Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

A. Konchalovsky: Fiziki yox mənəvi təcavüz haqda film çəkmişəm


Andrey Konchalovsky "Gümüş şir" mükafatını alarkən.
Andrey Konchalovsky "Gümüş şir" mükafatını alarkən.

-

Bu il 73-cü dəfə keçirilən Venesiya Film Festivalında rus rejissoru Andrey Konçalovski “Cənnət” filmi ilə “ən yaxşı rejissor” nominasiyasında “Gümüş şir”ə layiq görüldü. Rejissor, “Oqonyok” jurnalına verdiyi müsahibədə Venesiya təəssüratlarından, Hollywooddan, həmçinin müasir dövrün estetik və siyasi qüsurlarından danışır.

- Adətən, belə vəziyyətlərdə xoşbəxt olub-olmadığınızı soruşurlar. Hər halda ən vacib festivallardan birində ən yüksək mükafatı qazanmısınız...

- Bilirsiniz xoşbəxtlik nədi? İndi sizə deyəcəyəm. Xoşbəxtlik odu ki, mən Cudekki sahilində gəzirəm, Venesiya günəşinin qürubunu seyr eləyirəm və bilirəm ki, iki gündən sonra festivalda mənim filmimi göstərəcəklər. Bu, gözəl qadınla görüşü gözləməyə bərabərdi. Məsələ görüşün özündən çox, onu gözləməkdədi. Bəlkə biz onunla şam yeməyinə gedəcəyik, ya da birbaş otelə. Bütün bunlar başqa mövzudu. Xoşbəxtlik -məhz, gözləməkdədi. Başa düşürsünüz?.. Təbii ki, mükafat almaq xoşdu. Xüsusilə də mənim həyatıma və yaradıcılığıma böyük təsir eləmiş İtaliyada. Mən ilk mükafatımı burda almışam – 1962-ci ildə (“Oğlan və göyərçin” qısametrajlı filminə görə-red)

Rejissorlar Andrei Konchalovsky və Amat Escalante 73-cü Venesiya Film Festivalının gümüş şir mükafatını alırlar.
Rejissorlar Andrei Konchalovsky və Amat Escalante 73-cü Venesiya Film Festivalının gümüş şir mükafatını alırlar.

Venesiyaya ilk dəfə gələndə tələbə idim. Gənc, təravətli... Birbaş Moskvadan gəlmişdim. “Santa-Luçiya” stansiyasında düşdüm və qayıqlarla üz-üzə gəldim, onlarda isə insanlar oturub nəğmə oxuyurdular. Bələdçidən soruşdum ki, niyə oxuyurlar, bu gün hansısa bayramdı? O vaxt Moskvada küçələrdə ildə iki dəfə - bayram münasibətilə oxuyurdular. Bələdçi cavab verdi ki, yox, bayram deyil, biz belə yaşayırıq. Beləcə İtaliya mənim dünyaya baxışımı dəyişdi.

- Bu gün Rusiyada çəkilən filmlərin əksəriyyəti indi yox, keçmiş haqqındadı – şanlı, ya da faciəvi keçmiş. Sizin filminiz də həmçinin. Sizcə, niyə müasir rus filmlərinin əksəriyyəti müasir dövrə yox, keçmişə həsr olunub?

- Keçmiş haqqında hər yerdə çox çəkirlər, məsələn, Amerikada. Mənim filmlərim müxtəlif mövzularda olur. Məsələn, bundan əvvəlki filmim bizim dövrdə yaşayan poçtalyon haqqında idi (“Poçtalyon Aleksey Tryapitsının bəyaz gecələri”-red). O yerdə ki, sirr yoxdu, orda onu axtarmayın. Niyə bu dəfə keçmiş haqqında film çəkmişəm? Çünki əgər keçmişlə, öz tariximizlə məşğul olmasaq, bugünümüzü anlaya, nə də gələcəyə baxa bilmərik. Düzdü, mənim filmim sənədli reallığı əks etdirmir. Amma süjet real faktlara əsaslanır.

Andrey Konchalovsky-nin Venesiya Film Festivalının mükafatına layiq görülmüş "Cənnət" filminin treyleri.

II Dünya Müharibəsi zamanı Parisdə rus mühacirləri – 1917-ci ildə ölkəni tərk eləmiş zadəganlar yaşayırdılar. Onların arasında Viki Obolenskaya da vardı. Faşistlər Fransaya daxil olanda Viki və onun kimilər Müqavimət hərəkatına qoşulmuşdular. Onlar düşmənlə vuruşublar, yəhudi uşaqlarını xilas eləyiblər. O insanların əksəriyyəti həlak olub. Onlar öz igidliklərinə görə heç bir mükafat, ölümlərindən sonra etiraf almayıblar. Mənim ağlıma belə fikir gəldi: Qayğısız həyat keçirən rus zadəgan qadınının hər şeyi necə atdığını, başqalarının naminə özünü necə qurban verdiyini göstərim. Yulya (filmdə baş

Mənim ağlıma belə fikir gəldi: Qayğısız həyat keçirən rus zadəgan qadınının hər şeyi necə atdığını, başqalarının naminə özünü necə qurban verdiyini göstərim.

rolu oynayan aktrisa Yuliya Vısotskaya-red) Viki Obolenskayanın özünü oynamır. Ssenariyə görə onun qəhrəmanının adı Olqadı və ümumiləşmiş obrazdı. Yulya bu rol üçün həddindən artıq arıqlayıb, konslager səhnələri vardı filmdə. Ancaq xəbəri yox idi ki, mən onu keçəl eləmək fikrindəyəm. Bu, artıq çəkiliş zamanı baş verdi. Mən “Qırxın” dedim. Bundan sonra o, düz üç saat öz treylerindən çıxa bilmədi. Beləcə, çəkiliş meydançasına mənən hazır vəziyyətdə gəldi.

Buna da bax: Venesiya film festivalının qalibi filippinli rejissor oldu

- Holokost, Müqavimət mövzusu- həddindən artıq ağrılı və faciəvidi. Bu barədə tez-tez filmlər çəkirlər, artıq konveyerə çevrilib. Sizə elə gəlmir ki, faciəvi obrazların təkrar-təkrar istismarı tamaşaçını yorur və ona təsir gücü azalır? Bu, hətta əks təsir də yarada bilər – uzaqlaşma: insanlar dəhşətli şeyləri xatırlamağı sevmirlər.

- Hə, hə, bunu artıq eşitmişəm – “bu mövzuda filmlər həddindən çoxdu, insanlar qəzəblənirlər, daha baxmaq istəmirlər...”. Onlara hərdən mən də baxmaq istəmirəm. Ona görə də öz filmimi çəkdim. Bu, Şekspirin əhvalatına bənzəyir. “Hamlet”ə çox quruluş veriblər, bəs onların arasında neçəsi yaxşıdı? Bu gün holokost haqqında şablon çəkirlər. Zolaqlı forma geyinmiş bir dəstə acından ölən əsiri göstərirlər... Onlar Verdinin “Nabukko” operasından bir hissəyə oxşayırlar. Mən ona görə film çəkmirəm ki, mövzu çətindi, ya da nadirdi. Məhz, ona görə çəkirəm ki, bu barədə hamı danışır, amma onların necə danışdıqları mənim xoşuma gəlmir. Mən fiziki əzablar haqqında film çəkməmişəm.

Bəlkə də sonuncu dəfə mənəvi təcavüz mövzusuyla sözün əsl mənasında Dostoyevski məşğul olub.

Bu filmdə kəsilmiş başlar, cəsəd yığını yoxdu. Mənim filmim ən vacib şey haqqındadı – insan münasibətləri. Məni mənəvi təcavüz, ruha təcavüz mövzusu maraqlandırır. Bunu çatdırmaq daha çətindi. Bəlkə də sonuncu dəfə bu işlə sözün əsl mənasında Dostoyevski məşğul olub. Mən mənəvi zorakılığı fizikidən daha dəhşətli hesab eləyirəm. Bir də məni, özünü haqlı hesab eləyən insan tipi maraqlandırır. O özünün haqlı olduğuna o qədər əmindi ki, həmin haqq uğrunda pis əməllər törədir, ancaq yaxşı iş gördüyünə inanır. Bu, əbədi mövzudu, necə ki, şər bu dünyada əbədidi. Cirolamo Savonarolu, ya da Janna D'Arkı xatırlayın. Onlar da öz hərəkətlərinə yaxşı, nəcib ideyalarla bəraət qazandırırdılar: Vətən, İnanc uğrunda... Bu gün də eyni şəkildə insan haqları, demokratiya, azadlıq uğrunda mübarizə pərdəsi arxasında gizlənirlər. Yadıma bu dua düşür: “onların günahlarından keç, Tanrım, zira neylədiklərini bilmirlər”.

- Deməli, siz insanları bu cür səhvlərdən qorumaq istəyirsiniz, ona görə də keçmişin təcrübəsinə, tarixə müraciət eləyirsiniz? Çağdaş dünyamızda həmin səhvlərin qarşısını almaqdan ötrü?

- Qarşısını necə ala bilərəm? Axı, onlar davam eləyirlər?! Tarixdən heç bir dərs almamışıq. Yer üzündə “alman cənnəti” yaratmaq arzusunun axırının necə olduğu hamının yaxşı yadındadı. Almanlar da buna görə xəcalət çəkirlər, baxmayaraq ki, müasir nəsil babalarının səhvlərinə görə məsuliyyət daşımamalıdı. Lakin başqa bir qüdrətli dövlət var. Və o düşünür ki, “azadlıq və demokratiya” naminə İraqı, yaxud Serbiyanı bombalamağa ixtiyarı var.

Andrey Konchalovsky atası rus şairi Sergey Mikhalkov və qardaşı Nikita Mikhalkovla birlikdə.
Andrey Konchalovsky atası rus şairi Sergey Mikhalkov və qardaşı Nikita Mikhalkovla birlikdə.

Axı, bir insanın haqqı naminə başqa insanı necə öldürmək olar? Gözəl ideyalar təhrif olunaraq tanınmaz hala salınır. Heç nə öyrənməmişik. Kimsə deyəcək ki, mən siyasi baxımdan qeyri-korrekt düşünürəm. Amma mən bu barədə “Yeni diktatura” adlı məqalə yazmışam. Şəxsən mən hesab eləyirəm ki, siyasi cəhətdən diqqətli, korrekt olmaq siyasətçinin şəxsiyyətini öldürür.

- Rejissor peşəsi bir qədər siyasətçinin fəaliyyətinə oxşayır. Rejissor da hər zaman dilemma qarşısında qalır: xoşagəlməz həqiqəti göstərsin, yoxsa siyasi korrekturaya əməl eləsin...

- Kinoda azad olmaq çətindi, çünki o, çox bahalıdı. Xoşbəxtlikdən, mən daha büdcə haqqında düşünmürəm. Artıq ikinci filmimdi ki, sırf özüm üçün çəkirəm. Yəni ondan pul qazanmaq üçün yox, sonradan, məcazi mənada desək, yastığımın altına qoymaq üçün. Əgər film kiminsə xoşuna gəlibsə, lap yaxşı.

Fikirləşirdim ki, 50 illik kino fəaliyyətimdə artıq hər şeyi bilirəm. Ancaq bir gün məlum oldu ki, başqaları nə qədər bilirsə, mən də elə o qədər bilirəm, nə az, nə çox.

Yox? Özünüz bilərsiniz. Mən özümü bəxtəvər hesab eləyirəm, çünki filmlərimdə pul itirməyə hazır olan insanlar var. Məsələn, Mədəniyyət və İdman Fondu, Avropa Yəhudi fondu. Mən onlara dedim ki, bir qəpik də geri almayacaqlar. Ancaq onlar yenə də mənim layihəmə pul qoymaq qərarına gəldilər. Qazanmaqdan ötrü yox, ona görə ki, mövzu onlara maraqlı idi. Təzəlikcə Mikelanjelo haqqında ssenarini bitirmişəm və onu da eyni qayda ilə çəkəcəm. Artıq prodüserlərə xəbərdarlıq eləmişəm ki, bu layihədən heç nə qazanmayacaqlar. Aktyorları elə Italiyanın küçələrində axtaracam. Hər kəs azadlığı özünəxas şəkildə hiss eləyir. Məsələn, mən fikirləşirdim ki, 50 illik kino fəaliyyətimdə artıq hər şeyi bilirəm. Ancaq bir gün məlum oldu ki, başqaları nə qədər bilirsə, mən də elə o qədər bilirəm, nə az, nə çox. Hətta bəlkə də az. Bu, uzun müddət yüksək bir dağa dırmaşıb zirvəyə çatandan sonra onun təpə olduğunu görməyə bənzəyir. Əsl dağlar ondan sonra gəlirmiş... Və əsl azadlıq ordadı.

- Filmdə reyxsfürer Himmleri məşhur rus aktyoru Viktor Suxorukov oynayır. Hərdən aktyora qarşı duyulan simpatiya hissi personaja transfer olunur: bu, yaxşıdı, ya pis?

- Viktoru bu rola dəvət eləməyimin bircə səbəbi var: o, gözəl, çoxplanlı aktyordu, istənilən rolun öhdəsindən gəlməyə qadirdi. Gecənin yarısı ona zəng vurdum və dedim ki, səni təzə filmimdə çəkmək istəyirəm. Biz zahiri atributlar və dialoqlar üzərində işlədik... Mənim qəhrəmanlarım başdan-ayağa şərin mücəssəməsi olmaqla yanaşı həm də ən adi insanlardı. Onların hamısı öz ideallarına, ya da yanlışlarına sadiqdilər. Şər əməl törədə-törədə xeyir iş gördüklərinə inanırlar. Məsələn, filmin qəhrəmanı, SS-in yüksək rütbəli zabiti Helmut pis adam deyil, yolunu azmış adamdı. Ümumiyyətlə, “yaxşı” və “pis” anlayışları bu filmdə bizim işimizi asanlaşdırmayacaq. Hərdən biz iyrənc əməllər törədən insanları sevirik. Canımız acıyır, onların yerinə və onlarla birlikdə əzab çəkirik. Ancaq sevgi hər şeyə rəğmən qalır. Bunu necə izah eləmək olar? Bu – sirdi, sənət də onu açmaq üçün mövcuddu.

- Filminiz üslüb baxımından sənədli filmi xatırladır, üstəlik ağ-qara formatında olan...

- Rober Bressonun bir fikri xoşuma gəlir. O demişdi ki, göstərəcəyin şeyi doğru seçmək çox vacibdi, amma ondan da vacibi göstərməyəcəklərini doğru seçməkdi. O, süjeti yox, təsviri nəzərdə tuturdu. Kadrın məzmununu. Kinonun gözəl sirri də bundadı – orda hətta sənədli filmə də baxanda təxəyyülünüz işləməyə başlayır. Çünki tamaşaçı həmişə xəyal qurur, o, həmişə ekranda ona göstəriləndən daha çox görür. Amma mən öz filmimi izah eləmək istəmirəm, yoxsa peyğəmbərə oxşayacam. Bu, tamamilə axmaq roldu (gülür). Bax, məsələn, siz nəsə görmüsünüz, bu sizdə emosiyalar yaradıb. İndi mən sizə nə gördüyünüzü izah eləməliyəm? Üzrlü sayın! Mən çəkmək istədiyim filmi çəkmişəm. Orda nə gördüyünüzə öz işinizdi.

- Uzun müddət Hollywoodda işləmisiniz. Sizin öz Amerikanız necə dəyişib? Yəqin ki, orda enişlər və yoxuşlar, qaranlıq və işıqlı zamanlar olub. Xarici siyasətdəki dəyişikliklər onlara təsir eləyirdi, yoxsa heç bir əlaqəsi yox idi?

Mən Hollywoodda işləyəndə ora dünyanın, beynəlxalq əlaqələrin mərkəzi idi. Bütün dünyadan rejissorlar orda işləməyə gəlirdilər. Ancaq 1980-ci illərin sonlarından Holywoodda yalnız yeniyetmələr üçün filmlər çəkməyə başladılar və valideynləri unutdular. Mən isə uşaqlar üçün yox, böyüklər üçün çəkirəm.

Hollywood məşhur bir studiya üçün işləyəndə prodüser çəkiliş meydançasına gəldi və soruşdu: “Kamera niyə hərəkət eləmir?” Cavab verdim ki, “Bu nə deməkdi? Burda rejissor mənəm!”

Ona görə də Rusiyaya qayıtdım. Mənə elə gəlir ki, amerikan filmləri həddindən artıq səs-küylü olub. Çünki onları filmə baxan zaman pop-korn yeyən publika üçün çəkirlər. Hər yerdə o “xırç-xırç” səsi eşidilir. Fındıqqıran haqda filmi çəkəndə prodüser elə-hey mənə deyirdi: “Səsi bir az da artır! Bir az da!" Yox, mənim filmlərim pop-korn çeynəyən tamaşaçılar üçün deyil. Çarli Çaplin həm dahi kinematoqrafçı idi, həm də dahi reklamçı. Məsələn, o, kadrda həmişə yıxılırdı, çünki başa düşürdü ki, bu, başqalarını güldürə bilər. Hər şey tamaşaçıdan ötrü idi. Bu gün də eyni şey baş verir. Amerikada film çəkəndə, prodüserlərə öz layihən haqqında danışanda deyirlər ki, dahiyanədi, dahiyanədi, bəs biz pullarımızı necə geri alacağıq? Hollywood rejissoru, filminə qoyulan pulları necə geri qaytaracağı barədə düşünməlidi.

