Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 10:14

Görəsən o erməni snayperinin arvad-uşağı varmı?


Snayper.
Snayper.

-

"Qara saqqallı, nurlu cavan adamları aralayır, bizə "yaxın gəlin" deyir. İlqarın gözlərinə tüpürür, sonra əllərini onun gözlərinin üstünə qoyur.

-Bir şey görürsənmi?-soruşur".

Kamran NƏZİRLİ

Sevgi ağ rəngdə olur (hekayə)

Paralimpiyaçı idmançılarımıza ithaf edirəm

... Üç nöqtə...

... Elə bu gecə anladım ki, durğu işarələri arasında "üç nöqtə"nin çox böyük mənası var. Vaxtilə məktəbdə Qəzənfər müəllim bizə öyrədərdi ki, durğu işarələri məna, sintaktik quruluş və intonasiya ilə bağlıdı. Hər halda, cümlənin quruluşu, intonasiyası da müəyyən məqsədə, mənanın ifadəsinə köklənir. Amma nədənsə, indi mənə elə gəlir ki, bu nöqtələr həyat işarələridir, ümid və gələcək işıqlı gün deməkdir. Bəlkə də həyəcanlıyam, ona görə fikirlərimi bitirə bilmirəm? Bəlkə elə bunlar mənim sevgi nöqtələrimdi... əbədi, bitməyən sevgi nöqtələri... Ah... Bir azdan uşaqlar duracaq. Onları yedizdirib bağçaya aparmalıyam, gəlib İlqarı Avropa çempionatına, Londona yola salmalıyam. Sonra da hər günkü qayğılar...ev işləri...hər günkü ümidlər...hər günkü dualar...hər günkü intizar və duyğu dolu anlar...Şairə olmaq asan deyil... Elə mən də bu barədə danışmaq istəyirəm...

...Mən ona nişanlananda on səkkiz yaşım vardı; qaraqaş, qaragöz, sürməsiz-kirşansız əsmər bir qız idim, uzun, şabalıdı hörüklərim güləş çöhrəmə nazlı-nazlı kölgə salırdı. Uzun gecələrdə bəxtəvər ağ günlərimin sorağıyla büllur çilçıraqların işığına qərq olmuş otağımda xumarlanırdım, mənə vurulan oğlanın eşqiylə xəyallar qururdum; onun uca, qamətli boyunu, iri, parlaq gözlərinin sevimli qarasını, qollarının gücünü, qəlbinin duyğu dolu hərarətini düşündükcə, özümü dünyanın ən xoşbəxt sevgilisi sanırdım. O, məndən bir yaş böyük idi, təbiətinə və görünüşünə görə yaşıdlarından fərqliydi; həyət-bacada, məhlədə, qohum-əqraba arasında pəhləvan cüssəli qoçaq kimi tanınan nişanlıma hərdən zarafatla "çempion" da deyirdilər. Əslində zarafat eləmirdilər - o, həqiqətən bu adı qazanmışdı, yeniyetmələr arasında sambo üzrə ölkə çempionu olmuşdu. Biz nişanlanandan iki həftə sonra onu hərbi xidmətə çağırdılar. Əsgər getməmişdən hər gün bizə gəlirdi və hər dəfə də mənə bir dənə ağ qızılgül gətirirdi, çünki mən ağ qızılgülləri xoşlayırdım. Bir dəfə ona dedim ki, "çempion, deyəsən əsgər gedənəcən şəhərdə bir dənə də ağ gül qoymayacaqsan!". Güldü. Yaşından böyük əda və təmkinlə utancaq gözlərini yerə dikib astadan pıçıldadı:

-Mənim sevgim ağ rəngdədi...

Bu sözlərin fərqinə də varmadım, çünki xəyalım gələcək və görəcək günlərimizin qanadlarıyla uçurdu. Sonra biz uzun müddət bir-birimizə baxdıq, gülümsədik. Danışmağa söz tapmadıq, susduq, yenə baxışlarımız toqquşdu, bir anlıq bir-birimizin gözlərinin içini gördük. O, baxışlarını gizlətməyə çalışdı, qız kimi qızardı, mənsə araya söz qatıb zarafatımdan qalmadım.

-Heç çempiona oxşamırsan,- dedim. -Səndən yaxşı şair çıxar...

-Lağ edirsən?- astaca qımıldandı.- Baxarsan, mən dünya çempionu olacam...

-Xətrinə dəyməsin, zarafatdı da... Sənə inanıram...- güldüm. -Amma...

-Nə amma?- sözümü kəsdi.

-Qorxuram...

-Nədən qorxursan ki?

-Qorxuram çempion olandan sonra sənin o gözəl gözlərinin qarasına doyunca baxa bilməyim...

-Səndən daha yaxşı şair çıxar ki...

-Elə buna görə atam adımı Şairə qoyub da...

O, xəfifcə gülümsədi. Mənə baxdı, elə baxdı, elə baxdı ki... O baxışlar, o susqun, utancaq baxışlar, dünyanın ən gözəl, ən ləyaqətli, ən unudulmaz baxışları! Mən o baxışları, onun dupduru gözlərinin ortasında ürkək-ürkək oyan-buyana qaçışan qarasını gördüm. Çox diqqətlə baxdım ona. (Kaş o anlarda gözlərimi əbədi asaydım o baxışlardan!). O, kirpiklərini qırpa-qırpa mülayim səslə soruşdu:

-Nəyə baxırsan?

-Gözlərinin qarasına baxıram da...

-Orda nə axtarırsan axı?

-Nə axtaracağam, ağ günlərimi...

-Vallah, sən əməlli-başlı şairsən...

-Bəs, eşitməmisən ki, ad insanın taleyidi... Bu adı mənə təsadüfən verməyiblər ki...

O, yenə xəfifcə gülümsədi. Sonra biz balkona çıxdıq, ordan dənizə baxdıq. Dəniz ağappağ idi, ay işığı bərq vuran sakit suların üzünü ağartmışdı. Mən ömrümdə dənizi belə ağ qamaşan rəngdə görməmişdim...

Buna da bax: "Kamran Nəzirlinin "Dördüncü möhür" adlı romanı çıxıb"

Onu əsgərliyə yola salmağa mən də getmişdim. Anası, atası, bacı-qardaşları, mənim ana-atam... O, hamıya əl elədi, bizdən gülə-gülə ayrılıb qatara minəndə əyilib qulağıma pıçıldadı:

- Mənim gözəl Şairəm... on səkkiz aydan sonra qayıdacam... Və sənə söz verirəm ki... toyumuza qədər çempion olacam...

Mən qeyri-ixtiyari çox bərkdən güldüm, sonra özüm də peşiman oldum, pörtdüm. Yaxşı ki, onun ailəsi məni doğma qızları kimi qəbul edirdilər, bizə o qədər də fikir vermədilər. Çəkinib-eləmədən ona dedim:

-Olsan da... olmasan da... artıq sən mənim çempionumsan!

Bu sözlər onun ürəyinə lap yağ kimi yayıldı. Sən demə, Rəfiqə ana lap böyrümdə durubmuş, mənim ona söylədiklərimi eşitdi, üzünü o biri övladlarına tutub ərkyana ucadan:

-Sevgi belə olar e!-dedi. - Gözünüzə su verin! Əhsən sənə, Şairə!

Rəfiqə ana dünyagörmüş, ağbirçək bir qadındır, çox xoş siması var. Dadlı-duzlu söhbətlərindən doymaq olmur. Anam hərdən mənə deyir: sevin ki, bəxtinə belə qaynana düşüb. Hər qaynana onun kimi gülərüz, xoşxasiyyət olmur.

Nişanlım əsgər gedəndən sonra Rəfiqə xala demək olar ki, hər gün zəng vurub mənimlə hal-əhval tuturdu. İlqar bir aydan çox idi getmişdi ki, o, bizə gəldi.

-İlqarın yeri yaxşıdı,- dedi. -Füzuliyə düşüb. Dünən qonşumuzun oğlu onun xidmət elədiyi hissədən xəbər gətirib. Deyir, İlqara çox böyük hörmət edirlər orda... İdmançı olduğuna görə. Sənə məktub da göndərib. Al, qızım, aç oxu!

Heç bilmədim məktubu nə vaxt açdım və öz otağıma qaçıb oxumağa başladım. "Mənim Şairəm! Salam! Artıq 48-ci gündür ki, burdayam. Desəm darıxmıram, yalan olar. Darıxıram. Ev üçün, anam üçün, sənin üçün darıxıram. Bizi sabah qoşunların təmas xəttinə aparacaqlar. İdmançı olduğuma görə məni kəşfiyyat rotasına yazıblar. Özüm istədim. Ermənilər hər gün atəşkəsi pozurlar. Biz də susdururuq. Görünür, onlar kiməsə arxayındılar. Amma bizim səbrimizin daşan vaxtı olacaq, bilirəm, onları əbədi susduracağıq... Burda hamı mənə hörmətlə yanaşır. Deyirlər, səni tanıyırıq. Samboçu çempion...Nə isə, çox tanınmaq da bir şey deyilmiş. Amma mən sənə söz vermişəm ki, dünya çempionu olacam, sən də çempion arvadı! Xahiş edirəm bunu zarafat kimi qəbul eləmə. On səkkiz ay səbr elə. On səkkiz yox, artıq on altı ay on iki... yox... on bir... gün... İndidən başlamışam günlərimi saymağa...Neynim... Sənə qovuşmaq üçün tələsirəm... Sənin İlqarın..."

Bu məktubu hər gün üç-dörd dəfə oxuyurdum. Gah balışımın altına qoyur, gah paltar dolabında gizlədir, gah da çıxarıb yenə başlayırdım oxumağa. Düzü, onu o qədər oxumuşdum ki, nöqtə-vergülünü belə əzbərləmişdim. Hərdən ürəyimdə də o məktubdakı sətirləri oxuyurdum, gülümsəyirdim, özüm-özümə pıçıldayırdım, yenə gülürdüm. Evdə anam, bayırda rəfiqələrim mənim bu halımı görəndə təəccüblənməsələr də, maraqlarını gizlədə bilmirdilər. Hətta bir dəfə öz qulaqlarımla eşitdim ki, atam anamdan soruşur: Şairəyə noolub, öz-özünə danışır-gülür... İlqardan xəbər var?

Anam da özünəməxsus ədayla cavab verdi:

-Nişanlı qızlar belə olur da... Fikir vermə...Onun xəyallarla uçan vaxtıdı...

Hə, mənim xəyallarım qanadlıydı, amma uçmurdular. Onlar mənim qəlbimin içində yuva salmışdılar, oturub gözləyirdilər. Gözləyirdilər ki, o qəlbin sahibi günlərin bir günü o xəyalları azad edəcək, onlar da uçacaqlar, səmalara baş vuracaq, göyləri ələk-vələk eləyəcək, bütün dünya-aləmi gəzib-dolaşandan sonra yenə öz yuvalarına qayıdacaqlar. O xəyallar üçün mənim qəlbimdən isti yer yox idi! Mən qəlbimi onlara bağışlamışdım, ağlım isə İlqarın yanındaydı. Düşünürdüm ki, gözlərimi yumacam-açacam, İlqar gələcək və biz evlənəcəyik... Evimiz, uşaqlarımız olacaq...Hər şeyimiz olacaq...Çörəyimiz, suyumuz, işığımız...Dünya bizdən danışacaq, aləm bizə həsəd aparacaq...Bunları mənə ağlım deyirdi, qəlbim yox! (Adamın ağlına gələndə, başına da gəlir!)

Dörd aydan sonra İlqar mənə zəng vurdu; çox sevindim, biz xeyli danışdıq, zarafatlaşdıq, güldük, hətta zarafatla dedim ki, on dörd ayın qalıb...gözüm fal daşına dönüb. Bir gün ötsə, daha gözləməyəcəm... Özün bil...

O, güldü...Telefondan çox şux və inamlı səs gəldi.

