Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:59

Keşlədə bələdiyyə asfaltlayır, suçəkənlər qazır


Keşlə, Qurban Səid küçəsi. Sent.2016
Keşlə, Qurban Səid küçəsi. Sent.2016

Sakin: Bu gedişlə Keşlə ikinci dəfə suyun altında qala bilər

““Azərsu” 100 metrə yaxın su xətti çəkib, bütün küçəni bərbad vəziyyətdə qoyub, gedib”

Bunu AzadlıqRadiosu-nun “Qaynar xətt”inə Bakının Keşlə qəsəbəsindəki Qurban Sadıq küçəsinin sakinləri deyir.

“YENƏ QALDIQ PALÇIĞIN ƏLİNDƏ”

1 aya yaxın idi ki, “Azərsu” ASC-nin fəhlələri bu küçədə su xətti çəkməklə məşğul idi. Nəticədə küçə sakinlərinin bir işi düzəlib, başqa problemi çıxıb.

Sakin Maqsud Əzizovun sözlərinə görə, qəsəbə bələdiyyəsi vaxtaşırı küçəni asfaltlayır. Ancaq su idarəsinin işçiləri onların təzə asfaltdan doyunca istifadəsinə imkan vermirlər:

“Əlbəttə ki, su çəkirlər, rahatlığımız, susuz qalmamağımızdan ötrüdür. Ancaq bu şəkildə nə dərəcədə düzgündür axı... Bələdiyyə asfaltlayıb gedir, su idarəsinin işçiləri gəlib qazır. Heç olmasa, bir-birləri ilə əlaqəli işləsinlər. Bələdiyyə bu küçəyə asfalt çəkəcəksə, əvvəl yeraltı xətlər çəkməklə məşğul olan idarələrə xəbərdarlıq etsin. Üzü qışa, üzü yağışlara yenə qaldıq palçığın əlində...”

Buna da bax:​ Bülbüləlilər suyu Əmircandan daşıyır

“KANALİZASİYA QUYULARI DAŞIR”

Qəsəbənin Sabir küçəsində yaşayanları isə kanalizasiya quyularının tez-tez daşması bezdirib:

“Qəsəbənin sakinlərinin sayı 30 il əvvəlkinə nisbətən 3-4 dəfə artıb. Kommunikasiya xətləri köhnədir, davam gətirmir. Yağış yağan kimi kanalizasiya quyuları daşır, çirkab sular qəsəbənin mərkəziylə axır. 3-4 günlük dava-dalaşdan sonra kanalizasiya idarəsindən kimsə gəlib quyuları açır, axını tənzimləyir”.

8 il əvvəl – 2008-ci il iyulun 24-də elə bu küçədə köhnə kanalizasiya borusunun çökməsi nəticəsində evlər və avtomobillər suyun altında qalmışdı. Sakinlər bildirirlər ki, köhnə xətlər dəyişdirilməyincə, 8 il əvvəlki fəlakətin təkrarlanmayacağına zəmanət yoxdur. Qəsəbə sakini İsmayıl Quliyev:

“Əhali artıb, xətlər əvvəlkindən bir neçə dəfə artıq yüklənir. Hara baxırsan, maşınyuma yeri açıblar. Elə təkcə Sabir küçəsində bir-birinin ardınca neçə yerdə maşınyuma yeri var. Kafelərin, çayxanaların sayı günbəgün artır. Bunlar da kanalizasiya xətlərinin yüklənməsinə səbəb olur. Görünür, 8 il əvvəlki fəlakət hökumətin yadından çıxıb. Küçədə çadır qurub yatırdıq, icra hakimiyyətinin işçiləri çirkab suların iyindən ərazidən burunlarını tutub qaçırdılar”.

Buna da bax:​ 'Kanalizasiyanı özümüz quracağıqsa, bəs Dövlət Proqramı hara getdi?'

“ASFALT ÇƏKƏN DEYİLİK”

Nizami rayon Su İdarəsindən “Qaynar xətt”ə bildirilib ki, fəhlələr işlərini başa vurandan sonra qəsəbə bələdiyyəsinə məlumat verilib: “Biz asfalt çəkən deyilik ki... İşimiz su xətti çəkməkdir. Fəhlələr qazdıqları yeri torpaqlayıblar. Asfalt tökmək işinə qəsəbə bələdiyyəsi baxır”.

Nizami rayon İcra Hakimiyyətindən isə “Qaynar xətt”ə bildirilib ki, yaxın vaxtlarda Keşlədə su və kanalizasiya xətlərinin yenilənməsi gözlənilmir:

“O vaxt məlum hadisədən sonra ərazidəki su boruları yeniləndi. Keşlədə su xətləri yenilənib, ancaq kanalizasiya xətləri normal vəziyyətdədir, vaxtaşırı problemlər olanda müvafiq idarənin fəhlələri yerindəcə həll edirlər”, – qurumdan bildirilib.

XS
SM
MD
LG