Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:33

Nizami Cəfərov: 'DAP heç bir hocanın himayəsi altında deyil'


Nizami Cəfərov
Nizami Cəfərov

►"Kitablar xoş niyyətlə yazılır. Bu normaldır. Amma kimsə ondan pis niyyətlə, ara qarışdırmaq, qızışdırıcılıq məqsədilə istifadə edə bilər"

Son günlər Dialoq Avrasiya Platformasının (DAP) ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-ə yaxınlığı Azərbaycan KİV-lərinin əsas mövzularındandır.

“Qafqazinfo” saytı 7 il öncə qurumun tədbirlərindən birində prezidentin köməkçisi Əli Həsənovun DAP-ı, onun nəşr etdiyi jurnalı buna görə tənqid etdiyini yazır.

Söhbət 2009-cu il aprelin 30-da "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda keçirilən tədbirdən gedir.

Sayt konkret mənbəyə istinad etmir:

“Tədbirdə çıxış edən Əli Həsənov təşkilatçılara narazılığını ifadə edərək bildirib ki, “Dialoq Avrasiya" jurnalının və eyniadlı platformanın fəaliyyətində açıq-aşkar birtərəfli təbliğat hiss olunur, ayrı-ayrı xalqların dəyərləri, mədəniyyəti, tanınmış adamları, Avrasiya bölgəsində yayımlanmağa layiq insanlar, liderlər son zamanlar jurnalın səhifələrində getdikcə daha az-az görünür”.

Ə. Həsənov DAP-ın yalnız F.Gülen-in təbliğatı ilə məşğul olmasına qarşı çıxaraq qeyd edib ki, “Dialoq başqa insanları sənin kimi yaşamağa, düşünməyə təhrik etmək demək deyil. Onun məqsədi dövlətlərdə, cəmiyyətlərdə ortaq hərəkət oxunu müəyyən etməkdən ibarətdir. Dialoq, tolerantlıq, Qurandan, Bibliyadan çox danışmaq da deyil. Cəmiyyətdə tolerantlıq bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına hörmətlə yanaşmaqdan, bunu reallığa çevirməkdən ibarətdir və bunları bir nəfərin adına bağlamaq düzgün deyil”.

Buna da bax: 'Hökumət bu yolla Erdoğanın təzyiqindən yayınır'

“AZƏRTAG” informasiya agentliyi isə həmin tədbir haqda o zaman yazırdı ki, Əli Həsənov “tarix boyu başqa cəmiyyətləri güc yolu ilə öz dinindən, ənənəsindən döndərib güclü cəmiyyətlərə birləşdirmək cəhdlərinin müvəffəqiyyətsizliyə uğradığını” deyib. Şöbə müdirinin DAP-a təkliflər verdiyi də xəbərdə qeyd olunur.

DAP Azərbaycan Milli Komitəsinin o zamankı sədri, millət vəkili Nizami Cəfərov AzadlıqRadiosuna qısa müsahibəsində Əli Həsənovun o iclasda sərt danışdığını bildirir, ancaq detalları açıqlamır. O bu gün tənqid edilən quruma sədrlik etməsi haqda iradlara da münasibət bildirir:

– Bəli, mən bu qurumun sədri olmuşam. Bunun da bir problemi yoxdur. Bu Avrasiyada, bütün dünyada müxtəliffikirliliyin, müxtəlif mədəniyyətlərin, düşüncələrin dialoqunu təşkil edən bir qurumdur. Dialoq Avrasiya qurumunu rəhmətlik Çingiz Aytmatov, Anar, Oljas Süleymanov yaradıblar. Sonra milli komitələri yaranıb, Azərbaycan Komitəsinə uzun müddət Anar müəllim rəhbərlik edib, daha sonra da mən. Burda da ittiham olunası bir şey yoxdur.

– Bu qurumun Fethullah Gülenə meylli olduğu haqda yerli KİV-lərdə materiallar gedir, hətta avqustun 23-də 7 il öncə prezidentin köməkçisi Əli Həsənovun DAP-ı buna görə tənqid etməsi ilə bağlı fikirlər də yenidən yayılıb. O zaman quruma rəhbərlik edən şəxs kimi deyə bilərsinizmi, bu qurum Gülen-ə niyə yaxın idi?

– Konfransdakı o çıxış yadımdadır. O zaman Əli müəllim çox kəskin şəkildə dedi ki... Konkret mövzu ətrafında müzakirə gedirdi. O zaman həm Azərbaycandan, həm Rusiyadan görkəmli mütəxəssislər iştirak edirdilər. Sadəcə, orda bir fikir səsləndi ki, Türkiyədə müxtəlif mülahizələr var. Onda Əli müəllim çox aydın və dəqiq şəkildə bildirdi ki, “biz Türkiyəni Atatürk Türkiyəsi kimi tanıyırıq”. Nəzərə alaq ki, mən uzun illər, DAP-dan da çox-çox qabaq Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri olmuşam. Mən də Türkiyəni Atatürk Türkiyəsi kimi tanıyıram, Türkiyə Cümhuriyyəti onun əsəridir. Bu gün Türkiyədə Atatürkə, onun ideologiyasına hörmət etməyənə mən də hörmət etmərəm. Bu mənada DAP heç kimin, heç bir hocanın himayəsində deyil. Heç vaxt da olmayıb. Bəlkə kimsə istəyib himayəsi altına salsın, amma mümkün olmayıb. Nə Aytmatovu, nə Anarı, nə də Süleymanovu hansısa hərəkat, kənardangəlmə ideologiya təsiri altına sala bilməz. Vaxtilə “Dialoq Avrasiya” jurnalının ilk nömrəsinin təqdimatında ümummilli liderimiz iştirak edib, onun haqqında dərin, məzmunlu sözlər deyib. DAP-ın Fethullah Gülen hərəkatına, fətullahçılığa dəxli yoxdur. Burda ilk gündən müxtəlif ideologiyalardan, dinlərdən elə insanlar iştirak ediblər ki, onları heç bir yolla fətullahçı etmək olmaz.

Buna da bax-Komitə rəsmisi Fethullah Gülen-in kitablarından danışdı

– Amma Əli Həsənov o çıxışında irad tutub ki, tədbirdə Heydər Əliyevin şəklinin yanında Atatürkün portreti olmalı idi, nəinki Fethullah Gülen-in.

– Orda söhbət ayrı idi. Orda jurnalın onuncu sayının təqdimatı idi. Jurnalın üz qabığında şəkil verilmişdi.

– Bu günlərdə avtomobilində Fethullah Gülen-lə bağlı kitab tapıldığı bildirilən AXCP sədrinin köməkçisi Faiq Əmirli 168-ci maddəylə ittiham olunur. Amma o kitablardan birinə ön söz yazan, redaktorluq edən şəxslər, eləcə də vaxtilə gülençiliyə görə tənqid edilənlərsə yaddan çıxır. Bu haqda nə deyə bilərsiz?

– Kitablar xoş niyyətlə yazılır. Bu normaldır. Amma kimsə ondan pis niyyətlə, ara qarışdırmaq, qızışdırıcılıq məqsədilə istifadə edə bilər. Tarixdə buna nümunələr də var. Məsələn, Karl Marks “Kapital”ı yazmışdı, amma ondan başqa niyyətlə istifadə edildi. Və ya müqəddəs kitabları götürək, o kitablardan qızışdırıcılıq məqsədilə istifadə edənlər də tapılır.

– Amma belə fikir var ki, bu gün həmin şəxslər hakimiyyətə yaxın olduğundan istintaqdan kənarda qalıblar.

– Yox, belə şey ola bilməz.

Buna da bax-Əli Kərimli: 'Ankara Bakıdan əsl gülənçiləri tələb edəcək'

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG