Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:05

Azərbaycanda "gülənçi ovu" - klan davası


Türkiyədə Gülənin şəkillərini yandırırlar

Türkiyədə Gülənin şəkillərini yandırırlar

Azərbaycanda Gülən tərəfdarı axtarışı, ifşası, "gülənçi ovu" daxili sabitliyi poza bilərmi? Hakimiyyət daxilində çəkişmələrə, eləcə də cəmiyyətdə gərginliyə gətirə bilərmi? Yəni bunun sabitliyə ciddi təhlükəsi varmı? Çünki gülənçilər belə çoxdursa, onlar sakit durmaya da bilər. Bu da məsələnin başqa tərəfidir.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, əslində “gülənçi ovu” adı altında hakimiyyətdaxili klanların və qruplaşmaların mübarizəsi gedir. Bu mübarizəyə görə bəzi təhlükələr mövcud ola bilər. Siyasi şərhçi gülənçilərin Azərbaycana o qədər çox ciddi təsiri ola biləcəyinə isə inanmır:

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

“Hər şey ondan asılı olacaq ki, həbslərin miqyası nə qədər böyük olacaq və kimləri əhatə edəcək. Əgər işə tanınmış siyasi liderlər əlavə olunacaqsa və bu həbslər dalğası iriçaplı məmurları ehtiva edəcəksə, bu baxımdan klanlararası mübarizənin daha ağır və şiddətli formada cərəyan edəcəyini istisna etmək olmaz. Ancaq əgər bu hansısa müxalifət liderinə təzyiq üçün orta ranqda həbslər formasında davam edəcəksə inanmıram ki, bu sabitliyin pozulmasına yönələcək addım olsun.

Əlbəttə ki, qarşıdan referendum gəlir. Azərbaycan hakimiyyəti bu referendumdan narahatdır. Odur ki, yaxın vaxtlarda bu həbs dalğasının daha genişmiqyaslı ola biləcəyini düşünmək olar. Mən ehtimal edirəm ki, Azərbaycan hakimiyyətinə yaxın simaların da bu işlə bağlı həbsi istisna deyil.

Bu baxımdan referendum qabağı sabitliyin pozulmasına cəhdlər göstərilə bilər. Ancaq geniş mənada yaxın müddət ərzində kataklizmlərin ola biləcəyini ehtimal etmirəm. Kataklizmlər Azərbaycan kimi ölkələrdə həmişə ehtimal olunur və qaçılmaz görünür. Ancaq yaxın vaxtlarda çox ciddi kataklizmlər gözlənilmir.

Əslində Azərbaycanda “gülənçi ovu” adı altında hakimiyyətin özünün siyasi rəqiblərini sıradan çıxarmaq tendensiyası müşahidə olunur. Eyni zamanda “gülənçi ovu” adı altında hakimiyyətdaxili klanların və qruplaşmaların mübarizəsi gedir. Bu mübarizəyə görə təhlükə mövcuddur.

Əks təqdirdə mən inanmıram ki, gülənçilərin Azərbaycana o qədər çox ciddi təsiri ola bilsin ki, onlar Azərbaycanda hansısa çox ciddi proseslərin təməlini qoya bilsinlər. Sadəcə olaraq klanlar arası mübarizə şiddətli bir mübarizəyə transfer etdiyinə görə “Gülən təhlükəsi “ adı altında savaş aparılır. Bu savaşın özü təhlükəli ola bilər”.

"İŞARTILARI GÖRÜNƏRDİ"

Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Azərbaycanda gülənçi təhlükəsinin ola biləcəyinə inanmır. Onun fikrincə belə bir təhlükə mövcud olsaydı, onun müəyyən qığılcımları hiss olunardı:

Ərstun Oruclu

Ərstun Oruclu

“Bu gülənçilər mövzusunda bu qədər təhlükənin, xofun yaradılmasında siyasi maraqlar durur. Bu təkcə Azərbaycanda yox, elə Türkiyədə də belədir. Hazırda Erdoğan hakimiyyəti həbslər, işdən çıxarmalar faktiki olaraq kütləvi represiyalar aparır. Məlum əməllər sahibi olan AKP hökumətinə müxalif adamların bu ad altında təmizlənməsi prosesi gedir. Onların sıxışdırılmasıdır, təqib olunmasıdır.

Və eyni zamanda Türkiyə hökuməti tələblərini başqa ölkələrə qarşı da irəli sürməklə Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi ölkələri faktiki olaraq onları şantaj etməklə məşğuldur. Düşünmürəm ki, Azərbaycanda gülənçi təhlükəsi var. Çünki belə bir təhlükə olsaydı, həmin təhlükənin müəyyən işartıları, müəyyən əlamətləri olardı, görünərdi.

Kimləri isə indi vaxtı ilə Gülən məktəblərində oxuduğuna görə, Gülən universitetini bitirdiyinə görə təqib etmək, gülənçi kimi damğalamaq “əcinnə ovu”dur. Bunlar məlum ssenarilərdir. Tarixdə belə şeylər çox olub. Burda məqsəd yenə də opponentlərə qarşı istifadə etməkdir.

Bu daha çox siyasi opponentlərin sıradan çıxarılması üçün istifadə olunan texnologiyadır. Eyni zamanda həm də Rrdoğan hökumətinə bir mesajdır, xoş niyyətin ifadəsidir ki, baxın sizin əmrinizi icra etdik. Başqa heç bir şey deyil. Belə bir təhlükə yoxdur, ola da bilməz. Ona görə ki, Azərbaycanda bütün təhlükələrin mənbəyi qabiliyyətsiz hakimiyyətdir. Mən düşünmürəm ki, gülənçi və ya bir başqası Azərbaycana bu qədər zərbə vura bilər.”

İMİTASİYA

Siyasi şərhçi Nəsimi Məmmədli bildirir ki, “gülənçilərlə mübarizə” adı altında bu gün görülən mənzərə bir imitasiyadır:

“Azərbaycanda gülənçilərlə mübarizə adı altında bu gün müşahidə etdiyimiz mənzərə daha çox imitasiya xarakterlidir. Faktiki olaraq Türkiyədə başlamış proseslə müqayisə etdikdə, Türkiyə cəmiyyəti və dövləti üçün Fətullah Gülənin yaratdığı təhlükə Azərbaycan üçün hansısa bir formada təhlükə yaratması cəmiyyət üçün tam şəkildə qaranlıqdır.

Faktiki olaraq hakimiyyət nümayəndələrinin də başlatdığı proses, apardığı iş məhz o “gülənçilik” adı altında başlanmış iş hansıa bir formada zərbə vurmaq yox, sadəcə olaraq cəmiyyətdə daha çox narahat olduğu, fəaliyyətindən çəkindiyi qüvvələri zərərsizləşdirmək xətti götürməkdir.

Bu baxımdan Azərbaycanda istər ictimai mühit üçün, istər siyasi mühit üçün gülənçilərin hansısa təhlükə törətməsi hakimiyyət tərəfindən ciddi şəkildə izah edilməlidir. Bununla bağlı əgər cinayət işi başlanılıbsa, mütləq cəmiyyətə bu barədə bilgi verilməlidir ki, bunların törətdiyi təhlükə ölkəmiz üçün nədən ibarətdir. Faktiki olaraq burda apardıqları fəaliyyət, gördükləri işlər cəmiyyətdə hansı gərginlik yarada bilər.

Təbii ki, biz bunu müşahidə etmirik. Gülənçilərlə bağlı məsələdə Azərbaycan tərəfinin bu gün ölkə daxilində apardığı siyasət faktiki olaraq anlaşılmaz bir siyasətdir. Görünür ki. hansısa bir formada Türkiyə Cumhuriyyətinə, rəhbərliyinə göstərmək cəhdi var ki, bizdə də bu sahədə müəyyən addımlar atılıb.

Mediadan da bəllidir ki, faktiki olaraq “gülənçi” adı altında nurçu cameəsinə dəstək verən qruplar daha çox Azərbaycan hakimiyyəti ilə işləyiblər. Bununla bağlı çoxsaylı videogörüntülər, yazılı məlumatlar var. Onların Azərbaycanda nəşr olunan kitablarının da böyük əksəriyyətinin redaktorluğu hakimiyyətin ən yaxın, ən üst çevrəsinə aid olan insanların yaxın olan adamları tərəfindən edilib.

Bu baxımdan, hakimiyyət əgər gülənçilərə qarşı gerçək bir kampaniya başladarsa, təbii ki, bu ölkədə hansısa bir formada ictimai-siyasi nəticə doğura bilər. Amma hakimiyyətin belə bir niyyəti olmadığı ortadadır. Daha çox öz rəqiblərini nüfuzdan salmaq, gözdən salmaq, təqib etmək üçün başladığı bir prosesdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG