Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:08

İtalyansayağı gözəllik - Sofi Loren və onun 50 il sevdiyi Carlo Ponti...


Sophia Loren.
Sophia Loren.

Britaniyalı dramaturq Noel Kayard onun haqqında “Sofidən şokolad heykəl yapmaq lazımdı, qoy, dünya onu doyunca yeyə bilsin” deyibmiş.

Məşhur irland aktyoru Peter O Toole-un da onu görəndə ağlına yemək gəlirmiş: “Sofi ilə nə qədər çox vaxt keçirirdimsə, mənə o qədər yeməli görünürdü”.

Rejissor Lina Wertmüllerin iltifatı həmkarlarının dediklərindən cüzi fərqlənirmiş: “Garbo, Dietrich, Monroe və Sofi. Qadınlığın bütün obrazlarını başqa kim canlandıra bilərdi? Sofinin şkalası – seksdən analığa qədərdi. Kim heç olmasa, bircə dəfə onun sinəsində yuxulamağı arzulamayıb?”

Düzü, Sofi Lorenin də yeməklə assosiasiya olunmağına etirazı yoxdu, özü deyir ki, sahib olduğu hər şeyə görə spaqettiyə borcludu.

Bəli, Sofi Loren. XX əsr Avropa kinematoqrafiyasının mogikanlarından biri, 82 yaşlı divası.

Genuya arxiyepiskopu da onun haqqında “Vatikan insanların klonlaşdırılmasını qəbul eləmir, amma Sofi Loren üçün istisna eləyə bilər” deyibmiş.

İtalyan aktrisası, “ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a layiq görülən ilk əcnəbi, mükafatlarının sayına Ginnesin rekordlar kitabına düşmüş Sophiya Loren bu qədər sevgini, əcaib iltifatları necə qazanmışdı?

***

Sophia Lorenin gənclik illəri.
Sophia Lorenin gənclik illəri.

Sophi Loren- Sofia Villani Scicolone 1934-cü il sentyabrın 20-də yoxsullar üçün xəstəxanada dünyaya gəlmışdı. Atası, tikinti mühəndisi Ricardo Shicolone sevgilisi, musiqi müəlliməsi Romildanın hamilə olduğunu öyrənən kimi onu atmış, uzun qalmaqallardan sonra qızına soyadını verməyə razı olmuş, lakin Romilda ilə evlənməkdən imtina eləmişdi. O dövrdə katolik kilsənin nüfuzlu olduğu İtaliyada qeyri-qanuni uşaq doğmaq, az qala, cinayətə bərabər idi. Həm pulsuz-parasız qaldığına görə, həm də dedi-qoduçulara fürsət verməməkdən ötrü Romilda Neapol yaxınlığında yerləşən doğma kəndinə - Piççuoliyə atasının evinə qayıdır. Vaxtilə aktrisa olmağı arzulayan, Greta Garbonun bənzərləri müsabiqəsində baş mükafatı- ABŞ-a səfəri qazanan, ancaq gedə bilməyən Romilda indi yalnız bir tikə çörək uğrunda mübarizə aparırdı. Üç ildən sonra Ricardo Shicolone yenidən onun həyatında peyda olur. Nəhayət, normal ailə quracağı ümidilə yaşayan Romilda yenə hamilə qalır. Əhvalat təkrar olunur, bir fərqlə - Ricardo bu dəfə körpə qızına soyadını da vermək istəmir.

II Dünya müharibəsi zamanı ailənin problemlərinə biri də əlavə olunur- aclıq. Romilda özü və qızlarına yemək tapmaq üçün əlindən gələni eləsə də, onlar bəzən günlərlə ac qalırlar. Aktrisa uşaqlığını xatırlayanda daima qorxu içində yaşadığını deyirdi – aclıq, küçədə-bayırda arxasınca “bic” sözünü eşitmək qorxusu. Ancaq ən dəhşətlisi ölüm qorxusu idi – Piççuolidə hərbi sursat zavodu yerləşdiyinə görə kənd tez-tez bombardmana məruz qalırdı.

Müharibədən sonra Romilda yaşadığı evi meyxanaya çevirir. Keçmiş musiqi müəlliməsi burda royal çalaraq müştəriləri əyləndirir, Sofiya isə ofisiantlıq eləyir. Daim aclıq çəkən balaca Sofi o qədər arıq olur ki, məktəb yoldaşları, həmkəndliləri ona “diş çöpü” ləğəbini qoyurlar.

Ancaq Sofi 14 yaşına çatanda hər şey dəyişir, arıq, uzunburun “diş çöpü”, uzun saçlı, iri gözlü, gözəl əndamlı qıza çevrilir, onunla münasibət qurmaq, kəlmə kəsmək istəyən gənclər, kişilər növbəyə düzülürlər. Amma Sofini kişilər yox, aktrisalıq maraqlandırırdı. Romilda ən böyük arzusunu qızına da ötürmüşdü.

Günlərin bir günü Romilda Neapolda “Dəniz kraliçası və onun 12 şahzadəsi” adlı gözəllik yarışması keçirildiyini eşidir və Sofini ora göndərmək qərarına gəlir. Amma qızın müsabiqəyə geyinməyə paltarı, həddindən artıq yoxsul olan ailənin də onu almağa pulu yox idi. Odur ki, nənəsi pəncərələrdən asılmış çəhrayı pərdəni qopardıb Sofiyə don tikir, Romilda isə köhnə qara ayaqqabılarını ağ rəngə boyayır.

Sofiya müsabiqədə “Dəniz şahzadəsi” titulu, masa süfrəsi, salfetlər, bir neçə rulon divar kağızı, 23 min lir (35 dollar) və Romaya havayı bilet qazanır.

Divar kağızları evin divarlarındakı çatları gizlətmək üçün istifadə olunur, pul və bilet isə Sofiyanın arzusunu həyata keçirmək üçün. Sofi anası ilə birlikdə Romaya yollanır.

***

Bir qədər sonra kiçik qızının xəstələndiyi xəbərini alan Romilda kəndə qayıdır. Böyük şəhərdə tək qalan gənc qız özünü itirmir. Müxtəlif gözəllik, model yarışmalarına qatılır, hər gün qəzet redaksiyalarını gəzir, kinostudiyaya baş çəkir. Gah epizodik rollara çəkilir, gah da fotokomikslərə. Sofiya ilk dəfə soyadını elə həmin dövrdə dəyişir. Fotoqraflardan biri Shicolone soyadının çox bəsit, əyalətsayağı olduğunu deyir. Bundan sonra Sofi, Lazzaro təxəllüsünü götürür. Amma Sofinin ulduzu gecə klublarından birində keçirilən gözəllik müsabiqəsində ömürlük prodüseri və sevgilisi Carlo Ponti ilə tanış olandan sonra parıldamağa başlayır.

Buna da bax: İran kinosu bu qadınlara borcludur...

***

Sophia Lorenin epizodik rol oynadığı ilk filmlərdən biri "Neapolun qızılları", 1954.
Sophia Lorenin epizodik rol oynadığı ilk filmlərdən biri "Neapolun qızılları", 1954.

Sofiyadan 22 yaş böyük olan kök, balacaboy Carlo onu mümkün olan bütün kinosınaqlara göndərirdi. Amma rejissorlar da, operatorlar da bir ağızdan deyirdilər ki, bu qız kinogenik deyil, mütləq arıqlamalıdı, budları çox böyükdü, burnu çox uzundu, getsin, plastik əməliyyat edəndən sonra gəlsin. Sofiya isə özündə heç nəyi dəyişmək istəmirdi. Ona, heç olmasa, burnunu kəsdirməyi təklif eləyən Carlo Pontiyə də elə beləcə deyir: “Yox, bir aktrisaya burnu mane ola bilməz”. Onun sərt “yox”undan qəzəblənən Ponti Sofini cəzalandırmaq qərarına gəlir və bir neçə ay ona rol vermir. Sofi ümidini itirmir, demək olar ki, hər gün kinostudiyaya gəlir. Bu səbrinə görə hətta studiyada onu “Miss qəbul otağı” adlandırmağa başlayırlar. Lakin Sofinin səbri nəticəsini göstərir. Ponti “Aida” operasının kinoadaptasiyasında Aida rolunu ona həvalə eləyir. Əslində bu rolu dövrün məşhur aktrisalarından biri Gina Lollobrigida oynamalı idi, ancaq o, qəhrəmanının dublyaj olunmasını istəmədiyinə görə roldan imtina eləmişdi. Çəkiliş meydançasında Sofinin oyununu görən Ponti qarşısında böyük istedad sahibinin dayandığını anlayır və onu himayəsinə götürür. Carlo Ponti gənc qızı aktyor məktəbinə göndərir, danışmaq, yerimək öyrədir. Sofi Loren kitablarının birində yazır ki, onun məşhur, “canlar alan” yerişinin “müəllifi” Carlo Pontidi. Prodüser Loreni ağzıaçıq yeşiklərin arası ilə addımlamağa və onların qapaqlarını örtməyə məcbur eləyirmiş. Təkcə buna yox. Ponti ona həm də klassik ədəbiyyatı, incəsənət tarixinə dair kitabları oxutdurur, əcnəbi dilləri öyrənməsi üçün müəllimlər tutur. Məhz, onun təkidi ilə Sofi soyadını ikinci dəfə dəyişir. Ponti həmin vaxtlar populyar olan aktrisa Marta Torenin soyadının baş hərfini “L” ilə əvəz eləyir – beləcə, Sofiya Shicolone Sofi Lorenə çevrilir.

Bütün bu səylərinin nəticəsi o qədər mükəmməl olur ki, Carlo Ponti öz yetişdirməsinə aşiq olur. Onda Pontinin 37, Sofinin isə 19 yaşı vardı. Üstəlik Ponti evli və iki uşaq atasıydı. Və dahası, Vatikan boşanma aktına icazə vermirdi. Cütlük gizli şəkildə görüşməyə başlayır.

İlk vaxtlar Ponti gənc sevgilisini seks-simvol qismində təqfim eləməyə çalışır. Sofiya bir-birinin ardınca bir neçə ekzotik süjetli filmlərə çəkilir. Belə filmlərdə hadisələr, adətən, elə şəraitdə baş verirdi ki, qəhrəman əcaib paltarlar geyinməli, hərdən də, ümumiyyətlə, topless gəzməli olurdu. Sofiya kameradan qətiyyən çəkinmir, soyunmaq lazım olanda bunu problemə çevirmirdi. Odur ki, 50-ci illərin ortalarına doğru Sofi Loren İtaliyanın seks simvoluna çevrilir. (1960-cı ildə aktrisa “Çoçara” filmindəki roluna görə “Oskar” alanda Ponti onun çılpaq çəkildiyi aşağı səviyyəli bütün filmləri nüsxələri ilə birlikdə satın alıb məhv eləyir). Aktrisa Hollivuddan rol təklifləri almağa başlayır.

Buna da bax: Soyuq cazibəli ingilis - Jude Law

Məhz, onda Sofinin “itkin” atası Ricardo peyda olur və qızı ilə münasibətlərini bərpa eləməyə çalışır. Rədd cavabı alanda isə bir milyon lir qarşılığında kiçik qızı Anna Mariyaya soyadını verməyə razılaşır. Sofi atasının istədiyi məbləği ödəyir və onu həmişəlik həyatından çıxardır.

Cary Grant və Sophia Loren "Üzən ev" filmində, 1958.
Cary Grant və Sophia Loren "Üzən ev" filmində, 1958.

1956-cı ildə Ponti, Sofinin “Qürur və ehtiras” filmində oynaması üçün amerikalı prodüserlərlə müqavilə bağlayır. Aktrisanın tərəf müqabilləri Frank SinatraCary Grant idi. Çəkilişdən bir neçə gün əvvəl rejissor Stanley Kramer aktyorların şərəfinə ziyafət təşkil eləyir. Sinəsini göstərməklə məşhurlaşan italiyalı ilə yox, Ava Gardnerlə tərəf müqabili olmağı arzulayan Grant ziyafətə qəsdən gecikir və gələn kimi Sofi ilə məzələnməyə başlayır. Ancaq bu vəziyyət cəmi 15-20 dəqiqə çəkir. Sofi Grantı necə cəzb eləyirsə, aktyor ona bütün həyatını danışır. Bundan sonra onlar, demək olar ki, hər axşam birlikdə şam eləyirlər, Grant aktrisaya incə qızıl qolbaqlar bağışlayır və heç vaxt qolundan çıxartmamasını xahiş eləyir.

Aktrisanın Hollivudda çəkildiyi filmlərin, demək olar ki, əksəriyyəti uğursuz olur. Tezliklə Sofi başa düşür ki, studiyalar ondan necə istifadə edəcəklərini bilmirlər: “Mənə adi əcnəbi aktrisa kimi baxırdılar və dəyişməyə çalışırdılar” deyə aktrisa xatırlayır. Bununla belə o, amerikan filmlərində çəkilməyə davam edir. Belə filmlərdən biri də “Delfinin üstündəki oğlan” idi. Film özü unudulsa da, yaş paltarda sahilə çıxan Lorenin fotoları uzun illər yeniyetmələrin divarlarını bəzəyir.

Problem ondaydı ki, Sofinin enerjisi amerikalı aktyorların temperamenti ilə üst-üstə düşmürdü. “Time” jurnalı onun haqqında “Sophiya istənilən aktyoru uda bilər” yazırdı.

Lorenin Hollivuddakı ən yaxşı filmi “Üzən ev” olur. O, bu filmdə Cary Grantla tərəf müqabili idi: fəhlə sinfindən olan sadə italyan qızını oynayırdı, onunla Grant arasındakı “elektrik” isə o qədər güclü idi ki, Ponti narahat olmağa başlayır. Artıq qəzetlər Sofi ilə Grantın sevgisindən, aktyorun ona hər gün gül göndərməyindən yazırdı. Ponti təcili boşanmağa çalışır. Sofi kitabında həmin günlər haqqında “Bilirsiniz, mən seçim eləməliydim. İtalyan Carlo mənim dünyama aid idi, Grant isə yox” yazırdı. Italiyada boşanmasını rəsmiləşdirə bilməyən Ponti Sophiyanı götürüb Meksikaya gedir, orda boşanır və sevgilisi ilə evlənir.

Buna da bax: Kinonun sərtlik simvolu Gabin və onun sevgisi Marlene Dietrich

Carlo Ponti 2007-ci ildə, 94 yaşında, ölümündən öncə çəkilmiş rəsmi.
Carlo Ponti 2007-ci ildə, 94 yaşında, ölümündən öncə çəkilmiş rəsmi.

Ponti ilə Lorenin evlilik xəbəri İtaliyaya çatanda əməlli-başlı qalmaqal yaranır. Vatikan bu nigahı qanunsuz elan edir, mətbuat Carlonu ikiarvadlı adlandırır. İtaliyaya qayıtmağa qorxan cütlük bir müddət İsveçrədə yaşamağa məcbur olur.

1960-cı ildə Sofi Loren Vittorio De Sikanın “Çoçara” filmində çəkilir və bu film onun bütün həyatını dəyişir. Hərçənd burda da qalmaqalsız ötüşmür. Əvvəlcə filmdə dul qalmış Çoçaranı Anna Magnani, onun yeniyetmə qızını Sofi Loren oynamalı, filmin rejissoru isə George Cukor olmalıydı. Ancaq Magnaninin “qızından” xoşu gəlmir və “Sofiyə əlli yaşlı dul rolu daha çox yaraşır” deyərək roldan imtina eləyir. Ponti Sofinin filmdə qalmasını təkid elədiyinə görə resissor Cukor da etiraz əlaməti olaraq layihəni tərk eləyir. Film Vittorio De Sikaya təklif olunur, Magnaninin rolu isə Sofi Lorenə. Aktrisa Çoçaranı çətinlik çəkmədən yaradır: bunun üçün ona uşaqlığını, bombardmanları, tunellərdəki siçovulları, açlığı, anasını xatırlamaq kifayət idi, Çoçara, anası Romildaya çox bənzəyirdi. Sofi “Çoçara filmi haqqında danışanda “bu filmə qədər mən sadəcə oyunçu idim. “Çoçara” məni əsl aktrisaya çevirdi”, - deyir və zarafatla “mən karyeramı Manganinin kaprizinə borcluyam”, - deyə əlavə eləyir.

Sofi Loren “Çoçara” filmindəki roluna görə “ən yaxşı qadın rolu” nominasiyasında “Oskar”a layiq görülür. Oskar tarixində ilk dəfəydi ki, bu mükafat əcnəbi aktrisaya verilirdi. Hərçənd Loren mükafat alacağına inanmırdı və təqdimat günü mərasimin başlamağını gözləmədən yatmışdı. “Oskar”ı qazandığını səhər tezdən zəng vuran Grantdan öyrənir.

“Əgər Ameikada qalsaydım, heç vaxt “Oskar” qazana bilməzdim. Mən bilirdim ki, mənim yerim burdadı - İtaliyada. Amerikada da italiyada çəkildiyim filmlər sayəsində məşhurlaşmışdım”.

Buna da bax: Nina Simone-yə görə "Azadlığın" tərifi

S. Loren təkcə “Oskara” görə yox, ümumiyyətlə, ciddi aktrisa kimi tanınmağına, qəbul olunmağına görə Vittorio De Sicaya borcludu. De Sica onun ilk dahi rejissoru, ustadı idi. Ponti ilə bağladığı müqaviləyə əsasən, rejissor hər il S.Lorenin iştirakı ilə bir film çəkməliydi və aktrisa karyerasının, demək olar ki, bütün əhəmiyyətli, vacib rollarını bu filmlərdə oynamışdı - – “Dünən, bu gün, sabah”, “italyansayağı nigah”, “Alton zahidləri”, “Günəbaxanlar” və digərlərində.

***

“Oskar”a görə Loreni hamı təbrik eləyir, İtaliyanın rəsmi şəxslərindən başqa. Üstəlik Sofi və Carlo məhkəməyə verilir və Ponti nigahlarının gerçək olmadığını bəyan eləməyə məcbur qalır. İtaliyaya qayıdan cütlük həbsxanaya düşməməkdən ötrü ayrı yaşayır, saxta adlarla tutduqları mənzillərdə görüşür, ziyafətlərdə bir-biriləri ilə yad adamlar kimi davranırlar. Elə bu vaxt aktrisanın bacısı keçmiş faşist diktatoru Mussolininin oğluna ərə gedir, Bir müddət sonra isə Sofi onların təzə doğulmuş qızlarının xaç anası olur və xaç suyuna salınma mərasimində iştirak eləmək üçün kilsəyə gedir. Katolik kilsəsi ona kilsəyə ayaq basmağı qadağan elədiyindən növbəti qalmaqal yaranır.

Nəhayət, Carlo Ponti çıxış yolu tapır. O, arvadı Culianna Fiastra və Loren Fransa vətəndaşlığını qəbul edirlər, Ponti ilə Culianna boşanır və 66-cı ildə Carlo Ponti ilə Sofi Loren rəsmi şəkildə evlənirlər, bir il sonra isə İtaliyaya qayıdırlar.

Artıq tam xoşbəxtlik üçün iki şey çatmırdı: çoxdana arzusunda olduğu uşaq və ev.

Buna da bax: Kommunizmin barışmaz düşməni Andrzej Wajda hansı filmləri ilə tanınmışdı...

Sophia Lorenin filmdə ən çox tərəf müqabili olan Marcello Mastroianni ilə birlikdə "Xüsusi gün" filmində 1977.
Sophia Lorenin filmdə ən çox tərəf müqabili olan Marcello Mastroianni ilə birlikdə "Xüsusi gün" filmində 1977.

Ona qədər Loren bir neçə dəfə övlad sahibi olmağa cəhd eləmişdi və hər dəfə uğursuzluqla üzləşmişdi. Cəhdlərindən vaz keçməyən Sofi ciddi müalicə almağa başlayır, hamilə qalanda isə doqquz ay yataqdan qalxmır. Çünki həkimlər ona televizora baxmağı, radio dinləməyi, yarım saatdan çox ayaq üstə qalmağı qadağan eləmişdilər. Dostları danışır ki, Sophiya evdə qulaqlarına pambıq tıxayaraq gəzirmiş ki, qəfil gələn yüksək səslərdən qorxub uşağını itirməsin. Bütün bu tədbirlər nəticəsini göstərir: 1968-ci ildə cütlüyün Carlo adlı oğlu dünyaya gəlir. Dörd ildən sonra isə aktrisanın ikinci oğlu- Eduardo doğulur.

Yaxınları Loreni “dəli ana” adlandırırdılar: o, körpələri qucağından buraxmır, heç kimi onlara yaxınlaşmağa qoymurmuş.

İndi Sofinin həyata keçməmiş bircə arzusu qalmışdı: ev. Cütlük Romadan 13 mil aralıda XVI əsrə aid villanı satın alır, onu öz zövqlərinə uyğun şəklə salırlar, ancaq orda çox yaşaya bilmirlər. 1977-ci ildə Ponti vergidən yayınmaqda və kapitalını ölkədən çıxartmaqda ittiham olunur, hökumət villanı müsadirə eləyir. S.Loren, heç olmazsa, klassik rəsm əsərlərindən ibarət kolleksiyanı xilas eləməyə çalışır, lakin Roma hava limanında saxlanılır, 18 günlük həbsə məhkum edilir, Karlo Ponti isə dörd illik ictimai işlərə təhkim olunur, 24 milyon dollar məbləğində cərimə kəsilir. Məhkəmə, onunla əlbirlikdə ittiham edilən Lorenə bəraət verir.

Cütlük villanı da, kolleksiyanı da yalnız 1990-cı ildə geri ala bilir.

***

70-ci illərin ikinci yarısından aktrisa ekranda nadir hallarda görünməyə başlayır, özünü bütünlüklə ailəsinə həsr eləyir. 1979-80-ci illərdə avtobioqrafik kitab yazır və onun əsasında özü haqqında film çəkir.

1991-ci ilə S.Loren ikinci dəfə “Oskar”a layiq görülür – “zəngin və yaddaqalan rolları ilə kinematoqrafiyada silinməz iz qoyan karyerasına” görə. Mükafatı almaq üçün səhnəyə çıxan aktrisa təşəkkür nitqində “Bu mükafatı ərim Carlo Ponti və mənə “sevirəm” sözünü deməyi öyrədən oğullarım Karlo və Eduardo ilə paylaşmaq istəyirəm”, - söyləyir.

1999-cu ildə “Reseptlər və xatirələr” adlı ikinci kitabı çıxır.

Buna da bax: Fellini bu filmiylə dünyaya səs salmışdı - bir obrazın tarixçəsi

2006-cı ildə 72 yaşlı aktrisa Pirelli təqvimi üçün çılpaq fotolar çəkdirir.

Sophia Loren 72 yaşını qeyd edərkən.
Sophia Loren 72 yaşını qeyd edərkən.

Həyat yoldaşı və həmkarı Carlo Pontini 2007-ci ildə itirən Sofi Loren hazırda Cenevrədəki nəhəng çilçıraqlı, orta əsrlər tərzində dizayn olunmuş mənzilində, ömrü boyu ona yoldaşlıq eləmiş assistenti İnes Bruça ilə birlikdə yaşayır, vaxtını tez-tez ona qonaq gələn oğullarına yemək bişirməklə, hərdən də İtaliyada yaşayan bacıdına baş çəkməklə keçirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG