Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

MTRŞ: 'Noyabrın 1-dən Bakı və Abşeronda analoq yayım dayandırılır'


Köhnə televizor
Copyright: BrAt82

Köhnə televizor Copyright: BrAt82

Noyabrın 1-dən Bakı və Abşeronda analoq yayım tam dayandırılır. Bir ay sonrasa bütün bölgələrdə. Bundan sonra Azərbaycanda ancaq rəqəmsal yayım gerçəkləşdiriləcək.

Milli Televiziya və Radio Şurasının texniki şöbə müdiri İsa Məmmədov AzadlıqRadiosuna bu qərarın məhz indi verilməsinin səbəbini belə açıqlayır:

“İki ildən çoxdur ki, Milli Teleradio İstehsalat Birliyi həm analoq yayımı aparır, həm də rəqəmsal yayım. Hər stansiyada hər proqram üçün ayrıca vericilər işləyir. Analoq vericiləri xarab olur, onu təmir etmək, ehtiyat hissələri tapmaq çətindir. Bundan başqa, hər birinin işıq pulu, xidmət pulu var. Yəni analoq yayım Teleradio İstehsalat Birliyi üçün böyük xərcdir, yükdür. Ona görə belə qəti qərar verdik”.

Buna da bax: Analoq yayım dayandırılır

İsa Məmmədov sözünün davamı olaraq, artıq Gürcüstanın iyundan analoq yayımı dayandırdığını bildirir.

“Köhnə televizor sahibləri...”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz rəqəmsal yayımın keyfiyyətinə, imkanlarına görə analoq yayımdan daha üstün olduğunu qeyd edir və buna görə də, ona keçidi alqışlayır.

Amma ekspert başqa bir məqama da diqqət çəkir. O, rəqəmsal yayıma keçidin əhalinin bəzi təbəqəsi, köhnə televizor sahiblərinə problemlər yaradacağını deyir: “Köhnə televizor sahibləri bu siqnalı qəbul edə, bununla da informasiya əldə bilməyəcəklər”.

Yada salaq ki, bir müddət əvvəl Milli Televiziya və Radio Şurası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hökumətə rəqəmsal yayıma başlamazdan öncə aztəminatlı ailələrə maddi dəstək verilməsi ilə bağlı təkliflər təqdim etmişdi.

Buna da bax: Azərbaycan rəqəmsal yayıma keçir

MTRŞ: “Bunun yolunu tapmadıq”

MTRŞ texniki şöbəsinin müdiri İsa Məmmədov imkansız ailələrə və ya, belə deyək, rəqəmsal yayımı dəstəkləmək üçün köhnə televizor sahiblərinə pulsuz dekoder verilməsinin nəzərdə tutulmadığını bildirir.

“Set-TOP-Box”lar çox ucuzdur, 25 manatdır. Əhalinin çox az faizində analoq televiziyalar qalıb. Onlar da Set-Top-Boz qoşmaqla rəqəmsal yayımı qəbul edə biləcəklər.

Ayda təxminən 100-120 manat təqaüd alan ailə üçün dekoderə 25 manat vermək, yəqin, çətin olacaq. Bəlkə bu cür ailələrin də informasiya almaq hüququ haqda düşünmək lazımdır.

Bu cür ailələri üzə çıxarmaq çox çətindir. Belə sorğu aparılmayıb, siyahı yoxdur. Bunu necə müəyyənləşdirməyin yolunu da düz biz tapa bilmədik. Bir də son 20-25 ildə televizor alanlara bu cihaz lazım olmayacaq.

Buna da bax: Mütəxəssis: «Rəqəmsal yayıma keçmək əhalini televizorsuz qoymaq deməkdir»

“Qiymət artımını önləmək üçün Nazirlik iş görəcək”

MTRŞ rəsmisi onu da deyir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir qədər sonra 5 min ədəd dekoderi özü poçt şöbələrində satışa çıxaracaq. Onlar “köhnə qiymətlə” - 25 manata satılacaq. Onun sözlərinə görə, məqsəd bazarda süni qiymət artımını önləməkdir.

Amma 5 min dekoder az deyilmi? İsa Məmmədov “az olduğunu” gizlətməsə də deyir:

“Mağazalarda yetərincə var, Sədərək” ticarət mərkəzi doludur, Müdafiə Sənayesi Nazirliyi, “Kür” İstehsalat Birliyi də ondan istehsal etdi bir müddət. Həm Çindən gətirilən variantlar var”.

“Söhbət bir neçə milyon manatdan gedir”

“Söhbət bir neçə milyon manatdan gedirdi. Məhdud bir təbəqəyə, aztəminatlı ailələrə dekoderlər alınıb verilməsi nəzərdə tutulurdu. Amma hökumət bu təklifə “yox” dedi. Məncə, bu qurumlar daha tez tərpənməli, daha ciddi dirəniş göstərməliydilər. Bu pulu almaqdan ötrü bunun vacibliyini əsaslandıra, lobbiçiliyini edə bilərdilər”, Osman Gündüz söyləyir. “Amma rəsmi qurumlarda süründürmələr oldu və adıçəkilən nazirliklə MTRŞ problemə yetərincə diqqət ayırmadılar. Hökumət də dirəniş olmayanda pul ayırmaqdan imtina etdi”, o, sözlərinə əlavə edir.

Buna da bax: O.Gündüz: «Hökumət tamaşaçıya güzəşt etməlidir»

Hərçənd Osman Gündüz hökumətin bir güzəşt addımı atdığını da qeyd edir: “Bir müddət öncə rəqəmsal yayımla bağlı ölkəyə gətirilən avadanlıqların vergidən və rüsumlardan azad edilməsi ilə bağlı qərar verdi. Bu da dolayısı ilə satış bazarında həmin avadanlıqların qiymətinin düşməsinə səbəb ola bilər”.

“Kömək lazmdır”

Amma ekspert bununla belə, aztəminatlı ailələrin bəzi prtoblemlərlə üzləşəcəyini istisna etmir:

“İstənilən halda, onlar problemlərlə üzləşəcəklər. Düzdür, şəhərlərdə televizorların çoxu modernləşib, böyük əksəriyyət çanaq antenlərdən istifadə edir ki, onlar da Azərbaycan televiziyalarının siqnallarını qəbul edirlər. Amma təbii ki, bir təbəqə çətinlik çəkəcək. Buna görə MTRŞ yerli icra qurumları ilə monitorinq apararaq nə qədər insanda köhnə televizor qaldığını müəyyənləşdirə, onları siyahıya ala bilər. Bu insanların informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq olmaz. Onlara kömək lazımdır”.

“Azərbaycan Avropa ölkəsidir”

Osman Gündüz deyir ki, hökumət bu yardımı göstərə bilmirsə, qonşu ölkələrdəki kimi, rəqəmsal yayıma keçidi yubada bilərdi, məsələn, Rusiyadakı kimi:

“Rusiya nəhəng ölkədir, gördülər əyalətlərdə siqnalın qəbulu ilə bağlı problemlər var. Analoq yayımın dayandırılmasını ertələdilər. Mən tələskənliyi daha çox bizdə gördüm”.

MTRŞ rəsmisi İsa Məmmədov isə Avropa ölkələrinin böyük əksəriyyətinin 2012-ci ildə rəqəmsal yayıma keçdiyini bildirir. O, Asiya ölkələrinin rəqəmsal yayıma 2020-ci ildə keçməyi planlaşdırdıqlarını da qeyd edir, ancaq dərhal da əlavə edir: “Azərbaycan da Avropa ölkəsidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG