Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 104 milyon manat, xərcləri 12 milyard 468 milyon manat olub.

Büdcənin icrasında 364,3 milyon manatlıq və ya ümumi daxili məhsulun (ÜDM) 0,7 faizi qədər kəsir yaranıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Buna da bax:​ Büdcə zərfi parlamentdə

Dövlət Statistika Komitəsinin (DSK-nin) bilgilərinə görə, bu ilin 9 ayında büdcəyə daxilolmaların 24,5 faizi əlavə dəyər vergisi, 13,3 %-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,6 %-i fiziki şəxslərin gəlir vergisi, 4,6 %-i aksizlər, 11 %-i digər vergilər, 38 %-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

14,5 FAİZ AZALMA

Burda diqqəti çəkən məqamlardan biri 2016-cı ilin yanvar - sentyabr ayları üzrə hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən daxilolmaların ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz azalmasıdır. Belə ki, bu ilin 9 ayında büdcəyə bu mənbədən 1 milyard 343 milyon 300 min manat vəsait daxil olub. Bu da 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 227,2 milyon manat azdır. Son məlumatlara görə, hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin büdcə daxilolmalarında xüsusi çəkisi 13,3 faiz, ÜDM-də payı 3,1 faiz təşkil edir. Bununla da bu vergi növü üzrə mədaxil büdcədə vergi gəlirləri üzrə ƏDV-dən sonra ikinci böyük payı ifadə edir.

Buna da bax: Ekspert: 'Gələn ilə çox qənaətcil büdcə gözlənilir'

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ölkədə vergi ödəyicilərinin sayı artdığı halda, büdcənin vergi gəlirlərində ikinci böyük paya malik hüquqi şəxslərin mənfəət (gəlir) vergisində ötən illə müqayisədə kəskin azalma narahatlıq doğurur:

“Belə ki, bu ilin 9 ayında respublika üzrə 89 min 101 vergi ödəyicisi qeydiyyata alınıb. Beləliklə də, 2016-cı il oktyabrın 1-dək qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 min 297 olub ki, bu da ötən ilin eyni tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,2 faiz çoxdur”.

“AZALMANIN TENDENSİYA XARAKTERİ ALMASI ŞÜBHƏSİZDİR”

Ekspert sual edir ki, vergi ödəyicilərinin sayının artdığı, mənfəət vergisinin dərəcəsinin sabit qaldığı (son illər müəssisənin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur), vergidən azad edilən gəlirin hesablanmasında, uçotunda, eləcə də güzəştlərin tətbiqində dəyişiklik baş vermədiyi halda, hüquqi şəxslərin mənfəət (gəlir) vergisində niyə azalma müşahidə olunur?

Buna da bax:​ Vergi borcu nədən yaranır və niyə sürətlə artır?

Q.İbadoğlu düşünür ki, bunun başlıca səbəbi biznes mühitinin pisləşməsi, alıcılıq qabiliyyətinin düşməsinə görə hüquqi şəxslərin vergi tutulan gəlirinin (mənfəətinin) azalmasıdır:

“Ölkədə zərərlə işləyən təsərrüfat subyektlərinin, eləcə də zərərin həcminin artması belə bir nəticəyə ciddi təsir göstərir. Digər tərəfdən də, neftin dünya bazar qiymətlərinin düşməsi ucbatından, xarici və yerli neft-qaz şirkətlərindən mənfəət vergisi üzrə ödəmələrinin düşməsi, investisiya büdcəsinin kəskin ixtisarına görə büdcə əsaslı sifarişlərin azalması da son nəticədə bu növ vergi üzrə daxilolmaları azaldıb. Hazırkı iqtisadi böhran uzandıqca, bu azalmanın tendensiya xarakteri alması şübhəsizdir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG