Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:03

Yaradıcılıq fondu yaradıcılığa nə kömək edir?


Ağa Cəfərli
Ağa Cəfərli

-

Azərbaycanda yaradıcı sahəyə dəstək vermək üçün dövlətin yaratdığı təşkilatların fəaliyyəti daim tənqid olunur. Azərbaycan Yaradıcılıq Fondunun isə "Quran motivləri əsasında hekayə müsabiqəsi" bəzi yazıçılar tərəfindən tənqidlə qarşılanmışdı. Oxu Zalı Yaradıcılıq Fondunun fəaliyyəti ilə bağlı fondun mətbuat katibi Ağa Cəfərli ilə müsahibəni təqdim edir.

– Bildiyim qədərilə Yaradıcılıq Fondu Sovet dövründə yaradılmış Azərbaycan Mədəniyyət Fondunun varisidir. Sonradan adı dəyişdirilib. İstərdim bir az bu barədə məlumat verərdiniz.

– Bəli, fond 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilib və 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyət göstərib. 2008-ci ildən Azərbaycan Yaradıcılıq Fondu adlanmağa başlayıb. Qurumun təsisçiləri sırasında Azərbaycan Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Kinematoqrafçılar İttifaqı, Yazıçılar İttifaqı, Teatr Xadimləri İttifaqı, Jurnalistlər İttifaqı, Elmlər Akademiyası, M.F.Axundov adına Milli Kitabxana, Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti var. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev olub. Professor Kamal Abdulla isə o vaxtdan sədrin birinci müavini kimi çalışıb. 1991-ci ildə 2-ci Konfrans keçirilib və idarə heyətinin qərarı ilə professor Kamal Abdulla sədr seçilib. Həmin konfransda çıxış edən yeni sədr belə bir fikir səsləndirir ki, Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub. Biz isə artıq müstəqil dövlət olduğumuz üçün bu fondun tərkibində qala bilmərik. Buna görə də bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etmədi vəmüstəqil qurum kimi fəaliyyət göstərdi. O vaxt Fondda Almaniyadakı “Avropa Türk-İslam Kültür Birliyi”nin nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlayıb.

Azərbaycan yaradıcılıq fondunun iş otağı.
Azərbaycan yaradıcılıq fondunun iş otağı.

Fondun əsas məqsədi Azərbaycanda bütün yaradıcı sahələrin inkişafına, habelə yaradıcılıqla məşğul olan şəxslərin fəaliyyətinə dəstək olmaqdır. Əsasnaməmizdən çıxış etsək fəaliyyət istiqamətlərimiz az-çox aydınlaşacaq: milli xalq yaradıcılığı nümunələrinin araşdırmaq, dünya yaradıcılıq irsini ölkə əhalisinə dolğun şəkildə çatdırmaq, yeniyetmə və gənclərin mənəvi-intellektual səviyyəsinin inkişafına yardım göstərmək, ölkə daxilində və xaricdə sərgilər, konfranslar təşkil etmək, xarici ölkələrdə fəaliyyət göstərən yaradıcılıq fondları və aidiyyəti təşkilatlarla ortaq layihələr həyata keçirmək, xeyriyyə aksiyaları, dəyirmi masalar, kurslar və seminarlar təşkil etmək kimi genişçaplı işlər hamısı bizim üçün prioritetdir.

Buna da bax: Dini mövzuda şeir müsabiqəsi elan olundu

– “Quran motivləri əsasında hekayə” müsabiqəsi də mətbuatda çox müzakirə olundu. Yaradıcılıq Fondu əsas bununla yadda qaldı. Hətta məhz “Quran” motivlərinin ədəbiyyata gətirilməsi də bir çoxları tərəfindən tənqid edildi.

– İş olan yerdə tənqid də olacaq. Buna normal yanaşmaq lazımdır. Haqlı tənqiddirsə, bundan nəticə çıxarmağa, yol verilən səhvləri düzəltməyə ehtiyac yaranır. Amma biz adını çəkdiyiniz müsabiqədən sonra daha çox qərəzli yanaşmanın şahidi olduq.

Dünya ədəbiyyatında dini motivlər əsasında çox gözəl əsərlər yaranıb. Götürək, Azərbaycanda demək olar ki, hamının adını eşitdiyi Dostoyevski və Tolstoyu. Onlar məhz “İncil” motivləri əsasında fəlsəfi-estetik şedevrlər yaradıblar. Başqa misallar da çəkmək olar. Ancaq düşünürəm ki, elə bu iki ad kifayətdir. Bizim nəsrdə isə bu ənənə çox zəifdir. Bəlkə də bizdə də belə ənənə olsaydı, daha yaxşı nəsr əsərləri yaranacaqdı? Nə bilmək olar?

Biz məhz bu ənənəni yaratmaq, inkişaf etdirmək məqsədilə “Quran motivləri əsasında” hekayə müsabiqəsi keçirdik. Çox yaxşı da nəticə verdi. Dini motivlər əsasında yazılmış maraqlı hekayələr ortaya çıxdı və mənə elə gəlir ki, indən belə bu proses davamlı olacaq.

Yeri gəlmişkən, istərdim, bu günlərdə nəticələri elan olunacaq,Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi haqqında danışım. Müsabiqə bu dəfə təkcə “Quran”a yox, bütün səmavi kitablara istinad edən poeziya nümunələrini əhatə edir. Bu yanaşma böyük marağa səbəb oldu. Müsabiqəyə 70-ə yaxın şeir təqdim olunmuşdu. Artıq münsiflər heyəti dəyərləndirmə prosesini başa çatdırıb.

Onu da deyim ki, gələcəkdə də bu cür müsabiqələr keçiriləcək.Təklif var ki, “Dini motivli qısa film” müsabiqəsi də keçirək. Bunun üzərində fikirləşirik.

– Fond bu günə qədər hansı layihələri həyata keçirib?

– Belə demək mümkündürsə, ən çox yaşı olan layihəmiz "Sönməyən ulduzlar” teatrıdır. Bu teatr 1990-cı illərdə yaradılıb. O dövrdə siyasi proseslər, Qarabağ hadisələri teatra münasibəti, mədəniyyət tədbirlərini bir növ ikinci plana atmışdı. Məhz buna görə işsiz qalmış, təqaüdə çıxmış məşhur yaradıcı adamlarımızı, xalq artistlərini, əməkdar artistləri bir araya gətirmək üçün bu cür layihə həyata keçirildi. Özünüz bilirsiniz ki, yaradıcı adamlar boş dayana bilmirlər, mütləq öz sənətləri ilə məşğul olmalıdırlar. Təsəvvür edin: Muxtar Avşarov, Muxtar Maniyev, Məhluqə Sadıqova, Sofa Bəsirzadə kimi yaşlı sənətkarlar teatrdan çıxarılmışdı. Çoxları fikirləşirdi ki, bu qoca adamlar daha teatra lazım deyil. Və sonucda görkəmli adamlarımız həm mənəvi, həm də maddi baxımdan əziyyət çəkirdilər. Bu səbəbdən də 1992-ci ildə belə sənətkarları bir yerə toplamaq, onların yaradıcılıq gecələrini, benefislərini keçirmək məqsədi ilə assosiasiya yaratmağa qərar verildi. Sonradan bu assosiasiyanın adı “Sönməyən ulduzlar”oldu. Bu adın qoyulmasında hədəf yaşlı sənətkarlarımızın sənət ulduzlarının hələ sönmədiyini, onların öz peşələrindən, incəsənətdən uzaqlaşdırılmasının tez və əsassız olduğunu göstərmək idi. Assosiasiyanın rəhbəri tanınmış mədəniyyət işçisi Cahangir Aslanoğlu, onun müavini isə sevimli aktrisamız Leyla Bədirbəyli oldu.

"Sönməyən ulduzlar" teatrının bir tamaşası.
"Sönməyən ulduzlar" teatrının bir tamaşası.

1998-ci ildə isə “Sönməyən ulduzlar” teatrı yarandı. Teatrın bədii rəhbəri rejissor Adil İsgəndərovun davamçısı, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov idi. Vaxtilə o, A. İsgəndərovla birlikdə Akademik Milli Dram Teatrında S. Vurğunun “Vaqif” əsərini tamaşaya qoymuşdu. “Sönməyən ulduzlar” teatrında da ilk olaraq elə bu əsər səhnələşdirildi. Tamaşada Gülxar Həsənova, Mustafa Süleymanov, Muxtar Avşarov, Ələddin Abbasov, Muxtar Maniyev, Elmira Şabanova, Şəfiqə Qasımova kimi güclü aktyor heyəti iştirak edirdi. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynandı. Uğurla keçən bu tamaşadan sonra Məmmədkamal Kazımov C. Cabbarlının 100 illiyi münasibəti ilə“Solğun çiçəklər” əsərini səhnələşdirdi. Bu tamaşa da çox yüksək səviyyədə keçdi. M. Kazımov dünyasını dəyişəndən sonra teatrın baş rejissoru tanınmış sənətkar Hafiz Fətullayev oldu. Qısa müddət ərzində o, Şıxəli Qurbanovun məşhur “Sənsiz” əsərinihazırladı.

İndi isə teatra əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı rəhbərlik edir. 2014-cü il iyun ayının 16-da Teatr Xadimləri İttifaqının tamaşa zalında “Sönməyən ulduzlar” teatrının ifasında dahi Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyası nümayiş olunub. “Sönməyən ulduzlar” teatrının ifasında göstərilən tamaşadan əldə olunan vəsait qocaman mədəniyyət xadimlərinə verilib.

Buna da bax: İki ədəbiyyat mükafatı verilib

– Bir ara gənc yazıçıların kitablarını da çap edirdiniz. Bu layihə davam edir, yoxsa artıq yekunlaşıb?

Yaradıcılıq Fondunun çap etdirdiyi bəzi kitablar.
Yaradıcılıq Fondunun çap etdirdiyi bəzi kitablar.

– Düşünürəm ki, həmin layihə çox maraqlı, əhəmiyyətli və faydalıdır. Bu layihə çərçivəsində “Yaradıcılıq Fondunun kitabxanası” seriyasından Ömər Xəyyamın “Sayrışan hallar”, İkinci Mahmudun “Ümid arısı” , Fəridə Məmmədovanın “Sevgili üçün notlar” , Alik Əlioğlunun “Günəş qalib gəldi” , Ramilə Qurbanlının“33 pərdəli dram”, Qan Turalının “Fələk qırmancı” kitabları çap olunub. Yaxın vaxtlarda yeni kitabların nəşrini nəzərdə tuturuq. Müəlliflər bizə əsərlərini göndərirlər,bu əsərlər ekspertlər tərəfindən dəyərləndirilir və ələkdən keçənləri çapa imzalanır. Üzümüzdə gələn aylarda Aqşin Evrənin, Ulucay Akifin, Fərhad Amurun kitablarını, eləcə də, Qismətin tərcüməsində Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr”ini, bir də kollektiv iş olan “Paris Revyu müsahibələri”ni çap etmək planımız var.

– Belə bir fikir var ki, ədəbiyyat qurumları ətrafında dəstəbazlıq yaradılır. Yaradıcılıq Fondu ətrafında da ayrıca bir dəstəbazlıq var. Bu fikrə münasiəbtiniz necədir?

– Bizdə dəstəbazlıq yoxdur. Fondun iki nəşri var: Sim-sim.az və “Multikulturalizm” jurnalı. Hər iki nəşrimizdə heç bir qadağa olmadan hər kəsi çap edirik. Sim-sim.az-ın artıq bir yaşı tamam oldu. Bu sayt demək olar ki, akademik saytdır və çalışırıq ki, reytinq dalınca qaçmayaq. Həmçinin “Multikulturalizm” jurnalının birinci sayı işıq üzü görüb və il ərzində daha 3 sayı çap olunacaq. Hər iki orqanımızda kimliyindən, tutduğu vəzifədən asılı olmadan hər kəs çap edilir. Əsas odur ki, istedadlı mətn ortaya qoyulsun.

Ümumi qənaətimiz də budur ki, hamını çap etməliyik. Hamını çap etməyə hazırıq, amma təbii, hər şeyi yox.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG