Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:14

"Oscar"ın "Ən yaxşı əcnəbi film" siyahısında Qafqazdan təkcə Gürcüstan var


Gürcü rejissoru Rusudan Glurjidze-nin Oscarın uzun siyahısına düşmüş filmi "Başqalarının evi"ndən bir səhnə.

Gürcü rejissoru Rusudan Glurjidze-nin Oscarın uzun siyahısına düşmüş filmi "Başqalarının evi"ndən bir səhnə.

Oxu Zalı 2016-cı il "Oscar" mükafatı uğurdan "Ən yaxşı əcnəbi film" nominasiyasında yarışan filmlərin siyahısındakı filmləri təqdim edir.

Nə qədər tənqid edilsə də, qeyri-obyektivlikdə, siyasiləşməkdə ittiham olunsa da, Amerika Kino Akademiyasının “Oskar” mükafatı dünya kino cameəsinin ən önəmli hadisələrindən biri olaraq qalır. Hər il fevral ayının 26-da onu tənqid eləyənlər də, tərifləyənlər də eyni həvəslə geyinib, bəzənib-düzənib Los-Ancelesdəki “Dolby” teatrına gəlirlər. Bu mükafatı sevənlər də, sevməyənlər də bilirlər ki, o qırmızı xalının üstü ilə addımlamaq, fotokameraların obyektivinə düşmək artıq diqqət mərkəzində olmaq deməkdi. Çünki “Oskar” lap çoxdan sadəcə kino sahəsində müəyyən uğurlara görə verilən mükafat deyil, həm də biznesdi, siyasətdi, dünyanın ən böyük kinofabrikində - Hollivudda qəbul olunmaq deməkdi. Təəccüblü deyil ki, hər il müxtəlif nominasiyalarda “Oskar”a namizəd olan filmlərin adları, addım-addım açıqlanan uzun və qısa siyahılar hadisəyə çevrilir, uzun müddət müzakirə olunur.

Əlbəttə, bu il də istisna deyil.

Mükafata namizəd göstərilən beş əsas nominantın adları hələ açıqlanmasa da, “ən yaxşı əcnəbi film” nominasiyasında uzun siyahıya daxil olmağı bacarmış ekran əsərləri artıq məlumdu.

Amma əvvəlcə gəlin görək, uzun siyahı nədi?

Uzun siyahı – (ingiliscə “long list”; bu ifadə artıq festivallara aid termin kimi istifadə olunur-red) əsasən, incəsənət sahəsinə aid müxtəlif nüfuzlu festivalların əsas bölmələrinə, müsabiqələrə təqdim edilən, mükafat uğrunda yarışan əsərlərin ilkin siyahısıdı. “Oskar” mükafatının long listinə düşən filmlər akademiyanın 6 minə yaxın sıravi üzvləri tərəfindən- (ki, onların əksəriyyəti aktyor, rejissor, montajçı və s. gildiyalarda toplaşıb), ictimai rəy və standartlaşmış konkret qaydalara əsasən seçilir. Yəni bu siyahıya düşə bilmək hələ Oskara real namizəd olmaq demək deyil (bunun üçün qısa siyahıya düşmək lazımdı), amma uğura gedən yolda irəliyə doğru kiçik bir addım atmaqdı.

Xüsusilə də, “ən yaxşı əcnəbi film” nominasiyasında iştirak eləyən ölkələr üçün. Çünki əksəriyyəti inkişaf etməkdə olan və ya üçüncü dünya ölkələridi və “Oskar”ın uzun siyahısına düşmək belə onlar üçün böyük uğur sayılır.

Buna da bax: Gürcüstan ikinci ildir "Oscar"a film göndərir

Məsələn, postsovet ölkələri kimi... Bu baxımdan yaxın qonşularımız- Gürcüstanla Ermənistan son illər xüsusi fəallıqları ilə seçilirlər.

Keçən il müsabiqədə Zaza Urushadze-nin “Mandarinlər” filmi ilə iştirak edən Gürcüstan bu il rejissor Rusudan Glurjidze-nin “Başqalarının evi” filmi ilə “Oskar”ın long listinə düşməyi bacarıb.

“Başqalarının evi” filmində hadisələr 90-cı illərdə, vətəndaş müharibəsi dövründə cərəyan edir. Etnik təmizləmə nəticəsində sahibi qaçmış bir ev eyni vaxtda iki ailə tərəfindən zəbt olunur. Ancaq onlar birlikdə yaşaya bilmirlər.

Rusudan Glurjidzenin debüt filmi olan “Başqalarının evi” bu il Karlovy Vary festivalının baş mükafatını qazanıb. Film Gürcüstan, Rusiya, Fransa və Xorvatiyanın birgə istehsalıdır.

“Oskar”a beşinci dəfə film göndərən Ermənistan isə uğurun kandarından geri qaytarılıb. Belə ki, Ermənistanın müsabiqəyə bu il göndərdiyi film – rejissor Sarik Andreasyanın “Zəlzələ”si qaydaları pozduğuna görə uzun siyahıya salınmayıb. Təşkilatçılar Ermənistan istehsalı kimi təqdim edilən filmin yaradıcı heyətində rusların sayının qədərindən çox olduğunu, buna görə də “Oskar”ın tələblərinə cavab vermədiyini deyiblər.

Erməni rejissoru Sarik Andreasyanın "Zəlzələ" filmindən bir səhnə.

Erməni rejissoru Sarik Andreasyanın "Zəlzələ" filmindən bir səhnə.

“Zəlzələ” filmi Rusiya ilə Ermənistanın şərikli istehsalıdır və 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən, şəhərlərin dağılmasından, xilasetmə əməliyyatlarından və 25 yaşlı erməni gənci Robertlə rus inşaatçısı Andreyin münasibətlərindən bəhs edir. Filmin ümumi büdcəsi 3 milyon dollardır.

Amerika Kino Akademiyasının qərarı ilə razılaşmayan “Zəlzələ” filminin prodüserləri Ruben Dishdishyan, Aram Movsesyan, GevondSarik Andreasyan-lar, eləcə də yaradıcı heyətin ermənilərdən ibarət digər üzvləri ona yenidən baxılmasını xahiş eləsələr də, rəsmi açıqlanan uzun siyahıda “Zəlzələ” filminin adı yoxdu. Belə görünür ki, akademiklər qərarlarını dəyişməyiblər.

Buna da bax: R. Dishdisyan: "Zəlzələ" filminin "Oscar"dan geri qaytarılması bizim səhvimizdir

Daha bir postsovet ölkəsi – Ukrayna, 2017-ci ilin “ən yaxşı əcnəbi filmi” nominasiyasında “Oskar” uğrunda yarışmada rejissor Roman Bondarchuk-un “Ukraynalı şeriflər” sənədli filmi ilə iştirak edir. Keçən il ölkədə fəaliyyət göstərən “Oskar” komitəsinin tərkibini dəyişən Ukrayna həmin vaxt müsabiqəyə qatılmasa da, bu il sözügedən film sayəsində uzun siyahıya düşməyə nail olub.

Ukrayna, Almaniya və Latviyanın birgə istehsalı olan “Ukraynalı şeriflər”, Stara Zubrovka adlı kəndin sakinlərindən, ictimai nizam-intizamı qorumağı özlərinə borc bilən iki kişinin həyatından, onların fonunda kəndin və ümumilikdə ölkənin aktual problemlərindən bəhs eləyir.

Roman Bondarchuk-un "Ukrayna şerifləri" filminin treyleri.

88-ci “Oskar”a Nikita Mikhalkov-un “Günəş zərbəsi” filmiylə qatılan, ancaq elə ilk cəhddə bəxti gətirməyən Rusiya bu dəfə long listdə Mikhalkovun qardaşı, Andrei Konchalovsky-nin “Cənnət” filmi ilə təmsil olunur.

Buna da bax: A. Konchalovsky: Fiziki yox mənəvi təcavüz haqda film çəkmişəm

Andrei Konchalovsky 2016-cı ildə Venesiya film festivalında.

Andrei Konchalovsky 2016-cı ildə Venesiya film festivalında.

Dünya premyerası 73-cü Venesiya Film festivalında baş tutan və ən yaxşı rejissor kimi festivalın “gümüş şir”ini qazanan “Cənnət”,II Dünya Müharibəsi zamanı Fransa müqavimət hərəkatının fəal üzvü olmuş rus mühaciri Olqa, fransız kollaborasionisti Jül və yüksək rütbəli SS zabiti Helmutun həyatından bəhs eləyir.

“Oskar”ın “ən yaxşı əcnəbi film” nominasiyasına 1964-cü ildən bəri hər il film göndərən qardaş ölkə Türkiyə 89-cu müsabiqənin uzun siyahısına rejissor Mustafa Kar-ın “Qələndər soyuğu” filmiylə daxil olub.

Antalya Beynəlxalq Film festivalında “ən yaxşı aktyor”, “ən yaxşı aktrisa”, “ən yaxşı musiqi” nominasiyalarında qalib gələn, Münsiflər heyətinin xüsusi mükafatına, 28-ci Tokio Beynəlxalq film Festivalının “ən yaxşı rejissor”, “ən yaxşı film” nominasiyalarında baş mükafatlara layiq görülən “Qələndər soyuğu”, Qara dəniz bölgəsində yerləşən dağ kəndlərindən birinin sakini Mehmetin həyatını danışır.

89-cu “Oskar”ın “ən yaxşı əcnəbi film” nominasiyasının uzun siyahısında diqqət çəkən ekran əsərlərindən biri də yəmənli rejissor Khadija al-Salami-nin “Mən Nodcumam, mənim on yaşım var və mən boşanmışam” filmidi. Yəmən ilk dəfədi ki, bu müsabiqəyə qatılır.

Khadija al-Salami-nin “Mən Nodcumam, mənim on yaşım var və mən boşanmışam” filmi erkən evliliklərdən bəhs edir.

Təbii ki, siyahı bunlarla məhdudlaşmır. Siyahıda Pedro Almodóvar (“Cülyetta”), Xavier Dolan (“Bu, sadəcə dünyanın sonudu”), Paul Verhoeven (“O”), Asghar Farhadi (“Satıcı”) kimi məşhur rejissorların da adları var.

Həmçinin Polşa long listdə bu yaxınlarda dünyasını dəyişmiş böyük rejissor Andrzej Wajdanın “Obrazdan sonrakılar” filmi ilə təmsil olunur.

Ümumilikdə, 89-cu “Oskar”ın sözügdən nominasiyasında uzun siyahıya 85 ölkədən göndərilmiş filmlər salınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord rəqəm hesab olunur.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

“Ən yaxşı əcnəbi film” nominasiyasında “Oskar” uğrunda yarışacaq filmlərin qısa siyahısı (short-list) gələn il yanvarın 24-də açıqlanacaq. Qısa siyahıya cəmi doqquz film daxildi. Ənənəvi olaraq fevralın 26-də “Dolby” teatrında keçiriləcək təqdimetmə mərasimində isə short listdəki doqquz filmdən beşi iştirak eləyəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG