Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:06

‘Vitse-prezidentin səlahiyyətlərini ölkə başçısı müəyyənləşdirəcək’


Yeni Azərbaycan Partiyasından seçilmiş deputat Azər Badamov
Yeni Azərbaycan Partiyasından seçilmiş deputat Azər Badamov

Hakim Yeni Azərbaycan Partiyasından seçilmiş deputat Azər Badamov AzadlıqRadiosu-na müsahibəsində referendumdan, səsverməyə çıxarılan Konstitusiyaya dəyişikliklərdən danışıb. Onunla söhbəti təqdim edirik.

– Azər müəllim, siz referenduma çıxarılan dəyişiklikləri necə dəyərləndirirsiz? Müxalifət bu dəyişikliklər qəbul ediləcəyi halda, ölkədə monarxiyanın bərqərar olacağını deyir.

Azərbaycan inkişaf edən ölkədir. Ölkə inkişaf etdikcə Konstitusiyada dəyişikliklərə ehtiyac yaranır.

– Qarşıdakı referendum zamanın tələbidir, Azərbaycan inkişaf edən ölkədir. Ölkə inkişaf etdikcə Konstitusiyada dəyişikliklərə ehtiyac yaranır. Bu dəyişiklikləri çox müsbət dəyərləndirirəm.

– Ölkənin Ana Qanununa 30-dək dəyişiklik təklif olunur. Onların arasında narazı qaldığınız, ən azından tərəddüd etdiyiniz bircə məqam da yoxdur?

– Xeyr! Bütün məqamlar Azərbaycan xalqının mənafeyinə xidmət edən müsbət məqamlardır. Orda narazılıq yaradan heç bir şey yoxdur.

Buna da bax: «Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir»

– Hüquqşünaslar bildirirlər ki, Konstitusiyada dəyişdirilməsi təklif edilən 29 dəyişiklikdən 14-ü insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət edir.

Deputat: “Əgər bu, yaxşı bir şey olmasaydı, niyə dünyanın inkişaf etmiş ölkələrində yaradılırdı?”

– 14-ü yox, 15-i. Konstitusiyaya dəyişikliklərin 60 faizdən çoxu insan hüquq və azadlıqlarının möhkəmlənməsinə, genişlənməsinə xidmət edir. Bir misal göstərmək istəyirəm. 1995-ci ildə Konstitusiya qəbul olunanda Azərbaycanda internet, elektron ünvanlar deyəndə bunu heç kim başa düşmürdü, elektron yaddaşlar yox idi. Ancaq müasir dövrdə hamı elektron yaddaşlardan, elektron ünvanlardan istifadə edir. Konstitusiyada şəxsi məlumatların qorunması ilə bağlı məsuliyyət müəyyən edilməmişdi. İndi Konstitusiyanın müvafiq maddəsində edilən dəyişikliklə şəxsin icazəsi olmadan – qanunda icazə verilmiş hallar istisna olmaqla – onun haqqındakı məlumatları yaymaq qadağan ediləcək. Burda pis nə ola bilər? Təbii ki, bu insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Azər Badamov: Azərbaycan inkişaf edən ölkədir. Ölkə inkişaf etdikcə Konstitusiyada dəyişikliklərə ehtiyac yaranır [audio]
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00
Direct-ə keçid

– Amma məsələnin başqa tərəfi də var, mətbuatın və ya hər hansı vətəndaşın vəzifə sahibi, yüksək çinli məmur haqqında məlumat toplanması imkanı da məhdudlaşır.

Ölkəni təcrübəli insanlar edəcək. Ona görə də ölkəmiz günü-gündən inkişaf edir...

– Ayrı bir maddədə qeyd olunur ki, dövlət məmurun, dövlət qulluqçusunun vətəndaşa yetirdiyi ziyana görə mülki məsuliyyət daşıyır. Burda artıq vətəndaş məmurun yetirdiyi ziyanı onun, yəni məmurun nə vaxtsa ödəməsini gözləmir, dövlət birbaşa ziyanı ödəməyi öhdəsinə götürür. Burda pis, narahatedici heç nə yoxdur.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

– Yəqin fikrimi izah edə bilmədim, mən onu demək istəyirdim ki, demokratik ölkədə yüksək vəzifəli şəxslərlə, lap elə onların yaxınları, ailə üzvləriylə bağlı məlumatlar əlçatımlı, şəffaf olmalıdır, onlar haqda məlumatların toplanması və yayılması məhdudlaşdırılmamalıdır.

– Təbii ki, bizdə bütün informasiyalar şəffafdır. Vəzifə tutan hər bir şəxs haqqında internet resurslarında yetərincə məlumat var.

Konstitusiyaya dəyişikliklərdə bütün məqamlar Azərbaycan xalqının mənafeyinə xidmət edən müsbət məqamlardır. Orda narazılıq yaradan heç bir şey yoxdur.

– Amma dəyişikliklərdən sonra bu informasiyanın toplanması, yayılması məhdudlaşdırılacaq.

– Yəni şəxsin icazəsi olmadan yayılmamalıdır.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

– Sizcə, məmur onun qanunsuz var-dövləti və ya başqa məqamlar haqda məlumatların yayılmasına icazə verəcəkmi?

– Bəli, qanun icazə vermirsə, şəxsin barəsində məlumatları yaymağa heç kimin ixtiyarı yoxdur. Kimsə onun elektron ünvanına və ya şəxsi səhifəsinə daxil olub, oradakı məlumatları icazəsiz yayarsa, bu qanunaziddir, vətəndaşın hüquqlarının tapdalanması deməkdir.

– Azər müəllim, vitse-prezidentlik vəzifələri yaradılır. Bu haqda mətbuatda çox yazılır. Sizcə, bu postun yaradılmasını zəruri edən nədir?

BMT-də təmsil olunan 195 ölkədən 67-də vitse-prezidentlik institutları mövcuddur.

– Təbii ki, lazımdır. BMT-də təmsil olunan 195 ölkədən 67-də vitse-prezidentlik institutları mövcuddur. Dünyanın ən inkişaf etmiş ölkələrində vitse-prezidentlik institutları var, məsələn, Amerikanin özündə. Əgər bu yaxşı bir şey olmasaydı, niyə dünyanın inkişaf etmiş ölkələrində yaradılırdı? Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanmaq ölkəmizin iqtisadiyyatı, cəmiyyətin inkişafı üçün lazımdır.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

– Vitse-prezidentlik postunun əhəmiyyəti nədir? Hansı sahələri əhatə edəcək?

– Konstitusiya dəyişikliyində söhbət ancaq vitse-prezidentlik institutunun yaradılmasından gedir. Onun səlahiyyətlərini ölkə başçısı müəyyənləşdirəcək. Ölkədə bütün layihələr ancaq cənab prezidentin tapşırığıyla həyata keçirilir. Onun məsuliyyəti altındadır. Bu layihələrin necə yerinə yetirilməsinə konkret olaraq vitse-prezidentlər nəzarət edəcək.

18 yaşında insanın seçmək hüququ varsa, niyə onun seçilmək hüququ olmasın?

– Dəyişikliklərdən biri də yaş senzi ilə bağlıdır. Yəni indiki halda ancaq 35 yaşdan yuxarı şəxslər prezidentliyə namizədliyini verə bilər. Ancaq dəyişiklik qəbul olunacaqsa, prezident, deputat və hakimlərlə bağlı bu cür məhduduiyyətlər aradan qaldırılacaq. Sizcə, müəyyən həyat təcrübəsi, dünyagörüşü olmayan şəxsin dövlət başına və ya parlamentə gətirilməsi nə qədər doğrudur?

– 18 yaşında insanın seçmək hüququ varsa, niyə onun seçilmək hüququ olmasın? Bu dəyişiklik vətəndaşın həm seçmək, həm də seçilmək hüququnu təmin edir.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

– 18 yaşlı insan ölkə əhəmiyyətli qərar verməyə nə dərəcədə hazırdır?

Qaldı ki, baş nazirin təyin olunması, prezidentin seçilməsinə, bununla bağlı ayrı-ayrı meyarlar müəyyənləşdirilib.

– Yaş həddi 18 götürülübsə, o demək deyil ki, 18 yaşında olan hər kəs mütləq seçilməlidir. Birincisi, parlamentə gələn insan xalqın etimadını qazanmalıdır, seçki kütləsi onu seçərsə, o, artıq parlament üçün dəyərlidir. Qaldı ki, baş nazirin təyin olunması, prezidentin seçilməsinə, bununla bağlı ayrı-ayrı meyarlar müəyyənləşdirilib. Konstitusiyadan əlavə xüsusi qanunla müəyyənləşdirilən başqa meyarlar var, ali təhsillə bağlı, təcrübəylə bağlı... Prezidentliyə və ya deputatlığa namizəd həmin meyarlara cavab verməlidir. Konstitusiyada isə vətəndaşın seçmək və seçilmək hüququ təsbit olunur.

– Amma yenə o məqama gəlirik ki, müəyyən iş, həyat təcrübəsi olmayan, yaşı 30-a çatmayan insan ölkəylə, dövlətlə bağlı mühüm qərarları necə verəcək? Onun yanlış qərar vermə ehtimalı daha çox deyilmi?

– Təbii ki, ölkəni təcrübəsi olmayanlar idarə etməyəcək. Təcrübəli insanlar edəcək. Ona görə də ölkəmiz günü-gündən inkişaf edir. Mən yetərincə danışdım, bu qədər bəsdi yəqin...

Deputat bu sözü artıq üçüncü dəfə təkrarladığından söhbəti bitirməli oluruq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG