Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:45

Madam Bovari kim idi, Flober özümü?


Fransız yazıçısı Gustave Flaubert.
Fransız yazıçısı Gustave Flaubert.

-

Yazar Ülvi Babasoy
Yazar Ülvi Babasoy

Ülvi Babasoy

Madam Bovari kim idi

- Maraqlıdır, bu romanda qadın obrazını necə yaratmısız? Bağışlayın, sanki qadın cildinə girmisiz. Yəqin ki, bir qadının hiss və duyğularını, düşüncələrini təsvir etmək asan deyil. Bəs necə bacarırsız bunu?

- Məşhur fransız yazıçısı var. Flaubert. Onun “Madam Bovari” romanında baş qəhrəman Emma Bovaridir. Flaubertə sual verirlər ki, madam Bovari kimdir? Yazıçının cavabı çox maraqlıdır. “Madam Bovari mənəm”. Hər bir qəhrəman bu və ya digər dərəcə də yazıçı özüdür. Tutalım ki…

Yaşlı nəsil yazıçılarımızdan “Madam Bovari mənəm” əhvalatını dəfələrlə eşitmişik. Müsahibələrində, çıxışlarında, görüşlərdə. Bu məsələyə fərqli yanaşan bircə nəfər də tapmarsız onların arasından. Halbuki, Gustave Flaubert “Madam Bovari mənəm” deməyib. Bu məşhur sözlər Ameli Boske adında gənc və istedadsız bir xanım yazıçıya aiddir. Flaubert romanlarına kölgə salan, daha çox bu ifadəni yaddaşlara həkk edən ayaqlı və yeriyən yalan. Xırda bir yalan madam Boskeni də yaşadır. Günümüzəcən gəlib çıxan adi bir insan Amelinin böyük yazıçının gələcək taleyinə miqyaslı təsiri. Tarixin ironiyası necə də nəhəng və davamlıdır. Hər nə qədər hadisənin “Flaubertə aid” hissəsi məşhur olsa da. Bu sözlər ədəbiyyat erası sona çatanda belə Flauberti yaşadacaq.

Uzun müddət Madam Bovari romanının üz qabığında bu portret çap olunub. Əslində isə Portret L.L. Young adlı xanıma məxsusdur və rəssam James Tissot tərəfindən çəkilib.
Uzun müddət Madam Bovari romanının üz qabığında bu portret çap olunub. Əslində isə Portret L.L. Young adlı xanıma məxsusdur və rəssam James Tissot tərəfindən çəkilib.

​“Madam Bovari mənəm” ifadəsinə 16 yaşımda rast gəlmişdim. Onda Flaubertdən bir cümlə də oxumamışdım. Beş il Flaubert adlı bir yazıçının, “Madam Bovari” adlı romanı barədə qaneedici bir məlumatla kifayətlənməyə bəs etmişdi. Qəribədir ki, tarix və həyat Flaubertlə həmişə məzələnib. Nə öz dövründə, nə də ki, sonrakı illərdə “Madam Bovari” əsəri tam anlaşılmayıb. Roman Fransaya təzə yayılanda neqativ, qeyri-etik əsər kimi qiymətləndirildi.

Böyük tənqidçi Sent-Bev romanı heç bir pozitiv dəyəri və xarakteri olmaması ilə tənqid edirdi. Sonrakı mərhələrdə də yeni bir şey olmadı. Bu dəfə meşşan mühit və təfəkkürü tənqid edən bir roman kimi baxıldı. Əyalət və şəhər əxlaqını qarşılaşdırnalar da az deyildi. (Həqiqətən, belə bir əxlaq bölgüsü varmı?) Anri Ruaya Flaubertin həqiqi dəyərini almadığını düşünür. Çox dəqiq fikirdir. Əslində hər şey çox aydındı. Ancaq sənətin dilində, sənətin tarixində və ifadəsində. Flaubertin nəyi kəşf etməsinə baxmaq lazımdı. Ekzistensialistlər XXəsrdə gəldilər ədəbiyyata. Flaubert onları bir əsr qabaqladı.

"Madam Bovari" kitabının 1857-ci ildə çıxmış ilk nüsxəsinin üz qabığı.
"Madam Bovari" kitabının 1857-ci ildə çıxmış ilk nüsxəsinin üz qabığı.

“Madam Bovari” mənəvi boşluqda çabalamağın romanı idi. İtaətkar və sadə Emmanı nə dəyişdi. Sevgisizlik, ünsiyyətsizlik. Şarl texniki həyat yaşayır. Evdən işə, işdən evə və yenə iş… Donuq həyat. Bezdirici ünsiyyət(sizlik). Bu vəziyyət Emmanı təngə gətirir. O, Leon və Rodolfu da sevmir. Müvəqqəti olaraq içindəki boşluğu doldurmaq üçün onlarla vaxt keçirir. Emma hər şeyin fərqindədir. Çox yaxşı dərk edir ki bunun sonu yoxdu. Flaubert qəhrəmanının daxilini, hisslərini təfsilatı ilə şərh etsəydi uğurlu alınmazdı. Emmanın çarəsziliyi məhz ölümlə sonlana və aydınlana bilərdi.

Flauberti anlamaq üçün yenə özünə qulaq asmaq lazımdı. 1852-ci ildə yazırdı:

“Məndə iki ayrı ədəbidilə malik iki ayrı şəxsiyyət var. Biri söz doğmağın, lirizmin, başgicəlləndirici xəyalların, uçuşların, cümlə ahənglərinin, yüksək fikirlərin həvəskarıdır; O birisi isə əlindən gəldiyi qədər həqiqəti araşdıran, ən kiçik hadisəni də böyük bir hadisə qədər nümayiş etdirmək istəyən, istehsal etdiyi şeyi maddi olaraq hiss etdirmək istəyən şəxsdir”.

Emmanın ölümünə qədər olan həyatı doğulan sözlərin lirik, şeirsəl, duyğulu tərəfləridir. Burda Flaubertin birinci şəxsiyyəti qəhrəmanın həyatını sənətləşdirməklə məşğuldur. Dediyim kimi, ekzistensialistlərdən qabaq bu işlər Flaubert tərəfindən görülmüşdü. Absent içən Emmanın can verməsi oxucunun hadisəni maddi olaraq hiss etdiyi anlardır. Artıq yaşaya bilməzdi o. Ovunmaq üçün başqa kişilərlə oldu. Alınmadı. Heç nə dəyişmədi. İnsanlardan əlin üzdü. Heç olmasa cansız, bəzək-düzəkli əşyalarla təsəlli tapmaq istədi. Bundan da bir şey çıxmadı. Və ölüm xilas etdi onu.. Bəzən ölümün qurtuluş ola biləcəyini kəşf etmişdi Flaubert. Anna Kareninanı yada salaq. O günahlardan xilas olmaq, tanrıya qovuşmaq üçün qatarın altını seçmişdi. Emma isə yaşamağın mümkünsüzlüyünü görüb tanrıya etiraz edir. Yaşama etiraz edir. Sənətin demək istədiyi də buydu. Yoxsa Emma çox şey istədi həyatdan. Emma əxlaqsızdı. Emma ərini aldatdı. Cəzası da ölüm oldu. Bu qədər bəsit və suni fikirlər romana xas ola bilməz.

Şarlın ölümü və Bertanın kimsəsiz qalmasında ikisi bir aradadı. Flaubertin ədəbiyyat şəxsiyyətlərini deyirəm. Şarl da canın qurtardı. Bəs Berta? O yaşamaq kimi ağır və çətin yükü seçdi. Flaubertin böyüklüyü burdadı.O, “Madam Bovari” ilə Kafkanı təsirləndirdi. Kafka da bütün zamanları qabaqladı. Bu günəcən olan ədəbiyyatı. Beləcə sənətin ömrü uzandı. Başqalarına da keçdi bu vərəsə. Başqa zamanlarda başqa məqamların kəşfi yarandı...

Doğurdan da “Madam Bovari mənəm” tarixin gülünc və axmaq məzəsidir. Əyalət və şəhər əxlaqı, kübar cəmiyyət, meşşan kimi açar sözlərlə Flauberti təhlil etməyin isə sənətlə heç bir əlaqəsi yoxdu. Yolunu azmış fikirlər, dar düşüncələr sənət tarixinin kənarında lazımdı. Bəzən də faydalıdı. “Madam Bovari mənəm” əhvalatı kimi. Yoxsa hardan missal gətirərdik? Kimdən əlac umardıq?

XS
SM
MD
LG