Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 16:05

Qarabağ məsələsinin parlamentdə müzakirəsi istənilir


Parlamentdə sonuncu dəfə Dağlıq Qarabağ məsələsi 2001-ci ilin fevralında müzakirə olunub
Parlamentdə sonuncu dəfə Dağlıq Qarabağ məsələsi 2001-ci ilin fevralında müzakirə olunub
Azərbaycan və Ermənistan prezidentlərinin Minsk görüşü və danışıqların son mərhələyə yaxınlaşması barədə məsələləri dekabrın 5-də bəzi millət vəkilləri Milli Məclisdə də müzakirə etməyə cəhd göstərdilər. Deputat Pənah Hüseyn bildirdi ki, son günlər Dağlıq Qarabağ danışıqları ilə bağlı xarici KİV-lərdə müxtəlif məlumatlar yayılır. Həmçinin Ermənistan rəhbərləri də Azərbaycan cəmiyyətini narahat edən bəyanatlar verirlər. Ola bilsin, həmin bəyanatlar spekulyasiya xarakterlidir: «Ancaq hər halda cəmiyyətin narahatçılığını da anlamaq lazımdır. Ona görə də Dağlıq Qarabağ danışıqları ilə bağlı məsələ parlamentin gündəliyinə salınmalıdır».

İqbal Ağazadə isə Ermənistan parlamentində məsələnin hər il müzakirə olunduğunu xatırladaraq Azərbaycanda problemlə yalnız Xarici İşlər Nazirliyinin məşğul olmasını məqsədəuyğun hesab etmir. Onun fikrincə, XİN rəhbərliyi son məsələlərlə bağlı parlamentə hesabat verməlidir: «Məsələlər hansı səviyyədə razılaşdırılır? Laçının, Kəlbəcərin, digər rayonların taleyi necə razılaşdırılır? Bu barədə millət vəkillərinə hesabat verilməlidir».


Müzakirələrin gedişindən məlumatsız qalmalarından narazılıq edən bəzi deputatlar deyirlər ki, son 5 ildə danışıqlarda Azərbaycanın üstün olduğu bildirilir. Hətta, yaxın vaxtlarda problemin həll olunacağı deyilir. Onlar deyirlər ki, əgər vəziyyət həqiqətən də yaxşıdırsa, onda bunun parlamentə bildirilməsinə nə mane olur?


YAP-çı deputat Səyavuş Novruzov isə hesab edir ki, danışıqlar barədə müəyyən məlumatlar var. Həqiqətən də uğurlu işlər görülür. Ona görə də kənar məlumatlara əhəmiyyət vermək lazım deyil.


Deputat Nəsib Nəsibli də millət vəkillərinin Dağlıq Qarabağ məsələsilə bağlı yalnız KİV-dən məlumat aldığını və bunun yetərli olmadığını bildirdi. Onun fikrincə, əgər millət vəkillərinə dövlətin sayğısı varsa, rəsmi şəxslərdən biri onlara informasiya verməlidir. Məsələnin parlamentdə müzakirəsi yalnız təklif olduğuna görə, sülh danışıqlarında iştirak edən rəsmi şəxslərdən həmin gün kiminsə deputatların suallarını cavablandıracağı gözlənilən deyildi. Heç gələn iclasda da belə bir hesabatın veriləcəyi gözlənilmir. Çünki təkliflər hansısa formada qəbul olunmadı. Vəziyyətdən narahatlıq ifadə edən millət vəkilləri isə Dağlıq Qarabağla əlaqədar qaldırdıqları məsələlərə parlament sədri səviyyəsində cavab ala bildilər. Oqtay Əsədov bildirdi: «Problemin həlli ilə bağlı Azərbaycanın mövqeləri güclənir. Yaxın vaxtlarda siz bunun şahidi olacaqsınız».


Parlamentin əvvəlki iclaslarında da bu məsələnin müzakirəsi, XİN rəhbəri Elmar Məmmədyarovun Milli Məclisdə hesabat verməsi istənilmişdi. Həmin vaxt Oqtay Əsədov lazım gəldikdə, belə bir hesabatın XİN tərəfindən veriləcəyini bildirmişdi. Rəsmilərin mövqeyi belədir ki, bu işlə birbaşa prezident məşğul olur, o, özü lazım bildikdə, ictimaiyyətə məlumat verəcək. Bugünlərdə nazir Elmar Məmmədyarov da jurnalistlərlə söhbətində deyib ki, indi danışıqlar həssas məqamdadır. Razılaşmanın baş tutmasını istəməyən qüvvələr olduğu üçün Bakı müzakirələrdə sonuncu məqamlar da razılaşdırıldıqdan sonra vəziyyət barədə ictimaiyyətə məlumat verməyi daha doğru hesab edir.


Azərbaycan parlamentində Dağlıq Qarabağ məsələsi sonuncu dəfə 2001-ci ilin fevralında prezident Heydər Əliyevin vaxtında müzakirə olunub. Millət vəkilləri bunu xatırladaraq belə bir ümummilli məsələnin hər il müzakirə edilməməsini anlamadıqlarını bildirirlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG