Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

Bosniyada film çəkən Azərbaycan rejissoru orda gördüklərindən danışır [müsahibə]


Azərbaycanlı dokumentalist rejissor Elcan Məmmədov

Azərbaycanlı dokumentalist rejissor Elcan Məmmədov

-

Oxu zalının növbəti həmsöhbəti sənədli filmlər rejissoru və çox maraqlı insan Elcan Məmmədovdu. Elcan bəy müsahibəyə əlidolu gəlmişdi – məşhur fransız rejissoru, “Yeni Dalğa” cərəyanının yaradıcılarından biri olan Jean-Luc Godardın “Son nəfəsdə” filminin Azərbaycan dilinə tərcümə olunmuş variantı ilə. Sən demə, o, dostları ilə birlikdə klassik kino nümunələrini azərbaycan dilinə çevirməyə çalışırmış.

Elcan Məmmədov: Qərara gəldik ki, məhz, Godardın “Son nəfəsdə” filmindən başlayaq – “Yeni Dalğa”nın manifestindən. Mətni Şahin Hüseynli tərcümə eləyib. Şahin Strasburqda oxuyub, fransızca çox yaxşı bilir, kinonu da sevir. Üç nəfər – montajçı Sərxan Vəliyeb, Şahin və mən komanda olduq, bu filmi çevirdik və davam eləmək istəyirik. Bunun əhəmiyyəti böyükdü. Məncə, fransiz dili öyrənənlər üçün də çox vacibdi.

-Subtitrlədi, yoxsa səsələndirmə?

-Subtitr. O birinə gücümüz çatmazdı. Həm də keyfiyyətinə zəmanət verə bilmərik, elə imkanımız yoxdu. Bu filmi də Bastiliya günündə Fransa səfirinə təqdim eləmək üçün bir az tələsik hazırladıq. İstəyirdik baxsınlar, bəlkə maraqlı gəldi. Hələ ki, onlardan bir səs yoxdu. Amma açıq deyim: bu illər ərzində gəldiyim nəticə odu ki, nəyisə gözləməkdənsə, hərəkət eləmək yaxşıdı. Gözləmək alınmır.

Buna da bax: "Yuxuları filmə köçürən rejissor - Michel Gondry"

-Bəs bu layihəni Mədəniyyət Nazirliyinə təqdim eləmisinizmi, ya da eləmək fikriniz varmı?

-Açığı, onlarla heç vaxt əlaqəm olmayıb və bu mənim üçün bir bariyerə çevrilib. Əgər kiminsə əlaqəsi varsa və desə ki, gəlin, işləyək, etiraz eləmərik.

-Elcan bəy, bir az özünüz haqqında məlumat verərdiz..

-Kinoda işləməyə başlamağım təsadüfən olub. Ancaq yaxşı təsadüf idi. 2003-cü ildə məni “İnternews” ictimai birliyinə işə götürdülər. Regional qəzetlərlərlə bağlı bir layihədə işləyirdim. Bildiyiniz kimi “İnternews” sənədli filmlər, televiziya üçün layihələrə texniki dəstək verən çox böyük bir qurum idi.

Elcan Məmmədov film çəkilişi zamanı.

Elcan Məmmədov film çəkilişi zamanı.

Günlərin bir günündə ora Fransadan bir qrup gəldi. Burda və Avropada film çəkirdilər, onun bir hissəsi də Azərbaycana aid idi. Mən onların məsləhətçisi oldum və beləcə baxdım, gördüm, canlı iştirak elədim çəkilişlərdə. Sonra fransızlar getdilər və bir neçə çəkilişi bizə həvalə elədilər. Operator Elman Nəbiyevlə birlikdə onların istədiklərini çəkib göndərdik. Yəni proses belə başladı. Sonradan uzun müddət Elman Nəbiyevlə işləmişəm. Daha sonra “İnternews”da məni ssenarist kimi sınaqdan keçirmək istədilər. Sənədli filmlər üçün ssenari yazırdım.

-İlk ssenariniz hansı mövzuda idi?

-İlk ssenarilərim Qarabağla bağlı idi. Qarabağ konflikti ilə bağlı “İnternews”un silsilə filmləri vardı, gənc jurnalistlər çəkirdilər. Sonra daha fundamental, tammetrajlı sənədli filmlər gəldi. Bəzən elə alınırdı ki, rejissor xəstələnirdi, ya da məzuniyyətdə olurdu, mən onun işini öz üzərimə götürürdüm. 2008-ci ildə “İnternews”dakı fəaliyyətim yekunlaşdı, ona bənzər başqa qurum isə tapa bilmədim. O vaxtdan, demək olar ki, bu günə qədər tək işləyirəm və bu yolu davam eləməyə qərar vermişəm.

Buna da bax: "Adını unutduğunuz filmi tapmaq daha çətin olmayacaq"

-Dediniz ki, fəaliyyətinizə ssenari yazmaqla başlamısınız. Sadəcə praktika ilə kifayətlənirdiz, yoxsa nəzəriyyə ilə də maraqlanırdınız?

-Oxuyurdum, araşdırmağa başlamışdım. Azərbaycanda rus dilində də ədəbiyyata az rast gəlirdim, azərbaycan dilində də, demək olar ki yoxdu. O vaxt elə internetlə başladım - Michael Rabigerin çoxlu məqalələrini tapdım. Hətta sonra dostlarımızla birlikdə onun “Sənədli kinoya gedən yol” kitabını rus dilindən tərcümə eləyib balaca bir toplu halında hazırladıq, amma kitab şəklinə sala bilməmişik. Zaman-zaman ona baxıram, öz təcrübəmlə uzlaşdırıram. Üslub baxımından mənə təsir eləyənsə bir film olub. “İnternews” dövründə alman dokumentalistlərinin Rusiya ilə bağlı filmini tərcümə eləyirdim. Çox təəssüf ki, o dokumentalistlərin adlarını yadımda saxlaya bilməmişəm, çünki çox rutin bir dövr idi, işdən çıxmağa hazırlaşırdım. O filmi tərcümə elədiyim zaman unikal bir üslub gördüm. Demək, onlar çeçen müharibəsində, Əfqanıstanda əsir düşmüş rus insanlarının portretlərini işləmişdilər, həmin adamlardan müsahibə almışdılar, çəkmişdilər onları. Ən maraqlısı nə idi? Üç ildən sonra qayıdıb onların vəziyyətini yenidən görmək istəmişdilər. Məncə, onlar bu insanların portretləri ilə əslində Rusiya cəmiyyətinə baxırdılar. Filmi tərcümə elədikcə mənə çox təsir elədi. Hekayənin özü də ağır idi. Onda anladım ki, əsl dokumentalistika belə olmalıdı. Prosesin özünü görmək istədim. Anladım ki, gözəl dokumentalistika prosesi yönləndirmək, konstruksiya eləmək deyil. Sən ona tabe olmalısan, hər şeyi olduğu kimi göstərməlisən. Dziga Vertovu kəşf elədim. Anladım ki, o dahidi. Məncə, dünya onu hələ də dəyərləndirə bilməyib. O üslubda daha çox filmlər görmək istəyərdim.

-“Bataqlıq” filminizdə qəhrəmanınızı neçə il müşahidə eləmisiniz?

-Filmin əsl adı “Bataqlıq, dəniz və Elmanın arzuları”dı. Nəhayət ki, yekunlaşdırdıq. Əslində dokumentalistikada bir çox məqamlarda film

Elcan Məmmədov öz qəhrəmanlarından birini çəkir.

Elcan Məmmədov öz qəhrəmanlarından birini çəkir.

yekunlaşmır. Qəhrəmanı izləyiriksə, bilmirik axı, 25 yaşından sonra necə olacaq. Biz Elmanı beş il izlədik - üç il mütəmadi, sonra hadisədən hadisəyə. Başqa imkanımız yox idi.

-Hadisə baş verəndə necə xəbər tuturdunuz?

-Onunla əlaqəmiz var idi. Biz onunla tanış olanda gözündə problemi vardı. Onu həkimə aparmaq qərarına gəldik. Amma mən bir il Elmanı təkrar çəkməyə imkan tapmadım. Insanlar deyə bilərlər ki, necə yəni? Bir dənə kamera tapa bilməmisən? Bəli, situasiya elə olub ki, tapa bilməmişəm. Elmanı həkimə də bir ildən sonra aparmışıq. O, artıq böyümüşdü, bir ildə dünyagörüşü dəyişmişdi. Onu həkimə apardıq, sonra əlaqəmiz kəsildi. Narahat olmağa başladım. Məlum oldu ki, telefonunu itirib, mənimlə də əlaqəni kəsib. Bir il də belə keçdi. Sonra onu yenə axtardıq, tapdıq. Məlum (ardı aşağıda)

Bataqlıq, dəniz və Elmanın arzuları filminin traileri.

oldu ki, yaşadığı məkanda da, bizim tanıdığımız dostlarının həyatında da böyük dəyişikliklər var, qəhrəmanımız özü də dəyişib, artıq 17 yaşı var. Sonuncu fəsil belədi ki, onunla ayrılırıq, bizə Rusiyaya işləməyə gedəcəyini deyir. Filmi yekunlaşdırmağa hazırlaşırdıq, birdən televizorda gördüm ki, onu tutublar. Şok keçirdim. Mənə zəng vurdular ki, qəhrəmanınızı həbs eləyiblər, hadisə olub. Yaxşı ki, mən o materialı əldə eləyə bildim. Bununla da hekayə tamamlandı. Sonra onu azad elədilər. Hər şey yaxşı qutardı. Beləliklə, beş il çəkdi.

-Bəs hadisə olandan sonra necə çəkirdiniz? Qəhrəmanı danışdırırdınız, yoxsa hadisəni təkrar canlandırırdınız?

-Elmanla təsadüfən rastlaşmışdıq, bizim qəhrəman deyildi o. Ümumiyyətlə, bizim qəhrəmanımız yox idi. Biz məkanı çəkməyə getmişdik. Qəhrəmanımız təsadüfən qarşımıza çıxdı və qəhrəmanımız oldu. Onu danışdırdıq, arzularından xəbər tutduq və sonrakı mərhələlər onun arzuları üzərində qurulmağa başladı. Məsələn, o dedi ki, bilirsiniz, mənim bir gündəliyim olub, orda çoxlu film çəkmək istədiyimi yazırdım. İkinci-üçüncü çəkilişdə ona kamera apardım. Dedim ki, arzunu yerinə yetir. Və biz onu çəkdik. Elman komandamızın üzvünə çevrilmişdi artıq. O da nəsə çəkirdi, biz də onu çəkirdik. Üçüncü dəfə başqa bir arzusunu həyata keçirdik.

Buna da bax: "Stanley Kubrickin sevdiyi filmlər"

-Yəni onun arzusuna uyğun hadisəni siz özünüz yaradırdınız..

-Onu arzusuna uyğun davam edirdik. Belə daha doğru olar. Amma yenə də qurama yox idi. Qətiyyən! O deyirdi ki, mən çəkmək istəyirəm. Biz də kameranı verirdik ki, ürəyin nə istəyir çək. O, Sumqayıtda dəniz qırağında çəkməyə başladı, getdi bir evsizə rast gəldi, onunla dostlaşdı, danışdı. Evsiz səfil bir adam idi, ona dedi ki, məni çəkmə. Hamısı təbii idi.

-Təsadüf əsəri də olsa, lap əvvəldən sosial mövzular işləmisiniz. Azərbaycan kimi kameraya danışmaqdan, haqqını tələb eləməkdən çəkinən insanların ölkəsində hansı çətinliklərlə üzləşirsiniz?

-Çox şirin çətinliklərlə üzələşmişik. Kino mənasında. Mənim elə bir ciddi problemim olmayıb qəhrəmanlarla. Sadəcə mühitlə problemim ola bilir. Tutaq ki, getmişik hansısa bir məkana kimisə çəkməyə, kimlərinsə müdaxiləsi ilə üzləşmişik.

Elcan Məmmədovun çəkdiyi Qarabağ müharibəsindən bəhs edən "258 № li PDM in ekipaji" filmi.

-Kimlərin? Məmurların?

-O da olmayıb. Məsələn, qonşular-filan. Tam səmimi deyirəm: çətinliklər olub, amma hansısa bir qüvvə bizi o çətinliklərdən çıxardıb, ya da mən o çətinliyi hiss eləməmişəm. Birinci, onun haqqında düşünməmişəm. Mənə elə gəlir ki, bu, çox vacibdi. Çətinlik haqqında düşünsək, işimizi görə bilməyəcəyik. İkincisi, çətinlikdən qorxmamışıq. Qorxmayanda istədiyini əldə eləyə bilirsən. Üçüncüsü də çalışmışıq ki, insanlarla dil tapa bilək. Və mən anlamışam ki, bizimkilərlə dil tapmaq olur. Get-gedə bu, məndə vərdiş halını alıb.

-Bildiyim qədərilə bu yaxınlarda Bosniyadan qayıtmısız. Orda nə çəkirdiz?

-2008-ci ildə “İnternews”un çox böyük bir beynəlxalq layihəsi çərçivəsində Bosniyada çəkilişlərdə iştirak eləyirdik. Ümumi ssenari qəbul olunmuşdu, hər şey əvvəldən bəlli idi – kimləri görəcəyik və s. Mövzu Bosniyanın konfliktdən sonrakı dövrünü dünyaya tanıtmaq və konfliktlərin həlli idi. Çəkilişlər bitdi, sonuncu gün idi. Sarayevonu gəzmək istəyirdik. Operatora dedim ki, olar, kameranı götürüm? Dedi ki, yox e, mən artıq kameranı görə bilmirəm, sən (ardı aşağıda)

Elcan Məmmədovun "To Love Bosnia" filminin traileri.

Allah, onu qoy qırağa, mən istəyirəm, azad gəzim. Çıxdıq çarşı deyilən yerə. Birdən “Ay qız” mahnısını eşitdim. Səs çarşını götürmüşdü. Türklərin oranjemanındaydı, amma çox gözəl idi. Səsin mənbəyini axtarmağa başladım. Getdim gördüm bir dənə videotekadı. Qəflətən bir nəfər salam verib dedi ki, mən dünən sizi burda görmüşəm. Azərbaycandansız? Dedim, bəli. Məlum oldu ki, bu insan İran azərbaycanlısıdı, uzun müddətdi, Bosniyada yaşayır. Orda təhsil alıb, orda da qalıb. Adam bizə çox maraqlı gəldi. Getdik, kameranı götürdük və başladıq onu çəkməyə. Daha bir insan da çox xoşuma gəlmişdi. O, bosniyalı misgər idi. Elman Nəbiyevlə onu da çəkdik. Və bu materiallar uzun müddət məndə qaldı. Hər dəfə baxırdım ki, bu var, o var, bəs sonra? Amma Bosniyaya qayıtmaq barədə fikirləşirdim, çünki mənim üçün bu iş yarımçıq qalmışdı. Eyni zamanda da fikirləşirdim ki, görəsən, bu qəhrəmanları səkkiz ildən sonra necə görəcəm.. Bir gün Bosniyada işləmiş bir səfirlik əməkdaşının xahişi ilə həmin materiallardan bir həftənin içində “To love Bosnia” adlı film yığdım. Həmin filmə başqa bir adam da baxar və sonra gedər Bosniyaya. Qayıdandan sonra mənə zəng vurub dedi ki, Elcan müəllim, sizin çəkdiyiniz filmə baxdım, çox təsirləndim. Getdim özüm də Bosniyanı gördüm, mən də oranı çox sevdim. Bildiyim qədərilə siz bu filmin davamını çəkmək istəyirsiz, durun gəlin. Getdim. Bizə vəsait verdi və dedi ki, gedin bu işi bitirin. Adının da çəkilməyini istəmədi. Dedi ki, bu işi tanınmaq üçün yox, siz filminizi bitirəsiniz deyə eləyirəm. O vəsait bəs eləmirdi, amma şans yaranmışdı. Amma bu dəfə Elmanla gedə bilmədim. Seçim qarşısında qalmışdım. Əvvəla büdcə o qədər də böyük deyildi. İkinci problem o idi ki, kimlə çəkəcəm. Çünki Elmanla işləməyə öyrəşmişdim. Yazışmalar başladı və bosniyalı bir operator tapdım. 64 yaşı vardı. Normal məbləğə razı oldu. Tanış olanda məlum oldu ki, sən demə, “To love Bosnia” filmində istifadə elədiyim arxiv materiallarını o çəkibmiş. O özü də, xanımı da bizə çox böyük dəstək oldu. Həmin operator Bosniyada çox məşhurdu. Bütün müharibəni dayanmadan çəkib. Son dərəcə zəngin arxivi vardı. Onun bir hissəsini mənə bağışladılar. Halbuki əslində onu satırlar. O insan mənimlə beş gün işlədi. O qədər razılaşmışdıq. Demişdi ki, mən müsəlmanam, Ramazan ayı gəlir, oruc tutmalıyam, siz məni üzrlü hesab eləyin. Onunla işin 80%-ni bitirdik. Qalan altı günü özüm çəkdim.

-Qəhrəmanlarınızı tapa bildiniz?

-Tapdım. Misgər onu axtardığımı bilmirdi. Soruşdum ki, məni tanıdın? Baxdı dedi hə, tanıdım. Dedim, yaxşı da, xətrimə dəyməmək üçün elə deyirsən. Dedi ki, sizin bığınız ağarıb. Gördüm ki, düz deyir, bığım, doğrudan, ağarmışdı. Çox isti qarşıladı bizi. Beş qəhrəmanım vardı. İkisi özümün, bir də o biri filmdən üç qəhrəman əlavə elədim ki, maraqlı olsun. O birilərini də tapa bilərdim, amma filmə sığışmayacaqdı. 35 saat çəkilişim var. Hamısı ilə görüşümüz eksklüziv oldu. Zəngi basıb içəri girdiyimiz andan kamera işləyirdi. Bu sistemdə kamera söndürülməməlidi, sona qədər nəfəs almalıdı. Qəhrəmanım Sarayevoda yaşayırdısa, üç gündən sonra bir də gedirdim ora, çay içməyə. Kamera da həmişə işləyirdi.

Buna da bax: "Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın"

-Kameradan narahat olmurdular?

-Qətiyyən. Serebrenitsi deyilən yer var. Xocalı kimidi. Amma orda ölənlərin sayı daha çoxdu. Son monumentdə səkkiz min üç yüz iyirmi yeddi və üç nöqtə yazılıb. Hələ də cəsədləri axtarırlar. Qəhrəmanlarımdan biri - Xədicə Mehmetoviç orda yaşayır. Qadın hərəkatının lideridi, böyük insan, ictimai qüvvədi.Onun iki balaca oğlunu, həyat yoldaşını öldürüblər. Qadın mənə dedi ki, mən qurbanam, faciəyəm, nəslimdə heç kim qalmayıb, amma məndən

Xədicə Mehmetoviç Srebreniça qətliyamında öldürülənlərin məzarı üzərində.

Xədicə Mehmetoviç Srebreniça qətliyamında öldürülənlərin məzarı üzərində.

bədbəxt adam var – qatilin anası. Mən heç vaxt istəməzdim ki, qatil anası olum. Bu, böyük dərd olardı mənim üçün. Mən bu cümləni nə ədəbiyyatda tapa bilməmişəm, nə də bədii kinoda. Dokumental konstruksiyada da inanmıram alına. Heç dində də rast gəlməmişəm. Xədicə xanımın çəkilişləri də çox maraqlı alındı. Onunla zəngləşdik, dedi ki, cəmi 20 dəqiqəm var. 170 kilometrdi Sarayevodan Serebnitsiyə. Maşından düşəndə operator getdi ştativi götürməyə. Mənsə dərhal kameranı götürdüm, çünki Xədicə xanımın içəri daxil olmağını gördüm. Yüyürdüm arxasınca. O, bizi görmədi. Gedib qəbirlərin üstündə ağlayırdı, mən də onu çəkirdim. Bu anı hər dəqiqə tuta bilmərik.

-Etiraz eləmədi onu xəbərsiz çəkdiyinizə görə?

-Qətiyyən. Sonra da kamera əlimdə görüşdük. Soruşdu ki, siz kimsiniz ki, məni çəkirsiniz. Dedim ki, mən Elcanam, Azərbaycandan gəlmişəm. Ondan sonra mikrofonu taxdıq və söhbət başladı. Mənim ona verəcək suallarım yox idi. Böyük kanallar ondan tez-tez müsahibə alır. Həmin gün Əl-Jazira intervyu götürməliydi. Çox məşhur adamdı. Bircə dənə sualım vardı: “Karaciçi, Radko Mladiçi tutdular, sizdə bir rahatlıq varmı?” “Yox” dedi. Sonra o 20 dəqiqə getdi öz işinə. Özü başladı danışmağa və “verite”dəydik artıq. Kino həqiqətində.

-Sizin üçün etik hədd varmı – nəyi çəkmək olar, nəyi olmaz?

-Yox, mənim üçün elə hədd yoxdu. Mən çəkdim, ancaq o desəydi ki, niyə çəkmisən, onun yanındaca silməliyəm. Mənim həddim oradı. Bəzən məndən xahiş eləyiblər ki, o bir yer var e, olar onu verməyəsiniz? Qəbul eləməliyəm.

-Hətta həlledici bir kadr olsa belə?

-Səmimi deyim ki, elə bir hal olmayıb. Odu ki, seçimimi necə eləyərdim, deyə bilmərəm. Məsələn, mənim bir çəkilişim vardı insan alveri ilə bağlı. Xanım danışmaq istəmirdi. Üç saat ona yalvardıq ki, üzün bağlı olacaq. Dedi ki, əhvalım yoxdu. Amma biz də üç saatdı gözləyirik, yorulmuşuq. Axırda birtəhər razı saldıq, danışdı. Birdən dayandı və mikrofonu mənim üzümə tulladı, demək olar ki, çırpdı. Biz həmin anı filmdə saxladıq. Mən hesab eləyirdim ki, ən gözəl kadr budu. Əgər o mənim üzümə tüpürsəydi də, qalardı. Belə hal olub. “Bataqlıq” filmində qadın üstümə qışqırıb, söyüb, mən onu saxlamışam filmdə. Çünki kinematoqrfikdi, onu kəsmək, itirmək olmaz.

-Dediniz ki, 35 saatlıq material çəkmisiniz. Montaj vaxtı lazımi kadrı necə seçirsiniz?

-Vertov da deyirdi, səhv eləmirəmsə, Eyzenşteyn də deyirdi ki, film montajdan başlayır. Mən hesab eləyirəm ki, film montajda çəkilir. Yəni montaja başlayanda filmi çəkməyə başlayırsan. Əgər belə düşünməsən, itib batacaqsan. İkincisi, bütün eqolarını unutmalısan. Hər bir adamın dəyərləri var. O dəyərləri kənara qoymaq lazımdı, simpatiyalar ölməlidi. Hər şey həqiqətə tabe olur. Həqiqət nə deyirsə, onun da arxasınca getməlisən. Sən kiməsə mesaj vermək, nəsə quraşdırmaq istəsən, uduzacaqsan. Film alına bilər, amma sən uduzursan.

-Bildiyim qədərilə, kino məktəbi açmağa hazırlaşırsınız. Bu, nə vaxt olacaq?

-Yaxın aylarda. Bəlkə də sentyabrın əvvəli.

Elcan Məmmədov gənclərə kino haqda mühazirə deyir.

-Onun strukturu necə olacaq?

-Sənədli filmin rejissurası. Sırf sənədli film çəkməyi öyrədəcəyik. Təbii ki, montaj və operatorluq dərsləri də olacaq. Amma bunun hamısı onun vəsilələridi. Kompleks olacaq. Məni çox sevindirən bir hal var: artıq beş nəfər müraciət eləyib – hələlik geniş elan verməmişik - onlardan üçü xanımdı. Bu, mənim üçün hadisədi, qələbədi.

-Dərsləri kim deyəcək?

-Mən. Bütün təcrübəmi bölüşəcəm. O təcrübəni heç kimə saxlamaq fikrim yoxdu.

-Bəs kimlərisə dəvət eləmək fikriniz varmı? Ustad dərsləri üçün..

-O zədələyəcək. Buna tam əminəm. Hansısa dokumentalist gəlib öz filmini göstərə, öz təcrübəsini bölüşə bilər. Amma tələbə gərək bir istiqamətdə getsin. Yəni məsuliyyət bir üslubun üzərində qurulmalıdı. Əks halda tələbələr çaşacaqlar. Nəticəmiz sertifikat deyil – filmdi. Yəni insan beş ay, altı ay oxuyur, oxuduğu müddətdə öz filmini çəkir. Axırda da həmin filmlərin festivalını keçirəcəyik. Təhsil müddəti uşaqların filmlərini yekunlaşdırmağından asılıdı. Əgər filmi dörd aya çəkəcəksə, dörd aydı, beş aya çəkəcəksə, beş. Amma maksimum hədd altı ay götürmüşük. Nə qədər çox azadlıq versək, o qədər yaxşıdı. Səhvlər də olacaq, nəyisə düzgün eləməyəcəyik, amma azadlıq varsa, nəticə mütləq olmalıdı. Bunun başqa fəlsəfəsini bilmirəm.

-Elcan bəy, bədii film çəkmək istəyiniz varmı?

-Var, qısa filmlər çəkmək istəyirəm. Çox həvəsim var. Mən hesab eləyirəm ki, əslində bizim sənədli film çəkmək potensialımız daha çoxdu. Sənədli film daha az məbləğ tələb eləyir. Sənədli filmlə daha çox istedadlar kəşf eləyə bilərik. Bu sahədə daha böyük azadlıq var və sənədli film çəkənlərə kömək eləmək daha asandı, nəinki monumental bədii film çəkənlərə. İnkişafın ikinci yolu isə bədii qısametrajlı filmlərdi. Yadımdadı ki, arada belə bir təcrübə olmuşdu – “Bu meydan, bu ekran”layihəsində. Mən düşünürəm ki, xüsusilə də başlanğıc üçün qısa filmlərdən başlamaq lazımdı, böyük filmlərə tələsmək lazım deyil. Qısa filmlər üçün də böyük məbləğ tələb olunmur. Qısa filmlər çəkmək istəyərdim, amma müstəqil. Siz də bilirsiniz ki, niyə müstəqil ola bilmirik. Hamısı maliyyə ilə bağlıdı. Maliyyə məsələsi bizi sıxır. Ancaq önünü açmaq lazımdı.

-Sizin nümunəniz göstərir ki, adam istəyəndə eləyə bilir. Dövlətdən, büdcədən yapışmaq əslində bir bəhanədi..

-Amma bu da çox ağırdı. Hər şeyindən keçirsən, həyatından keçirsən.

-Bezməmisiniz hələ?

-Arada bezirəm. Bosniya səfəri olmasaydı, bezmişdim, yorulmuşdum. Bu, möcüzə idi. Elə bil mənə dedi ki, hara bezirsən? Olmaz. Mən həyatımda ilk dəfə azərbaycanlını, azərbaycanlı olmağı sevdim. O qədər ruh verdi mənə. Zarafat deyil – yolpulu filan. Başqa adamlar da dəstək verdilər bacardıqları qədər. Motivasiya olur. Bosniyada da bunu hiss elədim. Orda məni çox isti qarşıladılar. Bir adam əlində kamera gəlib çıxıb Sarayevoya. Dövlətdən deyil, hansısa bir şirkətdən deyil. Dərviş obrazı kimiydi, hamı hörmət eləyirdi, “azərbaycanlı” deyirdilər mənə, tanıyırdılar. Deyirdilər ki, sağ olun, Azərbaycandan gəlib bizi çəkirsiniz. Bəziləri maraqlanırdı ki, Azərbaycan hardadı. Yaxşı təsir eləyirdi. Azərbaycanlı olmağımdam ilk dəfə belə sevgi dadı aldım orda. Səmimi deyirəm. Xoşbəxt idim, o on gün çox xoşbəxt idim.

Günün bütün mövzuları

XS
SM
MD
LG