Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:50

"Əslinə qalsa, vergi sistemi formalaşa bilmədi"


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

İqtisadiyyatı canlandırmaq üçün vergidə hansı köklü dəyişikliyi etmək lazımdır?

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, vergi sitemi ədalətli, şəffaf olmalıdır. Elə bir vergi sistemi qurulmalıdır ki, hər bir şəxs könüllü vergi ödəməyə hazır olsun. Bunun üçün istək və stimul olmalıdır.İl ərzində ən çox vergi ödəyicilərinin adlarının cəmiyyətə təqdim olunması da vergi sisteminin şəffaflığına və stimulu üçün əsaslardan biri ola bilər.

Azər Mehtiyev
Azər Mehtiyev

“Azərbaycanda böyük neft gəlirləri daxil olmazdan əvvəl vergi sistemində həqiqətən də bir sistem yaradılması özünü göstərirdi. Və hiss olunurdu ki, Azərbaycanda vergilər məsələsi hardasa iqtisadiyyatın tələblərinə uyğun bir sistem formalaşdırılmaqdadır. Təəssüf ki, böyük neft gəlirləri dövründə həmin o islahatın ardıcıllığı pozuldu. Vergidə həmin sistemin yaradılmasında ciddi problemlər yaranmağa başladı.

Əslinə qalsa vergi sistemi formalaşdırıla bilmədi.

Vergi inzibatçılığının gücləndirilməsi adı altında baş verən proseslər vergilərin büdcəyə daxil olmasının qarşısını aldı. İndi yenə də prezident vergidə islahatların aparılması istiqamətlərini təklif edib. İstiqamətlərlə tanış olduqda ilk baxışdan vegi sistemində həmiyyətli dəyişikliklərin həyata keçirilməsi gözlənilir. Yəni müəyyən addımlar bu istiqamətdədir. Vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sisteminin sadələşdirlməsi, sahibkarlıqla bağlı daha asan hesablana bilən bir vergi sisteminə keçirilməsi nəzərdə tutulur.

Ancaq ən vacib olan məqam ölkə iqtisadiyyatının durumu və bundan çıxış edərək vergi sisteminin mahiyyəti üzrə təyin olunmasıdır. Söhbət ondan gedir ki, vergi fiskal funksiyanı yerinə yetirir. Yəni onun məqsədi dövlət büdcəsini vergilərlə təmin etməkdir. Bunun ədalətli şəkildə baş verməsi önəmlidir.

Azər Mehtiyev :"vergi sistemi formalaşa bilmədi..."
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00
Direct-ə keçid


Önəmli olan vergilərin necə tutulması yox, vergi bazasının necə olmasıdır. Vergi bazasının yaxşılaşdırılmasına vahid yanaşma olmalıdır. Elə bir sistem qurulmalıdır ki, o insanları könüllü olaraq vergini ödəməyə hazırlasın. Sistem özü də anlaşıqlı, başadüşülən, şəffaf olsun. Burda önəmli olan arxada istəyin dayanmasıdır. Və faktiki baş verən proseslərlə onun ictimaiyyətə təqdim olunması formasının üst-üstə düşməsidir. Yəni “olduğun kimi görün” yanaşması. İndiki halda biz bunu görmürük. Çünki son vaxtlar vergi yoxlamaları dayandırılıb.

Hesabatlara baxdıqda məlum olur ki, ölkədə yoxlamaların sayı kəskin azalıb. Amma hansı sahibkarı danışdırsan, verginin əlindən dad edir. Belə bir durum anlaşılmazlıq yaradır və bu heç də ölkə iqtisadiyyatına yaxşı gələcək vəd etmir”.

BİR SAHƏ İLƏ OLMUR

İqtisadçı ekspert Nazim Bəydəmirli isə bildirir ki, yalnız bir sahədə islahat aparmaq effektli olmaz. İlshatlar kompleks və sistemli şəkildə aparılmalıdır. İslahat Nazirlər Kabinetinə daxil olan qurumların sayının azaldılması, həm də funksiyalarının optimallaşdırılması istiqamətində aparılmalıdır. Eyni zamanda idarəetmədə dəyişikliklər aparmaq və kadr islahatları həyata keçirmək vacibdir. Köhnə idarəçiliyə öyrəşmiş kadrlarla hər hansısa bir sahədə islahat aparmaq effekt verməyəcək.

“Ötən ilin sentyabr ayın başlayaraq iqtisadi sahədə bir çox fərman və sərəncamlar verilib. Ümumiyyətlə islahatların bu tipli sərəncamlarla irəli gedəcəyinə mən pessimist olsam da, hər halda müxtəlif işlər görülür və bunu alqışlamaq lazımdır.

Azərbaycanda vergi yükü 100 manata 25 manatdır. Bu Qafqaz ölkələrinə nisbətən yüksək olsa da bir çox dünya ölkələrindən aşağı səviyyədədir. Vergi dərəcələri orta statistik dünya standartına uyğundur. Hətta bir az aşağıdır demək mümkündür. Ancaq vergi təkcə kiçik və orta sahibkarlıqdan əmələ gəlmir. Ümumilikdə 144 milyon sadələşdirilmiş vergi ödəyicisi vergi ödəyir, 400 mindən yuxarı belə vergi ödəyicisi var. Amma ödədikləri vəsait 144 milyondur. Bu o deməkdir ki, hələ bu sahədə kifayət qədər vergidən yayınma var.

Ancaq əsas vergidən yayınan kommunal xidmət göstərən iri dövlət şirkətləridir. Azərsu, Azərqaz, Azərenerji, SOCAR, Dəmiryolu və digərləri. Azərişıq bəyan edirdi ki, ötən ili ziyanla başa vurub. Və digərləri də eyni vəziyyəti sərgiləyir. Bu o deməkdir ki, onların menecerləri şəxsi bizneslərini dövlət resursları hesabına inkişaf etdirməkdə maraqlıdırlar.

Mən cənab prezidentin sonuncu sərəncamını, vergi və gömrüklə bağlı müxtəlif addımların atılmasını müsbət qarşılasam da, hesab edirəm ki, Gömrük Komitəsi ləğv olunmalı və fiskal siyasət aparan bu iki qurum birləşməlidir. Çünki əlavə dəyər vergisinin əsas olaraq idxaldan ödənişlərini Gömrük Komitəsi qəbul edir və sonradan onları sahibkarlar əvəzləşdirə bilmir.

Kiçik marketlərdən tutmuş supermarketlərə qədər bunların əlavə dəyər vergisinin əvəzləşdirilməsi ilə bağlı problemləri qaynaqlanır. Bu problemin kökündə duran ikili vergi siyasətidir. Mən kompleks islahatlar gözləyirəm. Kompleks islahatların əsası kimi Gömrük Komitəsinin ləğvini arzulayıram. Onun vergiyığma funksiyalarının Vergilər Nazirliyinə birləşdirilməsinin tərəfdarıyam”.

"SADƏLƏŞDİRİLMİŞ VERGİNİN BAZASI ARTIRILMALIDIR"

İqtisadçı ekspert Qalib Toğrul prezidentin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamına istinad edərək bildirir ki, bu sərəncamda bir çox məsələlər öz əksini tapsa da hələ bəzi tətbiqi vacib məsələlər qalmaqdadır.

“Son sərəncamda sahibkarları narahat edən bir çox məsələlər öz əksini tapıb. Bunlar əlavə dəyər vergisinin diferensallaşdırılması ilə bağlı olan, yoxlamalarla bağlı olan, vergi patent sisteminin yaradılması ilə bağlı olan və digər mühüm əhəmiyyət kəsb istiqamətdə olan təkliflər öz əksini tapıb.

Onların həyata keçirilməsi sahibkarların həm vergi yükünün azaldılmasında, həm vergi inzibatçılığının təkmilləşməsində, həm bu sahədə şəffaflığın artırılmasına böyük töhfə verə bilərdi.

Mən sərəncama düşməyən təkliflərlə bağlı çıxış etmək istəyirəm ki, o təkliflərin ümumiyyətlə yığılması prosesinə bütün assossiasiyalar, ekspertlər cəlb olunmuşdu. Amma ola bilsin ki, bu təkliflər əsaslı hesab olunmayıb, qəbul olunmayıb.

Mən xüsusi olaraq kiçik sahibkarlıqla bağlı olan problemləri qeyd etmək istəyirəm. Kiçik sahibkarlar üçün, sadələşdirilmiş vergi ödəyiciləri üçün həyata keçirilməli işlər var. Sadələşdirilmiş vergi üçün bazanın məbləğı artırılmalı idi.

Hazırda nəzərdə tutulan 200 min manat bu ilin əvvəlində qaldırılıb. Amma dekabrdə devalvasiyadan sonra manat dəyərdən düşdü. Ona görə vergi tutulan bazanın məbləği mütləq artırılmalıdır. Sadələşdirilmiş vergi həm hesabatlılığın sadə forması deməkdir, həm vergi orqanları ilə ünsiyyətin az olması deməkdir, bu sahədə xüsusi bir mühasibatlıq aparmağa ehtiyac olmur. Ona görə yaxşı olardı ki, baza artırılsın və sadələşdirilmiş vergidən istifadə etmək istəyənlərin də sayı artsın”.

XS
SM
MD
LG