Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

'Baş qaldıran kişi obrazımız Fuad Poladov, qadın obrazımız Səriyyə'


Aktyor Fuad Poladov.

Aktyor Fuad Poladov.

"Azərbaycan tamaşaçısı və ictimaiyyəti içində saxladığı baş qaldıran, məğrur insan sifətini Fuad Poladov məğrurluğunda gördü. Özünün bacarmadığı və əlinin çatmadığı davranışdan zövq aldı".

-

Gülnar Əhməd

Qürur təcəssümü Fuad Poladov və qətl edilən Azərbaycan qadını​

Gülnar Əhməd.

Gülnar Əhməd.

Alman fəlsəfəçi, psixoloq və estetiki Theodor Lipps belə deyirdi: “Obyektə duyduğum şey, demək olar ki, əsasən həyatdır. Həyat, qüvvətdir, daxili aktivlikdir, çabalamadır və ortaya nəsə qoymaqdır. Yaşam, bir sözlə fəaliyyətdir.”

Türk fəlsəfəçi və psixoloq İsmayıl Tunalı isə estetik reaksiya və qavrayışa belə açıqlıq gətirir: qavrayışlar bizə var olanı bildirir. Amma biz başqa bir qavrama yoluyla var olanın arxasına uzana bilirik. Məsələn, dalğalı dənizə baxıb, çoşğun dəniz; yalçın qayalara baxıb, məğrur zirvələr deyə bilərik. Obyektlərə yüklədiyimiz bu sifətlər; çoşğunluq, məğrurluq bizə aitdir, bizim ruh dünyamıza aiddir. Amma biz öz ruh aləmimizdə, duyğularımızda olan bu xüsusiyyətləri yüksək dağlara yükləyirik. Nümunələrdə göründüyü kimi biz öz ruhsal-duyğusal həyatımzla bizim ətrafımızda olan obyektlər arasında səmimi bir əlaqə qururuq, öz duyğularımızda olan çoşqunluğu, məğrurluğu bu nəsnələrə köçürürük və sanki bu obyektlər o keyfiyyətlərə sahib imişlər kimi onları bizə aid bu keyfiyyətlər içində qavrayır, onların bizə aid xüsusiyyətləri ilə yaşayırıq. Amma obyektlərdə qavradığımız və yaşadığımız şey, obyektin özü deyil, obyektə yüklədiyimiz duyğularımızdır.

Buna da bax: Fuad Poladov: 'Gedirəm, sabah son tamaşadır'

Yaxın keçmişdə xalq artisti Fuad Poladovun "Azdrama" rəhbərindən Hikmət Rəhimovun teatra qaytarılamsını xahiş etdiyini və xahişi təmin olunmadığı üçün teartı tərk etdiyinin şahidi olduq. Xalq artistinin teatr rəhbərliyinə baş qaldırması Azərbaycan ictimaiyyətində kifayət qədər səs-küyə səbəb oldu və təqdirlə qarşılandı. Başqa vaxt aktyorun oynadığı tamaşalarda yarıdolu olan zal, vida tamaşasında anşlaqla qarşılaşdı. Teatrlarımızın vəziyyətindən hamımız bilirik ki, hamı heç də sənət üçün getməmişdi o tamaşaya. Burada aktyorun ustadlığını, tamaşaçılar tərəfindən sevilməsini və ona olan hörməti şübhə altına almaq istəmirik, amma bu məqamı da diqqətdən kənar qoymaq lazım deyil ki, kimsə aktyorun getmə səbəbi ilə maraqlanmadı və Hikmət Rəhimov məsələsində Fuad Poladovun nə dərəcədə haqlı olub-olmadığını araşdırmadı. O zaman Azərbaycan tamaşaçısı aktyorunun teartdan getməsinə niyə belə reaksiya verdi? Dönək İsmayıl Tunalının misalına. Azərbaycan tamaşaçısı və ictimaiyyəti içində saxladığı baş qaldıran, məğrur insan sifətini Fuad Poladov məğrurluğunda gördü. Özünün bacarmadığı və əlinin çatmadığı davranışdan zövq aldı. Nəticədə, hadisəni araşdıracaq mərhələyə keçmədən aldığı estetik zövq qarşısında reaksiya (tavır qoydu) göstərdi və özündə olan bu duyğunu aktyora yüklədi.

Yenə son günlər ölkədə ən çox diqqət mərkəzində olan hadisələrdən biri üç uşaqlı Azərbaycan qadının əri tərəfindən öldürülməsi hadisəsi oldu. Hətta “Qadın ölümünə son” başlıqlı kompaniya da başladıldı.

Buna da bax: Neyləyib Fuad Poladov?

Diqqəti Azərbaycan ədəbiyyatında ən çox tənqidə məruz qalan əsərlərdən birinə, İlyas Əfəndiyevin “Körpüsalanlar” əsərinə çəkmək istəyirəm. Əfəndiyevin bu əsərində qısaca desək, Azərbaycan qadını, əri və birlikdə işlədikləri birqada ilə körpü salmağa getdikləri ucqar bir yerdə ərinin haqsız, ədalətsiz davranışları ilə qarşılaşır. Adi tələbə və mexanik olan buldozerçi ilə vəzifəli ərinin şəxsi keyfiyyətləri arasında uçurum görür və seçim edir. İşi, evi, gələcəyi olan ərini azad bir insan kimi tərk edib, tələbə buldozerçiylə gedir. "Anna Karaneninanı", "Kimdir müqəssiri, ümumiyyətlə adətən iki kişi bir qadın arasındakı məhəbbət üçbucağından bəhs edən Rus və Qərb ədəbiyyatını çox maraqla qarşılayan Azərbaycan oxucusu Səriyyəni qəbul edə bilimir. Azərbaycan kişisi burada Adilin halına acıyır, ümidsizliyini görürür və qəhrəmanın duyğularını paylaşır. Onu belə həyata məhkum edənə qarşı hiddət duyur, baş qaldırır.

Məsələ burasındadır ki, Azərbaycan qadını da Səriyyənin azad qadın ruhuna empati ilə yanaşa bilmədi. Bir tərəfdən içtimai qınaqlardan gələcəyi gözlənilən təzyiqlər, digər tərəfdən şəxsi keyfiyyətlərdən çox maddi keyfiyyətlərə verilən üstünlük və ən əsası mütilik duyğusu Azərbaycan qadınına Səriyyəyə qarşı empati ilə yanaşmaya imkan vermir.

Buna da bax: Madam Bovari kim idi, Flober özümü?

Gustave Flaubert.

Gustave Flaubert.

Fransız yazıçısı Gustave Flaubert Madam Bovarini yazanda fransızlar Flauberti insanların əxlaqını pozmaqda günahlandırırdılar. Amma Flaubert əvəzində onlara Madam Bovari mənəm demişdi. Nəticədə Flaubert ədəbiyyatda Madam Bovarini yaratmaqla, ailəsini hər çür məhrumiyyətə düçar edib sonunda intihar gələn Fransız Madam Bovarilərini öldürdü və onları ədəbiyyatda yaşatdı. Bizdə isə 56 il keçməsinə baxmayaraq hələ də bu əsər, əsərin motivi Azərbaycan insanına yaxınlaşa bilmədi. Ona görə də bu gün “Azərbaycanlı Madam Bovarilər” sürətlə artır. Və nə qədər ki, Adillərin eqosu Səriyyələrin hisslərini təziq altında saxlayacaq Azərbaycan cəmiyyətində kişilərin qadın qatili olması da normal qarşılanmalı və “Qadın ölümünə son” kompaniyaları da söz olaraq qalmalı olacaq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Şərhləri göstər

XS
SM
MD
LG