Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Araz Əlizadə: “Öz gözlərində tiri görmürlər...”

“Son zamanlar beynəlxalq qurumların Azərbaycana təzyiqləri artır. Biz bunu EITI-də (Mədən Hasilatı Şəffaflıq Təşəbbüsünün- MHŞT-nin ingiliscə qısa adı -red.) və digər məsələlərdə də görürük”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev BMT İnsan Hüquqları Komitəsinin Azərbaycanda mülki və siyasi hüquqların vəziyyəti barədə yekun hesabatını AzadlıqRadiosuna şərh edərkən belə deyir. Yekun hesabatda Azərbaycanda insan haqlarının durumu tənqid edilir, söz azadlığına təzyiqlərin dərinləşdiyi, polis və təcridxanalarda zorakılıq və işgəncələrin mövcudluğu, korrupsiya hallarının olması vurğulanır. Eyni zamanda sentyabrın 26-da keçirilən referendumda Konstitusiyaya dəyişikliklərin vətəndaş hüquqlarını, parlamentin təsir imkanlarını məhdudlaşdırmasından, prezidentə verilən əlavə səlahiyyətlərin onun siyasi məsuliyyətinin azaltmasından narahatlıq ifadə olunur.

“Ya tənqidlərdən nəticə çıxarıb islahat aparmalı, ya da...”

Oqtay Gülalıyev hesabatı müsbət və obyektiv sənəd kimi qiymətləndirir:

“Bu sənəd ölkədəki real vəziyyəti əks etdirir. Fikrimcə, Azərbaycan höküməti BMT kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatının ölkəmizlə bağlı belə sərt hesabatından nəticə çıxarmalı, vəziyyətin yaxşılaşdıracaq gərəkli addımlar atmalıdır”.

Hüquq müdafiəçisi ortaya belə bir sənədin çıxmasını Azərbaycanda insan haqlarının, vətəndaş cəmiyyətinin, siyasi azadlıqların, medianın durumunun getdikcə pisləşməsinə bağlayır:

“Məncə, Azərbaycan hakimiyyətinin başqa çıxış yolu yoxdur. Ya tənqidlərdən nəticə çıxarıb dərin islahatlara getməlidir, ya da beynəlxalq ictimaiyyətə savaş açıb daha ciddi təzyiqlərə və sanksiyalara məruz qalmalıdır”.

Araz Alizade, deputat

Araz Alizade, deputat

“Hansı dövlət ABŞ-ın köləsi olmaq istəmirsə...”

“İnsan haqları kölə olmaq istəməyən ölkələrə təzyiq vasitəsidir”, - Milli Məclisin üzvü Araz Əlizadə belə düşünür. Onun fikrincə, BMT-nin hesabatı qərəzlidir və reallığı əks etdirmir:

“Artıq uşaq deyiləm, keçmiş sovet məkanında yaşayanlar da uşaq deyillər. Biz çox gözəl başa düşürük ki, insan haqları ABŞ və onun müttəfiqləri üçün siyasi dəyənəkdir. Hansı dövlət ki müstəqil siyasət yürüdür, hansı dövlət ki ABŞ-ın köləsi olmaq istəmir, dərhal ona qarşı insan haqları adı altında təzyiq göstərməyə başlayırlar”.

Araz Əlizadə deyir ki, ABŞ-da da insan haqları pozulur, seçkilərdə saxtakarlığa yol verilir, polis özbaşınalığı var, amma bu barədə heç yerdə deyilmir:

“Öz gözlərində tiri görmürlər, özgə gözündən qıl çəkirlər”.

“Belə olmasa, hər kəsə pis olacaq”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu sənədi “daha mülayim” sayır və ölkədəki durumun burda deyilənlərdən qat-qat pis olduğunu deyir. Onun sözlərinə görə, hesabatda məhkəmə, polis sistemi barədə deyilənlər reallığı əks etdirir:

“Məhkəmə müstəqilliiyinin yoxluğu, qanun aliliyinin olmaması ilə bağlı hesabatda göstərilənlər düzdür”.

Mehman Əliyev deyir ki, BMT-nin tənqidi bir neçə il əvvəl baş versəydi, Azərbaycan hakimiyyəti buna əhəmiyyət verməyə bilərdi, ancaq ölkənin indiki durumu onu fərqli davranışa məcbur edəcək:

“Azərbaycanda sosial-iqtisadi problemlərin arxasında sistemli böhran durur. Neftin ucuzlaşması onu göstərdi ki, hakimiyyətin başında duranlar ölkəni idarə edə bilmir, bilikləri, idarəçilik qabiliyyətləri aşağı səviyyədədir”.

BMT

BMT

“Turan” rəhbərinin fikrincə, ölkədəki sosial-iqtisadi problemləri neftin dünya bazarında qiymətinin aşağı düşməsi yox, insan haqları ilə bağlı vəziyyət, qanunların işləməməsi, məhkəmələrin müstəqil olmaması, korrupsiyanın baş alıb getməsi şərtləndirib:

“İnsanlar azad olsaydılar, bu hesabatda əksini tapanların əksini görsəydik, indi bu problemlərlə üz-üzə deyildik”.

Mehman Əliyevin fikrincə, məhz buna görə də Azərbaycan hakimiyyəti tənqidləri gözardı etməməlidir:

“İqtisadi böhrandan çıxmaq üçün ölkədə siyasi-mülki azadlıqları bərpa etmək lazımdır. Belə olmasa, hər kəsə - xalqa da, dövlətə də, elə hakimiyyətə də pis olacaq”.

“Turan”ın rəhbəri düşünür ki, hakimiyyət insan hüquqlarının bərpasından, azadlıqların təminatından qorxur, belə olarsa, hakimiyyəti itirəcəyini zənn edir. Mehman Əliyevin qənaətincə, Azərbaycan hakimiyyətinin BMT tövsiyələrinə əməl etməkdən başqa yolu yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG