Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:17

-

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi , general-mayor Akif Çovdarovun cinayət işi üzrə istintaq başa çatıb. Hazırda vəkillər işin materialları ilə tanış olur.

Bunu APA-ya Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyib.

Xəbərdə bildirilir ki, cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılacağı bildirilir.

Avqustun 22-də virtualaz.org saytı isə Akif Çovdarovun aclıq aksiyasına başlaması barədə məlumat yayıb. A.Çovdarovun istintaqdan narazı olduğu bildirilir.

A.Çovdarovun yaxınları, vəkilləri bu xəbəri şərh etməyiblər.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən də bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb

A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir.

A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma )və daha bir neçə ağır maddələr ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Həmin vaxt bu hadisələr ölkə mətbuatında ən müxtəlif şəkildə dəyərləndirilib. Ancaq əsasən iki versiya daha çox səslənib.

Bir qisim yazarlar bunu sərvət uğrunda mübarizə, başqa yazarlar isə ölkənin rəhbər şəxslərinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması kimi dəyərləndirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG