Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:40

►"Meyit yarılmalıdır"

Son zamanlar həkim səhlənkarlığı ucbatından ölüm hallarının artması haqda iddialar çoxalmaqdadır.

Xüsusən də son iki-üç ayda. İctimaiyyətin diqqətini daha çox çəkən isə 87 yaşlı Tərlan Məmmədovanın ayağının yanlışlıqla kəsilməsi və az sonra həyatını itirməsi oldu. Salyanda doğulan üçəmlərin ölümündə də yaxınları həkimləri günahkar bilirdi.

Hər iki faktla bağlı cinayət işləri açılıb, hələlik, onların nəticəsi haqqında ictimaiyyətə açıqlama verilmir. Avqustun 24-də bununla bağlı AzadlıqRadiosunun əməkdaşı Baş Prokurorluğa dəfələrlə zəng vursa da, cavab ala bilməyib.

PROKURORLUQ “HƏKİM EHTİYATSIZLIĞI” DEYİR

“Həkim səhlənkarlığı” və ya “ehtiyatsızlığı” məsələsi yenidən ölkənin gündəminə gəlib. Avqustun 23-də 600 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş 17 yaşlı Aygül Orucova əməliyyatda ölüb.

O, özəl müəssisədə – “Yeni Gəncə” tibb mərkəzində burnundan əməliyyat olunurmuş. Gəncə Prokurorluğundan APA-ya deyiblər ki, ölüm faktı araşdırılarkən Orucovanın həkim ehtiyatsızlığı səbəbindən vəfat etməsi əlamətləri müəyyən edilib. “Yeni Gəncə” klinikasından AzadlıqRadiosuna bildirirlər ki, nə baş həkim, nə də əməliyyatda iştirak edən həkim işdədir. Onlardan da açıqlama almaq mümkün olmayıb.

Hələlik, mərhumun yaxınları mətbuata danışmaq istəmirlər.

Yeri gəlmişkən, AzadlıqRadiosunun “Qaynar Xətt”inə müraciət edən Namiq Hüseynov da qardaşı Məhəmmədin burun əməliyyatı zamanı həkim səhvi ucbatından öldüyünü bildirir.

Bir il öncə 18 yaşlı Leyla Mürsəlova da burun əməliyyatında həyatını itirib. Mərhumun yaxınları onun həkim səhlənkarlığına görə öldüyünü iddia edirdilər...

NAZİRLİK: “HADİSƏ ÖZƏL KLİNİKADA BAŞ VERİB”

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova ölüm hallarının artması haqda iddiaları rədd edir: “Siz hansısa rəqəm göstərə bilərsiniz bizə?” O zaman nazirliyin bizə rəqəm təqdim etməsini istəyirik, ancaq Bayramova sualdan yayınır.

Mətbuat xidmətinin rəhbəri ölüm halları ilə bağlı KİV-ə yetərincə açıqlama verdiklərini bildirir: “Bu hadisələrlə bağlı komissiyalar işləyir, biz hansı addımların atılması ilə bağlı neçə dəfə məlumat vermişik”. Hansı addımlar atılıb? Liya Bayramova ümumi cavab verir: “Konkret hala uyğun konkret də tədbir görülüb”.

O ki qaldı Gəncədəki ölüm hadisəsinə, Bayramova hadisənin özəl klinikada baş verdiyini və bununla bağlı hələlik müraciət daxil olmadığını söyləyir: “Özəl klinika nazirliyin tabeliyində deyil. Araşdırma aparmaq üçün hüquq-mühafizə orqanlarından bizə müraciət daxil olmalıydı”.

“NAZİRLİYİN ANALİTİK ŞÖBƏSİ ARAŞDIRMALIDIR”

Araz Əlizadə

Araz Əlizadə

Deputat Araz Əlizadə hesab edir ki, bu cür halları Səhiyyə Nazirliyinin analitik xidməti araşdırmalıdır:

“Analitik xidmət araşdırmalıdır ki, bu, nədən irəli gəlir. Həkimlərin səviyyəsinin aşağı olmasındamı, maaşların azlığındamı, dərmanların çatışmazlığındanmı? Hər halda, bunun səbəbi olmalıdır...”

“CƏNAB ƏMİRASLANOV DA MƏN DEYƏNİ DEYİR”

Araz Əlizadə deyir ki, adətən səhiyyə, ölümlə bağlı məlumatlar olanda Milli Məclisdə Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanova müraciət edir. Bəs Komitə sədri nə cavab verir? “Mən deyən səbəbləri cənab Əmiraslanov da gətirir. Amma onu da deyir ki, ölüm halları mətbuatın yazdığı qədər çox deyil”, - deputat söyləyir.

HƏKİM RƏYİ: “MEYİT YARILMALIDIR”

Həkimlər Assosiasiyasının rəhbəri Qalib Əliyev səhiyyənin durumunu qənaətbəxş saymır. Ancaq həkim səhlənkarlığı ucbatından ölüm hallarının artması haqda fikirlərə də ehtiyatla yanaşmağın tərəfdarıdır. O hesab edir ki, xəstəxanada həyatını itirən şəxslər mütləq “yarılmalı”, ölüm səbəbi diqqətlə araşdırılmalıdır.

Qalib Əliyev bir məqamı da xüsusi olaraq vurğulayır:

“Bəzən deyirlər ki, “xəstənin vəziyyəti ağırdır, aparın, evində ölsün”. Niyə aparılmalıdır? Beləliklə də, ağır xəstənin xəstəxanaya gəlməsi, müalicə alması qeydiyyata düşür, amma ölümü yox. Bu halda, əlbəttə, yanlış rəqəmlər ortaya çıxa bilər”.

“AZƏRBAYCAN SƏHİYYƏSİ QƏRB SƏHİYYƏSİ DEYİL”

“Xəstəxanada baş verən ölüm halı məhkəmə tibbi ekspertizasının predmetidir. Yəni meyit təşhis olunmalı, ona tibbi rəy verilməlidir. Amma kim ölüsünü yarmağa qoyur?”

Tibb elmləri doktoru, professor Adil Qeybulla belə deyir.

“Tibbi rəydə deyilsə ki, xəstə qanaxmadan öldü, dərmanların artıq dozalanmasından və ya narkozda bəzi komponentlərin düzgün dozalanmamasından, biz o halda konkret səhvlərdən danışa bilərik. Bununla bağlı məsuliyyətin dərəcəsini də müəyyənləşdirə bilərik. Yazsaq ki, “xəstə həkim səhvindən ölüb”, bunu necə müəyyənləşdirəcəyik və nəyin əsasında cəzalandıracağıq həkimi?”

“AMERİKA SƏHİYYƏYƏ 4 TRİLYON AYIRIR, FEDERAL XƏRCLƏRƏ 3 TRİLYON”

Professor Azərbaycan səhiyyəsinin keçid dövrünü yaşadığını söyləyir:

“İslahatlar sona çatmayıb. Səhiyyədə bəzi gəlişmələr olsa da, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülsə də, nəticə etibarilə, Azərbaycan səhiyyəsini Qərb səhiyyəsinin bir parçası hesab etmək tezdir. Amerikada səhiyyəyə ayrılan xərclər federal xidmətə ayrılan xərclərdən çoxdur. 2015-ci ildə səhiyyə xərcləri 4 trilyon təşkil edib, federal xərclər 3 trilyon. Bu göstəricidir! Amma Azərbaycanda indiyədək icbari tibb sığortası yoxdur ki, vətəndaş ondan yararlansın. Biz ancaq həkim səhvindən danışırıq. Heç onun maaşından, güzəranından danışmırıq...”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG