Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:32

'Hökumət bu yolla Erdoğanın təzyiqindən yayınır'


Faiq Əmirli
Faiq Əmirli

►“Hakimiyyət Gülen məsələsini opponentlərinin düşərgəsinə yönəldir”

Avqustun 23-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yaydılar.

Azərbaycanlı istintaqçılar ötən həftə saxlanılmış AXCP sədrinin köməkçisi Faiq Əmirli və bu partiyanın fəalı Fuad Əhmədli ilə bağlı açılmış cinayət işinə görə Türkiyədə istintaq hərəkətlərinin aparılması məqsədilə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırıblar.

Məlumatda deyilir ki, “Hizmet hərəkatı”nın Azərbaycanda fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə və Türkiyədəki tərəfdaşları ilə əlaqələrini, maliyyələşmə mənbələrini müəyyənləşdirmək istəyirlər.

Vəkil: “Bu bəyanat məhkəməyə təzyiqdir”

Faiq Əmirlinin vəkili Aqil Layıcov bəyanatla tam tanış olmadığından hər hansı açıqlama vermək istəmədi. Ancaq onun qənaətincə, bu bəyanat məhkəməyə təzyiqdir. O, hüquq-mühafizə orqanlarının saxlanılan şəxsləri “gülençi” kimi təqdim etməsini təqsirsizlik prezumpsiyasını pozması kimi dəyərləndirir:

“Biz apelyasiya şikayətində və Avropa İnsan Haqları Məhkəməsinə verilən ərizədə də bunu qeyd edəcəyik. Prokurorluq təqsirsizlik prezumpsiyasının pozulmasını artıq administrativ praktika halına gətirib. Azərbaycanda məhkəmə hakimiyyəti onsuz da prokurorluq orqanlarının əsarətindədir. Bu bəyanat da məhkəməyə birbaşa təzyiqdir. Prokurorluq bu məsələdə diqqətli olmalıdır”.

Buna da bax-Komitə rəsmisi Fethullah Gülen-in kitablarından danışdı

Yalçın İmanov: “Burda qanunazidd və təəccüblü bir şey yoxdur”

Vəkil Yalçın İmanov deyir ki, bu cür işlərdə araşdırma aparmaq və ya hər hansı istintaq hərəkəti keçirmək həm ölkələr arasında hüquqi yardım haqqında müqaviləylə, həm də beynəlxalq konvensiyalarla tənzimlənir. Ona görə də burda “qanunazidd və təəccüblü “bir şey olmadığını bildirir. Ancaq əlavə edir ki, istintaq orqanının araşdırmanı hansı istiqamətdə aparacağı, nə dərəcədə “obyektiv və qərəzsiz olacağı” onda şübhə yaradır:

“Faiq Əmirliyə irəli sürülmüş ittihamın qanunsuz olduğu ortalıqdadır. Onun dini pərdə altında şəxslərin hüquqlarını pozduğu iddia edilir. Bu maddə, adətən, dini fəallara tətbiq olunur. Öz praktikamda rast gəlmişəm, dini fəallara sıx tətbiq olunan maddədir, həm 167.2, həm də 168-ci maddə. Nurçu tərəfdarlarına, “süleymançılar” adlı qrupun üzvlərinə tətbiq olunub. İstintaq materialları ilə tanış olanda görürsən ki, sırf formal, mülahizələr əsasında başlanmış işlərdir”.

Vəkil hesab edir ki, istintaqçılar Türkiyədə araşdırma aparacaqlarsa, nəticələri haqda ictimaiyyəti məlumatlandırmalıdırlar. Amma onu da vurğulayır ki, bu zaman təqsirləndirilən şəxslərin hüquqları pozulmamalıdır:

“Onların əməlinə hüquqi qiymət vermək məhkəmənin işidir, amma hüquq-mühafizə orqanlarının məlumatında bu şəxslərin təqsirinin sübuta yetirilməsi ilə bağlı ehtimallar əksini tapır”.

Buna da bax-Əli Kərimli: 'Ankara Bakıdan əsl gülənçiləri tələb edəcək'

Ərəstun Oruclu: “Bu yolla Erdoğan hökumətinin təzyiqindən yayınır”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu rəsmi təbliğatda “gülençi işi” adı altında təqdim edilən bu işi hakimiyyətin qurduğu “saxta cinayət işlərindən”dan sayır. O, istintaqçıların Türkiyədə araşdırma aparmasını isə “xal qazanmaq” kimi dəyərləndirir:

“Bu məsələnin indi gündəmə gəlməsinin bir səbəbi var, o da Türkiyə hökumətinin Azərbaycandan bunu tələb etməsidir. Bu yaxınlarda Türkiyənin Azərbaycandakı səfiri müsahibələrinin birində Azərbaycan hökumətinə Gülen təsiri haqqında danışmışdı, bunun təhlükəli olduğunu demişdi. Amma hakimiyyət bu gün öz içində həbslərə, işdənçıxarmalara getməyi planlaşdırmır. Referendum öncəsi durum həssas olduğundan məsələni yönəldir opponentlərinin düşərgəsinə. Həm daxildəki maraqlarını təmin edir, güclənir, həm də Erdogan hökumətinin təzyiqindən yayınır, nəsə addım atdıqlarını göstərirlər”.

Bəs bu addım Ankaranı razı salacaqmı? Ərəstun Oruclu buna şübhə etmir: “Erdogan özü neynir ki? Gülençi adı altında siyasi opponentlərini sıradan çıxarır”

Ərəstun Oruclu da Azərbaycanda “Gülenin terrorçu təşkilatı” ifadəsini işlədilməsini yanlış sayır, Azərbaycanın heç bir təşkilatı terrorçu kimi tanımadığını bildirir.

“BİABIRÇI MƏLUMAT”

İntiqam Əliyev
İntiqam Əliyev

Hüquqşünas İntiqam Əliyev hüquq-mühafizə orqanlarının birgə məlumatını “biabırçı” hesab edir. O, bir məqamın üzərində dayanır: “Tutulan şəxslərin partiya mənsubiyyətinin - AXCP üzvü olmalarının vurğulanmasının üstüörtülü həmin partiyanı gözdən salmaq məqsədi güddüyü şübhə doğurmur. Mən indiyə qədər görməmişəm ki, hətta ən ağır cinayətlərdə ittiham olunan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda, istintaq və ya məhkəmə sənədlərində onların, məsələn, YAP üzvü olduğu göstərilsin”.

Hüquqşünas F.Əmirliyə və F.Əhmədova elan olunan ittihamları tamamilə əsassız sayır:

“Fəalların olduğu iddia edilən ədəbiyyatların heç biri qadağan olunmuş ədəbiyyat deyil. Və ümumiyyətlə, cinayət qanunvericiliyində “qadağan olunmuş” ədəbiyyat ifadəsi yoxdur: qadağan olunmuş toplantı var, qadağan olunmuş əşya var, təhlükəli tullantıların qadağan olunmuş növləri var və s. Amma ölkədə hansısa ədəbiyyatı qadağan edən nə qanun var, nə də onların siyahısı. Hətta məlumatda yazılanlar həqiqət olsaydı belə, “fətullahçılığın”, “gülənçiliyin” təbliği cinayət deyil, çünki qanunvericiliklə nə qadağan ediliblər, nə də buna görə məsuliyyət müəyyən edilib. Bu ədəbiyyatı son vaxtlara qədər, az qala, bütün kitabxanalarında əldə etmək, onları maşında, qatarda, atın belində aparmaq, oxumaq, evdə, liseydə, universitetdə müzakirə etmək mümkün idisə, onda gərək ölkədə minlərlə adam tutula. Başda da həmin kitabxanaların, onların tabe olduqları qurumların rəhbərləri”.

“HƏBSXANADA OLMALIYDILAR”

Əliyev hesab edir ki, «Gülen camaatı», “Hizmet” adlandırılan qrupa üzvlük cinayətdirsə, onda ölkədə son dövrlərə qədər ölkənin ən yaxşı təhsil müəssisələrindən biri kimi təqdim edilən “Qafqaz” universitetinin, onlarla liseylərin rəhbərliyi, müəllimlərinin əksəriyyəti, bu qurumlara lisenziya verən dövlət qurumlarının rəhbərləri həbsxanada olmalıydılar.

Hüquqşünas bunu da deyir ki, Erdoganın bu hadisələrdən istifadə edib öz opponentlərini, demokratik institutları zəiflətmək, öz opponentlərini sıradan çıxarmaq, hakimiyyətlərini gücləndirmək niyyəti göz qabağındadır və oxşar hadisələr Azərbaycanda da baş verir.

Baş Prokurorluq avqustun 12-də Fetullah Gülen tərəfdarları ilə bağlı cinayət işi başladığını bildirib. Daha sonra AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli və partiyanın Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədli saxlanılıb.

Faiq Əmirli dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınmasında ittiham edilir. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Fuad Əhmədliyə CM-nin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və səlahiyyətlərindən sui-istifadə maddələri irəli sürülüb. AXCP bu həbsləri siyasi sifariş sayır. Partiyanın bəyanatında bildirilirdi ki, hakimiyyət Fethullah Gülenlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Türkiyə hakimiyyəti Güleni 15 iyul çevriliş cəhdinin təşkilində suçlayır, ABŞ-da yaşayan ilahiyyatçı bunu təkzib edir.

Vəkil: "Faiq Əmirlidən tapıldığı iddia olunan kitablar qadağan olunmuş ədəbiyyat siyahısında yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG