Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın yüksək vəzifəli nümayəndələri ilə görüş keçirib.

Görüş ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan liderlərinin Qarabağ münaqişəsinin həllinə hazır olmaması haqqında bəyanatına Rəsmi Bakının mənfi reaksiyası ilə əlaqədar olub.

Bu haqda “Turan” İnformasiya Agentliyi xəbər verir.

C.Kerrinin sözlərini şərh etməyən səfir ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib.

“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın ərazi bütövlüyü və başqa prinsiplərin nəzərə alınmalı olunduğu barədə dəfələrlə, o cümlədən prezident İlham Əliyevin mart ayında Vaşinqtona səfəri zamanı bəyanat verib”, deyə Sekuta bildirib.

Buna da bax:​ ABŞ Azərbaycan hökumətindən növbəti addımlar gözləyir

R.Sekutanın sözlərinə görə, Minsk Qrupu həmsədrləri tərəfləri bir araya gətirmək və tərəflərin münaqişənin həll olunması istiqamətində irəliləyə biləcəkləri yolları müəyyən etmək istəyirlər. Lakin, səfir qeyd edib ki, münaqişənin həll olunması barədə yalnız tərəflər özləri razılaşa bilərlər, razılaşma zorla qəbul etdirilə bilməz. Üstəlik, bu zorla qəbul etdirmə kənardan ola bilməz.

O, ABŞ-ın münaqişə zonasında “insidentlərin davam etməsindən” narahatlığını bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsində istənilən insan itkisinə dərindən təəssüf edir və dərin hüznlə başsağlığımızı ifadə edirik”, deyə Sekuta bildirib.

Prezident İlham Əliyev də bu gün, oktyabrın 7-si Nazirlər Kabinetinin iclasında ABŞ dövlət katibinin həmin fikirlərinə tənqidi münasibət bildirib:

“Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz”, İ.Əliyev qeyd edib.

Buna da bax:​ ABŞ səfiri Qızların Liderlik Təşəbbüsü düşərgəsində

Azərbaycan rəsmilərinin Vaşinqtonun ünvanına tənqidləri Azərbaycan müxalifətində xoş qarşılanmayıb.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunan şəxslər də mətbuata açıqlamalarında belə bir sual gündəliyə gətiriblər.

“İlham Əliyev Vladimir Putindən “İsgəndər” raketləri haqda niyə soruşmur?

Bununla onlar Rusiyanın Ermənistanı silahlandırmasını və Azərbaycan hakimiyyətinin bunu sükutla qarşılamasını gündəliyə gətiriblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Həmsədr ölkələr, ABŞ, Fransa və Rusiyadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG