Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:22

"Gözümü açanda gördüm, Kəmaləddin Heydərov başımın üstündə"


Aqşin Yenisey

Aqşin Yenisey

Şair Aqşin Yeniseyin yeni müsahibəsi

-


Aqşin Yeniseylə Kəramət Böyükçöl söhbət edib.

– Aqşin, elə bil əvvəl səni çox adam sevirdi, sənə elə gəlmirmi ki, o sevgini get-gedə itirirsən?
– Düzü, nə qədər primitiv nümunə olsa da, deyim ki, bir dəfə türk kanallarının birində bir aparıcı dedi ki, Tarkan çox gözəl müğənnidir, amma o, öz sevənləri ilə bir yerdə qocalmağı bacarmadı, həmişə yeniyetmələrin sevimlisi olaraq qalmağı üstün tutdu. Mən sadəcə, öz oxucularımla qocalıram...

– Ola bilərmi özün demişkən, oxucuların yeniyetməydi deyə, sən maraqlı şair kimi qəbul olundun? Belə demək mümkünsə, savadsız bir cəmiyyətdə Aqşin Yenisey göydəndüşmə olmuşdu...
– Təkcə mən yox, ümumiyyətlə, bizim nəslin yazıçı, şair, siyasətçi kimi tanınmasında qismətimizə düşən savadsız, mütaliəsiz nəslin çox böyük rolu oldu. Mənim elə oxucularım var ki, məndən başqa heç kimi oxumayıb, onun gözündə mən yeganə dünya ədəbiyyatıyam.

– Əvvəl yazıların daha sərt olurdu... Görəsən, bu da qocalmaqla bağlıdımı?
– Mənim o yaş dövründə yazdıqlarımı yazan yeni nəsil yetişdi. Mən özünü hamıya göstərən, amma heç kimə qismət olmayan o ənənəvi həqiqətləri yeni sahiblərinə təhvil verdim.

– Təhvil verdin, bəs bu yolu uğurla davam etdirənlər varmı?
– Kütləvi həqiqətlər heç vaxt yiyəsiz qalmır.

– Yaxınlarda şeir kitabların əlimə keçdi. Bir dəfə oxuduğum kitabı ikinci dəfə də oxudum. Çoxları kimi mən də o fikirdəyəm ki, sənin Azərbaycan ədəbiyyatında sonuncu şair statusun var...
– Bu cür yanaşmalar şərti şeylərdir, əgər bu gün kitab halında oxunası şair yoxdursa, bu o demək deyil ki, məndən sonra şair yoxdu. Bu, sadəcə, o deməkdir ki, hələ məndən sonrakı mərhələ gəlib çatmayıb.

Aqşin Yenisey

Aqşin Yenisey

– Belə çıxır ki, şeirdə özünü mərhələ hesab eləyirsən, eləmi?
– Mən belə söhbətləri kənardakılardan eşidirəm. Şair üçün ən lazımsız yer ədəbiyyat tarixidir.

Mən orta məktəb dərsliklərində bizə öyrədilən heç bir şairi, yazıçını sonradan axtarmadım, oxumadım. Oxuduqlarım hamısı rəsmi tarixdən kənarda qalan müəlliflər idi.

– Amma bəzən deyirlər, çox adamlar gəldi, yazdı, amma Aqşindən sonra özü kimi maraqlı şair olmadı. Sən necə düşünürsən?
– Ayrı-ayrı şerilərə gəlincə Fərid Hüseynin, Qismətin, Şəhriyar del Gəraninin, xanımlardan Fəridə Məmmədovanın şeirləri mənim şerlərimi qatlayıb ciblərinə qoyar.

– Bəs ədəbi nəsildaşların arasında kimi uğurlu nasir hesab eləyirsən? Seymur var, Şərif var, Qan Turalı, Pərviz Cəbrayıl, Mirmehdi Ağaoğlu və başqaları var...
– Adlarını çəkdiyin yazıçıların hərəsinin öz çəkisi var və bu yazarları sovet tənqidçiləri kimi topdan dəyərləndirmək doğru deyil. Mənim əlimdən ancaq o gəlir ki, fərq qoymadan hamısını oxuyuram.

– Hər halda zövqün var, həqiqi nasir işığını kimdə görürsən?
– Mənə elə gəlir ki, biz hamımız yol qırağına düzülmüş eyni boyda olan işıq dirəkləri kimi bir şeylərik. Lakin aramızda özünü yuxarı dartmaq istəyən bəzi şalbanlar var.

– Maraqlıdı, sən özünü bir şair kimi siyasətin harasında hiss eləyirsən?
– Şair kimi siyasət mənə çox uzaqdı, amma vətəndaş kimi həmişə siyasi proseslər haqqında öz fikirlərimi yazmaq ehtiyacı hiss etmişəm. Tarixdə şairlər siyasətdəki yerləri ilə deyil, daha çox öz dövrlərinin hökmdarlarına bəslədikləri münasibətlərlə də yadda qalıblar. Məsələn, Sezarla ağzını açanda bütün Romanın uğultusunu susduran Siseronun mükalimələri, yaxud öz qılıncı ilə Asiyanın, az qala, yarısını tutmuş Topal Teymurla, öz şeirləri ilə bütün Asiyanı bürümüş Nəsiminin dini, siyasi münasibətləri, Atatürkün Nazim Hikmətə, Stalinin Bulqakova göz qoyması və s.

– İndi də yazmaq ehtiyacı hiss eləyirsənmi və yazırsanmı?
– Bir məsələ var ki, bizim nəsil yazarların çoxu qonorarla dolandıqları üçün demək olar ki, bir vaxtlar hər gün nəsə yazırdılar. Mənim elə vaxtım olub ki, yalnız dolanışıq xətrinə hər gün 2-3 sayta, qəzetə yazı yazmışam. O yazıların əksəriyyəti mənim və yaşıdlarımın daxili ehtiyacından doğan yazılar deyildi, bunu bizi tanıyanlar bilirdi. İndi isə narahat olduğum ictimai-siyasi mövzular haqqında vaxt tapdıqca yazıram. Həm də artıq yaş diktə edir ki, tarixi əhəmiyyəti olmayan mövzulara vaxt ayırmaq lazım deyil.

– Özün məişət, gəlin-qaynana, mentalitet mövzusunda xeyli yazılar yazmısan. O yazıların üstündən qara xətt çəkirsənmi?
– Yox, yazdığım bir hərfin belə üstündən imzamı götürmək fikrim yoxdur. Amma etiraf edim ki, mentalitet yuxarılarla aşağıların yeganə ortaq mövzusu olduğu üçün qonorar xətrinə ən çox yazdığımız mövzu idi. İndi yazıçı kimi tanınan dostlarımız bu mövzunu uzadıb romanlara, hekayələrə çevirdilər. Amma mənim şeirlərimdə heç vaxt məişət duyğusu olmayıb.

– Özünü ata olmamışdan qabaq necə hiss eləyirdin, indi necəsən? Atalıq hissi səndə nəyisə dəyişdimi, az da olsa müdrikləşdirdimi?
– Əksinə, atalıq məni evdə uşaq oyuncağına çevirib. Bir uşağın sevimli əşyası olmaq, nə gözəl bir hiss.

Kəramət Böyükçöl

Kəramət Böyükçöl

– Şair, hazırda redaktoru olduğun saytda müxalifət liderlərinin karikaturaları yayınlanır, onların fikirləri, çıxışları satirik gülüş hədəfinə çevrilir. Bəzən buna görə səni qınayırlar, hətta açıq tənqid də eləyirlər. Bu şeyləri sənə yaraşdırmayanlar var... Anlayırsanmı?

– Mənim üçün medianın o sən deyən tərəfləri heç vaxt əhəmiyyət daşımayıb. Bütün dünyada media müxtəlif korporativ maraqlara xidmət edir. Bu yaxınlarda Almaniya telekanallarından biri dövlətin maraqlarına xələl gətirəcək informasiyanı mediaya sızdırdığına görə “Əl-Cəzirə”də işləyən reportyorunu işdən qovdu. İlk iş yerim tələbə vaxtı "Mərkəz" qəzetində olub. Qəzetin o vaxtkı baş redaktoru Sahib Alıyev mənə istədiyim yazıları yazmaqda sərbəstlik vermişdi deyə, əsgər gedənə qədər bu qəzetdə işlədim. Əsgərlikdən sonra isə demək olar ki, bütün müxalifyönlü qəzetlərdə işləmişəm, əməkdaşlıq etmişəm. Orada da hakimiyyət nümayəndələri tənqid olunurdu, müxalifət haqqında heç nə yazmağa icazə vermirdilər. Nə vaxtsa siyasətə gəlsəm, bu suala başqa cavab verəcəyəm.

– Sən məlum xəstəliyindən sonra elə bil hakimiyyətə qarşı münasibətdə xeyli yumşaldın. Əvvəlki radikallığın itib getdi. Hətta susanda da sanki iqtidaryönümlü deputatlara oxşayırsan. Səncə, bu, xəstəxanada qəbul elədiyin dərmanların təsirindən ola bilərmi?
– Bu, artıq həddən artıq şəxsi məsələdir...

– Necə yəni?
– Mənim ölüm-qalım məsələm həll olunanda Gömrük Hospitalının baş həkimi palatada tək-tənha uzandığım halda mənə dedi ki, sən prezidentimizin göstərişi ilə müalicə olunacaqsan. Halbuki həmin vaxt ən yaxın qohumlarım belə yanımda deyildilər. Sənin bu sualının cavabında mən yalnız bir söz deyə bilərəm.

– Nə?
– Mən kişiyəm və kişinin boynunda kişi haqqının nə demək olduğunu çox yaxşı bilirəm. Həyat təkcə devalvasiyadan ibarət deyil.

– Zəlimxan Yaqub haqqında deyirlər ki, o, saray şairi olub. Sənin Zəlimxan müəllim haqqında bu fikirlərə münasibətin necədi? Rəhmətlik Xalq şairimiz düz yaşadımı, yoxsa səhv eləyirdi?
– Bilirsiz, təkcə şairlərin hökmdarala yarındığı fikri doğru deyil. Tarix boyu hökmdarların da şairlərə ehtiyacı olub. Şərqin ən bitkin tarix kitabını “Siyasətnamə”ni yazmış Nizam-Əl-Mülk Ömər Xəyyamı Səlcuqlar dövlətinin hökmdarı Məlik şahın, ondan sonra isə Alp Arslanın baş nədimi təyin etmişdi. Nədimlər hökmdarın mənəvi-fəlsəfi ustadları idilər. Yaxud Teymurləng öləndə vəsiyyət etmişdi ki, onu öz nədiminin ayaqlarını altında basdırsınlar və fatehin qəbri indi də öz müəlliminin qəbri yanındadır. Çünki adı tarixə düşmüş hökmdar unudula bilər, amma adı “Yeddi gözəl”ə düşmüş hökmdar həmişə xatırlanacaq. Amma indi biz neyləyək ki, hərənin özünün dirsəyindən uzağa çatmayan bir arşını var.

– Allah eləməsin, birdən görsən ki, xalqımızın vəziyyəti günü-gündən ağırlaşır, azad söz boğulur, insanlar öz fikirlərinə görə həbs olunur, bir şair kimi belə bir vəziyyətdə hansı hissləri keçirərsən?
– Mən Azərbaycana belə bir gün arzulamıram, amma sən deyən baş versə, onda baxarıq.

– Gələcəkdə Milli Məclisə namizədliyini vermək istəyirsənmi, heç deputat olmaq ağlından keçibmi? Səndə bu potensialı hiss eləyirəm...
– Mən gələcək haqqında yalnız şair kimi fikirləşirəm.

– Yadındadırsa xəstəxanada olanda yaman həssaslaşmışdın. Hətta bəzi insanların sənə baş çəkməməsindən gileynlənmişdin. Xəstə yatağı insanı bu qədər həssaslaşdırır ki, gözün yolda qalır, kimisə gözləyirsən? Düzü, həmin vaxt bir az xırdaçı adam təsiri bağışlamışdın...
– Bu, mənim yox, cəmiyyətin xırdaçılığıdır. Məndən hətta kimlərə nə vəsiyyət edəcəyimi soruşanlar var idi. Söz verirdilər ki, öləndən sonra çap edəcəyik, sən yaz ver bizə, ancaq bizim saytda, bizim qəzetdə yayımlansın. Həyatda baş verən hər hadisəyə hikmət dərsi kimi baxmaq lazımdı.

– Əlbəttə, həyat böyük məktəbdi.
– İki il keçməsinə baxmayaraq, bunu ilk dəfə mətbuata açıqlayıram. Gömrük Hosbitalına köçürülməyimdən 3-4 gün keçmişdi. Bir gün səhər gözümü açanda görüdüm ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov başımın üstündə durub mənə baxır. Bu, mənə görə həmin anda "heç nə" ilə "hər şey"in görüşü idi. Çünki mən artıq ölməyə hazırlaşırdım. "Qorxma, yaxşı olacaq" deyib getdi. Hansı qüvvə təyin etmişdi bu görüşü? Mən axı Mirşahinin telefonda dediyi o bir faizlik möcüzədən başqa heç kimin yolunu gözləmirdim. Bu qədər mükəmməl xilasedici planı bir anın içində kim fikirləşdi? Bu günə qədər Allahın heç quru təşəkkürünü də edə bilməmişəm.

– Səncə, ölüm ayağında bu görüşü hansı qüvvə təyin etmişdi? İnsan xəstə yatağında belə şeylərdə ilahi bir sirr axtarırmı?
– Sözün açığı, mən sovet şairləri kimi xəstəliyimlə gündəmin zəhləsini tökmək istəmirəm, amma soruşursan deyim. O vaxt hadisələr o qədər sürətlə gəlib-keçirdi ki, mən sadəcə, seyriçi idim. İndi düşünürəm ki, bəlkə də, o günlər mənim həyatımın Apokalipsis dövrü idi. Otuz beş yaşıma qədər yazdıqlarımın, yaşadıqlarımın haqq-hesabını verirdim. O gündən sonra mənim dostlarımla düşmənlərim yeniləndi, daha doğrusu, yerlərini dəyişdilər.

– Əvvəl dostların AYO-çular idi. İndi də deyirsən ki, mənim dostlarıma düşmənlərim yerlərini dəyişdilər. Ola bilərmi sən yaxın gələcəkdə Yazıçılar Birliyinin üzvü olasan? Niyə bu yerdəyişmə səni AYB-yə gətirib çıxarmasın ki?
– Mənim indi bir yazar olaraq öz müəllif həqiqətlərimlə baş-başa qalan vaxtımdır. Nə AYO-çularla, nə AYB-çilərlə heç bir şəxsi problemim yoxdur.

– Bir şair kimi Kəmaləddin Heydərova öz borcunu necə ödəyə bilərsən? Heç bu barədə düşünmüsənmi? Onun haqqında şeir, ya poema yazmağı düşünürsənmi?
– Xəstəxanadan çıxanda Kəmaləddin müəllim hətta ona təşəkkür etməyimi belə qadağan edib. Bu söhbətin şahidləri var.

– Şair, gənc yazarlara nə məsləhət görürsən? Onlar layiqli vətəndaş, layiqli şəxsiyyət olmaları üçün hansı yollarla getsinlər?
– Özüm heç vaxt heç kimin məsləhətinə qulaq asmamışam deyə heç kimə də məsləhət vermək fikrində deyiləm. Sadəcə, onu deyə bilərəm ki, insan özü özünə tale yazdıqda əsl həyatın mənasını başa düşə bilər. İnsanın özünə yazdığı bədbəxtliyin mənəvi çəkisi başqalarının yazdığı xoşbəxtliklərin çəkisindən on qat ağırdır.

– Dünya ədəbiyyatının nümayəndələri böyük idyealardan, insanlığın xilasından danışır. Bəyanatlar verirlər. Orxan Pamuk Ərdoğana mesaj göndərir ki, ölkəni bataqlığa sürüyürsən. Amerika yazıçıları Obamaya məsləhətlər verir və s. Bütün bunların fonunda sənin gözünə bizim ədəbiyyat necə görünür?
– Orxan Pamukun Ərdoğana ağıl öyrətməsinə gəlincə, bu, aşağıların gözündə ucalmaq üçündür. Hamı bilir ki, Pamuk Ərdoğanın şinelindən çıxmış yazıçıdır. Ərdoğanın siyasətdə diriltdiyi Osmanlını, Pamuk ədəbiyyatda diriltməyə cəhd edir. Orxan Pamukun aldığı Nobel ödülünün arxa üzü Ərdoğanın payına düşür.

– Şair, Qarabağ probleminin həllini nədə görürsən? Artıq bu dərd ilbəil bizdən uzaqlaşdıqca yeni yetişən hər nəsil işğal olunmuş torpqalarımız uğrunda aparılan mübarizəyə belə demək mümkünsə, dırnaqarası yanaşır. Hiss eləyirəm ki, əvvəlki mübarizə eşqimiz daha yoxdur...
– İnsanlığı hər şeydən uca tutan ən böyük yazıçılardan biri Viktor Hüqo Prusiyya Fransanı işğal edəndə humanizmi-zadı bir qırağa tullayıb, bütün fransızları vətənin müdafiəsinə çağırırdı. Bizdəki kosmopalitizm İkinci Dünya müharibəsindən sonra Avropanı bürüyən nihilizmin təsiri ilə formalaşıb. Dünyada vətəni işğal olunandan sonra kosmopolit olan bircə dənə də yazıçı yoxdur. Mən bir dəfə yazmışdım, yenə də deyirəm ki, Azərbaycan tarixdə yalnız iki dəfə öz dövlət kimliyini ortaya qoyub, hər ikisində də bu işi milliyyətçilik duyğusunun hesabına edib. Nə dini, nə dünyəvi şüur bizə azadlıq hissi bəxş etməyib. Çalışmaq lazımdır ki, bu xalqın milliyətçilik hissi heç vaxt zəifləməsin...

– Dedin, millətçilik lazımdı, eləmi?
– Bu fikrə görə məni topa tutanlara indidən cavab verim ki, mən milliyyətçilik dedikdə bizi azadlığa çıxaran hissdən danışıram, başqalarının azadlığını əlindən alan ambisiyalardan yox...

– Millətçilikdən danışdın, ağlıma bir sual gəldi: Elçibəyi çox sevirsən, yoxsa Heydər Əliyevi?
– Hər ikisin Azərbaycanın yaxın tarixinin görkəmli şəxsləridir. Məhəmməd Əmin Rəsulzadəyə qədər Azərbaycan adı tarixdə coğrafi ərazi adı kimi keçirdi, Rəsulzadə ilk dəfə 1918-ci ildə bu ada dövlət kimliyi qazandırdı. Bu kimliyin tarixiliyini qoruyan hər bir kəs mənim üçün müqəddəsdir.

– Nardaranda məlum hadisələr baş verdi. Dövlət ciddi müdaxilə göstərdi və Nardaranın mərkəzinə Azərbaycan bayrağını asdı. Bəziləri dedi ki, bu bayrağı Şuşaya sancmaq lazımdı. Bir çoxlarısa o fikirdədi ki, cəmiyyəti radikal dindarlardan qorumaq Şuşanı işğaldan azad eləməkdən daha vacib məsələdi. Dövlətin Nardaran məsələsindəki addımını necə qiymətləndirirsən? Səncə, bu məsələdə vətəndaşlar da dövlətin yanında olmalıdırmı?
– İçəridən parçalanan dövlətlə nəinki Şuşanı, heç bizim Cəlilabadı da almaq olmaz. Orta Şərqdə gedən müharibə onu göstərdi ki, son zamanlar insanların dinə axını heç də allah sevgisi üzündən deyilmiş. Qulağımızın dibində dini müharibələr törətmək üçün siyasətçilər milyardlar xərcləyirmiş. Dini təfəkkür insan azadlığı, haqq-ədalət dedikdə yalnız özünü düşünür. Məsələn, bizim müsəlmanlar Avropa dövlətlərində çadraya olan qadağaları insan azadlığına, inancına olan basqı kimi dəyərləndirirlər. Amma gəlin görək bir fransız qızı Parisdə gəzdiyi kimi hansı islam ölkəsinin paytaxtında küçəyə çıxa bilər?

– Yəni...
– Söhbət insan azadlığından gedirsə, bu bütün insanlığa aid olmalıdır. Bizim cəmiyyət bu sualları hələ özünə vermək istəmir, nəinki cavabını tapmaq istəsin.

– Xəstə olduğun vaxt Mirşahin səndən müsahibə almışdı. O müsahibə xeyli müzakirə olundu. Bu yaxınlarda isə Mirşahin ürək tutması ilə xəstəxanaya düşdü. Yazırdılar ki, indi Aqşin gedib Mirşahindən eyni məzmunlu, eyni ruhlu müsahibə alsın. Sən özün də səhv eləmirəmsə, bu barədə bir status yazmışdın. Əgər Mirşahindən müsahibə alası olsaydın, ona hansı sualları verərdin?
– Bunu bir dost zarafatı kimi yazmışdım. Mirşahin bəy peşəkar jurnalistdir. Əminəm ki, belə bir müsahibə baş tutsaydı, yenə də suallara cavab verən tərəf mən olacaqdım. Yaxşı ki, tez qalxdı...

– Bəzən deyirlər ki, bir çox yazarlarımızın başı hakimiyyətyönümlü saytlarda pul qazanmağa qaçırıb, deaktiv olublar, yazıçı kimi öz missiyalarını, “mübarizələrini” unudublar...
– Bu sual mübarizədən bəhs etdiyi üçün bu barədə ancaq çayxanada danışa bilərəm. Mübarizənin ən qızğın getdiyi bir yerdə...

– Bu yaxınlarda telejurnalist Sevil Nuriyava Şərif Ağayara yazmışdı ki, niyə işlədiyin saytda İsa Qəmbərdən müsahibə almırsan? Səncə, belə xırda həqiqətlər qarşısında məğlub olan yazıçı böyük ola bilərmi?
– Sevil xanım verdiyi cavabla oturduğu yerdə özündən qəhrəman düzəltmək istəyən hər kəs üçün bunun bədəlinin ağır olacağını göstərdi. Ona görə başqa söz demək istəmirəm.

AzNews.az

Günün bütün mövzuları

XS
SM
MD
LG