Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:13

Əli Kərimli: “Elan etmədiyimiz mitinqi bizimlə birgə keçirmək istəyi başadüşülən deyil” 


Əli Kərimli

Əli Kərimli

Milli Şura sentyabrın 24-də mitinq keçirməkdən imtina edib. Bunu qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyir.

O AzadlıqRadiosuna qısa müsahibəsində bunu sonuncu, 17 sentyabr mitinqi ərəfəsindəki və daha sonrakı çoxsaylı həbslərlə izah edir:

“Sonuncu mitinqdən öncə onlarla insanı tutmuşdular, daha sonra mitinq günü yolları, şəhərə girişi bağladılar, 3-5 saat da olsa mitinqə gəlmək istəyən nə qədər insanı saxladılar. Razılaşdırılmış mitinq hansı sonluqla nəticələndi, bunu da hamı bilir. Polis özbaşınalıq etdi. Bir tərəfdən icazə verir, o biri tərəfdən əlində dubinka saxlayır. Bu da ona gətirdi ki, sentyabrın 24-dəki mitinqi təxirə salaq".

Eyni zamanda Milli Şuranın referendum ərəfəsi üçüncü mitinqi müxalifətin iki cinahının, Milli Şura və Müsavat Partiyasının tərəfdarları arasında sosial şəbəkələrdə polemikalara səbəbə olub.

Eldəniz Quliyev

Eldəniz Quliyev

Məsələ burasındadır ki, bir gün öncə sentyabrın 18-də Müsavat Partiyasının mitinqində başqan Arif Hacılı birgə mitinq çağırışı etmiş, Milli Şuranın 24 sentyabr mitinqində müsavatçıların da iştirak edəcəklərini bildirmişdi. İndi Müsavatın bəzi fəalları Milli Şuranı onlarla birlikdə etiraz aksiyası keçirmək istəməməkdə günahlandırırlar.

Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimli isə bizimlə söhbətdə onların, ümumiyyətlə sentyabrın 24-ə mitinq təyin etməklə bağlı siyasi qərarlarının olmadığını söylədi. Əli Kərimli deyir ki, onlar sadəcə hər ehtimala qarşı 11 sentyabr mitinqindən də öncə Bakı şəhər icra hakimiyyətinə üç mitinqlə bağlı müraciət göndəriblər. Ancaq sonradan siyasi qərar olmadığı üçün sentyabrın 24-ə mitinq elanı verməyiblər.

- Biz belə şey deməmişik. Bu söhbəti ortaya atanlar qərəzli adamlardır. Hər halda, biz bilmirik hökumətin Milli Şuraya artan repressiyalarını cavablandıraq, yoxsa müxalifət düşərgəsinin bizə qarşı qərəzli münasibətini. Biz 24 sentyabrda mitinq keçirməyə qərar vermişiksə, hansı məntiqlə ondan altı gün qabaq keçirdiyimiz çoxminlik aksiyada bunu elan etmirik? Niyə adamlar azacıq özlərinə əziyyət verib bu haqda düşünmürlər?

- Siz elan etməmisinizsə, bu mitinq söhbəti hardan çıxıb?

- Biz daha əvvəlcədən sentyabrın 8-də mətbuata elan edilmədən, üç nəfər təşkilatçı adından, hər ehtimala qarşı Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndərmişdik. Amma mitinq keçirmək barədə qərar məhz siyasi qərar verildikdən sonra elan edilir. Biz elan etməmişik, axı.

- Amma hər halda, məktub göndərilib, ilkin də olsa qərar olub.

- Məktublar getmişdi. Sonra da siyasi qərar olmadığına görə məktubları geri götürdülər. Və bunun hamısı olub sentyabrın 17-ə qədər. Həmin tarixdə biz meydanda növbəti mitinqi ya elan etməliydik, ya da etməməliydik. Elan etməmişiksə, deməli, mitinq qərarı olmayıb. Ona görə də bizm elan etmədiyimiz mitinqi bizimlə birgə keçirmək istəyi başadüşülən deyil.

- Bunu Milli Şuraya qarşı təxribat sayırsız?

- Yaxşı hərəkət deyil də. Biz bu xəbəri elan etdik ki, mitinq keçiririk? Sonradan da belə bir kampaniya başlansın ki, biz mitinqimizi hansı motivlərləsə ləğv etmişik. Biz öz qərarımızı özümüz ictimaiyyətə çatdıra bilmirik ki, bizim əvəzimizdən kimlərsə cəmiyyətə qərar çatdırır?

- Sosial şəbəkələrdə bu addımınıza görə tənqid olunursuz...

- Eyni mənbədən gəlir. Ciddiyə alıb cavab da vermək istəmirəm.

- Əli bəy, mitinqin təxirə salınması haqda Milli Şura üzvü Eldəniz Quliyev danışıb. O deyib ki, gənclərin həbsinə görə kütləvi aksiya keçirilməyəcək.

- Görürsünüz, Milli Şuraya qarşı necə qərəzli şəkildə informasiya diversiyası gedir? Əgər həbslərə görə biz mitinqdən geri çəkilsəydik, 86 nəfər həbs edildikdən sonra yağışın altında 17 sentyabr mitinqini keçirməzdik. O həbs olunanların əksəriyyəti həbsdən çıxıblar, axı. İndi hal-hazırda həbsdə 18 nəfər qalmalıdır. Necə olur ki, biz 86 nəfər həbsdə olanda mitinq keçiririk, 18 nəfər olanda yox? Deməli, bizim özümüzə görə motivlərimiz, məqsədimiz var.

- Nədir məqsəd?

- Biz razılaşdırılmış və iştirakçıların sayının artdığı mitinqlər keçirmək istəyirik. 17 sentyabr mitinqi göstərdi ki, razılaşdırılmış mitinq keçirmək imkanı yoxdur. Biz daha çox insanın, nisbətən daha ehtiyatlı insanların da qatılacağı mitinqlər keçirmək istəyirik.

- Onda belə çıxır ki, kütləvi aksiyalara ara verməli olacaqsınız?

- Biz bunu müzakirə edəcəyik. Bakı şəhər İcra Hakimiyyəti ilə, beynəlxalq təşkilatlarla müzakirələr aparacağıq. Bu yeni situasiyadır. Azərbaycanda uzun illərdən sonra rəsmən sərbəst toplaşmaq azadlığı qadağan edilib. Nə vaxt olub ki, razılaşdırılmış mitinqlə əlaqədar yüzlərlə adam həbs edilsin?

Arif Hacılı

Arif Hacılı

Arif Hacılı: «Təəssüf ki, bu imkan itirildi»

Məsələyə Müsavat Partiyası başqanı Arif Hacılı da münasibət bildirib. O, AzadlıqRadiosuna açıqlamasında deyib ki, partiya sentyabrın 24-də, referenduma 2 gün qalmış ümumi mitinq keçirilməsi haqqında qərar qəbul etmişdi: «Ancaq bu qərar elan ediləndə, Milli Şuranın artıq həmin tarixdə mitinq keçirmək barədə qərarının olduğu, bununla bağlı Bakı İcra Hakimiyyətinə müraciət olunduğu bəyan edildi. Üstəlik, sübut kimi bu məktubun artıq icra hakimiyyəti tərəfindən qəbul olunduğunu təsdiqləyən sənəd çap edilərək yayıldı. Bunu nəzərə alaraq, biz həmin günə, həmin yerə mitinq təyin etmədik. Digər mitinqlərdə etdiyimiz kimi, bu mitinqdə də tərəfdarlarımızı bu aksiyada iştiraka çağırdıq».

Arif Hacılı partiyanın qərarını cəmiyyətin maraqları baxımından «düzgün qərar» adlandırır. Onun qənaətincə, 24 sentyabrda referendum kampaniyası zamanı keçirilən aksiyalara birgə, «izdihamlı mitinq»lə yekun vurmaq olardı. «Təəssüf ki, bu imkan itirildi. Amma mən yenə kimisə günahlandırmaq fikrində deyiləm. Çünki referendumla siyasi mübarizə bitmir. Mübarizənin mühüm mərhələsi hələ irəlidədir», - deyir partiya başqanı.

Bu il sentyabrın 26-da Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı referendum təyin olunub. Müxalifət referendumun ləğvini tələb edir, bu tələblə artıq üç aksiya keçirilib.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir. Müxalifət bu dəyişiklikləri «mürtəce» adlandırır, hakimiyyət təmsilçiləri isə vacib, vaxtı çatmış islahatlardan ötrü edildiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG