Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

"Bəzi bədii əsərlər bizə pislik edir"


"Madam Bovari" romanına çəkilmiş portret

"Madam Bovari" romanına çəkilmiş portret

-

"Financial Times" qəzeti yazır ki, "Gənc Verterin iztirabları" kimi kitablardan öyrəndiyimiz dərslər həyatda bizə mane olur...

Ədəbiyyat sevgini necə öldürür

Nigel Shafran adlı bir foto sənətkarı var. O, məişətin, gündəlik həyatın real üzünü göstərən fotolar çəkir.

Bu fotolarda əl-üzyuyan, əl-üzyuyanın yanındakı boşqabda köhnə iylənmiş kələm olur, çirkli mətbəx döşəməsi olur. O, öz sevgilisini müxtəlif darıxdırıcı, boz məişət situasiyalarında çəkir; qadın buxar fonunda pal-paltar ütüləyir, mətbəxdə qab yuya-yuya telefonla danışır, adi bir evin otağından otağına keçərkən kandarda dayanıb fikirləşir və s. Bununla o, romantik fotolara, rəsmlərə cavab verir. Məişəti, əsl həyatı göstərir.

Sevgi şəxsi hiss olsa da, biz sevərkən filmlərin, romanların, romantik fotoların dediyini edirik. “Financial Times” qəzetinin mədəniyyət səhifəsi bu haqda məqalə dərc edib.

Məqalədə deyilir ki, tarix boyu insanlararası münasibətlərə baxsaq, ətraf diktənin onların necə sevməsinə əhəmiyyətli dərəcədə təsir etdiyini görərik.

Biz özümüzün yox, mədəniyyətin təlqin etdiyi sevgi üsulu ilə sevirik. François de La Rochefoucauld yazır: “Elə insanlar var ki, hətta belə bir şey – sevgi olduğunu bilməsələr, heç vaxt aşiq olmazdılar.”

Qəzet yazır ki, romanlar, şeirlər, son yüzildə isə filmlər sevmək üsulumuzu formalaşdırıb, bizə hisslərdə nəyi, necə qiymətləndirməli olduğumuzu, emosional vurğunu hara salacağımızı deyib.

Gustave Flaubert

Gustave Flaubert

Məsələn, Qərb ədəbi tənqidində Gustave Flaubert-in “Madam Bovari” (1856) romanının bizim sevgi münasibətlərimizə necə təsir göstərməsi haqda çox danışılıb.

Romanın əvvəlində Emma Bovarinin uşaqlığında romantik romanlar oxuduğunu görürük. Düzdür, sonra o, həyatını dəyişdirən bir qonaqlığa da düşür. Amma əvvəlcədən romantik ədəbiyyatla tərbiyə olunmasına görə o, ərinin fövqəladə varlıq olmasını gözləyir.

Məqalədə deyilir ki, biz hamımız bir az Emma Bovariyik, çünki bizi öyrədən incəsənətdə və romantik nağıllarda bütün həyat sevginin başında qərar tutub.

Reallıqda isə iki şəxsin münasibəti həm iqtisadi vahiddir, həm də onda növbəti nəslin təlimçisi olmaq funksiyası var. Burada qəhrəmanlıq üçün də yer var, amma çirkli paltarlarla baş etmək qəhrəmanlığı. Bax, bu haqda incəsənət elə də həvəslə danışmır.

"Gənc Verterin İztirabları"

"Gənc Verterin İztirabları"

Romantizmin stolüstü kitablarından biri insanlara necə sevməyi öyrədən “Gənc Verterin iztirabları”dır (1774).

Deyirlər, bu kitab çıxan kimi Almaniyada bestseller olmuş, Napaleon isə onu yeddi dəfə oxumuşdu.

Roman gənc Verterin Şarlottaya məhəbbətindən danışır. Şarlottanın məhəbbəti Verterin fikrini bütün həyatdan, başqa işlərdən yayındırır.

Bizim dövrümüzün iki dominant ideyası romantizm və kapitalizmdir. Onlar bizim şəxsi münasibətlərimizi və işimizi formalaşdırır.

"Financial Times" yazır ki, bizim dövrümüzün iki dominant ideyası romantizm və kapitalizmdir. Onlar bizim şəxsi münasibətlərimizi və işimizi formalaşdırır.

Richard Linklater’in “Gün doğmadan” filmində iki gənc qatarda tanış olur və gecə Vyana küçələrində öz hissləri haqda danışmaqla saatlarını keçirirlər. Film gözəldir, amma təsiri insanları sevərkən avaralanmağa, gündəlik həyatdan uzaqlaşmağa kökləyir…

"İncəsənətimiz dəyişilməsə, biz məişət məsələsindən xəbərdar şəkildə sevə bilməyəcəyik" - qəzet yazır.

Amelie. Fransız filmi

Amelie. Fransız filmi

Sevgi mövzusundakı incəsənət əsərlərinin və ədəbiyyatın ötürdüyü, toxunmadığı məsələlərdən biri də uşaqlardır.

“Ameli” (2001) kimi filmlərdə uşaqlar qarşılıqlı sevginin şirin rəmzidir, onlar nadir hallarda ağlayır, az vaxt tələb edir, ağıllı uşaq olurlar.

Həyatda isə şəxsi münasibətlərin fundamental hissəsini uşaq böyütmək tutur və o uşaqlar valideynləri dözülməz gərginliyə salırlar.

"Biz özümüzü çaşdırıcı incəsənət vasitəsilə qazandığımız ümidlərlə mühakimə edirik. O standartlarla baxanda münasibətlərimizdən məmnun olmuruq. Biz gərək qabaqcadan özümüzə münasibətin inkişafı, real gələcəyi haqda daha düzgün bədii hekayələr danışaq" - məqalə belə tamamlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG