Şurası 24 müsəlman hüquq müdafiə təşkilatını birləşdirir. "Bir milyon səs" kampaniyasını hədəf seçən bu qurum məqsədinə çatdığını açıqlayıb. Beləliklə, ABŞ-da seçici qeydiyyatından keçən müsəlmanların sayı 2012-ci illə müqayisədə 2 dəfədən çox artıb.

Buna da bax:​ Amerikalı müsəlman prezidentliyə namizədlərə sual ünvanlayıb

“Biz bir milyon həddini keçdiyimizi düşünürük. Məscidlərdə, məktəb və icma tədbirlərində icmanı seçici qeydiyyatına səfərbər etmişik. Bu yolla bu il dəyişiklik etməyə nail olmuşuq”, - Şuranın baş katibi Oussama Jammal belə deyir.

Amerika İslam Münasibətləri Şurasının (CAIR) keçirdiyi sorğunun nəticəsinə görə, seçici qeydiyyatından keçmiş Amerika müsəlmanlarının 86 faizi bu il səs verməyi planlaşdırır. Jammal-ın sözlərinə görə, bu il müsəlmanların erkən səsvermə hallarının əvvəlki seçkilərlə müqayisədə artdığı qeydə alınıb.

“Trump-un kobudluğu icmanı canlandırdı”

"Bir milyon səs" kampaniyasına ötən ilin dekabrında, respublikaçı namizəd Donald Trump-ın müsəlman mühacirlərin ölkəyə buraxılmaması ilə bağlı məşhur çağırışından sonra start verilib.

Buna da bax: Amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir

ABŞ müsəlmanlarının əsas hissəsi ərəblər və cənubi asiyalı mühacirlərdir. Onlar nadir hallarda vahid seçici blokunda birləşiblər. Müsəlman fəallar deyirlər ki, Trump-ın kobudluğu icmanı canlandıraraq, hərəkətə keçməyə sövq edib.

“Mən, adətən, namizədlərə təşəkkür etmirəm. Ancaq müsəlman icmasına heç görünməyən tərzdə enerji verdiyinə görə, Trump-a təşəkkür etmək istəyirəm. Müsəlman icması təbliğatın istisini və gücünü hiss edir, həm də səs verməyin vacibliyini anlayır", - CAIR-in icraçı direktoru Nihad Awad-ın sözləridir.

"Pew" tədqiqat mərkəzinin hesablamalarına görə, ABŞ-da ölkə əhalisinin 1 faizi civarında - 3,3 milyonadək müsəlman yaşayır. Onlardan 1,5 milyonun səsvermə hüququ var.

Buna da bax: Konqresin ilk müsəlman üzvü yazır

“İmamlara təlimat verilmişdi ki…”

Müsəlman fəallar səsverməyə daha çox müsəlmanın qatılması üçün 2 min 500-dən çox məscidin, 500 məktəbin və çox sayda icma mərkəzinin önündə qeydiyyat köşkləri qoyublar. İlboyu davam edən bu kampaniya sentyabrda - Qurban Bayramı zamanı daha da canlanıb.

“İmamlara təlimat verilmişdi ki, səs verməyin önəmi barədə moizə oxuyun", - Jammal “Amerikanın Səs”inə müsahibəsində belə deyib.

Amerika müsəlmanları 2000-ci il seçkilərində kütləvi surətdə George W. Bush-a səs veriblər. Müsəlmanlar arasında Floridada Respublikaçı namizədin qələbə qazanmasında bunun mühüm rol oynadığını deyənlər var.

Ancaq o vaxtdan müsəlman icması Demokratlar Partiyasına meyllənməyə başlayıb. 2003-cü ildə ABŞ ordusunun İraqı işğal etməsini, islamofobiyanın artmasını və bir çox siyasi qərarın respublikaçılarla assosiasiya olunmasınını buna səbəb saymaq mümkündür.

Buna da bax: ​ABŞ şirkətləri müsəlmanlara şərait yaradır

CAIR-in oktyabrda keçirdiyi rəy sorğusunun nəticələrinə görə…

Seçici qeydiyyatından keçmiş müsəlmanların 72 faizi demokratların namizədi Hillary Clinton-a səs verməyi düşünür. Rəyi soruşulanların cəmi 4 faizi Trump-a səs verəcəyini söyləyib.

"Bir milyon səs" kampaniyası bütün ölkəboyu keçirilsə də, başlıca diqqət çox sayda müsəlmanın yaşadığı "tərəddüd edən" ştatlara yönəlib. Bu ştatlarda müsəlmanların səsi yekun nəticəyə ciddi təsir göstərə bilər.

Müsəlmanların çoxu demokratların onsuz da üstün olduğu ştatlarda - Kaliforniya, Nyu York və Nyu Cersidə yaşayırlar.

Ancaq əsas döyüş meydanına çevrilən ştatlarda - Florida, Miçiqan, Ohayo, Pensilvaniya və Virciniyada da xeyli müsəlman əhali olsa da, onların elektoratdakı payı son dərəcə kiçikdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG