Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:18

Ah, o nələrə qadir idi...


Azərbaycan müğənnisi Flora Kərimova.
Azərbaycan müğənnisi Flora Kərimova.

Rasim Qaraca

Ah, o nələrə qadir idi...

Flora Kərimovanın 1973-cü ildə ifa etdiyi “Sevdiciyim” mahnısını itmiş sayırdım, bir zamanlar eşitmiş olduğum, sonralar əbədiyyət kimi yoxa çıxmış o mahnı birdən-birə sosial şəbəkədə qarşıma çıxınca gerçəkdən sarsıldım deyə bilərəm. Xoşladığım bir musiqini günlərcə tükətmək kimi alışqanlığım var və indi mən bu mahnıya günlərdir qulaq asıram, doymaq mümkün deyil və doyacağımı da sanmıram. Bu mahnını paylaşdığına görə dostum İlqar Tağıya və arxivlərdən çıxarıb youtube kanalına yerləşdirən naməlum insana təşəkkürümü bildirirəm.

Flora Kərimovanın ifasında "Sevdiciyim" mahnısı.

Buna da bax: Orxan Bahadırsoy. Mahnı tariximizdən maraqlı hadisələr

Musiqiçi deyiləm, ancaq ümidim var ki yanılmıram, - bu mahnı Floranın şah əsəridir! - əminəm ki bu qənaət mənim nostalji hisslərimdən qaynaqlanmır. Hiss olunur melodiya daha öncə bəstələnib, hətta bəlkə də Floranın səs diapozonu nəzərə alınaraq bəstələnib, sözlər melodiyaya uyğunlaşdırılıb. Mahnı yaradıcılığında belə bir praktika var əlbəttə və əsas olan odur ki, nəticə gözəl alınıb, sevgi motivi üzərində ölümsüz bir parça meydana gəlib, saf məhəbbətin, sevgiyə sədaqətin qüsursuz sənət ifadəsi yaranıb. Başqa gözəl mahnıları da var Floranın, şübhəsiz, ancaq hər zaman ona qulaq asarkən o qeyri-adi səsinin heç bir mahnıda özünün tam dolğun ifadəsini tapmadığını düşünmüşəm. Bəzən olur axı, məsələn, baxırsan bir aktyorun potensialı çox yüksəkdir, amma tale onun qarşısına özünün əsl məharətini göstərəcəyi flimi və ya rolu çıxartmır. Sovet rejiminin hakim olduğu illərdə və coğrafiya olaraq Azərbaycanda doğulmaq da işin mənfi-müsbət tərəfləridir. Əslində yüz ildə bir dəfə doğulacaq bir səs təsadüflərə buraxılmamalıdır, lakin bizim kimi ölkələrdə sənət adamları hər zaman təsadüflərdən daha çox asılıdır. Daha konservativ bir ailədə doğulsaydı, oxumasına izn verilməsəydi, lazım olan anda lazım olan yaxşı insanlara rast gəlməsəydi bəlkə də indi mədəniyyət binamızın altın sütunlarından biri olmayacaqdı. Yaxşı səsi olub ata, qardaş, ər təsirindən çıxa bilməyən talantlar sizcə yoxmudur? Mən belələrini tanıyıram. Təbii ki, iş olacağına varır. Flora xanım var, onun səsi yazılıb, görüntüləri saxlanılıb, buna sevinməliyik. Eyni zamanda uzun illər boyu səsinin kimlərsə tərəfindən batırıldığını, səhnəyə buraxılmadığını, qastrollara getməsinə izin verilmədiyini nəzərə alsaq, yenə də Flora xanımın bir təsadüf əsəri olaraq millətimizin qazancı olduğunu saya bilərik, bunun yanında da “ah, o nələrə qadir idi” deyib köks ötürərik. Uzaq 1973-cü ildə, bu mahnını oxuduğu zaman F. Kərimovanın cəmi 33 yaşı var, belə demək olarsa, öz səsini tam olaraq kəşf edib artıq, lakin hələlik peşəkarlıqdan gələn şablonlar yoxdur bu səsdə, özü-özünə hakimdir və auditoriya umurunda deyil, tamaşaçı rəyinin necə olacağını düşünmür. (Mənə görə bir müğənni tamaşaçı üçün oxumamalıdır, belə olarsa o tamaşaçıdan asılı olacaq və özünü təkrar edəcək.) Bu dövrü Flora Kərimovanın yaradıcılığının pik nöqtəsi sayıram. Təsadüfən müğənninin gənc yaşlarında yaradıcılığı üçün münbit şərait olub. 60-70-ci illərdə bəstələnən estrada mahnıları bir də heç zaman olmayacağa bənzəyir, bəstəkarlar biri-birindən gözəl mahnılar yazıblar və indi artıq o cür mahnılar yazılmır, yeni çıxan müğənnilərin repertuarında yalnız köhnə mahnıların olması buna sübutdur. Necə olubsa, o zaman tək kanal olan AzTV yaxşı sənətə üstünlük verib, indiki kimi tv ekranı alver məkanı olmayıb. Nəticədə Flora Kərimova sənəti tarixin yaddaşına yazılıb.

Buna da bax: Flora Kərimova: «Nə müxalifətə, nə iqtidara alət olmaq istəyirəm»

Eh, nə deyim. Bizim həyatımız təəssüf hissləriylə doludur, özəlliklə yaxşı idarə olunmayan ölkədə insanlarımızın həyatı təəssüflər içərisində keçir. İstərsən qızıl parçası ol, xalqın sevimlisi ol, nə olursan ol, ona təəssüf, buna təəssüf edərkən zaman öz işini görür, bir də ayılırıq ki filmin sonuna gəlmişik... “Sevdiciyim” mahnısını dinləyərkən ağlımdan keçən bir fikir bu yazının yazılmasına səbəb oldu. Mahnıya qulaq asdıqca bir şeyə təəssüf etdim. Bilirsiz nəyə? Tamamən ekzistensial bir məsələyə. Yaradılışın ədalətsizliyinə, gəncliyin qısa vədəli olmasına, yaşlılığın və xəstəliklərin insanı təqib etməsinə və hər kəsin bir gün öləcəyi həqiqətinə, bu haqq olmayan qanuna təəssüf etdim. Təəssüf etdim ki, insan ömrü bir musiqi parçası deyil, sona çatdıqda yenidən oxutmaq mümkün deyil onu... “Sevdiciyim” mahnısını dinləyərkən bax bu hisslər keçir və keçməkdədir ürəyimdən. Flora sənətinə sevgilərimlə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG