Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:38

Amerika cəmi 10 min suriyalı qaçqını qəbul edib


Suriyalı qaçqınlar
Suriyalı qaçqınlar

İkinci Dünya müharibəsindən bəri ən fəlakətli qaçqın böhranıyla bağlı Birləşmiş Ştatlar da hərəkətə gəlib, suriyalı qaçqınları qəbul etməyə başlayıb. Amma «The Washington Post» qəzeti baş məqaləsində bu tədbirləri problemin miqyasına və ABŞ-ın potensialına adekvat saymır.

Ötən həftə Ağ Ev elan edib ki, administrasiya bu maliyyə ilində hədəfinə çatıb, 10 min suriyalıya sığınacaq verib. Rəsmilər gələn aylar və həftələr ərzində sığınacaq müraciətlərinin qəbulunun davam edəcəyini bildiriblər.

65 MİN SURİYALIYA SIĞINACAQ VERİLSƏ...

«Bu təvazökar rəqəm 5 milyonluq suriyalı qaçqının ortaya qoyduğu problemlə ayaqlaşmır. Həmin qaçqınların 1.1 milyonu artıq Avropadadır. Almaniya, Fransa, Britaniya və digər Qərb ölkələrinin – hələ Türkiyə, Livan və İordaniyanı demirik, – qaçqınların yerləşdirilməsiylə bağlı proqramlarıyla müqayisədə Amerikanın səyləri çox cılız görünür. Əhalisi ABŞ-dakının 1/10-inə bərabər olan Kanada ötən ilin payızdan bəri üç dəfə artıq suriyalı qaçqını yerləşdirib. Vaşinqtonun oktyabrın 1-dən başlanan yeni maliyyə ilindəki hədəfi bu ildəkindən elə də çox deyil», - qəzet yazır.

Buna da bax-'Hicablı müsəlman qadınların iş ərizələrinə baxılmır'

«Vyetnam müharibəsindən sonra bu ölkəyə yüz minlərlə vyetnamlı gəldi. 1980-ci ildə 120 mindən artıq kubalı Birləşmiş Ştatlara keçdi. Merilend ştatının keçmiş qubernatoru Martin O'Malley qeyd edir ki, əgər 320 milyon əhalisi olan ABŞ 65 min suriyalıya sığınacaq versə, bu, statistik baxımdan 32 min nəfərlik tutumu olan beysbol stadionuna 6.5 nəfər əlavə etməyə bərabər olardı. Qaçqınları böyük təhlükə sayan siyasətçilərin yanaşmasına baxmayaraq, 40-dək ştatda kiçik şəhərlərdə məskunlaşmış qaçqınlara amerikalı qonşuları müsbət yanaşıb», - qəzet yazır.

«CİDDİ YOXLAMADAN KEÇİRLƏR»

Məqalədə vurğulanır ki, siyasi əngəllər daha çox Yaxın Şərq və müsəlmanlara qarşı ksenofobiya, terror hücumları sarıdan qorxuyla bağlıdır, nəinki suriyalı qaçqınların yaratdığı spesifik, yaxud real hədəylə.

«Ötən il yerləşdirilmiş suriyalı qaçqınların çoxu uşaqlar və qadınlardır. Onların və ya dünyanın digər nöqtələrində qəbul edilmiş 75 min qaçqının indi, yaxud gələcəkdə təhlükəsizliyə hədə yaradacağını söyləmək mümkün deyil. Üstəlik, suriyalı qaçqınlar intensiv və hərtərəfli təhlükəsizlik yoxlamasına məruz qalır. Onlar ABŞ rəsmiləri ilə üzbəüz müsahibələrdən keçir, sosial media hesabları ciddi nəzarət altındadır».

«Bundan öncəki irland, italyan, yəhudi və vyetnamlı immiqrant və qaçqınları da bəzi amerikalılar nifrət, qorxuyla qarşılamışdı. İndi suriyalılar eyni yanaşmayla üzləşirlər. Amma sələfləri kimi, suriyalılar da ABŞ-dakı 150 min həmvətəninə qoşularaq yeni və məhsuldar həyat yaşamaqla Amerika dinamizminə öz töhfələrini verəcəklər».

XS
SM
MD
LG