Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Aztəminatlıların sayı çoxalır - bu dəfə hökumət deyir...


Küçə satıcısı
Küçə satıcısı

Təbii qaz və elektrik tariflərinin artırılmasından öncə bahalaşdırma qərarının aztəminatlı ailələrə minimum təsir göstərməsini hədəfləyən daxili müzakirələr aparılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə deyib. O, bu tədbirlərdən biri kimi, ehtiyac meyarının 105 manatdan 116 manata qaldırılmasının planlaşdırıldığını misal göstərib. Nazirin sözlərinə görə, təkcə həmin tədbir daha 18 min ailənin ünvanlı sosial yardım almasına yol açacaq: “Eləcə də hər bir ailənin aldığı vəsaitin həcmi artacaq. Məsələn, 4 nəfərlik ailədə bu artım 44 manat olacaq. Tariflərin artmasından ailələrin çəkə biləcəyi zərəri bu yolla kompensasiya etməyə çalışacağıq".

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

Hansı ailə yoxsul sayılır?

Ünvanlı dövlət sosial yardımının (ÜSY-nin) təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il ehtiyac meyarı təsdiqlənir. Hər bir ailə üzvü üçün orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə ÜSY verilməlidir. Başqa sözlə, bu həddən az gəliri olan ailələr yoxsul sayılır.

Xatırlatmağa dəyər ki, hökumət indiyədək yardım alan ailələrin sayının azalmasını uğur kimi qələmə verirdi. İndi isə belə ailələrin artımını proqnozlaşdırır.

Buna da bax: İlham Əliyev: «Mənə arayış təqdim ediblər, adlar var»

Ehtiyac meyarı nə vaxt yaşayış minimumuna çatacaq?

2005-ci ildə qəbul olunan “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna müvafiq olaraq, hökumət, əslində, ehtiyac meyarı həddini mərhələlərlə yaşayış minimumuna çatdırmağı qarşısına məqsəd qoyub. Söhbət, dolayısıyla, sosial yardım məbləğinin (ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq) artırılmasından gedir. Ancaq maraqlıdır ki, həm qanunda həm də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramı”nda ehtiyac meyarı həddinin yaşayış minimumu səviyyəsinə çatdırılmasının konkret müddəti göstərilməyib. Ehtiyac meyarı istər minimum əməkhaqqından , istərsə pensiyaların baza hissəsindən geri qalır. Gələn il ölkə üzrə yaşayış minimumu 155 manat təklif edilir. Ehtiyac meyarı artırılsa (116 manat) da, yenə yaşayış minimumundan 39 manat geri qalır.

Buna da bax:​ Ehtiyac meyarı 11 manat artırılacaq

“O zaman aydın olar ki...”

Qalib Toğrul
Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun fikrincə, ehtiyac meyarının 11 manat artırılması yetərli deyil: “Nəzərə alsaq ki, böhrandan sonra alıcılıq qabiliyyəti kəskin aşağı düşüb, əhalinin gəlirlərinin böyük bir hissəsi inflyasiyanın yeminə çevrilib və aztəminatlı ailələr adambaşına ehtiyac meyarı ilə gəlirlərinin fərqindən yaranan hissəsini sosial yardım kimi alırlar, o zaman aydın olar ki, 11 manatlıq artım yetərli deyil”.

Buna da bax:​ Hökumət qənaəti niyə uşaqların hesabına etmək istəyir?

“Sosial yardım üçün müraciət edənlərin də sayı artacaq”

Onun sözlərinə görə, ehtiyac meyarı məbləğinin artırılması da əlavə problemlər doğura bilər: “Ehtiyac meyarı məbləğini çoxaldarkən, sosial yardımın maliyyələşməsinə büdcədən ayrılacaq vəsait miqdarının artırılmaması o deməkdir ki, daha az ailəyə ünvanlı sosial yardım veriləcək. Halbuki hazırda ölkəmizdə iqtisadi böhran davam edir və əhali sürətlə yoxsullaşır. Bu isə o deməkdir ki, növbəti ildə sosial yardım üçün müraciət edənlərin də sayı artacaq. Belə durumda vəsait çatışmazlığı probleminin yaranması qaçılmazdır”.

Buna da bax:​ 'Ünvanlı sosial yardım dayandırılmayıb'

Sentyabr ayına olan rəsmi məlumata görə, 135 min 762 ailə (583,8 min nəfər ailə üzvü) sosial yardım alıb. Q.Toğrul bildirir ki, gələn il yoxsul ailə üzvləri sayının 750-800 minə yüksəlməsi realdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG