Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:17

Elgiz Qəhrəmanın anası: ‘Mən bu gün kiminsə qapısına şirniyyat aparacaqdım...’


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

Noyabrın 1-də NİDA üzvü, gənc fəal Elgiz Qəhrəmanın 30 yaşı tamam oldu. O öz doğum gününü həbsxanada qarşılayır.

Atası Kamal Qəhrəmanov deyir ki, bu günlə bağlı başqa planları varmış: “Ona nişan aparacaqdım ad günündə. Öz istədiyi vardı. Amma bu gün ora getməyimiz pis təsir etdi mənə”.

Anası Səadət Məmmədova əlavə edir: “Bu gün ad gününü göz yaşı ilə keçirdim. Dostları tort bişirtdiriblər, üstündə Elgizin şəkli, gülə-gülə, “Səni sevirik” yazdırıblar. Mən özüm bu gün tort bişirib nişan aparasıydım oğluma. O da internetdə yazmışdı ki, artıq evlənməyə hazırlaşır, subaylığın daşını atacaq. Nəsib olmadı. Nə deyim? Mən bu gün kiminsə qapısına şirniyyat aparacaqdım, amma... Başqa qapıya gedəsi oldum”.

Buna da bax:​ Elgiz Qəhrəman ev dustaqlığına buraxılmadı

“Oğlumla fəxr edirəm, ondan utanmıram”

Ata yüngülcə qəhərlənsə də, ana möhkəm durub: “Bu gün oğlum deyir ki, ana başını dik tut. Mən o işi görməmişəm. Mən oğlumla fəxr edirəm. Ondan utanmıram”.

Səadət Məmmədova oğlunun “pis iş tutacağına” heç kimin inanmadığını söyləyir.

Atası danışır: “Bu gün 100-dən çox adam onu təbrik edib “Facebook”da. Necə adamlar təbrik ediblər. Uşaqlar açıb bir-bir oxuyurlar. Necə sözlər yazıblar... Belə də iş tutarlar? Mənim oğlum vətənpərvərdir, əqidəlidir, savadlı, qanacaqlıdır, necə deyim... Hərtərəfli uşaqdır...”.

Buna da bax:​ Elgiz Qəhrəmana işgəncə verilməsi iddiaları araşdırılır

“Metroya da qoltuğunda kitabla gedirdi”

Ana əlavə edir yenə: “Metroya gedəndə də qoltuğunda kitabla gedirdi. Çox mütaliəlidir. İki ayda 53 kitab oxuyub. İki test kitabı yazıb məntiqi riyaziyyatdan. Belə bir uşaqdır... Mən onunla fəxr edirəm. Anlaşılmazlıq olub nəsə. Mənim oğlum ora layiq uşaq deyildi. Hər anaya övladı əzizdir, bəlkə də söhbətim yanlış alınır. Amma Elgiz kimi oğul çox azdır. O zəng vuranda mənə “can”dan başqa söz demir. Mənə çox pis təsir edir bu gün orda olmağı. Görünür, bu da bir taledir, qismətimiz bu imiş. Kişidi də, başına iş gələr. Eybi yoxdur. Hər bir insanın taleyi bir kitabdır. Bu olanları da həmin kitabın səhifələrindən birinə yazdım. İnşallah, həqiqət, ədalət bərpa olacaq. Mən buna inanıram. Mənim uşağım oralıq deyil. Özü də o maddəylə... Onun adına layiq deyildi”.

Elgiz Qəhrəman avqustun 12-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. Elgizi 12 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Gənc fəal bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlansa da, vəkili yanına buraxılmayıb.

NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Buna da bax:​ NİDA Elgiz Qəhrəmanın həyatından narahatdır

Elgiz Qəhrəman 2015-ci ildən Nida Vətəndaş Hərəkatının üzvüdür, son parlament seçkilərində qurumun namizədlərindən biri olub.

“Ən burulğanlı gün”

Anası Elgizin ad günündə həbs olunduğu günü də unutmur. Onu ömrünün “ən pis günü, ən burulğanlı günü” adlandırır: “Elə bil qara buludlar gəlib üstümüzü kəsdirdi, burulğana salıb apardı bizi. Avqustun 12-də tutmuşdular onu. Noyabrın 12-də içəridə olmasının 3 ayı tamam olacaq. Hər ayın 12-də təqvimin üstündən xətt çəkirəm. Qara gün idi...”.

Köks ötürür yüngülcə və tələsmədən şux səslə davam edir: “Ancaq yaşadıq, keçdi artıq. Yavaş-yavaş alışdıq. Balamı alıb götürdülər. Ən çox nəyə yanıram. Biz onu çox çətinliklə oxutmuşduq, əziyyət çəkmişdik... İnşallah, bu günlər də keçər. Kasıb da olsaq, zəif də olsaq, bu günlər də keçəcək, ədalət yerini tapacaq yəqin”.

Buna da bax:​ Elgiz Qəhrəmanın həbsindən şikayət edildi

Dostlara ismarış

Yeri gəlmişkən, Elgiz Qəhrəman dostlarına məktub göndərib. “Məhbəsdə olsam da, fikrim, ruhum sizlərlədir, ad günümü mənsiz qeyd edin” sözlərini yazıb onlara. Biz də o gənclərə təşəkkür edirik, Elgizin ad gününü qeyd edirlər”.

Bəs ata-ana oğlunu təcridxanada necə görüb? Səhhəti yerindədirmi?

Kamal Qəhrəmanov Elgizin yaxşı olduğunu deyir: “Düzdür, üz-üzə otura bilmədik, elə şüşənin arxasından danışdıq. Amma şükür Allaha yaxşıdır, səhhəti də pis deyil”.

Buna da bax:​

Elgiz Qəhrəman həsbdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG