Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:07

Burnunda əyriliyi düzəldərkən həyatından oldu


Arxiv fotosu
Arxiv fotosu

“Sağlam oğlan idi. İşi ilə əlaqədar ilin çox hissəsini Rusiyada olurdu. Burnunda azca çəpər əyriliyi vardı. Bir az çətin nəfəs alırdı. Bu dəfə evə qayıdanda ağlına gəldi ki, burun əməliyyatına getsin. Əməliyyata gülə-gülə girdi. Kimin ağlına gələrdi ki, idmançı cüssəli, sağlam oğlan əməliyyat otağından birbaşa morqa götürüləcək. Həkim arxayın eləmişdi ki, əməliyyat heç yarım saat çəkməyəcək, ən sadə əməliyyatdır.” - Bunları Cəlilabad sakini Namiq Hüseynov 35 yaşlı qardaşı Məhəmmədin faciəsindən danışarkən deyir.

Əməliyyat zamanı vəfat edən Məmməd Hüseynov
Əməliyyat zamanı vəfat edən Məmməd Hüseynov

“BİZİM HƏKİMLƏR BUNU DA BACARMIR?”

Bu il aprelin 7-də burun əməliyyatına görə Cəlilabad rayon Müalicə və Diaqnostika Mərkəzinə müraciət edən Məhəmməd Hüseynov əməliyyatdan öncə müayinə olunub. Sağlam olduğundan elə həmin gün də əməliyyata götürülüb. Qardaşı deyir, tənəffüs yolu ilə narkoz verilərkən səhhəti qəfil pisləşdiyindən əməliyyat dayandırılıb. Məlum olub ki, həkimlərin əli altında olan xəstə keçinib.

Namiq Hüseynov qardaşının ölümündə həkimləri günahlandırır:

“Sadə burun əməliyyatı nədir ki, bizim həkimlər bunu da bacarmır? Biz əməliyyatdan sonra Məhəmmədi evə aparmaq istəyirdik. Min cür bəhanə gətirdilər. Həmin gün onu görə bilmədik. Özümüz də məəttəl qalmışdıq ki, camaat burun əməliyyatından 1 saat sonra evinə gedir, ancaq Məhəmmədi heç uzaqdan görməyimizə də icazə vermirlər. Sabahı gün açıb dedilər ki, qardaşım ölüb”.

Məhəmmədin aqibətini bilən ailə ah-nalə çəkib. Ancaq buna qədər, qardaşının deməsinə görə, onun meyitini yarıb müayinə də aparıblar. Onların heç nədən xəbəri olmayıb.

Bunlara da baxın:


İKİ SƏBƏB

Mərhumun ailə üzvləri Bakıda burun-boğaz əməliyyatı üzrə bir neçə mütəxəssislə görüşərək başlarına gələni danışıblar. Onlara bildirilib ki, ölüm iki səbəbdən baş verə bilər - ya xəstəyə narkozu normadan artıq veriblər, ya da şlanqı xəstənin nəfəs borucuğuna salıblar.

Namiq Hüseynov telefon xəttinin o başından qəhərli səslə davam edir:

“Həmin gün digər qardaşımın ad günü idi. Məhəmməd əməliyyata girməmişdən ona zəng vurdu, təbrik elədi... Bir gün əvvəl çəkdirdiyi fotolara, xəstəxanadakı son şəkillərinə baxa bilmirəm. Heç bilmirəm, necə oldu, birdən ağlına gəldi ki, çəpər əyriliyini xırda əməliyyatla yox eləsin, rahat nəfəs alsın. Yazıq qardaşım, rahat nəfəs almaq istəyirdi, həkimlər nəfəsini həmişəlik kəsdi”.

“ARAŞDIRILIR”

Ölüm faktı hələ də Cəlilabad rayon Prokurorluğunda araşdırılır. Qurumdan AzadlıqRadiosunun “Qaynar xətt”inə bildirilib ki, həkimlərin və mərhumun ailə üzvlərinin izahatları alınıb.

Səhiyyə Nazirliyi isə son sözün istintaq orqanı tərəfindən deyiləcəyini bildirir.

Ailənin deməsinə görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyindən verilən rəydə Məhəmməd Hüseynovun dərmanlara reaksiyadan vəfat etdiyi göstərilib.

Məhəmmədin üç azyaşlı övladı qalıb – üçüncüsü Məhəmmədin faciəsindən 1 ay sonra doğulub. Digər uşaqlar əqli qüsurludular. Namiq Hüseynovun deməsinə görə, faciədən sonra Diaqnostika Mərkəzinin rəhbərliyi tərəfindən həddi-büluğa çatanadək xəstəxananın uşaqlara himayədarlıq edəcəyi vəd olunub. Sonradan bu söhbət də soyuyub gedib.

XS
SM
MD
LG