Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:27

Həmid Arğış. Qarlı Ərk


Təbrizdəki məşhur Ərk Qalası.
Təbrizdəki məşhur Ərk Qalası.

"- Ana! Ana... Ərkdən bir nəfəri asıblar... - Ayla bağıraraq anasına səsləndi.
- Dünən də Nərgizin oğlunu güllələdilər. - Dedi Salcan. Və sonra dərindən ah çəkərək - yadıma sal atan gələndə bu səhnəni yarımçıq qalmış “Qarlı Ərk” tablosuna artırmağı tapşırım".

Həmid Arğış

QARLI ƏRK

İran azərbaycanlısı yazar Həmid Arğış.
İran azərbaycanlısı yazar Həmid Arğış.

Havanın qaraltısı çəkilməkdəydi. Qarın iri dənələri ağ incilər tək oynaya- oynaya aşağı gəlirdilər. Gahdan Azər ayının o dondurucu və yaxıcı sazağı əsir, qarı hər yana səpələyirdi. Yel kuşuldayaraq qəbristan kimi olan Təbrizin sakit küçələrində cövlan edirdi. Şəhərin xiyabanlarında təkcə qara çəkməli, silahlı jandarmalar, bir də sümsük itlər gəzinirdilər.

Dayanıb susmaq bilməyən yelin kuşultusundan Salcan gözlərini açdı. Otağın bir tərəfindəki çatlaq şüşəli lampanın ışığı ətrafına süzürdü. Otağn dörd bucağı qaranlıq altında qalmış, orda olan ev əşyaları aydınca görünmürdü. Salcan dərindən tövşəd, otağın soyuqluğundan ağzının tövşəyini görürdü. Büründüyü mitil yorğanı köksündən yana verib yerindən bir az qalxdı. Elə o zaman qapı önündən bir az aralı Aylanı ənginə söykənmiş halda gördü:

- Ayla?!

Səsində şaşqınlıq və qorxu izi duyulurdu.

Buna da bax: Taymazın Təbrizdən ayrılması

Aylanın üzü, lampanın işığında sarılıq tutmuş adamlar kimi görükürdü. Ayla yay qaşlı, incə burunu 9-10 yaşlı qız idi. İri və qara gözləri otağın bir bucağına zillənərək donuq qalmışdı. Qara saçlarının hörülmüş ucları qıçları üstə açıq olan kitabın üstünə sərilmişdi.

Aylanın donuq dayanması və gözlərinin bir yerə dikili qalmasını görən Salcan, daha da qorxuya qapanıb ucadan onu səslədi:

- Ayla!... Qızım nə olub?

Ayla qırpınıb

- Ana sən də yatmamısan?!- dedi. Səsində dincsizlik və rahatsızlıq duyulurdu.

-Huşlanmışdım... Qızım bu ağır vəziyyətdə yatmaq olar?!

Neçə ləhzə otağın səssizliyi pozulmadı.

Birdən Ayla nə isə düşünmüş ya da tapmışlar kimi ucadan dedi:

- Ana can! Fikir edirsən bu qarda- boranda atam hardadır?!

Salcan neçə ləhzə fikrə daldı. Sanki onun sualına diqqətli və doğru cavab vermək istəyirdi...

- Vallah nə bilim - dedi. Qorxma qızım, harda olsa yoldaşlarıyla birgədir...Allah özü yardımçıdır.

- Amma bu Tehrandan gələn jandarmalar...

Bunlar bir iş görə bilməzlər... Sən də az fikr elə.

Havann qaraltısı büsbütün çəkilməkdəydi. Lampanın işığı get-gedə azalırdı. Neçə ləhzə idi səhərin ışığı taxta çərçivəli pəncərədən içəri süzürdü.

Ayla durdu ayağa. Kitabı divardakı taxçaya qoyanda, taxçadakı rəsim tablosu gözünə sataşdı. Səttar xan tablodan onun gözlərinə baxırdı.

- Gündə nə qədər o naxışa baxırsan?!

Anasının səsi idi.

- Axı atamın çəkib bitirdiyi tək tablosudur. “Qarlı Ərk” tablosu da yarımçıq qalıb ki...

Sonra bir ah çəkərək dedi:

- Ata gör bu jandarmalar gələndən nə günə düşdük!!

Salcan Aylanın fikrini başqa bir yönə çaşdırmaq üçün soruşdu:

- Üşümürsən ki?

Ayla soyuqdan ayaqlarının keyimiş barmaqlarını tərpətməyə gücənərək anasına tərəf döndü:

- Ana can yox!- Dedi. Bu gün əslən üşümürəm... Qar yağandan hava bir az düşüb...

Sonra anasına yanaşıb onu qucaqlayaraq:

- Axı axşama küftə yemişəm... - deyib gülümsədi.

Anası qızı bərk bağrına basdı. - Allah Gülsüm xanımı bəlalardan qorusun. Jandarmalar evimizi talayandan sonra təkcə o arvad dadımıza çatdı. Allah ölənlərinə rəhmət eləsin. - Dedi Salcan.

Ayla anasının bağrındaykən neçə an canı qızışdı. Sonra Salcan yanında yatmış olan kiçik oğlunu oyatmağa başladı.

- Səttar... Dur... Ay bala Səttar xanım, dur boyan qurban...

Oğlancığaz soyuqdan büzüşmüşdü. Başını yorğanın altından bir az dışarı çıxartdı. Amma yenə tez yorğanın altında gizləndi.

- Bu uşağa yazığım gəlir... İndidən çətinliyə düşüb... Allah baisinin evin dağıtsın!

Ayla pəncərəyə tərəf gedib neçə ləhzə şüşələri donmuş pəncərənin önündə dayandı.

- Ana can! Gəl... Gəl Ərk qalasına bax... Hər yanını qar bürüyüb.

- Qızım qar əriyib gedəndir, bizim bu qara günlərimiz kimi... Ərkdən vüqarı öyrənməliyik...

Buna da bax: Qədim Azərbaycan dilində danışan son insanların axtarışında

Salcan oğlancığazı oyadalı neçə ləhzə olmuşdu. Kiçik uşağı bağrına basmış tüklərini oxşayırdı.

- Ana! Ana... Ərkdən bir nəfəri asıblar... - Ayla bağıraraq anasına səsləndi.

- Dünən də Nərgizin oğlunu güllələdilər. - Dedi Salcan. Və sonra dərindən ah çəkərək - yadıma sal atan gələndə bu səhnəni yarımçıq qalmış “Qarlı Ərk” tablosuna artırmağı tapşırım.

- Gəl!... Qızım gəl otur bu uşağın yanında!... Gedim Gülsümdən bir az yağ alım gəlim. Kürsü alışsa ev qızar. Sizə qəlyanaltı da saxlamışam.

Ayla pəncərənin önündən kənara çəkildi. Anasına sarı dönərək:

- Nəyimiz var ki?- deyə sordu.

- Bu gün də küftə yiyəcəyik... - Salcan gülümsədi.

- Ana yenə Gülsümdənmi alacaqsan? -Təəcüblə soruşdu.

- Yox qızım!... onların da vəziyyətləri çox yaxşı deyil... Axşamdan qalır.

- Yəni? Yəni sən axşam bir zad yemədin?!

- Qızım balalı qarğa bal yeməz.

Dərindən nəfəs aldı. Neçə ləhzə susqun dayandı.

- Atan gələndə bir şaqqa ət alıb küftə pişirəcəyəm. Küçə əhlini də çağıracağam. Əmilərini də kənddən çağıracağam... Onda tayı az görünən bir qonaqlıq düzənliyəcəyəm... O zaman doyunca yiyəcəyəm...

Salcan susdu. Aylanın qulaqlarında anasının sözləri bir bulağın coşması kimi xoşagəlim idi.

Salcan otağın qapısına tərəf yürüdü. Ayla 3-4 yaşlarında olan uşağı qucağına aldı. Uşağın arıq bədəni titrəyirdi. Ayla uşağı bərk bağrına basaraq tağçaya tərəf döndü. Sonra əlin uzadıb tağçadan neçə dəqiqə öncə qoyduğu “Vətən dili” kitabını götürdü.

***

Ayla kürsünün altına daha çəkilərək

- Ana isti nə xoşdur- Dedi.

Salcan qapı kənarında olan qara gövdəli qablamanı götürüb kürsüyə tərəf gələrək dedi:

- Bu da küftəmiz... Haa... Bax hələ... Küftə donubdur... Daşa dönüb.

Salcan qablamanı təzə kürsünün üstünə qooymuşdu ki, qapı şiddətlə açıldı. Birinin qapını bətərdən təpiklədiyi bəlli idi. Uşaqların dodaqlarında gülüş donuq qaldı. Salcanın gözləri qırpışıb yumruqları düyünləndi. Qapı arasındaki gövdəli, qalın bığlı, enli kürəkli və tülkü baxışlı bir jandarma dayanmışdı. Onun dalında iki əsgər tüfəng əldə əmir bəkləməkdə idilər. Jandarmanın sağ əli böyründəki tapança üstə idi. Neçə ləhzə otağın hər yanına göz dolandırdı. Sonunda gözləri Salcanın üstündə dikili qaldı.

- O kitabhayə dərsini verin. - deyə bağırdı. Səsində Fars ləhcəsi varidi.

Ayla yanındakı kitabı kürsünün altına soxdu.

- Bura bir fədayinin “Lanə”-si dir. Burada gərk kitab çox olsun.

Salcan bir addım önə qoyub jandarmanın üzünə bağırdı:- Daha nə istirsiz?!! Evimizi taladız... Kişimizi qaçaq saldız... Nə istirsiz?!!

Əsgərlərin biri başçının qulağına nəsə pıçıldadı və jandarma dilləndi:

- Müjdə ver - dedi. Dünən mütəcasir şohərini jandarmalar dağda hərb halında vurublar...Şahımız bu xəbərlərdən məsrur olur!...

Buna da bax: İran təhsilində inqilab etmiş Azərbaycan maarifçisi Bağçaban

Salcan yerində dondu. Neçə ləhzə susqunluq həryanı bürüdü. Uşaqlar analarına sarı döndülər. Salcan neçə ləhzə kirimiş halda qaldı. Bir an yaydan qurtulmuş ox kimi jandarmanın üstünə şığadı. Onun üzünü dırnaqlarıyla cızdı:

- Yalandır... yalan...

Jandarma bir zərbə ilə Salcanı kürsünün kənarına tulladı. Salcan yerindən qalxıb əlinə gələni jandarma tərəf tullayırdı.

Bir quruşqa jandarmanın hundur başının kənarından keçib, arxadakı əsgərlərin birinin burnundan tutdu. Bu an hər şey nəzarətdən çıxdı. Qablamanın qapağı qapının çərçivəsindən tutdu... Bir an jandarma özünə gəlib əlini belindəki tapançaya tərəf apardı. Tapançanı çıxartdı... Uşaqlar kürsünün kənarında mısdılar...

Birdən balaca top yekəlikdə şey jandarmanın boğazına dəydi. Bir boğuntu xırıltı səsi də qalxdı... Sanki biri, boğazının sümüyünü uddu...

Tapança barmaqları arasından aşağı düşdü. Ağır gövdəsi tapançanın ardıca üzü üstə otağın içinə tərəf aşdı. Əsgərlər iki addım geri çəkilb silahların otağın içinə tutdular.

Neçə qurşun Salcanın köksündən dəydi. Kürsünün yanından durub anasına tərəf qaçmaq istəyən Aylanı qurşun yerə dikdi. Aylanın al qanı kürsünün altında gizli olan “Vətən dili” adlı kitabın üstünə axdı. Açılan bir qurşun da , bağrı çatlamış Səttarın kiçik ürəyindən dəydi. Al qan otağn kilimsiz - xalçasız təkini boyadı...

Əsgərlər qorxa-qorxa içəri girdilər. Başçılarını qaldırmaq üçün ona tərəf əyildilər. Jandarm nəfəs çəkmirdi. Başı normal olmayan bir biçimdə bir yana dönmüşdü.

Jandarmanın boğazına dəyən və onun canını alan zad, havanın soyuqluğundan donmuş küftə idi...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG