Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

AB Türkiyəylə viza rejimini sadələşdirməsə…


R.T.Erdoğan və Angela Merkel
R.T.Erdoğan və Angela Merkel

«Türkiyənin Avropa Birliyi ilə imzaladığı, Yunanıstana qaçqın axınını önləməyi hədəfləyən saziş getdikcə daha kövrək görünür».

«Bloomberg» agentliyinin əməkdaşı Jonathan Stearns bu razılaşmanın perspektivlərindən söz açır.

Türkiyə ölkə içində və qonşu Suriyada «İslam Dövləti» (İŞİD) qruplaşması yaraqlıları və kürdlərlə döyüşür, prezident Recep Tayyip Erdoğan antiterror qanunvericiliyini məhdudlaşdırmayacağını bildirir. Avropa liderləri bu qanunun demokratik standartlara zərbə vurduğunu iddia edirlər. Amma hətta əgər Erdoğan dəyişiklik etsə belə, AB qarşılığında Türkiyəyə vizasız səyahət rejimi verməyə həvəsli görünmür. ABŞ-ın Alman Marşal Fondunda xarici siyasət direktoru Ian Lesser belə deyir. AB oktyabradək vədinə əməl etməsə, Türkiyə də miqrant paktını dayandıracağını bildirib.

DAHA AZ RİSKLİ

«İndiki şəraitdə Türkiyəylə viza rejiminin liberallaşdırılması AB-dən ötrü ağır məsələdir. Bu, Avropada siyasi partlayış yarada bilər. Qaçqın sazişinin gələcəyinə şübhəylə yanaşıram», - Lesser müsahibəsində deyib.

Buna da bax-'Türkiyə AB-Azərbaycan münasibətlərinə təsir göstərə bilər'

Müəllif yazır ki, Türkiyəylə martda saziş imzalanandan çox şey dəyişib. Erdoğan iyuldakı çevriliş cəhdinə sərt reaksiya verib, minlərlə saxlanan, işdən çıxarılan var, Avropa Yaxın Şərqdə terrorçuluğun yayılmasından əndişələnir… Miqrant sazişindən öncə də Egey dənizi vasitəsilə Yunanıstana qaçqın axınının azalması Avropa hökumətlərini ümidləndirir. Onlar indi Erdoğan-a verdikləri sözü tutmaqdansa, onun burnunun üstündən vura, bunun daha az riskli olduğunu düşünə bilərlər.

«Türkiyəylə saziş bağlanandan sonra qaçqın axını xeyli azaldı. Amma daha öncə də AB hökumətləri Yunanıstanın şimalından keçən tranzit marşrutlarını bağlamış, daxili sərhəd qadağaları tətbiq etmişdi. AB bu ilin sonuna həmin nəzarəti qaldırmağı düşünür, amma Türkiyəyə etibarı azaltmaq yolunu seçsələr, nəzarət 2018-ci ilin ortasınadək uzadıla bilər», -müəllif yazır.

QƏLİZ MƏSƏLƏ

Almaniya kansleri Angela Merkel avqustun 22-də deyib ki, qaçqın məsələsində Türkiyəylə əməkdaşlığın düzgünlüyündən əmindir. «Əks halda, qaçaqçılarla savaşı uda bilmərik», - kansler əlavə edib.

Həmin sazişə görə, Türkiyə Yunanıstana qanunsuz keçmiş miqrantları geri qəbul etməyə razılaşıb. Əvəzində Erdoğan-a Avropaya sadələşdirilmiş viza rejimi, miqrantlara 6 milyard avro yardım, 2005-ci ildə başlanmış üzvlük danışıqlarının sürətləndirilməsi vəd olunub.

Buna da bax-ABŞ kürdlərə əmr etdi: Fərat çayını keçməyin!

«Uğursuz çevriliş cəhdindən sonra Türkiyədə baş verənlər, özəlliklə, Erdoğan-ın reaksiyası viza qaydalarının liberallaşdırılmasını çətinləşdirir», - bunu Brüsseldəki Avropa Siyasət Araşdırmaları Mərkəzinin tədqiqatçısı Hrant Kostanyan deyir. «Siyasətin rolu böyükdür. Türkiyənin misalında xeyli qəlizliklər var».

AB İMTİNA ETSƏ BELƏ...

Yazıda Ankaranın bir sıra Avropa ölkələriylə əlaqələrinin gərginləşdiyi vurğulanır - Avstriyadakı səfirini geri çağırıb, İsveç və İtaliya ilə söz atışması davam edir. Amma müəllif vurğulayır ki, hətta AB vizasız rejimdən imtina etsə belə, Türkiyə yeni bir savaşa girməyə meyl göstərməyə bilər. Axı bu günlərdə Türkiyə hakimiyyəti iqtisadiyyatını qorumağa, investorların ölkədən çıxmasını əngəlləməyə çalışır.

Brüsseldəki Avropa Siyasəti Mərkəzinin təhlilçisi Amanda Paul deyir ki, Erdoğan-ın AB hökumətlərini dilemmadan qurtaracağına inanır.

«Məncə, Türkiyə onların şərtlərinə əməl etməyəcək. Türkiyə indiki məqamda ölkədə təhlükəsizlik durumu səbəbindən antiterror qanununa düzəliş edən deyil», - o vurğulayır.

AB həmin antiterror qanununun xeyli sərt olduğunu bildirir, Avropa standartlarına uyğunlaşdırılmasını tələb edir.

XS
SM
MD
LG