Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:50

►“Qaz xətti üstündə tikilən evlərə göz yumurlar, çünki…”

Xəzər rayonu, Binə qəsəbəsinin sakini Niyaz Nəsirov deyir, Qaz İxracı İdarəsinin Kəmərlər üzrə Baş Mühəndisliyi mülkiyyət hüququnu pozub. Ona məxsus torpaq sahəsinin hasarını söküb. İndi də tikinti aparmasına imkan verilmir. Halbuki bu sahə ona sənədlə verilib:

“Mən özbaşına torpaq zəbt etməmişəm. Əraziyə nəzarət edən Qaz İstismar Sahəsinin rəisi Azər Aşurov vəzifə səlahiyyətlərini aşıb. Mənə şəxsi torpağımdan istifadə etməyə imkan vermir”.

“25 METR MƏSAFƏ VAR”

Şikayətçinin sözlərinə görə, 2009-cu ildə Binə qəsəbəsində, “Südçülük sovxozu” adı ilə tanınan ərazidə 4 sot torpaq sahəsi alıb. Əraziyə hasar da çəkdirib. Bir müddət sonra Qaz İstismar Sahəsinin rəisi Azər Aşurov hasarı sökdürüb:

“Düz adam idisə, niyə hasarı gündüz yox, gecəyarı sökdürürdü? Mən səhər xəbər tutmuşam ki, hasarım yerində yoxdur. Axı bu mənim mülkiyyətimdir, dövlət də mənim mülkiyyətimə qarantdır. Əgər dövlətin möhürü vurulmuş sənədlə verilən torpağın hasarını gecəyarısı gəlib sökürlərsə, hansı mülkiyyət hüququndan danışmaq olar?”

Niyaz Nəsirova bildirilib ki, söküntüyə səbəb torpaq sahəsinin qaz xətlərinə yaxın olmasıdır. Torpaq sahibi isə razılaşmır. O, torpaq sahəsi ilə qaz xətləri arasında 25 metr məsafə olduğunu söyləyir:

“Bundan başqa, mənim torpağımın qonşuluğunda hasara alınmış başqa torpaq sahələri və tikililər var, hazırda da tikintilər davam edir. Necə olur ki, bu qadağa təkcə mənə şamil olunur?”

Buna da bax: "Neftin ucuzlaşması manata problem yaradacaq"

1600 MANAT RÜŞVƏT VERMƏLİYƏM?

Niyaz Nəsirov iddia edir ki, qeyd olunan ərazidə hətta qaz xəttinin üzərində tikilmiş evlər var, ancaq Qaz istismar İdarəsi rüşvət alaraq buna göz yumur:

“Tikintiyə başlayanda adamların başlarının üstünü kəsdirib 1 sot torpağa görə 400 manat rüşvət alırlar. Mənim 4 sot torpağım var. Belə çıxır ki, bunlara 1600 manat rüşvət verməliyəm ki, mənə dəyib dolaşmasınlar. Mən də rüşvət vermirəm. Niyə də verim ki?.. Sənədlərim qaydasında, bütün qaydalara da riayət edirəm. Borcla-xərclə bir tikə torpaq almışam, zəhmətlə, xərclə hasar çəkdirmişəm. Gəlib bir gecədə söküblər”.

Xəzər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Niyaz Nəsirov quruma şikayət edib. Qurum da öz növbəsində Qaz İxracı İdarəsinin Kəmərlər üzrə Baş Mühəndisliyinə dəfələrlə müraciət edib ki, tikintiyə razılıq verilsin.

Qaz İxracı İdarəsindən isə bildirilib ki, mühafizə zonası pozulduğu üçün hasar sökülüb. Hasarın söküləcəyi barədə əvvəlcədən xəbərdarlıq da olunub. İdarə rüşvət ittihamlarını da rədd edib.

"HƏMİN TİKİLİLƏRİ DƏ GÖSTƏRSİN"

Hüquqşünas Fuad Hüseynov deyir, Niyaz Nəsirov məhkəməyə müraciət edə bilər:

“Maraqlıdır ki, əgər həqiqətən də torpaq sahəsi mühafizə zonasına düşürdüsə, yerli icra hakimiyyəti buna necə sənəd verib? Əgər mühafizə zolağına düşmürsə, o zaman hasarın Qaz İxracı İdarəsi tərəfindən bərpa olunması və mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırılmalıdır”.

Hüquqşünas deyir, ərazidə başqa tikililər də varsa, iddiaçı ərizəsində həmin tikililəri də göstərməlidir. Çünki burada söhbət təkcə mülkiyyət hüquqlarının yox, həm də vətəndaşlar arasında bərabərlilik hüquqlarının pozulmasından gedir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG