Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Qaçqınları Türkiyəyə qaytarmağa başladılar


►Avropa Birliyi ilə razılaşmaya uyğun olaraq Yunanıstan ilk qaçqınları Türkiyəyə qaytarır

Yunanıstan AB-nin miqrasiya böhranını həll etmək yolunda yeni ziddiyyətli planına uyğun hərəkət edərək ilk miqrant dəstəsini Türkiyəyə göndərib. Miqrantlar artıq Türkiyədədir.

İçərisində 202 nəfər olan 3 qayıq səhər saatlarında Yunanıstanın Lesbos və Kios adalarını tərk edib.

Bu səhər Türkiyənin Dikili portuna çatmış birinci bərənin göyərtəsindəki miqrantlar sahilə türk polisinin müşaiyəti ilə çıxıblar. Hökumət əraziyə toplaşmış media nümayəndələrinin göyərtəni görməməsi üçün xüsusi pərdələrdən istifadə edib. Bundan az sonra ikinci bərə də türk torpağına çatıb.

Yunanıstan rəsmiləri Lesbos adasından gələn bu iki gəminin göyərtəsində 136 mühacirin olduğunu bildirib. Onların əksəriyyəti Pakistan və digər Cənubi Asiya ölkələrinin vətəndaşlarıdır. Lakin onların arasında Türkiyəyə könüllü şəkildə qayıdan iki Suriyalının olduğu da bildirilir.

Kiosdan gələn bərədə isə 66 mühacir olub. Onlardan 42-sinin əfqan olduğu deyilir.

Yunanıstan rəsmilərinin sözlərinə görə, mühacirlər sığınacaq üçün müraciət etməyiblər. Bir Türkiyə rəsmisi bildirib ki, onun ölkəsi gündə 500 mühaciri qəbul etməyə hazırdır.

Mühacirlərin deportasiyasına etiraz edənlər də Dikili limanına toplaşıb. Onlardan birinin əlində "Qaçqınlar, xoş gəlmisiniz. Bura sizin evinizdir" sözləri yazılmış plakat tutub.

Bu Türkiyə ilə Avropa Birliyi arasında keçən ay imzalanmış "biri gəlsin, biri getsin" razılaşması çərçivəsində deportasiya olunmuş ilk mühacir qrupudur.

Razılaşmanın şərtlərinə görə, martın 20-dən sonra Yunanıstan ərazisinə qeyri-qanuni daxil olmuş hər bir şəxs Türkiyəyə geri göndəriləcək.

Türkiyəyə göndərilmiş hər suriyalının əvəzində yoxlamadan keçmiş bir Suriya qaçqını Türkiyədən Avropaya keçiriləcək və orada yerləşdiriləcək. Hərçənd Avropada yerləşdiriləcək qaçqınların maksimal sayı 72000 nəfəri keçməməlidir. Bunun əvəzində AB miqrantları öz sərhədləri daxilində saxladığına görə Türkiyəyə milyardlarla avro məbləğində maliyyə vəsaiti ayıracaq. Bundan başqa Türkiyə üçün bir sıra siyasi güzəştlər də nəzərdə tutulub.

İzmir vilayətinin valisi Mustafa Toprak bu gün Dikili limanında jurnalistlərə deyib ki, bundan sonra Türkiyəyə göndəriləcək mühacirlər birinci dəstə kimi bərələrlə yox, təyyarələrlə Türkiyənin cənubundakı Adana şəhərinə gələcəklər.

Qaçqınlar buradan Türkiyənin Suriya ilə sərhədində yerləşən cənub-şərq ərazilərindəki düşərgələrə yerləşdiriləcəklər.

Valinin sözlərinə görə, Adanaya, oradan da qaçqın düşərgələrinə yerləşdirilmiş suriyalıların əvəzində eyni sayda suriyalı Avropaya göndəriləcək.

Bu, Avropanın II Dünya Müharibəsindən sonra üzləşdiyi ən böyük miqrant böhranıdır. Təkcə 2015-ci ildə 1 milyondan çox insan Avropa ərazisinə daxil olub. Onların çoxu Suriyada bir neçə ildir ki, davam edən vətəndaş müharibəsi nəticəsində evlərini tərk etməyə məcbur olub.

Türkiyədə 2,7 milyon nəfərə qədər Suriya qaçqını qeydə alınıb.

Türkiyə ilə AB arasında imzalanmış bu razılaşmanın nə dərəcədə uğurlu nəticə verəcəyini zaman göstərəcək.

Makedoniya və miqrantların Qərbi Avropaya doğru hərəkət marşrutu üzərində olan digər ölkələrin miqrantların öz ərazilərinə girişinin qarşısını almağa başlamasından sonra qaçqınlar daha çox Yunanıstana toplaşmağa başlamışdılar.

Yeni qaydalar evlərini tərk etmiş minlərlə insanın daha da qərbə, İtaliya və digər ölkələrə doğru hərəkət etməsi ilə nəticələnə bilər.

"Amnesty International" cümə günü dərc etdiyi hesabatda AB-nin yeni planını qınayaraq bildirib ki, Türkiyə insanları güclə Suriyaya göndərir. Təşkilat bildirir ki, bu, beynəlxalq hüququn pozulmasıdır. Türkiyə bu iddiaları rədd edir.

Hesabatda deyilir ki, təşkilat Türkiyənin Hatay vilayətindən irimiqyaslı qaytarılma hallarını aşkar edib. "Amnesty International" bu halları "regionda açıq sirr" adlandırır.

"Öz sərhədlərini möhürləmək barədə düşünən AB liderləri ən sadə faktı könüllü surətdə diqqətdən qaçırıblar: Türkiyə Suriya qaçqınları üçün təhlükəsiz ölkə deyil və gündən-günə daha az təhlükəsiz olur," deyə "Amnesty International"ın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda isə deyilir ki, "Amnesty International"ın hesabatı "həqiqəti əks etdirmir."

Bəyanatda qeyd edilir ki, Türkiyə son beş ildə qaçqınlara münasibətdə "açıq qapı siyasəti" yürüdüb və "geri qaytarmama" prinsipinə sadiq olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG