Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

Azərbaycanla İran arasında 6 sənəd imzalanıb


Azərbaycan və İran prezidentləri bəyanatla çıxış edirlər. 07.08.2016

Azərbaycan və İran prezidentləri bəyanatla çıxış edirlər. 07.08.2016

Avqustun 7-də Azərbaycan dövlət başçısı İlham Əliyevlə İran prezidenti Həsən Ruhani arasında təkbətək görüşdən sonra geniş tərkibli toplantı keçirilib.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev geniş tərkibli görüşdə deyib ki, bu səfərə çox böyük əhəmiyyət verir:

“Bu səfərlər göstərir ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bu gün ikitərəfli görüş zamanı siyasi, iqtisadi məsələləri müzakirə etdik. Bizim aramızda çox böyük qarşılıqlı anlaşma var və münasibətləri bu anlaşma əsasında qururuq. Son illər iki ölkə arasında əlaqələr çox sürətlə inkişaf edir. Bu inkişaf 25 illik münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb. İnanıram ki, siyasi, iqtisadi və digər sahələrdə əlaqələr daha da inkişaf edəcək. Bu gün də bir neçə sənəd imzalanacaq. İran və Azərbaycan əlaqələri bundan sonra da dostluq əsasında daha da inkişaf edəcək”.

Buna da bax: Xəsarət alan qadın: «İrana gedəndə zədələnmişəm...»

Öz növbəsində, İran prezidenti Həsən Ruhani də iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb.

“Bu gün iki ölkə arasında mühüm sənədlər imzalanacaq. Sabah isə üçtərəfli görüş keçiriləcək. Üçtərəfli görüşdə də müxtəlif məsələləri təhlil edəcəyik. Əminəm ki, iki ölkənin əlaqələri səmimi əsaslarla qurulub. İki qonşu və qardaş ölkə kimi münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Xalqlarımız ən yaxşı əlaqələrin qurulmasını, bu münasibətlərin regionda sabitlik və sülhün bərqərar olmasında rol oynamasını istəyir”.

Buna da bax: İranda nüvə alimi «edam edilib»

İmzalanan sənədlər...

İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında 6 sənəd imzalanıb.

Sənədlərin sırasında iki ölkə hökumətləri arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında niyyət protokolu; bitki mühafizəsi və bitki karantini sahəsində əlaqələr haqqında saziş var.

Buna da bax: Avtomobil zavodunun təməli atıldı

Bundan əlavə, iki ölkənin rabitə nazirlikləri arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Habelə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında da anlaşma memorandumu imzalandığı bildirilir.

Daha sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İranın Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində icra proqramı qəbul edilib.

Sonuncu sənəd isə iki ölkənin Mərkəzi Bankları arasında imzalanan anlaşma memorandumu olub.

İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana gəlib.

Rusiya prezidenti Vladimir Putinin də Azərbaycana gəlişi gözlənilir.

Avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Bundan başqa prezidentlərin ayrı-ayrılıqda bir-birləri ilə də görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG