Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:57

O.Gündüz: «Hökumət tamaşaçıya güzəşt etməlidir»


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycan analoq yayımdan rəqəmsal yayıma keçir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli sentyabrın 27-də belə bəyan edib. Sədr onu da deyib ki, 2012-ci ildən analoq yayım dayandırılacaq.
Bu da var ki, rəqəmsal yayım zamanı televizorların böyük əksəriyyətinin yeni cihazlara - dekoderlərə ehtiyacı olacaq. Yəni, analoq televizorları rəqəmsal yayıma uyğunlaşdırmaq lazım gələcək. Bu da təxminən 30-40 manat edir.

600 MANATDAN UCUZ TELEVİZORLARI ATMAQ LAZIMDIR?

Təxminən 600-700 manat olan plazma televizorlardan başqa yerdə qalanların hamısının dekoderə ehtiyacı olacaq.

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz belə deyir. O əlavə edir ki, 300-400 manata olan plazma televizorların belə yeni cihaza ehtiyacı ola bilər.

Media Hüquqları İnstitutunun koordinatoru Xalid Ağəliyev deyir ki, bu sistemə keçiddən sonra evlərdəki televizorlar sadəcə gərəksiz qutuya çevrilə bilər:

«Bizim istifadə etdiyimiz televizorların böyük əksəriyyəti - 70-80 faizi rəqəmsal yayım siqnallarını qəbul edəcək xüsusiyyətlərə malik deyil. Bu da xərcdir. Ola bilsin Bakıda müasir televizorlar çoxdur, amma bölgələrdə vəziyyət fərqlidir».

Amma Bakıdakı elektron mallar mağazasının satış meneceri Şəfiqə Talıbova deyir ki, hər şey qiymətdən asılı deyil. Məsələn, elə televizor var ki, cəmi 439 manatdır, amma ona dekoder lazım deyil:

- «Samsung» da var, «LG» də var, «Toshiba»lar da gələcək, inşallah.

- Yəni, dekoder qoşmaq lazım deyil?

Teleqüllə
- Yox, yox.

Şəfiqə Talıbova deyir ki, bundan sonra onlar ancaq rəqəmsal sistemə uyğun televizorlar sifariş edəcəklər.

Elə Osman Gündüz də düşünür ki, hökumət bu yöndə Gömrük Komitəsinə tapşırıq verməlidir. Üstəlik də rəqəmsal yayımla bağlı hər ölkənin öz standartı var və Azərbaycan da öz standartını müəyyənləşdirməlidir ki, nə satan, nə də alan sonradan uduzsun...

«HƏLƏ TEZDİR»

Bəs Bakı sakinləri nə deyirlər?

Ziya Əfəndiyev deyir ki, evində plazma televizoru olsa da, rəqəmsal yayıma belə sürətlə keçməyin tərəfdarı deyil. Çünki bu hamının cibinə uyğun deyil:

«Dünəndən televiziyalar danışırlar. Bizdə həyata keçirmək tezdir. Millət hazır olmalıdır. Aparatura lazımdır. Müəyyən ölkələr 2014-2015-ci illərdə keçəcəklər. Amma bizdə deyirlər ki, ilin axırından olmalıdır. İnkişaf etmiş ölkələr kimi sonrakı illərdə keçid etsələr yaxşıdır. Camaat analoq televiziya ilə baxır da, nə fərqi var. Rəqəmsal aparatlar camaatın cibinə uyğundur ya yox, bəlli deyil. Ucuz olsa, 10-15 manat olsa, bəlkə də camaatın cibinə uyğun olardı».

Sürücü Zaur Səlimov qısa cavab verir:

«Əhaliyə sərf eləməz».

Aidə Məmmədliyə görə, ölkənin bu sistemə tələm-tələsik keçidi insan haqlarının pozulmasıdır:

- Hamının imkanı çatmaz. Kredit sistemi ilə olsa, yaxşı olar. Elə ailə var, televizordan məhrum olacaq.

- 30-40 manat bahadırmı, Sizcə?

Osman Gündüz
- Baxır kimə. Ailə var bir nəfər işləyir. Ailə var işləyəni yoxdur, himayədə qalır ya kirayədə yaşayır. Bir nəfərin adından danışmaq olmaz. Kiməsə xeyirdir, kiməsə ziyan.

- Onlara güzəşt edilməlidirmi?

- Əlbəttə nəzərə almaq lazımdır.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, həmin cihazın yaxınlarda kütləvi istehsalı başlamalıdır. Müdafiə Sənayesi Nazirliyinin «Peyk» və «Kür»zavodlarında. Bu zaman qiymətlər 25-30 manat da ola bilər.

RUSİYA, QAZAXISTAN NÜMUNƏSİ

Osman Gündüz isə başqa məqama diqqət çəkir:

«Analoq yayım məcburən dayandırılsa, kimlərinsə hüququ pozula bilər. Hətta kiməsə pulsuz qurğu versələr də, onun televizoru bu sistemi dəstəkləməyə bilər. o da məcburdur gedib özünə yeni televizor alsın. Ona görə Avropada olduğu kimi, müəyyən vaxt - 3-5 il insanlara seçim imkanı verilməlidir. Azimkanlı ailələrə dekoderlərin alınması ilə bağlı yardım olunmalıdır».

Osman Gündüz Rusiyada və ya Qazaxıstanda olduğu kimi, əhaliyə güzəştlər edilməsinin tərəfdarıdır:

«Məsələn, Rusiyada əvvəlcə konkret vaxt qoydular. Sonra gördülər ki, başa çatdıra bilmirlər və aztəminatlı təbəqəyə güzəştə getməli olublar».
XS
SM
MD
LG