Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:29

Aqşin Yeniseyin yeni şeirləri - 'Həbslərdən deyil, polislərdən qorxan gənclik'


Azerbaijan -- Writer Agshin Yenisey, 18Feb2010
Azerbaijan -- Writer Agshin Yenisey, 18Feb2010

-

Aqşin Yenisey

Yeni şeirlər

Anlaqsız qələbəlik

Bir də var şəhərlərlə şəkil çəkdirən tək adamlar,

Məsələn, biri elə yanından ötən insanlarda güzgülənən mən!

Heç tanımadığım bir ölümün əyninə biçilmiş bədən.

Gələcəyə gedən yol bağlı, buraxmırlar, yenidən keçmişə qayıdır vətən!

Arxasınca dartaraq əsəbi şəkildə övladının əlindən.

Küçədən tapıb, tək böyüdüb onu, atasız, anasız, amansız!

Öyrədib ki, gözdürsə şəxsidir, ağlamaqdırsa bəşəri!

Şəriki varsa ömürdür, kimsəsizdirsə tale!

Yaradırsa doğmadır, ağrıdırsa köçəri!

Kimsə vicdanın yerini soruşur xəstə taksidən;

ya televiziyadandır, ya qəzetdən

Biri deyir: – harasından güllələdinizsə,

O biri: – harasından asdınızsa,

Başqa biri: – harasından tək qoydunuzsa,

Orasıdır vicdanı insanın!

Kimsə dəqiq bilmir heç bir ünvanı.

Yol yoxdursa, çıxış yolu hələ ki, azmaqdır.

Hansıdır bu şəhərin kişi olan küçələri?

Qadın olan binaları hansıdır?

Kimin qızıdır bu hicablı, körpə səki?

Kimdir zamanı tutub saxlayıb, hansı dünəndi gizlənib o heykəldəki?

Bir də var insan – sevdikləri azadlığının düşmənləri…

Müharibədən sağ qayıdıb

Atasız uşaqların diləndiyi küçədən keçərkən

yerinə utanmaq üçün şəhidlərin…

.

Buna da bax: "Gözümü açanda gördüm, Kəmaləddin Heydərov başımın üstündə"

.

Qədim gəmi

Vicdan ölmədiyimiz bir dünyanın cəhənnəmidir

Yerini axtarsan, azarsan, itkin düşərsən öz bədənində

Günah ölmədiyimiz bir dünyanın cənnətidir

Tikan tək gizlənib güldə, musiqi tək örtünüb çılpaq simdə!

Gül tikanın, səs sükutun azadlığıdır!

Öz yalqızlığına keşik çəkən o qoca əsgər,

Başqalarını öldürdü başqalarının uğrunda

Yarası qasnaqladı, metala, medala döndü sol çiyninin altında.

məqsədi buralı kimi ölməkdi!

Çünki yer üzü öz ölümləri ilə məşhurdur!

Ustalar ona şabalıd ağacından tabut əvəzinə əsa qayırdı.

Çünki insan öz ümidlərindən daha uzunömürlüdür!

Əsa ağacın, ağac tabutun azadlığıdır!

Və o məmləkətin bir quyusundan su çıxdı, bir quyusundan neft!

Bir məmləkət ki, at kimi kişnədi odla suyun arasında.

Kişnəyəndə and içir at!

Qisasının dördayaqlı olduğuna!

Su yanğının əsarəti, yanğın odun azadlığıdır!

Qaranlıq gecənin yalnız insana aid rəngidi.

Pisliyi yalnız insan çevirə bilir çörəyə.

İnsanın azadlığıdır qabağına çörək atılıb həyətdə

zəncirlənib bütün fəsillərə, qaranlıqdakı ağ itdə.

Çöldə qara qurdda ulayan itin azadlığıdır!

Ölmüş bir kəndlini heç danışmadan torpağa gömdülər

Sanki, günahkarmış və cəzası ölümmüş yaşamağının.

Ölüm budursa, tanrısı bir diktatordur bu sükutun.

Hər sükut bir bütün azadlığıdır!

Bu yetim uşaqlar, çətin uşaqlar

səkilərə atılmış quru çörək qırıqlarının arzularıdır.

Atalarını müharibə yeyib, analarını namus!

İnsan hələ də vətən keşiyi, bədən keşiyi çəkirsə,

Hamının olan və heç kimin olmayan bu qədim gəmidə,

Onun azadlığı…

Onun azadlığı… bağışla, ey Nuh!

Şalvarda gizlənmiş g*tün azadlığıdır!

Gender bərabərsizliyi

Qadınlar şəhərdirlər;

onlar üçün gələnin-gedənin fərqi yox.

Kişilər uzaq bir dağın köksünə qısılmış

qədim kəndə bənzərlər;

gələnlərə görə sevinər, gedənlərə görə darıxarlar,

darıxarlar, həm də çox…

Üzün tanınmaz halı

Yenə səhər…

Yenə həmin gün şüası

Evdəki tozu göstərir.

Yenə axşam…

Qaranlıq boş çarpayını

Saat doqquzu göstərir.

Nə mənası,

Ölmüşəmmi, qalmışammı?

Heç yadına düşürəmmi?

Kimə lazım,

Təkəmmi, qocalmışammı?

içib miskinləşirəmmi?

Aman-güman

Məndə cəmi bir şəklin var

Baxıram əynin köhnəlib.

Həyatdı da…

Ömür var, şəkilnən keçir,

İnsan var, şəkildə ölür.

Yenə şəhər…

Yenə həmin insan seli…

Kölgələr əyilir camda.

Bəlkə də, biz

Ayrı-ayrı evdən çıxıb

Yan-yana itkin düşürük,

Hər gün eyni izdihamda.

.

Buna da bax: Aqşin Yenisey; "Qaraciyərin serrozlu sevgisi" (Şeir)

.

Bakıda son səhər

Pəncərədən baxanda

bir televizor kimi açılır səhər.

Səhnəyə birinci aparıcılar çıxır;

Göyərçinlər və süpürgəçilər.

Göyərçinlər zövqlə yeriyir boş səkidə

yerimək uça bilənlərin xoşbəxtliyidi!

Süpürgəçilər həmişəki kimi acıqlı:

– hanı bəs, axı süpürgələr də uça bilirdi?..

Unudulmuş edam

Ölüm hökmü oxuyublar, amma öldürməyiblər

Kiminsə umrunda deyil, varlığınla, yoxluğun.

Hətta günahkar kimi də daha gərək deyilsən

Heç səni də düşündürmür.

İndi burda kimdən ötrü, nədən ötrü olduğun.

Sözlər yaddan çıxmamaq, unudulmamaq üçün

Susub özün öldürür, fikir olmaq istəyir.

Təbiət ruhdan düşür şəhər axşamçağında.

Göylər eybəcərləşib kifir olmaq istəyir.

Tarix heykələ dönür, daşın boyun ucaldır

Tamah gizlənmək üçün girir qızıl küpünə,

Mənsə köhnə sobanın dibində, soyuq evdə

Sitayiş eləyirəm, sönməməsindən ötrü

son bir kibrit çöpünə.

Əlisəmid Kür

Düyün düşüb fikir kimi.

Günortanın istisində ünvansız çöldə Kür kimi

tüstülənə-tüstülənə

Axıb, axıb o gedəndi

Əlisəmid Kür!

Üzü laylay çalınmış torpaqdı,

Yuxusunda azadlıq görən vətəndir,

Əlisəmid Kür!

Suların paytaxtı ucsuz Xəzərdə

Kürün aqibəti kimi,

Gəlib, gəlib bu şəhərdə

O itəndi

Əlisəmid Kür!

Canına çör-çöp daraşmış,

Özü-özünə dolaşmış qəzəbli burulğan kimi,

Özünə də çətindi,

çətindi,

Əlisəmid Kür!

Dünyada yerini bir kimsə bilməz!

Harda gəldi, necə gəldi xoşbəxtdi, bədbəxtdi,

Bir üzü toydu-bayramdı,

Bir üzü ölüm-itimdi,

Əli Səmid Kür!

Hirsi əngində kilidli,

Gözünün yaşı ovcunda,

Bilmirsən ögey atadır,

Bilmirsən yetimdi,

Əlisəmid Kür!

.

Buna da bax: Aqşin Yenisey: "Peşəkar oxucu Səməd Vurğunun “Azərbaycan” şeirinə “2” də yazmaz"

.

Tale

Xəstəlikdən deyil, həkimlərdən qorxan uşaqlıq,

Həbslərdən deyil, polislərdən qorxan gənclik,

Ölümdən deyil, xəstə və həbsdə yaşamaqdan qorxan qocalıq…

Ömrü ağır oldu fikir kimi

Və ümid kimi qəflətən öldü.

Şahbaz Xuduoğlunun şeri

Daş qayadan qopan kimi

Hayanımdan qopub düşdün?

Haramdan tək qoydun məni?!

Canımın bir tərəfiydin

Qopduğun yer qan ağladı,

Yaramnan tək qoydun məni!

Tək uçana göy də dardı…

Bir cüt leylək qatarıydıq,

Sıramdan tək qoydun məni!

Ölüm hər şeyin sonrası,

O da sənə qismət oldu,

Sonramdan tək qoydum məni!

Ankarada azan hüznü

Qaşqabaqlı bir atadır axşamcağı

cəzalandırdığı oğludur küçə fənəri.

Pəncərənin alt yazısıdır

hər gün eyni yerdə ölümü gözləyən qoca.

Düzgün tərcüməsi belədir dünyanın bütün dillərinə:

Min il də yaşasa insan yaşanmış sayılmamalı…

Çünki ölüm bir təsadüf!

.

Nəsiminin vəsiyyəti

Can məhkum evidir, cəza ver, təki,

Günahı savabdan məhrum eyləmə!

Min dəfə soruşum, bircə yol hay ver,

Sualı cavabdan məhrum eyləmə!

Əzabdan həzz almaq nə sirdir eşqdə?!

Min yara bəslərəm, hər biri eşqdən!

Asini, aşiqi, kafiri eşqdən

Mömini kitabdan məhrum eyləmə!

Qulun küfründə də gizli iman var!

Necə ki, ilanın zəhrində can var.

Nə qədər məkan var və laməkan var,

Sufini şərabdan məhrum eyləmə!

sim-sim.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG