Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Hal şahidi: «Anam ölüb, lomkadayam»


«Azərbaycan saat»ı verilişindən screenshot

«Azərbaycan saat»ı verilişindən screenshot

Qənimət Zahidin qohumlarının məhkəməsində hal şahidləri dindirilib

«Azadlıq» qəzetinin baş redaktoru, hazırda mühacirətdə olan Qənimət Zahidin qohumları - qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Fərid Əliyev, iki nəfər də hal şahidi - Sakit ƏləkbərovElçin Kərimzadə dindirilib. Onların hər ikisi Rüfət Zahidovun tutulması barədə ifadə verib.

Fərid Əliyev deyib ki, Rüfəti iş yoldaşları olan əməliyyat müvəkkili Qasım HüseynovSurxay Əliyevlə birlikdə saxlayıblar. Polisin dediyinə görə, Rüfət Zahidov idarə etdiyi yük maşınını saxlayıb kafeyə daxil olandan sonra 15 dəqiqə onu gözləyiblər. Oradan çıxanda da saxlayıb idarəyə aparıblar: «İdarədə iki nəfər hal şahidinin iştirakı ilə Rüfət Zahidovun üzərinə və avtomobilə baxış keçirildi. Avtomobilin salonundakı şitin altındakı saxlanc yerindən bir ədəd bükülü aşkar edildi. Üzərinə baxış keçirilərkən şalvarının cibindən şəffaf sellofan büküm aşkar edilərək götürüldü».

«BÜTÜN KÜÇƏLƏRDƏ BİZİ İZLƏYİBLƏR»

Fərid Əliyev müdafiəçi Bəhruz Bayramovun suallarını cavablandırarkən bildirib ki, sənədlərin tərtibində vəkil iştirak edib. Ancaq Rüfət Zahidov vəkilin yalnız axşam 9-10 arası gəldiyini deyib.

Polis deyir ki, Rüfət Zahidov saxlanılarkən tək olub. Amma Rüfət Zahidov bu barədə deyilənlərin də yalan olduğunu, həmin vaxt iş yoldaşı Vəfa Poladovanın da onun yanında olduğunu bildirib.

«Biz mağazalara mal paylayırdıq. Bunlar mal paylamaq üçün girdiyimiz bütün küçələrdə bizi izləyiblər», - Rüfət Zahidov əlavə edib.

Hal şahidləri dindirilərkən onların dediklərilə polis əməkdaşının ifadələri arasında ziddiyyətlər yaranıb. Şahid Sakit Ələkbərov ifadəsində bildirib ki, o, protokolu oxumadan imzalayıb. O həmçinin latın qrafikası ilə oxumağı bacarmadığını bildirib.

HAL ŞAHİDİ: «ANAM ÖLÜB, LOMKADAYAM»

Digər hal şahidi Elçin Kərimzadənin dindirməsi daha gərgin keçib. «Anam ölüb, lomkadayam» deyən şahid vəkillərin suallarını cavablandırarkən mübahisə edib.

Vəkil Bəhruz Bayramov hal şahidlərinin polisin özünün ştatdankənar əməkdaşları olduqlarına dair şübhələri olduğunu bildirib və məhkəmədən bu məsələnin araşdırılmasını istəyib.

Rüfət Zahidov da deyib ki, o, kabinetdə əli qandallı saxlanılarkən hal şahidlərindən biri Surxay adlı polis əməkdaşının yanına gələrək, ondan narkotik istəyirdi: «Bir neçə dəfə girib-çıxdı, Surxay da ona istədiyini verdi. Yenidən gələndə Surxay əsəbiləşib dedi ki, “bəsdi də...”»

Vəkil polislərlə hal şahidlərinin əlaqəsinin araşdırılması məqsədilə onların hamısının istifadəçisi olduqları mobil operatorlara sorğu göndərilməsi və Rüfət Zahidov həbs olunan ərəfədə (iyulun 18-dən 25-nə qədər) gəlib-gedən zənglərin siyahısının alınması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

POLİS HAL ŞAHİDİNİ TƏLİMATLANDIRIB?

Rövşən Zahidovun vəkili Tahir Xanəliyev dindirilmək üçün məhkəməyə dəvət olunmuş, lakin iş vaxtı başa çatdığından dindirilməyən digər polis əməkdaşı Qasım Hüseynovun məhkəmənin dəhlizində hal şahidlərini təlimatlandırdığını hakimlərin nəzərinə çatdırıb: «Bunu gördüm və irad bildirdim. Qasım Hüseynov üstümə hücum elədi, məni təhqir elədi».

Məhkəmə prosesi mayın 13-də davam edəcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu «Azərbaycan saatı» televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG