Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 03:47

Yazıçılar facebook vasitəsilə oxucuların altşüuruna necə nüfuz edir? [sorğu]


Facebook illustrasiya.

Facebook illustrasiya.

-

"Əminəm ki, yaxşı şeir, yaxşı hekayəm facebook dostlarım üçün daha dəyərlidi, nəinki hər hansı müğənninin yarıçılpaq şəkili".

Bəxtiyar Hidayət

"İqtidar-müxalifət mübarizəsi adlanan saxta oyunun əsil mahiyyətinin açılmasında da mənmi statuslarımın nəzərəcarpan önəmi olmalıdır".

Nadir Qocabəyli

“Çöl Qala” kitabım haqda paylaşmalardan yüzdən artıq mesaj aldım. Gəldiyim qənaət belədi – şüurlara təsiri deyə bilmərəm, amma məncə yazdıqlarım xeyli dostun qəlbini duyğulandırır.​

Vahid Qazi

"Təəssüf, heç kim iddia edə bilməz ki, o sosial şəbəkədəki izləyicilərinə təsir etmək iqtidarındadır".​

Elxan Xanəlizadə

"Facebook bu gün çoxluğa xitab edəcək yeganə yerdir. Burdakı fikirlərin kimlərinsə altşüuruna işləyir, kimlərisə düşündürür. Hansısa hadisəyə olan məntiqli reaksiyan hadisənin görünməyən tərəflərinə işıq salır". ​

Ayxan Ayvaz

"Facebook insanların şüurunda siyasi olaraq heç bir yeni fikir yaratmayıb, əksinə 90-lardan fərqli olaraq belə bir ciddi mövzu lağlağı və mənasız sarkazm halını alıb. Əli klavyaturaya çatan, özündən başqa hər kəsi suçlu bilir, bütün problemləri özündən kənarda axtarır".

Günel Treu

Müasir dövrdə Azərbaycan yazıçıları, şairlərinin əksəriyyəti fikirlərini daha çox sosial-şəbəkələrdə, xüsusilə də facebookda ifadə edir. Bəzi yazıçılar məhz facebookdakı izləyicilərinin hesabına məşhurlaşıb, fikirləri, əsərlərindən sitatlar dillər əzbəri olub. Bəs görəsən facebookun ən aktiv yazıçı istifadəçiləri orda nə üçün yazırlar, onların yazdıqları oxucularının düşüncələrinə təsir edirmi? Oxu Zalı bu sualın cavabını axtarır.

Bəxtiyar Hidayət

Şair Bəxtiyar Hidayət.

Şair Bəxtiyar Hidayət.

Əvvəla fb-dəki imkanlar üçün Mark müəllimə təşəkkür etmək lazım. Cavab olaraq onu deyim ki, fb- də yazdılarım adətən statuslar, şeirlər olur, hekayələri isə saytlardan “copy” edib burada paylaşıram. Təsir gücünü mən deyə bilmərəm. Bəzən görürsən yaxşı qarşılanır, bəzən görürsən üstündən keçdilər, bəzən görməzdən gəldilər, filan. Sosial şəbəkələrdə adi bir şəkil bəzən daha yaxşı reytinq qazandırır, nəinki əla bir şeir və yaxud hekayə. Amma mənim dostluğumdakı insanların əksəri qələm əhli olduğundan, düşüncə insanları olduğundan əminəm ki, yaxşı şeir, yaxşı hekayəm onlar üçün daha dəyərlidi, nəinki hər hansı müğənninin yarıçılpaq şəkili. Mən dostlardan razıyam. Özümü də qaldırıb dağ başına qoymuram. Elə özümlə götürüm, mənim öz düşüncəmə kimsənin yazdığı necə təsir edib? Bəli, bu təsirlər çox olub. Deməli mən də hardasa kiminsə düşüncəsinə təsir etmişəm.

Buna da bax: "Qadın yazarlar gender problemindən danışır [Sorğu]"

Nadir Qocabəyli

Tərcüməçi, yazar Nadir Qocabəyli.

Tərcüməçi, yazar Nadir Qocabəyli.

Məncə, bu dünyada heç nə təsirsiz ötüşmədiyi kimi, mənim yazılarım, fikirlərim də insanların düşüncələrinin formalaşmasında müəyyən rol oynayır. Hesab edirəm ki, cəmiyyətimizə uzun illər söylənən yalanların faş olunmasında cüzi də olsa, xidmətim var. Qərbdəki ideal və xoşbəxt həyat, demokratiya, azad həyat və digər illüziyalar, eyforik meyillərlə bağlı yazdığım statuslar insanları diksindirərək ayıldır. İqtidar-müxalifət mübarizəsi adlanan saxta oyunun əsil mahiyyətinin açılmasında da mənmi statuslarımın nəzərəcarpan önəmi olmalıdır.

Vahid Qazi

Yazıçı Vahid Qazi.

Yazıçı Vahid Qazi.

"Sosial şəbəkədə “düşüncələrə təsir etmək”, “şüur formalaşdırmaq” böyük missiyadı. Şübhəsiz bunu bacaranlar var. “Facebook ölkəsi” adlı köhnə bir yazıda yazmışdım ki, şair oxucularını poeziya gecələrindən, müəllim tələbələrini auditoriyalardan, siyasi lider tərəfdarlarını meydanlardan çəkib burda başına yığır. Davam edərək deyim ki, onların işi çoxluqladı. Mənimsə çoxluqla işim nə vaxtsa olub, amma daha yoxdu. Bəlkə də bundan qaynaqlanır ki, şüurlara təsir etmək kimi məqsəd güdmürəm. Mənə tək-tək adamla ünsiyyət maraqlıdı. Sosial şəbəkədə daha çox bloqumda dərc etdiyim yazıları paylaşıram. Bu yazılar da əsasən bədii-publisistik, yaxud ictimai-siyasi xarakterli yazılardı. Aldığım rəylərdən mən faydalandığım kimi, düşünürəm, verdiyim cavablardan dostlar da yararlanır. Fikir mübadiləsindən isə hər ikimiz. “Çöl Qala” kitabım haqda paylaşmalardan yüzdən artıq mesaj aldım. Gəldiyim qənaət belədi – şüurlara təsiri deyə bilmərəm, amma məncə yazdıqlarım xeyli dostun qəlbini duyğulandırır. Qarabağa yönəlik statuslarda da bunu hiss edirəm. Qıcıqlanan dostlar da olur, xüsusən, “Namizədlər” silsiləsindən yazıları bölüşəndə duydum bunu. Ədəbi şüura gələndəsə, mənzərə kədərlidi, çünki ədəbi zövqü formalaşdıran mühit yoxdu. Belə olan halda, 50-100 nəfərlik şəbəkə dostuna qane olub, onlarla baş-başa qalırsan və bu kiçik qrupla ünsiyyətdən olmazın zövqün alırsan."

Elxan Xanəlizadə

Yazıçı Elxan Xanəlizadə.

Yazıçı Elxan Xanəlizadə.

Azərbaycan insanının böyük əksəriyyəti facebookda və digər sosial şəbəkələrdə olduğu kimi yox, olmaq istədiyi kimi görünməyə cəhd elədiyindən, onların düşüncəsinə əsaslı təsir olmur. Təəssüf, heç kim iddia edə bilməz ki, o sosial şəbəkə istifadəçilərinə təsir etmək iqtidarındadır. Kimsə qismən yönləndirə, istiqamət dəyişdirə bilər. Amma ondan artığını bacarmaz.

Buna da bax: "Azərbaycanda estetik dava varmı? [Sorğu]"

Ayxan Ayvaz

Yazıçı Ayxan Ayvaz.

Yazıçı Ayxan Ayvaz.

Facebook küçədi. Küçədə dediklərini hamı eşitmir, Facebookda da eynən. Sözü eşitmək istəyənlər eşidir, qulaq ardına vuranlar isə həmişə olub və olacaq. Ancaq Facebook bu gün çoxluğa xitab edəcək yeganə yerdir. Burdakı fikirlərin kimlərinsə altşüuruna işləyir, kimlərisə düşündürür. Hansısa hadisəyə olan məntiqli reaksiyan hadisənin görünməyən tərəflərinə işıq salır. İnsanlar o işıqda şüurlarını yuyurlar. Facebook ən azından bir anlıq kimisə yerində saxlayır, stop işarəsi kimi. Ancaq təəssüf ki, çox vaxt burda olanlar boşluqdan əziyyət çəkirlər və onlar üçün şüur formalaşdırmaq deyil, avaraçılıq formalaşdırmaq daha məqsədəuyğun olur.

Günel Treu

Şairə Günel Treu.

Şairə Günel Treu.

Hərdən baxıram ki,insanlar adi bir rəsmə və fikrə daha çox reaksiya verirlər, nəinki bir ciddi yazıya. Məsələn bildiyin dildə hansısa yazı tərcümə edib, paylaşırsan, kimdənsə reaksiya və ya hər hansı tənqidi fikir bilidirən yoxdur. Amma bütün bunlarla yanaşı şəbəkədə xeyli yaxşı, səviyyəli, ağıllı dostlar tapmışam, əlbəttə buna şadam. Eyni zamanda əksəriyyət “facebook” dostlarımın mənə "müəllimə" və ya "hocam" deyə müraciət etməsi də çox xoşuma gəlir. Məncə mən yazdıqlarımla, paylaşdıqım fikirlərimlə dostlarımda vicdanlı müəllim obrazını yarada bilmişəm və bundan xeyli məmnunam. Ancaq deyim ki, “fb” insanların şüurunda siyasi olaraq heç bir yeni fikir yaratmayıb, əksinə 90-lardan fərqli olaraq belə bir ciddi mövzu lağlağı və mənasız sarkazm halını alıb. Əli klavyaturaya çatan, özündən başqa hər kəsi suçlu bilir, bütün problemləri özündən kənarda axtarır. Bu hal məndə çox böyük qıcıq yaradır. Lakin bunu ədəbiyyata aid etməzdim, şəxsən ədəbi baxımdan özümün ədəbi camedə müəyyən yeri olan savadlı, intellektli dostlardan xeylax "oğurladıqlarım" var. Fikirlərinə, düşüncələrinə, oxuduğu kitablara, dünyagörüşünə hörmət etdiyim və eyni zamanda faydalandığım bir çox dostlarıma təşəkkür edirəm. Facebookhəm də gənc yazarların tanınması və "ələnməsi" üçün ən rahat və geniş meydan yeridir. İstedadın varsa, buyur, göstər, biz də səni sevək, oxuyaq.

XS
SM
MD
LG