Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Azərbaycan boyda ölkədə cəmi 10 nəfər yazıçının oxunması utancverici haldır...


Detektiv yazar Müşfiq Xan.

Detektiv yazar Müşfiq Xan.

-

Azərbaycanda həmişə detektiv ədəbiyyat çox satılıb, bu təkcə azərbaycanda belə deyil, əksər ölkələrin kitab bazarında xarakterik haldır. Kitabları çox satılan və detektiv yazar kimi tanınmış Müşfiq Xan Oxu Zalına müsahibəsində bu növ ədəbiyyatın sevilməsinin sirrlərindən, həmçinin dünya ədəbiyyatında detektiv ədəbiyyata ögey münasibətdən bəhs edib.

- Ədəbiyyat üzrə Nobel mükafatı bu il Bob Dylana verildi. Belə deyək, hətta musiqiçi belə Nobel aldı, amma detektiv yazarlar bu mükafatdan uzaq saxlanılır. Sanki detektiv janr ədəbiyyatın ögey oğludur. İstərdim həm bu məsələyə münasibət bildirəsiniz, həm də paralel olaraq Nobel Komitəsinin builki qərarını şərh edəsiniz.

- Hər şeydən əvvəl bir azərbaycanlı naşir olaraq məni Bob Dylanın Nobel almasından daha çox, nəyə görə bizim yazıçıların ölkə hüdudlarını aşa bilməməsi narahat edir. Bizim Nobelə ən çox yaxınlaşdığı danışılan yazıçılarımız belə öz ölkəmizdə yetərincə oxunmur.

Ard-arda bir neçə ildir Nobelə namizəd göstərilən yapon yazıçı Haruki Murakami bu il də mükafatı ala bilməyib.

Ard-arda bir neçə ildir Nobelə namizəd göstərilən yapon yazıçı Haruki Murakami bu il də mükafatı ala bilməyib.

Bob Dylana gəlincə, əlbəttə, o qazandı, necə deyərlər, fərasəti ilə, “I`m a poet” – deməklə qazandı. Belə nümunələr dünyanın hər yerində var. Murakamini isə bu dəfə də evə əliboş göndərmək, küsdürmək, məncə ən böyük haqsızlıq oldu. Heç olmasa “Norveç meşəsi”nə görə bunu ona etməməli idilər.

Detektivə ədəbiyyatda həmişə ögey münasibət olub və məncə on illər keçsə də, bu belə qalacaq. Sırf özüm üçün bu seçiciliyin səbəbini bir neçə dəfə ciddi araşdırıb bu qərara gəlmişəm. Mənə görə detektiv janrın “Nobel”i 1954-cü ildən bəri hər il Amerika Detektiv Yazıçılar Assosiasiyası tərəfindən verilən Edgar Allan Po mükafatıdır.

Buna da bax: Azərbaycan yazıçılarının Bob Dylan polemikası: Murakami varkən niyə Dylan?

- Azərbaycan yazıçılarının böyük əksəriyyəti ürəklərində də olsa, Nobel alacaqları günü arzulayırlar. Sizdə də belə bir arzu varmı? Və hazırki vəziyyəti nəzərə alaraq Nobelə görə janrınızı dəyişməyi fikirləşirsinizmi?

Nobel mükafatı da hələlik planlarıma daxil deyil. Bundan vacib planlarım var.

- Bu günə qədər 10 bədii kitabım yayımlanıb. Bunlardan üçü detektiv janrda deyil. Yəni detektiv süjet qurub üzərində roman işləmək mənim üçün hobbi olsa da, başqa janrlarda da yazmışam. Bunlardan biri son çap olunan “5.45” adlı hekayələr kitabımdır. Etiraf edirəm ki, onların yazı prosesi mənə detektiv qədər əyləncəli gəlmir və sırf iş kimi yanaşıram.

Stephen King qorxu və detektiv janrda yazanlar üçün verilən Edgar Alan Poe mükafatını alarkən. 2016-cı il.

Stephen King qorxu və detektiv janrda yazanlar üçün verilən Edgar Alan Poe mükafatını alarkən. 2016-cı il.

Xeyli zamandır ümumiyyətlə heç nə arzu etmirəm. Özüm üçün öhdəsindən gələ biləcəyim irili-xırdalı planlar qurub onlarla uğraşıram. Bu avtomotivasiya proqramım məni daha çox çalışmağa həvəsləndirir. Hərdəmxəyallığın daşını çoxdan atmışam. Nobel mükafatı da hələlik planlarıma daxil deyil. Bundan vacib planlarım var. Məsələn, dünya detektiv yazıçılarının çoxsatanlarının siyahısına düşmək kimi. Vaxt olduqca bu istiqamətdə çalışıram.

- Adəyən sizi tam da detektiv ədəbiyyata aid hesab etmirlər. Sizin əsərlərinizdə detektiv janrla, ədəbiyyat detalları 50-50 təşkil edir. Sizin özünüz bu bölgü nisbətini necə görürsünüz?

- Həmin fikirlərlə istisnasız razılaşıram. Onlar mənim əsərlərimdən heç olmasa ikisini, üçünü oxuyan insanlardır. Əksini düşünənlərə və deyənlərə isə vaxt ayırıb təkcə “Qatil üçün nekroloq” romanını oxumalarını tövsiyə edirəm. "Detektiv yazıçı" adından isə canımı 5 ildir qurtarmışam. Bu 2010-2011-ci illər idi – ilk iki romanım çap olunan illər. Məni heç bir ədəbiyyat saytı, nəinki ədəbiyyat, heç digər saytlar da dərc etmirdi. Bayaq dediyiniz əsil ögeyliyi mən o zamanlar hiss edirdim. Amma “Ümidlərin izi ilə” və “Sonuncu hədiyyə” romanlarından sonra mənim üçün çətin olan o illər geridə qaldı. İndi dərc olunmaq kimi bir qayğım yoxdur. Televiziya və radio efirlərindən isə 2 ildir ki, imtina etmişəm.

- Hazırda “Hədəf” nəşriyyatının direktorusunuz. Bildiyim qədərilə çox vaxtlarda gecə saatlarına qədər işləyirsiniz. Bəs bu gərgin iş rejimində yaradıcılığa necə vaxt ayırırsınız? Özü də sizi məhsuldar yazıçı hesab etmək olar. Bunu necə bacarırsınız?

Şəxsi yaradıcılığıma ayırdığım zamanı yuxu saatımdan kəsirəm.

- Şəxsi yaradıcılığıma ayırdığım zamanı yuxu saatımdan kəsirəm, yəni gün ərzində normal sağlam insanlar kimi 7 saat deyil, 2-3 saat yatıram. Hər yeni romanda məndə günəşə qarşı ixtiyarsız bir asılılıq yaranır – həmin gecəki yazı prosesini sübdən günəşi görmədən yekunlaşdıra bilmirəm. Bir ay, iki ay, üç ay, ta ki, roman bitənə qədər. Sonra biz bir-birimizi unuduruq. Bu mənim istirahət aylarıma düşür. Ümumiyyətlə, bu proses dövri təkrarlanır məndə.

Buna da bax: Nəşriyyat rəhbəri: "Sabah vəziyyət necə olacaq, bilmirəm"

- Adətən naşirlərimiz oxuculardan şikayət edir. Mən isə sizdən yazıçılarımızı soruşmaq istəyirəm. Yazıçılarımızdan razısınızmı? Hansı imzalar var ki, Azərbaycan olaraq dünyaya tanıda biləcəyimizi düşünürsünüz? Yəni yazıçılarımız dünya ədəbiyyatı ilə ayaqlaşa bilirmi?

Azərbaycan boyda ölkədə cəmi 10 nəfər yazıçı oxunur. Bu, həqiqətən utancverici bir vəziyyətdir.

- Bugünkü yazarları təhlil etmək olduqca məsuliyyətli və müzakirə tələb edən bir məsələdir. Bilirsiz, məni bir şey məyus edir, çağdaş yazarlardan çap etdiyimiz olduqca tutarlı imzaların kitabları düşündüyümüz, proqnozlaşdırdığımız və bəlkə də görmək istədiyimiz effekti qətiyyən vermir. Azərbaycan boyda ölkədə cəmi 10 nəfər yazıçı oxunur. Bu, həqiqətən utancverici bir vəziyyətdir. Təsəvvür edirsiz, nəşriyyata elə böyük ümidlərlə kitab çap etdirməyə gələn yazıçılar olur ki, ay elə oxunacaq, belə böyük reaksiya yaradacaq oxucularda, filan. Onlara bu ölkədə, bizim oxucuları kitabla heç cür təəccübləndirə bilməyəcəklərini deməyə mən şəxsən ürək eləmirəm.

Müşfiq Xan oxucuları üçün kitab imzalayarkən.

Müşfiq Xan oxucuları üçün kitab imzalayarkən.

Yusif Vəziri, Cəlil Məmmədquluzadəni, Cavidi, Cabbarlını, Mikayıl Müşfiqi, Ordubadini, Mirzə Kazım bəyi və onlarla başqa imzaları ölkə xaricində yetərincə təbliğ etmək, bunun üçün planlar işləyib hazırlamaq lazımdır. Təkcə Nizami, Füzuli, Nəsimi ilə iş bitmir. Yaxud da dövlətin verdiyi imtiyazlarından təkcə cənab Anar və ya hörmətli Elçin müəllif istifadə edib xaricdə tirajlanmamalıdır, başqa haqqı olanlar da payını almalı, təbliğ edilməlidir. Yaxud da nəbilim, Azərbaycan yazıçısının əsərinin təbliği, kitabının çapı Yazıçılar Birliyində Xəyal Rzanın kommersiya maraqlarının ümidinə qalmamalıdır. Və sair və ilaxır.

- Nəşriyyatlar və yazıçıların bir yaralı yeri var: Tərcüməçilər. Hamısı şikayət edir ki, yaxşı-pis xarici dildən Azərbaycan dilinə tərcümə edənlər var, ancaq bizim dildə ingilisə, rusa tərcümə edən, keyfiyyətli tərcüməçilər demək olar ki, yoxdur. Mənə maraqlıdır ki, siz də artıq uzun illərdir naşir kimi çalışırsınız. Bu illər ərzində nəşriyyat olaraq bir tərcüməçi yetişdirmək olmazdımı? Yəni universitetin birinci kursundan bir tələbəni nəşriyyat olaraq himayəniz altına alıb, onu xaricdə kurslara, master klaslara göndərsəniz, artıq sizin peşəkar tərcüməçiniz olardı. Bu barədə nə düşünürsünüz?

- Əla təklifdir. Mümkünsüz deyil, əlbəttə. Amma asan olmadığını da deməliyəm. Birincisi, özəl nəşriyyatlar tərcüməçi ştatı ayıra bilmir. İkincisi və ən vacibi isə bizdə kitab-nəşriyyat sahəsində çalışan əməkdaşlarla uzunmüddətli planlar qurmaq müşkül məsələdir. Onlar daha gəlirli iş tapan kimi qeybə çəkilirlər. Bunun səbəbi isə bəllidir – Azərbaycanda kitab bir biznes sahəsi kimi inkişaf etməyib. Ola bilər azacıq işartıları, cücərtiləri görünür, amma hələ qarşıda böyük, uzun və ağır bir yol var. Və hər şeydən əvvəl bu iş, yəni kitaba olan maraq kütləviləşməlidir. Bu baş vermədiyi müddətcə nə yaxşı əsərdən, nə də tərcümədən danışmağa dəyməz. Diqqət edirsinizsə, mən yaxşı yazıçı, yaxud yaxşı tərcüməçi demirəm, çünki bu böyük yanlış olar. Onlar var – istər yaxşı yazıçı, istərsə də, tərcüməçi. Sadəcə onları öz işlərində həvəsləndirmək lazımdır ki, keyfiyyətli nəticə göstərsinlər.

Buna da bax: Ayda 5-10 ədəd satılan kitab Azərbaycanda bestseller sayılır

- Bildiyim qədərilə yeni roman yazmısınız. İstərdik oxucular üçün bu roman haqqında geniş məlumat verəsiniz. Bir də roman nə vaxt işıq üzü görəcək?

Müşfiq Xanın yeni kitabı "Yalnızlığın bal ayı"

Müşfiq Xanın yeni kitabı "Yalnızlığın bal ayı"

- Bəli, yeni roman olacaq – “Yalnızlığın bal ayı” adlanır. Təxminən 300 səhifəlik bir kitabdır və psixoloji-məhəbbət janrındadır, yəni detektiv deyil. Sağlıq olsun, oktyabrın sonu bütün kitab mağazalarında olacaq. Bu “U geni” romanımdan sonra ikinci əsərdir ki, qəhrəmanları azərbaycanlılar deyil. Hadisələr Hyustonda vüsət alır, sonra isə Nel və Evanın başına səyahətlərdə keçən gözlənilməz hadisələr gəlir. Onu da deyim ki, Nel, 27 yaşlı kimya müəllimi Evanın şagirdidir və ondan 10 yaş kiçikdir. Romanda bir-birini sevən insanların cəmiyyətdə oturuşmuş dini, sinfi, mədəni qaydalara, tabulara qarşı mübarizəsini, sevginin ən müqəddəs bir hiss olduğunu, bir insanın ölümündən ta ki, kütləvi qırğınlara, müharibələrə qədər hər şeyin səbəbinin insanların sevgi hissinin azalmasının, itməsinin olduğunu açıb göstərmək istəmişəm.

Roman çapdan çıxanda oxucular gözəl bir sürprizlə qarşılaşacaqlar. İndilik bunun nə olduğunu demək istəmirəm. Amma bu, Azərbaycan kitabçılığında bir ilk olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG