Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

Bəxtiyar Hacıyevə Rəsulzadənin kitabını oxumağa icazə verilmədi


Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva deyir ki, bayram günlərində bir neçə dəqiqəlik olsa da belə, oğlu ilə görüşmək istəyib, amma buna da icazə verməyiblər.

«ÖTÜR-ÖTÜR OYUNU OYNAYIRLAR»

«Ötür-ötür oyunu oynayırlar. Prokuror deyir ki, işi yekunlaşdırıb, məhkəməyə göndərib. Məhkəmədən bildirirlər ki, hələ iş onlara təqdim olunmayıb. Valideynləri ilə belə görüşə icazə vermirlər. Halbuki, təcridxanada saxlanan başqa adamlarla nəinki valideynləri, hələ qohumları ilə də görüşə icazə verilir».

Solidə Mövlayava Bəxtiyarın vaxtını səmərəli keçirməsi üçün ona kitablar apardığını deyir. Amma onun deməsinə görə, təcridxana işçiləri M.Ə.Rusulzadə haqda olan kitabı qəbul etməməyiblər. Bu da Solidə Mövlayevanı daha çox təəccübləndirib.

M.Ə.RƏSULZADƏYƏ QIRMIZI DOSTOYEVSKİYƏ YAŞIL İŞIQ

«M.Ə.Rəsulzadənin rus dilində kitabını aparmışdıq. Qəbul etmədilər, amma Dostoyevskinin «Alçaldılmış və təhqir olunmuş» insanlar kitabını qəbul etdilər. Yəqin ki, başa düşməyiblər. Mən hələ də Rəsulzadənin kitabının qəbul etməmələrinin səbəbini anlaya bilmirəm. Dəhşətə gəlirəm. Rəsulzadənin kitabını qadağan etməklə nəyə nail olacaqlar bilmirəm».

2 saylı İstintaq Təcridxanasından isə AzadlıqRadiosuna bildirdilər ki, Bəxtiyar Hacıyevlə yalnız vəkilinin görüşünə icazə var. Əgər ailə üzvləri icazə kağızını təqdim etsə onlar da görüşə bilərlər.

İCAZƏNİ KİM VERMƏLİDİR?


Bəxtiyar Hacıyev barəsində Gəncə şəhər Prokurorluğunda açılmış cinayəti işi üzrə istintaq materialları baxılması üçün Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilib. Bəxtiyar Hacıyevin vəkili Əlayif Həsənov deyir ki, iş hələ ki, heç bir hakimin sərəncamına verilmədiyindən ailə üzvləri ilə görüş üçün vəsatət qaldıra bilmirlər. Vəkil hesab edir ki, Bəxtiyar Hacıyevin ailə üzvləri ilə görüşməsi üçün rəsmi icazə məktubunun istənməsi növbəti lüzumsuz tələblərdəndir.

«Əslində onun təqsirləndirildiyi əməl böyük ictimai təhlükə sayılmadığından,onun ailə üzvləri ilə ünsiyyəti istintaqın gedişinə hər hansı maneçilik törətmədiyindən, qanunla onunla ailə üzvlərinin görüşündə ciddi maneələr yoxdur. İndiki mərhələdə bu görüşə icazəni kimin verməli olması da qaranlıqdır. Yəni iş prokurorluqdan ittiham aktı ilə məhkəməyə daxil olub. Amma konkret hakimə verilmədiyi üçün biz hansı hakim qarşısında vəsatət qaldırmalı olduğumuzu bilmirik».

VƏKİLİ BƏXTİYAR HACIYEVİN TEZLİKLƏ AZAD OLUNACAĞINA İNANMIR


Əlayif Həsənov sonuncu dəfə Bəxtiyar Hacıyevlə martın 20-də görüşüb. Deyir onun vəziyyəti və saxlanma şəraiti normaldır. Aprelin 4-də Bəxtiyar Hacıyev barəsində seçilmiş bir aylıq həbs qəti imkan tədbiri başa çatır. Əlayif Həsənov düşünür ki, istintaqın gedişi və digər proseduralar zamanı yaradılan süni əngəllər Bəxtiyar Hacıyevin tez bir zamanda azadlığa buraxılmayacağını göstərir.

SENATORUN MÜRACİƏTİ


Bəxtiyar Hacıyevin həbsinə beynəlxalq təpgi də getdigcə artır. ABŞ Senatoru Mark Kirkin Bəxtiyar Hacıyevin həbsi ilə bağlı Dövlət katibi Hillari Klintona məktub yazıb.

Məktubda qeyd edilir ki, Bəxtiyar Hacıyevin hüquqları həm Azərbaycan konstitusiyası, həm də Beynəlxalq İnsan Haqları Deklarasiyasına görə, pozulub

Senator Dövlət katibini Azərbaycanın insan haqları sahəsində beynəlxalq standartlara əməl etməsi və B. Hacıyevin məhkəməsi başlayan kimi onun azadlığa buraxılması üçün çağrışlarını davam etməyə səsləyib.

B. Hacıyev Harvard Universitetinin məzunudur. 2010-cu ildə parlament seçkilərində namizədliyini irəli sürüb.

O, «Facebook» sosial şəbəkədə hakimiyyəti tənqid edib və gənclərin 11 martda keçirməyi planlaşdırdıqları aksiyanı dəstəkləyib.

Bəxtiyar Hacıyev martın 4-də Gəncəni tərk etməmək barədə iltizamnamənin şərtlərini pozduğuna görə, bir aylıq həbs edilib.

Hərbi xidmətdən yayınmaqda ittiham edilən Bəxtiyar Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs qəti imkan tədbiri seçilib.
XS
SM
MD
LG