Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:13

"Dəliliyin tarixi"ni yazan Michel Foucault onu öz tərcümeyi-halı adlandırırdı...


Michel Foucault
Michel Foucault

-

Əgər XX əsrin ortalarında Fransada düşüncələrə ekzistensialist Jan-Pol Sart hakim idisə, müharibədən sonrakı illərdə onun yerini filosof və tarixçi, hər cür yarlıqları rədd eləyən Michel Foucault tutdu. Onun ilk böyük əsəri varlığa, subyektə, nə də fəlsəfənin digər ənənəvi problemlərinə yox, çılğınlığa həsr olunub. Bəs görəsən "Klassik dövrdə dəliliyin tarixi” əsəri ilə Foucaultun özünün bu anlayışa münasibəti arasında hansı əlaqə vardı.

Michel Foucaultun çılğınlığı

1978-ci ilin iyul ayında Michel Foucault – həmin dövr üçün Fransanın ən nüfuzlu və populyar intellektualı – Parisin Vojirar küçəsindəki mənzilindən çıxdı; O, tiryəkin təsiri altında idi. Yoldan keçən maşınlardan biri onu vurdu. Kənara uçan filosofa elə gəldi ki, zaman dayandı, o özü isə bədənini tərk eləyir. Mütəfəkkir ölmədi və bu yol qəzası haqqında yarimistik, yarıeyforik təcrübə kimi danışmağa başladı.

“Mənim “indi” adını verdiyim həzz o qədər dərin, o qədər dolğun, məni içində elə boğmalıdı ki, mən ona tab gətirə bilməyım. Ölüm. Daha aydın və sadə bir nümunə göstərim. Bir dəfə məni maşın vurmuşdu. Mən yolu keçirdim. Təxminən, iki saniyə öldüyümü düşündüm. Bu son dərəcə doyulmaz bir həzz idi. Çox gözəl hava vardı. Axşam saat 7, yay fəsli idi. Gün batmağa hazırlaşırdı. Səma qeyri-adi dərəcədə gözəl idi, mavi idi və sair və ilaxır. Bu mənim ən yaxşı xatirələrimdən biriydi və indi də elə qalmaqdadır”, - Foucault 1982-ci ildə verdiyi müsahibədə izah eləyirdi.

Jean-Paul Sartre və Michel Foucault 1968-ci il Fransa tələbə hərəkatı zamanı.
Jean-Paul Sartre və Michel Foucault 1968-ci il Fransa tələbə hərəkatı zamanı.

Adam nə qədər çılğın olmalıdır ki, bədbəxt hadisəni və ölümün gəlişini hiss eləməyini həyatının ən möhtəşəm həzzi adlandırsın.

Lakin “Klassik dövrdə dəliliyin tarixi” əsərinin müəllifi ruhi xəstə deyildi - ən azından, tibbi anlamda. Bununla belə Foucaultun çılğınlığa münasibəti yalnız tədqiqat obyektinə olan münasibət deyil: çılğınlığın tarixini yazmaqdan ötrü o, çılğın olmalıydı – özünəxas şəkildə.

1981-ci ildə ilk bioqrafı Didier Eribona verdiyi müsahibədə filosof onun bütün irsinə işıq salan bir replika qaçırtmışdı ağzından: “Mən hər dəfə bu və ya digər nəzəri işi görməyə çalışanda mənbə rolunu öz təcrübəmin elementləri oynayırdı”.

Buna da bax: QİSMƏT. Michel Foucalt: Zamanın cərrahiyyəsi

Məhz, buna görə o, ilk bestselleri olan, müəllifini akademik dairələrdən kənarda da məhşurlaşdıran kitabını – 1966-cı ildə işıq üzü görmüş “Sözlər və cisimlər”i sevmirdi. Qəzetlər kitabın fəlsəfədə çevriliş olduğunu yazırdılar: “Söz və cisimlər”i nümayişkəranə şəkildə kafelərdə masaların üstünə qoyurdular, az qala, çimərlikdə də oxuyurdular. Ancaq Foucault üçün o, sadəcə “məni hər şeydən çox narahat edən problemlərdən” danışmayan, “digər əsərlərimi yazanda məni bürüyən ehtirasdan” mərhum “marginal” və “texniki kitab”dır.

“Bir dəfə sizə şüurun sərhədində yaranan duyğular haqqında danışmışam: bax, bu mövzu məni həqiqətən maraqlandırır. Çılğınlıq, ölüm, seksuallıq, cinayət mənim üçün həddindən artıq əhəmiyyətli şeylərdi. Amma “Sözlər və cisimlər” mənim üçün formal məşq kimi bir şeydi”- Foucault Ducho Trombadori ilə söhbətində deyir.

“Həqiqət, hakimiyyət və mənlik” adlı müsahibəsində o, açıq şəkildə deyir: “Mənim əsərlərimin hər biri- tərcümeyi-halımın bir hissəsidir”; Foucaultun tərcümeyi-halı şüurun sərhədində yaranan duyğulara, həyəcanlara can atmaqdan ibarətdi. Bioqraf James Miller “Michel Foucaultun iztirabları” adlı əsərində həmin həyəcanları transqressiv “son hədd təcrübəsi” adlandırır: “Ona elə gəlirdi ki, sərxoşluq, arzular, sənətçinin dionissayağı bihuşluğu,ən ağrılı asketik təcrübələr və sadomazoxist erotizmin çılğın dərki yolu ilə müvəqqəti də olsa, şüurla təhtəl şüuru, ağılla, ağılsızlığı, həzlə ağrını ayıran sərhədləri keçmək mümkündür”.

Son hədd təcrübəsi istənilən sahədə canlana bilər – seksdə, çılğınlıqda, siyasətdə - harda ki, subyekt elə bir kritik nöqtəyə çatar ki, onun subyektliyi tamamilə, radikal şəkildə başqa bir şeyə çevrilər.

Özünü tapmağın, dəyişməyin və özünə qalib gəlməyin niçşevari imkanları (və zərurəti) - Foucault dünyasının təməllərindən biridir. Onun üçün ən yaxşı epitafiya “Zərdüşt”dən götürülən bu misra ola bilərdi: “Mənim Özüm mənə hələ indi qayıdır, nəhayət ki, o, evə gəlir; qayıdan həm də onun bütün parçalarıdır – uzun müddət qürbətdə olmuş və hər şeyin, bütün təsadüflərin arasına səpələnmiş parçaları”.

Maşının vurduğu və eyforik xəyalların içində günəşin qürubunu seyr eləyən epikürçü Foucault, məhz, özünü identifikasiyaya çevrilən son hədd təcrübəsinin səthindədir.

Mərkəzində Sokratın “hər şeydən əvvəl və hər şeydən çox vücudunuzun və pulunuzun yox, ruhunuzun qayğısına qalın” nəsihəti dayanan antik özünə təsir texnologiyalarına müraciət edən nəzəriyyəçi Foucault da elə ordadı.

1968-ci ildə baş verən tələbə etirazlarından vəcdə gələn aktivist Foucault da eyni məcrada axır: “Onlar inqilab eləmirlər – onlar inqilabın özüdü”.

Onun Qırmızı maya bəslədiyi rəğbət də marksist yox, nitşesayağı köklərdən qidalanır; 68-ci ilin mayı – “indi olduğumuz kimliyin məhvinin və tamamilə yeni bir şeyin yaradılmasının” örnəklərindən biridir.

O Öz sadomazoxist Foucaultya qayıdırdı. Bu Foucault hesab eləyirdi ki, sadomazoxizm “yaradıcılığın bir növü” və “insanların əvvəllər varlığından xəbərsiz olduqları yeni həzzlərin yaradılmasıdır”.

Çılğınlıq da - bir çox digərləri kimi son hədd təcrübəsidir, imkanların sərhədindən o tərəfdə olan təcrübə.

İtaliyan qəzeti “La Fiera Letteraria” verdiyi müsahibədə Foucault iddia eləyirdi ki, bəzi narkotiklər “şüursuzluq vəziyyətinə” çatmağa imkan yaradır. Ki, “bu vəziyyətdə dəlilik təcrübəsi norma ilə patologiya arasındakı fərqlərdən çox uzaqda dayanır”.

Michel Foucault portreti.
Michel Foucault portreti.

1975-ci ilin mayında filosof Ölüm Vadisində, məhz, həmin vəziyyətə çatmışdı. Gecə. Məşhur Zabriski-Poynt. Avanqard bəstəkar Karlheinz Stockhausenin “Əlaqələr” kasseti səslənir. Marixuana və LSD-nin təsiri altında olan Foucault uçurumun kənarında oturub. Hallyusinogenlərdən çəkinən mütəfəkkir yarım doza qəbul eləmək istəyirdi, amma amerikalı yol yoldaşları onu bütün dozanı qəbul eləməyə inandırdılar. İki saatdan sonra o, ulduzları göstərdi və dedi: “Səma partlayıb, ulduzlar yağış kimi üzərimə yağır. Mən bilirəm ki, bu doğru deyil, amma bu - Həqiqətdi”.

Həmin gecə Stockhausenin elektron musiqisinin sədaları altında xeyli həqiqət doğulmuşdu. Filosofu müşayiət edənlərin sözlərinə görə, Foucault bir məqamda ağlayıb və etiraf edib ki, “çox xoşbəxtdir” və “özünü yeni baxış bucağından görməyə nail olub”.

Sonralar o, dostları ilə söhbətlər zamanı həmin narkotik uymanı dəfələrlə vacib bir təcrübə kimi xatırlamışdı - çox güman ki, bu, Vojijar küçəsində avtomobilin üstündən keçməsi qədər vacib idi.

Müqəddəs Anna xəstəxanasında çılğınlıq

Foucault “Klassik dövrdə dəliliyin tarixi” əsərini “Sözlər və cisimlər”lə qarşılaşdırır, çünki birincə əsər “bilavasitə şəxsi təcrübəsini” daha dolğun əks etdirir: “Mənim dəliliyə və psixiatrık müəssisələrə qarşı şəxsi, mürəkkəb münasibətim vardı”.

Foucaultun iddialarına görə, onun bütün yaradıcılığı avtobioqrafikdir. Əgər filosofun yaxın dostları, məsələn, filosof Jil Delez, hətta universitet yoldaşları da təsdiq eləməsəydilər, onun bu iddiasına şübhə ilə yanaşmaq olardı. Dideir Eribon yazdığı bioqrafiyada 40-cı illərdə Ekol Normalda Foucault ilə birlikdə oxuyan tələbələrin replikalarını misal göstərir: “o, bütün həyatı boyu çılğınlığın gözünün içinə baxıb”, “Dəliliyin tarixi” çap olunanda onun tanıyan hər kəs başa düşdü ki, bu kitab onun öz tərcümeyi-halı ilə sıx bağlıdır”.

Buna da bax: Jan Pol Sartr. Ziyalı xalqa aşağıdan baxmalıdır

Gələcək filosof dəfələrlə onu ruhi xəstə hesab eləmələri üçün səbəblər vermişdi: bir dəfə onu auditoriyada döşəmədə uzanmış və sinəsi ülgüclə doğranmış vəziyyətdə tapmışdılar. Başqa bir gün Foucault bıçaqla tələbələrdən birini hədələmişdi; bir dəfə isə ondan hara getdiyini soruşan adama “mağazaya kəndir almağa gedirəm, özümü asmaq istəyirəm”, - deyə sərt cavab vermişdi. Onun vəziyyəti daha çox homoseksuallar üçün gecə barlarına baş çəkəndən sonra ağırlaşırdı - o illərdə Fransada homoseksuallıq hələ xəstəlik sayılırdı və cəmiyyətdən təcrid olunanların həyatı mütləq mənəvi travmalara gətirib çıxardırdı. 1938-ci ildə 22 yaşlı Foucault həqiqətən özünü öldürməyə cəhd eləmişdi və atası onu Müqəddəs Anna xəstəxanasına psixiartın yanına göndərmişdi – onun ruhi xəstələrə nəzarət eləyən müəssisə ilə tanışlığı belə baş tutmuşdu. Foucault ora təkcə pasient kimi yox, həm də psixopatologiya kursunun tələbəsi kimi gedirdi. Bu kursun dərslərinə mühazirələr, xəstələrin əyani nümayişi, həkimlərin izahı və xəstəxana ərazisi ilə tanışlıq daxil idi.

Foucault təkcə fəlsəfə üzrə yox, psixologiya üzrə də lisensiat (bakalavrla doktorluq arasındakı dərəcə-red) almaq qərarına gəlir, hətta həkim olmaq barədə fikirləşir.

1952-ci ildə o, psixopatologiya üzrə diplom müdafiə eləyir və Müqəddəs Anna xəstəxanasında stajçı kimi işə düzəlir – maaş almır, vəzifəsinin nələrdən ibarət olduğu məlum deyil.

Sonralar filosof xatırlayırdı ki, “ümumi ierarxiyada xəstələrlə həkimlər arasındakı bir pillədə idim. Ki, bunun nə şəxsi keyfiyyətlərimlə, nə də mənə qarşı xüsusi münasibətlə heç bir əlaqəsi yox idi. Sadəcə məni həkimlərdən uzaq durmağa məcbur eləyən statusumun birmənalı olmamağının nəticəsi idi. Şəxsi xidmətlərdən söz getmədiyinə əminəm, çünki yadımdadır ki, o vaxtlar özümü daima yad yerdəymişəm kimi narahat hiss eləyirdim. Yalnız bir neçə ildən sonra psixiatriyanın tarixinə həsr olunmuş kitab üzərində işləməyə başlayanda o vaxt yaşadığım narahatlıq təcrübəsi tarixi tənqid formasını aldı”.

Michel Foucault.
Michel Foucault.

Başqa bir psixiatrik xəstəxanada Foucault orucluq ərəfəsində keçirilən karnavalı müşahidə edir: xəstələr kostyumlar, maskalar hazırlayır, bəzənib-düzənmiş həkimlərlə birlikdə əylənir, axşam isə karnaval müqəvvası ilə birlikdə maskalarını da yandırırdılar. O vaxt Foucault demişdi: “Bu dəlilər bayramı ölülər bayramına bənzəyir”. Maraqlıdır ki, “Dəliliyin tarixi” əsərinin ilk fəsillərində o, çılğınlıqla ölümün əlaqəsinə çox yer ayırır.

Elə həmin illərdə Foucault həbsxanada elektroensefaloqrafiya laboratoriyasında assistent işləyir. Bu laboratoriyada kəllə-beyin travmalarını və nevroloji problemləri təşhis edirdilər.

Eribon yazır ki, beləcə Foucault akademik karyerasının lap əvvəlində təcridə məruz qoyulan iki dünya ilə - “çılğınlıq” və “qanunpozuntusu” - tanış olur.

Hər iki mövzu onun “Dəliliyin tarixi” başlığı ilə dərc olunan doktorluq dissertasiyasında araşdırılacaq.

Filosofun daha bir iş yeri də kitab üçün son dərəcə ciddi əhəmiyyət kəsb eləyəcək – Upsaldakı Fransa Mədəniyyət Mərkəzi. Foucault orda 1955-ci ildə işləməyə başlayır. Filosof, məhz, Upsal kitabxanasında naməlum həkimin nəhəng şəxsi kolleksiyasını tapır – nadir kitabxana nümunələri, məktublar, əlyazmaları, cadu kitabları, tibbin tarixinə dair, XVI-XX əsrləri əhatə eləyən əsərlər.

Foucault hər gün işdə də, işdən sonra da arxivi araşdırır – zamanla dissertasiyasının əlyazması min səhifəyə çatacaq və qeyri-standar yazı tərzinə rəğmən 1961-ci il mayın 20-də Sorbonnada müdafiə olunacaqdı.

Foucaultun elmi rəhbəri – filosof və elm tarixi üzrə mütəxəssis Jorj Kangiyem başlanğıcda psixiatriyanın ruhi xəstəlik halını monopoliyaya aldığı və onu ruhi xəstəliyə çevirdiyi ideyasına tənqidi yanaşsa da, son nəticədə verdiyi rəydə əlyazmanın dahi fəlsəfi məziyyətlərə malik olduğunu etiraf eləmişdi: “Bu araşdırmanın əhəmiyyəti son dərəcə aşkardır. Çünki cənab Foucault, İntibah dövründən bu günə qədər mövcud olmuş ruhi xəstəlik təcrübəsindəki rəngarəngliyi bir an belə gözdən qaçırtmır. Müasir insan bu rəngarəngliyi plastik sənətlərin, ədəbiyyatın, fəlsəfənin güzgüsündə əks olunmuş şəkildə mənimsəyir. Foucault əsas xətləri gah dolaşdırıb, gah da çözdüyü üçün onun dissertasiyası eyni zamanda həm analizdir, həm də sintez. Onların sərtliyi dissertasiyanın oxunuşunu asanlaşdırmır, lakin düşüncə ilə kompensasiya olunur”.

Klassik dövrdə ruhi xəstəliklər

Yaxşı, bəs Foucault üçün ruhi xəstəlik nədi? O, nəyin tarixini yazıb?

Məntiq tələb eləyir ki, belə düşünək: əgər tarixçi hər hansı bir predmetin tarixini yazırsa, əvvəlcə onun tərifini verəcək. Amma Foucault bütün kitab boyu çılğınlığa vahid və dəqiq tərif vermir. Maurice Blanchotun da qeyd elədiyi kimi, “Foucault çılğınlıq haqqında sadəcə dolayı yolla danışır. Onu ilk növbədə gözəl (ya da pis) günlərin birində adi inzibati bir sərəncamla işə salınmış fərqlənmək qabiliyyəti maraqlandırırdı”.

Bu sükut – ya da əksinə çılğınlığın həddindən artıq geniş anlamda dərki – ona gətirib çıxartdı ki, çılğınlıq halının, ümumiyyətlə, mövcud olmadığı barədə tezisi Foucaultun adına yazmağa başladılar.

Ancaq “Dəliliyin tarixi”ndə bu tezisə tamamilə zidd olan məsələ araşdırılır: Müxtəlif dövrlərdə çılğınlıq necə təsəvvür eləyiblər? O özünü hansı institusiolan formalarda büruzə verirdi? Tarixi quruluşların dəyişməsi cəmiyyətin ruhi xəstəliyə qarşı münasibətini necə dəyişirdi? Ruhi xəstəliklər bu gün bizim qəbul elədiyimiz formaya – xüsusi müalicə tələb edən psixi xəstəliyə necə çevrilib? Ruhi xəstələri mühakimə eləməyə başlayan ağıllı insan necə peyda olub?

Buna da bax: Umberto Eco: "Şair yanğın zamanı kreslonun üstünə çıxıb şeir deməməlidir"

Çılğınlıq bioloji xəstəlik olması – nisbətən yaxın dövrlərin kəşfidir. Orta Əsrlərdə və İntibah dövründə ruhi xəstələr cəmiyyətə daha çox inteqrasiya eləmişdilər, nəinki Yeni Dövrdə. Foucaultun 1970-ci ildə oxuduğu mühazirədə dediyi kimi, “qədimlərdə ruhi xəstələrin cəmiyyətin içində yaşamasına icazə verilirdi. "Kənd çılğını" adlandırılan adam evlənmirdi, oyunlarda iştirak eləmirdi, amma digərləri onu yedirib-geyindirirdilər. O, kənddən-kəndə keçirdi, hərdən orduya yazılırdı, hərdən də səyyar alverçilik eləyirdi”.

Ruhi xəstə azğınlıq eləməyə başlayanda onu şəhərdən kənarda məskunlaşdırır, hərdən də şəhəri çılğınlardan xilas eləsinlər deyə dənizçilərin himayəsinə verirdilər; çox güman ki, Hieronymus Bosch məşhur “Səfehlər gəmisi” əsərinin süjetini elə burdan götürüb.

İlk səhifələrdə peyda olan bu obraz – “səfeh özü səfeh məkiyində o biri dünyaya yollanır və o biri dünyadan gələrək sahilə lövbər atır” – bütün kitab üçün həlledici rol oynayan obrazlardan biridi.

Boschun, Bruegelin, Dürerin rəsmlərini, Montaigne-nin, Cervantesin, Shakespeare-nin əsərlərini analiz edən Foucault belə bir nəticəyə gəlir: bir vaxtlar çılğınlıq təcrübəsi o biri, sehrli dünya güclərinə xas təcrübə olub; eyni zamanda həm qorxudan, həm də cəzb edən, faciəvi və sehrli bir təcrübə; çılğınlığın insanın qüsuru kimi yox, insan təbiətinin qaranlıq guşələri haqqında fantastik kəşf kimitəqdim edən təcrübə.

Lakin zamanla nələrsə yolundan sapdı – Foucaultun “Böyük dustaqlıq” adlandırdığı şey baş verdi. Çılğınlığın əzəmətli taxıtından endirdilər, zərərsizləşdirdilər və təcrid elədilər – həm təxəyyüllərdə, həm də cəmiyyətdə.

Monten ağlını itirmiş şair Torkvato Tasso barəsində, az qala, vəcdlə yazırdı: "Çılğınlığın azad ruhun uçuşları, qeyri-adi, misilsiz məziyyətlərləri ilə necə əlaqəsi olduğunu kim bilmir ki?”..

Növbəti əsrdə isə Descartes “Düşüncələr” əsərində artıq çılğınlıqdan tamamilə üz “çevirirdi”: “Düşünməyi bacaran “məni”in onunla heç bir əlaqəsi yoxdu, çünki özü-özlüyündə çılğınlıq düşüncə aktı ola bilməz”. Çılğınlığın səsdən məhrum edildiyi böyük rassional fəlsəfə dövrü belə başlayır.

Düşüncələrin əsirliyi sosial əsirliyə gətirib çıxardır: Hələ Descartesın sağlığında “sütunlarla, dəmir xaltalarla, kameralarla, yeraltı hücrələrlə” təchiz olunmuş hospitallar, xüsusi evlər açılmağa başlayır; adətən, onlar keçmiş cüzamlıların məkanlarında yerləşirdi, buna görə də sakinlər cəmiyyətdən təcrid olunanların stiqmatlarını miras alırdılar.

Kralın fərmanına əsasən, bu müəssisələr “bütün və hər növ iğtişaşların, qarışıqlıqların mənbəyi olan səfilliyə və avaraçılığıa mane olmalı” idilər.

Əslində isə ora təkcə səfillər yox, əlillər, qocalar, xəstələr, tüfeylilər, fahişələr, pozğunlar, kafirlər də düşürlər. XVII əsrdə təkcə Parisdə artıq altı min insan – şəhər əhalisinin 1%-i həmi müəssisələrə salınmışdı.

İnkişaf etməkdə olan sənaye cəmiyyətində işləməyi bacarmayanların, ya da doğru düşünməyənlərin mövcudluğu get-gedə daha da dözülməz olurdu. Göyərtəsindən yaradılışın bütün ağılsızlıqları, titrəyişləri görünən səfehlər gəmisi xaotik sularda dolaşmağa son qoydu və həbsxanaya, sonra da psixiartik xəstəxanaya çevrildi.

Qədim, kosmik çılğınlar susdu, lakin o, birdəfəlik yox olmadı, sadəcə yuxuya gedib – “Nietzschenin sonuncu nitqləri, Vincent van Goghun sonuncu qarabasmaları, məhz, onu oyatmışdı”.

Cəmiyyətin rədd eləməsinə baxmayaraq, hələ ArtaudNerval kimi yaradıcılar çılğınlıq təcrübəsini ifadə eləməyə qadirdilər. “Dəliliyin tarixi”nin də hədəfi elə budur – yüzillər boyu çoxsaylı sosial təcrübələr, siyasi institutlar, etik dəyərlər, tibbi diaqnozlar vasitəsilə susmağa məcbur edilənlərin səsini qaytarmaq: “Dünyanın bu mızıltısına qulaq vermək lazımdı, heç vaxt poeziyaya çevrilməyən obrazları, rəngbərəng çalarlara boyanmayan xəyalları, qarabasmaları görməyə çalışmaq lazımdı”..

1964-cü ildə Nietzscheyə həsr olunmuş konfransdakı diskussiya Foucaultnun çılğınlığı estetikləşdirməkdə nə qədər ardıcıl olduğunu göstərir:

“Sual: Yeri gəlmişkən, ruhi xəstəlik haqqında. Siz dediniz ki, ruhi xəstəlik təcrübəsi mütləq bilgiyə ən çox yaxınlaşma nöqtəsidir... Doğrudan, belə fikirləşirsiniz?

Foucault: Bəli.

Sual: Bəlkə siz “şüuru”, ya da “ruhi xəstəlik ərəfəsində” olmağı, ya da onun gəlişini hiss etməyi nəzərdə tuturdunuz? Siz güman eləyirsiniz ki, bu mümkündü... Nitşe kimi dahi insanların “dəlilik təcrübəsi” olub?

Foucault: elədir ki, var”.

“Dəliliyin tarixi” aşağıdakı tezislə başa çatır: “Saddan və Goyyadan sonra müasir dünyada ağlını itirmək istənilən yaradıcılığın həlledici məqamlarından biridir – başqa sözlə desək, yaradıcılığın təməlində olan ölümcül, qüdrətli stixiyalara daxildir”.

Əlbəttə, kitab normativlər və patologiya, hakimiyyət texnologiyası, tibbi biliklər, hakimiyyətlə bilginin əlaqəsi, yeni subyektivliyin formalaşması ilə bağlı olan bir çox problemlərə toxunur — onların hamısı Foucaultnun növbəti əsərlərinə köçəcək. Lakin bütün bunlardan əlavə “Dəliliyin tarixi”, Səfehlər gəmisinin yelkənlərini yenidən küləklə doldurmaqdan ötrü yazılmışdı – o gəmi şüurun sərhədlərinə doğru sirli səyahətini davam etdirsin deyə...

Mənbə: gorky.media

Müəllif: Stas Naranoviç

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG