Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:04

Badamdar sakinləri: 'Deyirlər, pul ver, asfaltı qapına qədər tökək'


Badamdarda küçələri belə asfaltlayırlar
Badamdarda küçələri belə asfaltlayırlar

“Küçələr tez-tez asfaltlanır. Ancaq sizə yolladığımız fotolardakı kimi... Buna küçə asfaltlamaq yox, yamaq vurmaq da demək olar”.

Badamdar qəsəbəsinin sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə yenicə asfaltlanmış küçələrin fotolarını çəkib yollayıblar.

Fotolar Badamdar, 13; Badamdar, 14; Badamdar 15 küçələrində çəkilib. Şəkillərdən də görünür ki, qəsəbədaxili asfaltlama işləri yarımçıq aparılıb. Sanki sadəcə, küçələrdəki çala-çuxurlar doldurulub və iş bitmiş sayılıb.

Su idarəsi “torpaqlayır, bələdiyyə “yamaq” vurur...

Sakinlərin sözlərinə görə, su və kanalizasiya xətləri çəkiləndən sonra küçələr bu vəziyyətə düşüb. Su idarəsinin fəhlələri qazılan yerləri “torpaqlayıb”, ardınca da yerli bələdiyyə onlara “yamaq” vurub.

Buna da bax:​ 'Qaz yoxdur, odun yoxdur, çilə də yoxdur. Vəziyyət pisdir'

Qəsəbə sakini Əhməd Əhmədov deyir, döşənən asfaltın keyfiyyəti o qədər aşağıdır ki, üstündən maşın keçməsinə ehtiyac yoxdur. Elə ikicə gün həmin küçədən addımlasan, asfalt kələ-kötür və xıncım-xıncım olur:

“O keyfiyyətsiz asfaltı da yarımçıq tökürlər. Deyirlər, hər kəs qapısının qarşısını özü asfaltlasın. Deməli, bunlar asfaltlayandan sonra biz də gətirib qalan hissələrə asfalt tökməliyik ki, natamamlıq aradan qalxsın”.

Təzə asfalt yağış görüncə...

Sakin Abbas Əlizadə deyir ki, təzə asfalt elə ilk yağışdan sonra əvvəlkinin gününə düşür:

“Bələdiyyə vergi üçün qapılarımızı, az qala, çıxarıb yerə qoyur. Ancaq asfalt tökməyə gələndə deyir, fondda pul yoxdur. Buna yol düzəltmək yox, pul çırpışdırmaq deyərlər. Küçələr yamaq-yamaqdır. Bələdiyyə deyir, “gücüm buna çatır, xoşun gəlmir, get maşınla asfalt al, tök məhəllənə”.

Buna da bax:​ Keşlədə bələdiyyə asfaltlayır, suçəkənlər qazır

“2-3-ü işləyir, 10 nəfəri tamaşa edir”

Badamdarda küçələri belə asfaltlayırlar
Badamdarda küçələri belə asfaltlayırlar

Qəsəbədə su xətlərinin çəkilişi hələ də davam edir. Sakinlərin bu işləri görən fəhlələrdən də gileylənir və bildirirlər ki, onlar 2-3 günə bitirə biləcəkləri işi aylarla uzadırlar. Əziyyətsə həmin küçələrdə yaşayan əhaliyə düşür:

“Baxırsan ki, 2-3 fəhlə işləyir, 10 fəhlə dayanıb kənardan tamaşa edir. Yaxınlaşıb söz deyəndə də deyirlər, “xoşun gəlmir, qollarını çırmala, gəl özün işlə”. Bir iş gedəndə əsəbləşirsən, bir də iş bitəndə... Küçəni elə vəziyyətdə qoyub gedirlər ki, maşınlarımız çala-çuxura düşür, sıradan çıxır. Sonra da bələdiyyənin dalınca sürünürsən ki, “gəl, küçəni asfaltla”. Deyirlər, pul yoxdur, pul ver, asfaltı qapına qədər uzadaq”.

Müvəqqəti işlər görülüb?

Sakinlər küçələrin təkrar asfaltlanmasını tələb edirlər.

Badamdar bələdiyyəsindən bildirilib ki, su xətlərinin çəkilişi tam başa çatandan sonra məhəllədaxili yollar əsaslı təmir olunacaq. Hazırda isə sakinlərin gediş-gəlişi üçün müvəqqəti işlər görülüb.

XS
SM
MD
LG