Andrei Konchalovsky ailəsi ilə birlikdə.
Andrei Konchalovsky ailəsi ilə birlikdə.

Mən Hollywood məşhur bir studiya üçün işləyəndə prodüser çəkiliş meydançasına gəldi və soruşdu: “Kamera niyə hərəkət eləmir?” Cavab verdim ki, “Bu nə deməkdi? Burda rejissor mənəm!” O isə cavabında “Hə, bilirəm. Amma kamera niyə hərəkət eləmir? O, hərəkət eləməlidi” dedi. O vaxt Silvester Stallone məni öz himayəsinə götürdü. İstedadlı aktyordu. Ancaq mən onun özünü çəkməyə başlayanda soruşdu ki, kamera hardadı? Dedim ki, burda. Qayıtdı ki, yox, bu, düz deyil, kameranı bura qoy, çünki əks halda üzümün yarısı iflic olmuş kimi görünəcək, özü də mənim boyum balacadı, ona görə də kamera məni aşağıdan yuxarı çəkməlidi. Yekun olaraq, hamı tamaşaçının nəyi bəyənib, nəyi bəyənməyəcəyi haqqında fikirləşməlidi. Hollywood necə dəyişib? Hər şey əvvəlki kimidi - əgər pul qazanmaq istəyirsinizsə. Amma pul –azadlığı öldürür.

Buna da bax: Rejissor qardaşların “MacDonalds”ı məhv etmək planı

- Bəlkə fərq- xüsusi effektlərin kəmiyyətindədi?

- Ən bahalı xüsusi effekt – insanın simasıdı. Pul anlamında yox, artistik anlamda. Fridrix Engels düz deyirdi ki, “hər şey insanla ölçülməlidi”. Hərçənd, deyəsən, ondan əvvəl bu sözü Protaqor demişdi. Bu günkü texniki tərəqqi imkan verir ki, istənilən uşaq telefonunu götürüb film çəksin. Özü də gözəl təsvirli. Tezliklə lap kibrit qutusuna da çəkmək mümkün olacaq. Bax, onda ideal zaman gələcək. Yalnız balaca bir şey tələb olunacaq- istedad. Sənət isə pul qazanmaq üçün yox, film çəkmək üçün cibindəki son qəpiyini verməyə hazır olan gənc nəslə məxsus olacaq. Müasir gənclik texniki yardımlardan uzaqlaşıb yenidən kitablardan istifadə eləməyi öyrənməlidi. Biz hər şeyə görə internetdən məsləhət almağa alışmışıq, yaddaşımızdan qətiyyən istifadə eləmirik. Axı, bu axmaqlıqdı. Yaddaşı nə qədər az məşq etdirsən, beynində o qədər az assosiasiyalar olacaq. Halbuki kino – bədii assosiasiyalara əsaslanan sənətdi. Ona görə də bir filmdə ən vacib şey – personajların, ya da xüsusi effektlərin sayı deyil, insan münasibətlərinin mahiyyətinə intensiv baxışdı.

- Avropa kinosunda azadlıq və plüralizm daha çoxdu?

Tüpürüm siyasətə! Bizim cəmi bir dənə gerçək həyatımız var: Bu gün və indi. Ondan həzz almaq lazımdı.

- Ola bilsin ki, Avropa kinosu rejissora Hollywood qədər təzyiq göstərmir. Və orda prodüser avtoritarizmi yoxdu. Amma Avropanın da öz məhdudiyyətləri var. Məsələn, götürək Fransanı. Orda reallıqdan bəhs eləyən nə qədər film çəkilir? Məndə elə təəssürat yaranır ki, fransız kinematoqrafiyası üç əsas mövzuda ilişib qalıb – mətbəx, hamam və yataq otağı. On il əvvəl mühacirlər haqqında filmi Fransada çəkmək istəyirdim, amma prodüserlər mənə dəstək vermədilər, mövzunu bəyənmədilər, “həddindən artıq siyasi imiş”. Tüpürüm siyasətə! Bizim cəmi bir dənə gerçək həyatımız var: Bu gün və indi. Ondan həzz almaq lazımdı. Xoşbəxt olacağıq, ya yox – özümüzdən asılıdı, siyasətçilərdən yox. İnsan həmişə özü seçir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG