Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Göyçaylı sahibkarın aksiyaya görə tutulduğu bildirilir


Qandal. @Shutterstock

Qandal. @Shutterstock

Ötən şənbə günü (oktyabrın 15-i) Göyçay rayonunda yol polisi rəisinin fəaliyyətinə etiraz edənlərin təqib olunduğu bildirilir. Deyilənə görə, artıq həbslər də var.

Bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev xəbər verib.

Hüquq müdafiəçisinin deməsinə görə, etiraz aksiyasında iştirak etmiş iş adamı Çingiz Mayılov həbs olunub.

Buna da bax:​ Göyçaylılar: 'Ya rəis dəyişsin, ya da hər gün yolu bağlayacağıq'

“Oktyabrın 15-də yerli sakinlər yol polisi rəisinin fəaliyyəti əleyhinə dinc etiraz aksiyası keçirmişdi. Əlaqədar qurumlar şikayəti araşdırıb lazımi ölçü götürmək əvəzinə sərbəst toplaşmaq hüququndan istifadə edən insanlara təzyiqlərə başlayıb. Az öncə aldığımız məlumata görə Göyçay sakini, yerli iş adamı Çingiz Sabir oğlu Mayılov həbs edilib”, hüquq müdafiəçisi bildirib.

O qeyd edib ki, aksiyada iştirak etmiş digər şəxslərin izlənməsi və saxlanması istiqamətində tədbirlər həyata keçirilir.

Göyçay Rayon Polis Şöbəsindən hüquq müdafiəçisinin dediklərini şərh etməyiblər. İnformasiya əldə edilməsindən ötrü nazirliyin mətbuat xidmətinə müraciəti tövsiyə ediblər.

Buna da bax:​ Göyçay sakini 'gec olacaq' deyir

Daxili İşlər Nazirliyindən (DİN) də deyilənlərə, hələ ki, aydınlıq gətirmək mümkün olmayıb.

DİN bundan əvvəl ümumiyyətlə Göyçay rayonunda aksiya keçirilməsi xəbərini təkzib etmişdi. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə Göyçayda aksiya ilə bağlı yayılan informasiyaların həqiqətə uyğun olmadığını, məsələnin mahiyyətinin qəsdən təhrif edildiyini bildirmişdi. O, qeyd etmişdi ki, Göyçayda inzibati məsuliyyətə cəlb olunan sürücülər sadəcə, bir yerə toplaşıblar...

Oktyabrın 15-də Göyçay rayonunun bir qrup sakinin yol polisi rəisinə etiraz etməkdən ötrü bir araya gəldiyi bildirilirdi. Verilən xəbərlərə görə, onlar demişdilər ki, etirazlarına səbəb indiki yol polisi rəisinin özbaşına davranışları, sürücüləri incitməsi, göyçaylılarla kobud rəftar etməsidir.

XS
SM
MD
LG