Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:36

Bəxtiyar Hacıyevin həbs müddəti yenə uzadıldı


Aprelin 7-də gənc fəal Bəxtiyar Hacıyevin həbs müddəti daha 5 sutka artırılıb. Bu qərar bir gün sonra- aprelin 8-də Gəncə şəhəri Nizami rayon məhkəməsində Hacıyevin cinayət işi üzrə hazırlıq iclasında açıqlanıb. Hakim Emin Axundovun sədrliyi ilə keçirilən məhkəmə aprelin 19-u saat 11-ə təyin olunub.

MƏHKƏMƏ NƏYƏ ƏSASƏN HƏBS MÜDDƏTİNİ UZADIB?


Ordudan yayınmada ittiham olunan Hacıyevin vəkili Əlayif Həsənov məhkəmənin həbs müddətinin uzadılması ilə bağlı vəkillərin iştirakı olmadan verdiyi qərarı tam qanunsuz hesab edir:

«Əvvəla məhkəmənin qətiyyən ixtiyarı yoxdur prosesdə iştirak etməyən vəkillərin adını qərarda yazmağa. Bundan əlavə prokurorluğun həbs müddətinin uzadılması haqda heç bir vəsatəti yox idi. Ümumiyyətlə, məhkəmənin qərarında heç bir əsaslandırma yoxdur ki, nəyə görə həbs müddətinin uzadılması ilə bağlı qərar verib? Bütün bunlar göstərir ki, məhkəmə Hacıyev barəsində ittiham hökmü çıxarmaqda, azadlıqdan məhrum etmə cəzası təyin etməkdə israrlıdır».

15 DƏQİQƏLİK PROSES

Vəkilin deməsinə görə, aprelin 8-də keçirilən məhkəmə prosesi cəmi 15 dəqiqə çəkib və hakim qarşı tərəfə çıxış imkanı vermədən növbəti məhkəmənin vaxtını təyin edib.

Gəncə şəhər Nizami rayon Məhkəməsinin sədri Əli Tağıyev vəkillərin və ittiham olunan şəxsin iştirakı olmadan məhkəmənin tərəflərin iştirak etdiyini göstərməklə qərarın verilməsinə münasibət bildirərkən deyib:

QƏRARIN QANUNİ OLUB-OLMAMASI MƏNLİK DEYİL


«Qərar qəbul olunub. Bu qərarın qanuni olub-olmaması barədə mən məhkəmə sədri kimi fikir söyləyə bilmərəm. Əgər fikir söyləsəm deməli, məndə səlahiyyət var ki, bu qərarı ləğv edim. Qanun mənə belə bir səlahiyyət vermir. Qərar barədə yalnız yuxarı instansiya məhkəməsi fikir söylə bilər. Vəkillər alsınlar, qərardan yuxarı instansiya məhkəməsinə şikayətlərini versinlər».

Aprelin 7-də keçirilən məhkəmənin hazırlıq iclasında yaranan fasilə zamanı Bəxtiyar Hacıyev AzadlıqRadiosuna deyib ki, o, siyasi baxışlarına görə həbs olunub. Hacıyev deyir ki, barəsində hansı siyasi sifariş verilsə, ona uyğun da qərar çıxarılacaq.

MƏN İSTƏNİLƏN QƏRARA HAZIRAM

«Bu, siyasi sifarişlə verilmiş bir işdir. Gənclərin gözünü qorxutmaq üçün açılmış bir cinayət işdir. Bu addımı atan insanlar başa düşməlidirlər ki, bu cür cinayət işlərini davam etdirməklə əslində kimin- kimdən qorxduğunu göstərirlər. Hakimiyyət öz xalqının dəstəyinə güvənirsə, gənclərdən ehtiyatlanmazdılar və bu qədər insanları həbs etməzdilər. Son illər Azərbaycanda gördüyüm məhkəmələr mənə uşaqlığımı, o vaxtlar getdiyim kukla teatrlarını xatırladır. İndi də hansı siyasi sifariş verilsə, yəqin ki, qərar da elə olacaq. Amma mən istənilən qərara hazıram. Barəmdə ən sərt qərar qəbul edilsə də, bu məni qorxutmur».

Həbsindən əvvəl Bəxtiyar Hacıyev «Facebook» sosial şəbəkədə hakimiyyəti tənqid edib və gənclərin 11 martda keçirməyi planlaşdırdıqları aksiyanı dəstəkləyib.

ABŞ-ın Harvard Universitetinin məzunu B.Hacıyev sonuncu parlament seçkisində deputatlığa namizəd idi. Seçkidən dərhal sonra onu hərbi xidmətdən yayınmaq ittihamı ilə iki dəfə saxlamışdılar. 2011-ci il yanvarın 24-də Gəncə Şəhər Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin hərbi xidmətdən yayınma maddəsi ilə cinayət işi açıb.

AVROPA MƏHKƏMƏSİNƏ İKİ ŞİKAYƏT


Martın 4-də Nizami rayon Məhkəməsi onun barəsində Gəncəni tərk etməmək barədə iltizamnamənin tələblərini pozduğuna görə, bir aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə aprelin 4-də həbs müddəti 3 sutka, 7-də isə 5 sutka uzadılıb.

Gənc fəal barəsində Gəncə Şəhər Nizami rayon məhkəməsinin bir aylıq həbs qətimkan tədbirinin seçilməsi haqda qərarından Avropa Məhkəməsinə yaxın günlərdə şikayət göndəriləcək. Vəkil Əlayif Həsənov deyir ki, Hacıyevin həbs müddətinin iki dəfə artırılması, aprelin 8-də məhkəmənin verdiyi qərarı mübahisələndirməyi planlaşdırırlar.
XS
SM
MD
LG