Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

Rəbiyyət Aslanova: «İqtidar yalnız qurur, yaradır, müxalifət qırır»


Rəbiyyət Aslanova

Rəbiyyət Aslanova

Mili Məclisin İnsan Hüquqları Komitəsinin sədri, YAP üzvü Rəbiyyət Aslanova son günlər ölkədə keçirilən etiraz aksiyaları ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Rəbiyyət xanım, son günlər keçirilən mitinqlərdə insan hüquqları pozuntusu baş verdimi?

- Müxalifətin mitinq istəyi normal haldır. Müxalifət öz arzusunu siyasi həmfikirləri ilə bölüşmək istəyir. Azərbaycan demokratik dövlətdir. Bu dövlətdə fikir, iradə, sərbəst toplaşma azadlığı kimi məsələlərdə heç bir məhdudiyyət yoxdur. Müxalifət də öz mövqeyi ilə əlaqədar «Sərbəst toplaşma azadlığı haqqında» Qanunun müddəalarını gərək rəhbər tutaydı. Onlara ayrılmış konkret yerdə öz toplantılarını keçirtməli idilər. Birinci dəfə-yəni 12 mart hadisələri zamanı onlara bildirildi ki, «Fəvvarələr» meydanı həcm və insanların çoxluğu baxımından mitinqlər üçün heç də müvafiq yer sayıla bilməz. Bununla belə, gedib onlara ayrılmış yerdə mitinq keçirtmək istəmədilər...

Bundan nəticə çıxartmayan müxalifət nümayəndələri yenə də həmin məsələni gündəmə gətirdilər, «Fəvvarələr» meydanında və ona yaxın yerlərdə belə çıxışlar etdilər.

İndi mən onlardan soruşuram: fikirlərinizdə bu qədər israrlısınızsa, sosial bazanızın olduğunu iddia edirsinizsə, inam, sədaqət sübut istər. Niyə sizin siyasi həmfikirləriniz aksiya üçün Bibiheybətdə verilən yerə gəlmək istəmirlər?

Deməli yoxdu o sosial baza. İnsanın siyasi həmfikiri həmişə onun yanında olmalıdır....

Bu gün o gəncləri meydanlara çağıran insanların arzusu onların şüurunu zəhərləmək, yaradıcılıq istəyini qırmaq və gənclər arasında qarşıdurma yaratmaqdır. O gənclərin hər biri üçün biz məsuliyyət daşıyırıq.
2 aprel aksiyası
Müxalifətdə olan gənclər də bizim övladımız, gəncimiz, Azərbaycanın sabahıdır. Biz imkan verməyəcəyik ki, onlar o gənclərin şüurunu zəhərləsinlər. Mən istəmirəm ki, gənclərimiz arasında iqtidar və müxalifət yönümlü adı altında bir qarşıdurma yaransın...

- Bu günlərdə YAP-a mənsub və iqtidaryönlü gənclər AXCP sədrinin evinin qarşısında etiraz aksiyası keçirdilər. Bu çağırışınız onları da belə şeylərə təhrik edənlərə aiddirmi?

- Müxalifətin o hərəkətlərinə qarşı emosiyasını cilovlaya bilməyən gəncləri də başa düşmək olar. Gənclikdir. Onlar ədalətsizliyə, haqsızlığa qarşı öz hisslərini nümayiş etdirirdilər. İqtidaryönlü gəncləri nəzərdə tuturam. Bilirsiniz, hansısa haqsızlığı, neqativ məqamı bir az təmkinlə qəbul edə bilməmək gəncliyə xas olan keyfiyyətdir. Ona görə onlar çıxmışdılar. Bu gənclər doğrudan da digər gəncləri tamamilə başqa bir cinahda, dağıdıcı kütlə kimi görmək istəmirlər. Bu baxımdan müxalifət nümayəndələri də anlamalıdırlar ki, ən böyük günah, ən böyük cinayət Azərbaycan gəncliyini bölmək arzusudur.

- O gənclərin və bu gənclərin ayrı ayrılıqda keçirdikləri aksiyaların birinə polisin müdaxilə edib digərinə etməməsini bölücülük, ayrı-seçkilik hesab etmək olar?

- Yox. Dediyim kimi, bunlar baş verən hadisələrdən hissiyyata varmış gənclər idi. Amma müxalifətin istiqamətləndirdiyi gənclər artıq uzun müddətdir məhz belə bir prosesin iştirakçısına çevriliblər. Davamlı olaraq bu cür təbliğatın təsiri altındadırlar və beyinləri zəhərlənir. Ona görə bunları eyniləşdirmək imkansızdır.

- Son günlər telekanallarda gənclərin müxalifətin aksiyalarını pisləməsi, bəzi adamların müxalifət partiyalarını tərk etmələri, hətta YAP-a keçmələrini bəyan etdikləri barədə süjetlər yayımlanır. Bütün bunları hakimiyyətin süni şəkildə təşkil etdiyini deyənlər də var.

11 mart aksiyası
- Hakimiyyət nəyinə gərəkdir Əli Kərimlinin əmisi oğluna desin ki, sən əmin oğlu haqqında o cür danış, keç YAP-a. Əgər bu insan özü əmisi oğlunun hərəkətlərini anlayır və bu cür qiymətləndirirsə, buna hakimiyyət neyləsin? Bu insan haqqın tərəfindədir. O, Əli Kərimlinin hərəkətlərinin bütün nəsil üçün üz qarası olduğunu görür və ona görə də belə edir. Əgər Əli Kərimlinin haqlı olduğuna qəti əmin olsaydı, o, bir başqasının, yaxud deyək ki, iqtidarın təsirinə məruz qalmazdı. O, öz fikrində qalardı. İnsanlar kimin haqlı, kimin haqsız olduğunu, qeyri-qanuni hərəkətlərə yol verdiyini görür, anlayır. Hətta yaxın qohumlar belə bunu hamı qarşısında etiraf edirlər.

- Cəlilabadda məktəblinin biri digərini öldürüb. Bəzi adamlar öldürənin atasının müxalifət təmsilçisi olduğunu əsas gətirərək müxalifətə qarşı etiraz aksiyası keçirdirlər. Bunu da hakimiyyətin təşkil etməsi barədə iddialar var. Doğrudanmı bir məktəblinin ölümündən siyasi məqsədlər üçün istifadə etmək olar?


- Yox. Mənə elə gəlir ki, bu, şişirdilmiş faktlardır. Mən inanmıram ki, belə bir hal olsun. Azərbaycan xalqı həmişə başqasının dərdinə, ağrısına şərik olub. Amma əgər doğrudan da öldürənin atası müxalifətçidirsə, onda ona sakitliklə demək lazımdır ki, sən əvvəl öz uşağının tərbiyəsi ilə məşğul ol, ona düzgün istiqamət ver, sonra başqalarının uşağının beynini zəhərlə. Evindəki uşağın tərbiyəsi bu səviyyədə olan bir atanın başqalarına yol göstərməsi yolverilməzdir.

- 2 aprel mitinqində qırılan şüşələrə görə tərəflər bir-birini günahlandırır.

- Hökumət o «Fəvvarələr» meydanını düzəltmək üçün nə qədər əziyyət çəkdi. Cənab prezidentimiz özü açılışında iştirak etdi. Sevə-sevə yaradılmış bir bağdır. Niyə qırsın, niyə dağıtsın iqtidar oranı? Axı bu əsaslandırılması mümkün olmayan iddiadır. Çox ağılsız fikirdir. İqtidar yalnız qurur, yaradır, müxalifət qırır. Dünyada isə yaradan qalacaq.

MÜSAHİBƏNİN TAM MƏTNİNİ BURADA OXUYA BİLƏRSİNİZ

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG