Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

-

İranda lal-kar uşaqlar üçün ilk məktəbi Cabbar Bağçaban açıb

«Bağçaban» ləqəbi ilə tanınmış Mirzə Cabbar Əsgərzadə İranda məşhur Azərbaycan humanisti pedaqoqu və ictima xadimlərindən biridir. O öz mədəni fəaliyyətini Ermənistanda, siyası-satirik dərgilərin müxbiri və yazıçısı kimi başlayıb. Ömrü boyu uşaqların haqları üçün, xüsusilə lal və kar uşaqların təlim-tərbiyəsi uğrunda çalışıb və mübarizə aparıb. Cabbar Bağçaban, İranda ilk lal və karlar məktəbini qurub və ilk uşaq bağçasını açıbdır. O, İranda uşaq tamaşaları və kitablarının ilk müəllifi, naşir və rəssamlarındandır.

Yeravanda keçən gənclik illəri və jurnalist fəaliyyətinə başlaması

Cabbar Bağçaban özü həyatı haqda belə danışır: “Mən 1885 - ci ildə İrəvanda anadan olmuşam. Babam Rıza, Təbrizli idi və atam Əsgər İrəvanda qənnadlıq və memarlıq ilə məşğul olurdu. Anamın adı Bənövşə idi. Atam da hamı kimi onu sayqı üzündən Kəlbə Bənövşə xanım səslərdi. Yazıb oxumaq bilmədiyinə baxmayaraq aydın və gözü açıq bir qadın idi... Təhsilimi qədimi üsul üzərə, məscidlərdə (mollaxanalarda) almışam. İrəvandaŞeyx Əli Əkəbər adlı bir molla, atamı inandırmışdı ki, yeni açılan dövlət məktəblərinə gedərsəm dindən dönəcəyəm. Buna görə onun mollaxanasına getməli oldum... 15 yaşında ikən yoxsulluq üzündən təhsili buraxmalı olub və atamın peşəsində çalışmağa başladım.

Mollaxanaya gedən zaman molla “təlb əlelm fərizətün əla küll müslim və müslimat”ın mənasını deyəndə , qızların məktəbə getməmələrini və anam ilə bacımın dərs oxumadıqlarının səbəbini ondan soruşdum. Ustadın dediyinə görə qadınlara aid olan elmdən söz gedəndə, Quran elmi nəzərdə tutulur, özü də Yusif surəsini oxumamaq şərtilə. Çünki qadının ruhu fəsada sarı meyl edəndir. Onun fikrincə qadına elm öyrənmək gərəkməmişdir, hətta Quranın Yusif surəsinə də baxamamalıdır...”

Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə , gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir.

Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda erməni həbsxana yoldaşı Vartanın köməyi ilə “Molla nəhib” və “Mollabaşı” adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş. Həbs yoldaşı Vartan isə dərgiləri həbsxanadan bayıra çıxarıb satışına yardım edirmiş.

Cabbar Bağçabanın əsrin əvvəllərində Yerevanda nəşr etdiyi "Lək-lək" dərgisi.

Cabbar Bağçabanın əsrin əvvəllərində Yerevanda nəşr etdiyi "Lək-lək" dərgisi.

Həbsxanadan çıxdıqdan xeyli sonra Mirzə Cabbar 1914-cü ildə Yerevanda ilk dəfə olaraq azərbaycanca həftəlik “Lək-lək” adlı dərgi buraxır. Bu dərgi dili, üslubu, ifadə tərzi, orda yayımlanan fleytonların məzmununa görə “Molla Nəsrəddin” dərgisinə çox bənzəyirdi.

Buna da bax: "Avstriyanın tanınmış heykəltaraşı, azərbaycanlı Bəhruz kimdir? [müsahibə]"

Yerevanı tərk etməsi, İrana gəlişi

Birinci dünya müharibəsi illərind daşnakların azərbaycanlılara qarşı törətdiyi dəhşətlərə görə minlərlə azərbaycanlı kimi Cabbar Bağçaban da Yerevanı tərk edir və Türkiyəyə gedir. Bir müddət Türkiyənin İğdır vilayətində dövlət məmuru kimi çalışsa da, müharibədən sonra Yerevana qayıdır, həyat yoldaşı Səfiyə xanım Mirbabayi ilə birlikdə Yeravan ətrafındakı Noraşen kəndində məktəb qurur. Ancaq kasıblıq və xəstəlik üzündən bu məktəbi saxlaya bilmir. Valideynlərini itirməsi, qıtlıq, yolxucu xəstəliklər, vətəndaş müharibəsi onu 1919-cu ildə 34 yaşında ikən arvadını da götürüb ağır vəziyyətdə İrana üz tutmağa məcbur edir. Yolda ayaqlarını soyuq aparır və ölümdən qurtulmaq üçün həkimlər ayaq barmaqlarını kəsməli olurlar. İrana gəldikdən sonra uzun müddət iş axtaran Bağçaban axır ki, Mərənddə Mirzə Qafarxan Mükafatın yaratdığı “Əhmədiyyə” məktəbində ibtidai sinif müəllimi kimi işə düzəlir. Burda işlərkən o azərbaycan dilində “Xor-xor” adlı uşaq tamaşası yazır və məktəbin həyətində uşaqlar tərəfindən tamaşa oynanılır.

Bağçabanın pedaqoqikada öz metodu varmış ki, o bunu yeni metod adlandırırdı. O köhnə məktəblərdəki “əti sizin, sümüyü bizim” prinsipini cinayət hesab edir, əksinə uşaqlara ürək yandırıb sevgi göstərərək başa salmağı düzgün hesab edirdi. Məsəlçün o öz cibindən kağız və boya alaraq uşaqlara paylayır, onlara rəssamlığı öyrədir, ilk dəfə olaraq uşaqların təlimində tamaşadan istifadə edir, məktəbdə idman üçün vaxt ayırırdı və əlbətdə yenilikçi fəaliyyəti üzündən sıx-sıx təzyiqlərə də məruz qalırdı. O üzləşdiyi təzyiqlərdən biri haqda yazırdı:

“1920-ci ildə qız məktəbi açmaq üçün hökümətdən icazə almışdım. Məktəbi açanda şəhərin sözü keçərli, qafası qara bir mollasının qruğusuna aldanmış bazar əhli üstümə tökülüşdü, Mərəndin qoçularını göndərməklə canıma qəsd etdilər və məktəbin açılmasınınq arşısını aldılar.”

Buna da bax: ""Molla Nəsrəddin"dən 14 il böyük Azərbaycan satirik qəzeti"

Təbrizdə açdığı məktəb və uşaq bağçası, təşkil etdiyi tamaşalar, qadınların təhsil alması uğrunda mübarizəsi

Cabbar Bağçaban İranda tələbələri ilə birgə.

Cabbar Bağçaban İranda tələbələri ilə birgə.

Cabbar Bağçabanın yenilikçi fəaliyyəti çox keçmir ki, Təbriz və Şiraz maarif idarələrinin diqqətini çəkir və onun yeni təlim metodu ilə tanış olmaq, uşaq tamaşalarını görməkdən ötrü 1920-ci ildə Təbrizə dəvət edirlər. Təbrizə gələn Bağçaban burda “Daneş” adlı məktəbdə bir müddət işləyir və onun metodu o dövr İran Azərbaycanının maarif idarəsinin müdiri Əbulqasim Fiyuzatın xoşuna gəlir. Ona uşaq baxçası açmağa icazə verilir. O dövrdə Təbrizdə təkcə dini azlıqların, xristian və yəhudilərin uşaq baxçaları vardı, Bağçaban həmin dövr İranın Maarif Nazirliyinin təzyiqlərinə baxmayataq 1924-cü ildə Təbrizin Maqsudiyyə məhəlləsində İranın ilk uşaq bağçasını açır. Bu İran tarixində qız və oğlan uşaqlarının birgə tərbiyə olunduğu ilk bağça idi. Bağçabanın oğlan-qız baxçası və məktəbi tezliklə Təbriz xalqını uşaqlarını məktəbə qoymağa həvəsləndirmişdi. Bu məktəbdə Baçxaban uşaqları gəzintiyə aparır, tamaşa göstərməkləri üçün pyeslər yazır, səhnələr qurur, nağıl oxudur, uşaqlar üçün yazdığı şeirləri onlara əzbərlədirdi.

Tehranda lal-kar uşaqlar üçün məktəb

1932-ci ildə Bağçaban ailəsi ilə birlikdə Tehrana köçür. Onun Təbrizdən çıxmasının səbəbi o dövrdə İran Azərbaycanına maarif müdiri təyin olumuş şovinist doktor Əhməd Mövsüninin Təbriz məktblərində tələbələr və müəllimlərin farsca danışmasını tələb etməsi olub. Cabbar Bağçaban bu haqda yazırdı:“Doktor Mövsüninin fərmanı üzərə şagirdlər bir birlərilə, təlimatçılar onlarla və maarif idarəsinin işçiləri, məktəbə işləyənlər hamılıqca farsca danışmalı idilər, yoxsa işdən çıxarılacaq idilər. Bunun çətinliyi və əməldə mümkün olmadığı bir yana qalsın, o, bu söz ilə böyük bir qövmün həqqini və tarixi əlaiqini danırdı və Azərbaycanlıların yurdsevərlik hislərini kiçiltməklə onları yaralayırdı. Doktor Möhsüninin Azərbaycanlılarla ilgili yaramaz davranışını, tamamilə Hitlerin yəhudilərə qarşı yürütdüyü davranışa bənzətsəm, bəlkə də yanlış olmasın...”

Cabbar Bağçaban ömrünün son illərində.

Cabbar Bağçaban ömrünün son illərində.

Cabbar Bağçaban Tehranda çox çalışdıqdan sonra 1933-cü ildə “Lal-karlar” məktəbini açır. Bundan on il sonra, 1943-cü ildə o Tehranda “Lal-kar uşaqları himayə cəmiyyəti”ni də yaradır.

Cabbar Bağçaban pedaqoq və ictimai xadimlikdən əlavə bədii yaradıcılıqla da məşğul olur. Onun uşaq şeirləri, nağılları və hekayələrindən ibarət farsca 9-cildlik kitabı nəşr olunub. Azərbaycanca yazdığı 12-cildlik uşaqlar və böyüklər üçün pyeslər, hekayələr və şeirlər kitabı da var.

İstifadə olunmuş mənbələr:

1. Mirzə İbrahimov: “Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası, 2-ci cild Elm nəşriyyatı. 1983”

2. Cabbar Bağçaban. Seçilmiş əsərləri şeirlər / Tərtibçi və ön söz. Z.Əkbərov.- Bakı. Yazıçı,

3. Ziyəddin Məhərrəmov: İrəvanda Məktəbdarliq və Maarifçilik - Bakı, Nurlan nəşriyyatı 2010

Günün bütün mövzuları

XS
SM
MD
LG