Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

Konqresin ilk müsəlman üzvü yazır


Keith Ellison
Keith Ellison

«15 il öncə Birləşmiş Ştatlar İslam adından çıxış etdiyini deyən terrorçuların hücumuna məruz qaldı. Amerikanın cavabı necə oldu? «Biz birlikdəyik». Amma indi, 2016-cı ildə müsəlmanlar 2001-ci ilin 11 sentyabrından daha artıq nifrətlə üzləşirlər». «The Washington Post» qəzetində ABŞ Konqresinin ilk müsəlman üzvü Keith Ellison belə yazır. O, Minnesota ştatının beşinci konqres dairəsini təmsil edir və Konqresin maliyyə xidmətləri komitəsinin üzvüdür.

Konqresmen o zaman ABŞ prezidenti George W.Bush-un Vaşinqtonda bir məscidə baş çəkdiyini, müsəlmanlarla həmrəylik göstərdiyini yada salır. Hücumlarda digərlərinin həyatını xilas edənlər arasında 23 yaşlı müsəlman Mohammed Salman Hamdani də var idi... Amma o günədək Amerikanın müsəlman icması siyasi müzakirələrin mərkəzində durmurdu. İndi isə İslam dini və müsəlmanlar tok-şouların daimi mövzusuna, xəbər başlıqlarına çevrilirlər, tez-tez də mənfi anlamda.

YAXŞILAR VƏ PİSLƏR

«Amerikanın müsəlman icmasından ötrü siyasi mənzərə dramatik şəkildə dəyişib, həm yaxşılığa, həm də pisliyə. «Bridge Initiative» təşkilatının son araşdırması üzə çıxarıb ki, bu seçki mövsümündə müsəlmanlara qarşı cinayətlərin sayı artıb. 2015-ci ildə 11 sentyabr terrorunda bəri ən çox antimüsəlman zorakılığı və vandalizmi qeydə alınıb. Antimüsəlman cinayətlərinin çoxalması Donald Trump-ın yüksəlişi ilə aydın şəkildə bağlıdır. Bu yaxınlarda doğma şəhərim Minneapolisdə iki somalili müsəlman inancına görə güllələnib. Amerika müsəlmanları 11 Sentyabrdan bəri həm irəliləyib, həm də təhlükələrdən keçib, indi də çoxları gələcəkdən narahatdır», - konqresmen yazır.

Buna da bax-ABŞ-da məscid tikintisinə etiraz

Müəllif müsbət dəyişikliklər sırasında prezident Obama-nın Abid Qureshi-ni ilk müsəlman federal hakimi təyin etməsini, hicablı Ibtihaj Muhammad-ın qılıncoynatmada bürünc Olimpiya medalı qazanmasını yada salır. 8 yaşından 12 yaşınadək Somalidə qaçqın düşərgəsində yaşamış 33 yaşlı Ilhan Omar Minnesota ştatının qanunvericilik orqanına seçilmək üzrədir, proqressiv platformasıyla seçilir.

MÜƏLLİF DƏ DAESH-İN SİYAHISINDADIR

Amma konqresmen vurğulayır ki, Amerikanın müsəlman cəmiyyəti qarşısında hələ də çətinliklər durmaqdadır. Üstəlik, respublikaçılar partiyasının namizədi Donald Trump müsəlmanların inancı barədə yalanlar yayır, qorxu oyadır. Amma müsəlmanlar inanılmaz dərəcədə vətənpərvərlik sərgiləməkdədir. Elə bunun nəticəsidir ki, «Daesh» («İslam Dövləti» silahlı qruplaşmasının ərəbcə qısa adı) vətəninə xidmətə görə öldürmək istədiyi şəxslərin siyahısına müsəlman amerikalıları da salıb.

Buna da bax-Trump qadağadan danışır, Kaliforniyada isə 'İslam ayı' elan edilir

«Mən də həmin siyahıdayam. «Daesh» bir məsələdə haqlıdır: Amerika müsəlmanları ölkələrinə xidmət göstərirlər. Müsəlmanlar bu ölkənin günü-gündən yaxşılaşmasından ötrü çalışırlar. Michael Brown (polisin güllələdiyini qaradərili) öldürüləndə, Ferqusyona gedib icma üzləri ilə görüşdüm. Xristian kilsəsinin daxilində yerləşən Salam Klinikasına baş çəkdim. Orada müsəlman həkim keşişə qoşularaq həftəsonu müraciət edən hər kəsə pulsuz tibbi yardım göstərirdi. Həkimlərlə söhbətdə anladım ki, bu klinika təkcə həmin etirazlar vaxtı pulsuz yardıma başlamayıb. 2008-ci ildən hər həftəsonu qapılarını açır, yüzlərlə yerli sakinə pulsuz xidmət edir. Bu həkimlər və keşiş əsl dövlət qulluqçularıdır».

DƏRSİMİZİ UNUTMAYAQ

Müəllif yazır ki, ABŞ-dakı milyonlarla müsəlman kimi o da sülhü və rahatlığı öz inancında tapır. İslam dini Salam Klinikasından həkimləri, qılıncoynadan Muhammad-ı ruhlandırır, onlar nifrəti gözardı edir, öz icmalarına xidmət göstərirlər. Gələcək nəsilləri də ruhlandırır. 12 yaşlı Yusuf Dayur yaydığı videoda deyir ki, o, ilk müsəlman prezident olacaq və nifrətin bütün formalarını rədd edəcək.

«11 sentyabr terrorunun 15-ci ildönümü çoxdan öyrəndiyimiz dərsləri yadımıza salmalıdır: qaranlığa üstün gəlməyin ən yaxşı yolu işıqdır. Və bu qədər neqativliyə baxmayaraq, adamlar fərqli reaksiya verirlər. İyunda Ramazan bayramı vaxtı əsasən qeyri-müsəlman olan qonşularım həyətlərində belə şüarlar asmışdılar: «Müsəlman qonşularımız, Ramazanınız mübarək!». Gəlin, onların ardınca gedək, bir-birinə üz tutaq, bir-birinə hücum çəkməyək».

XS
SM
MD
LG