-İstəyirsən lap sabah gəlim...

-Gəl, mənim çempionum!..

Əlbəttə, ertəsi gün İlqar gəlmədi. Fevral ayı idi, kiçik çillə boz üzünü göstərirdi. Qar-çovğun başlamışdı. Dənizin üzü də bozarmışdı, dalğalar yenə hikkələnmiş, sahil daşlarını amansızcasına çırpırdı. Səhər açılandan yatağımda qurcalana-qurcalana pəncərə şüşələrini döyəcləyən taqqıltıları eşidirdim. Dənizə baxan pəncərəmizi qırov basmışdı, şimal küləyi xırda qar dənələrini sanki şüşələrə yox, qəlbimə çırpırdı və nədənsə içim üşüyür, ürəyim soyuq-soyuq döyünürdü; düşünürdüm ki, görəsən İlqar mənimlə zarafat elədi, ya doğrudanmı bu gün gələcək? Bir qədər də narahat idim: belə havada necə gələcək? Telefon zəng çaldı. Anam mətbəxə yüyürüb dəstəyi qaldırdı və birdən elə qıy vurdu ki, yerimdən dik atıldım, gecə köynəyindəcə mətbəxə cumdum. Anamın gözləri bərəlmişdi və o, telefonu mənə uzadanda dizimin bağı qopdu, ayaqlarım əsdi, elə bildim içimdə nəsə qırıldı. Bircə bunu eşidə bildim:

-İlqarı vurublar. Hospitaldadır...

Daha nələr oldu, necə oldu, yadımda deyil...Bircə o yadımdadı ki, reanimasiya otağında İlqarın böyründə oturub onun sağ əlini tutmuşdum. Anası Rəfiqə xalanın ağlamaqdan gözləri şişmişdi, oğlunun sol əlini elə hey sığallayırdı. İlqarın başı, üz-gözü tamam sarınmış, görünməz olmuşdu, təkcə dodaqları göünürdü, gömgöy idi. Tərpənmirdi, həkimlər dedilər ki, komadadır. Erməni snayperinin gülləsi onun sol gicgahından girib sağ gicgahından çıxmışdı...

İlqar düz beş gün idi ki, komadaydı. Onu Bakıya gətirdik. Hospitaldakı həkimlərdən eşitdim ki, ümid Allaha qalıb. Əgər sabah da ayılmasa, öləcək. Vəssalam, bu da son. Bu da mənim şirin xəyallarımın zəhərli gerçək sonu...Mən özümdə deyildim, ümidsiz-ümidsiz gah palatadan çıxıb dəhlizdəki qohum-əqrabanın kədərli baxışları altında var-gəl edir, gah da palataya girib yazıq Rəfiqə ananın həzin oxşamalarını dinləyirdim. Mənim göz yaşlarım qurumuşdu, ağlaya bilmirdim. Necə oldusa, Rəfiqə xala birdən-birə hönkürtü vurdu, mən də özümü saxlaya bilməyib ona qoşuldum.

-Can bala, axı bizim ümidimiz sənəydi!- ana deyirdi. -Bəs deyirdin çempion olacaqsan?

Birdən... Sanki möcüzə baş verdi. İlqar əllərini tərpətdi, pıçıltıyla:

-Ana.... üşüyürəm... üstümü ört...-dedi.

-Can bala...Ay qız!!! Həkim çağır! Uşaq ayıldı!

Mən bayıra cumub tibb bacısını səslədim. Yadımda deyil, nə cür səs çıxarmışam, hər halda, anam deyirdi ki, sən qışqırmırdın, elə bağırırdın ki, az qala bütün hospitalın divarları silkələnəcəkdi. Bir göz qırpımında həkimlər tökülüşüb gəldilər. Mənsə, elə hey deyirdim:

-İlqar, mən burdayam... Qurban olum... sənin yanındayam...

O, mənim əlimi sıxdı. Onun qolunun gücü qayıtmışdı.

Həkim dedi:

-İdmançı olduğuna görə ürəyi dözdü, müqavimət göstərdi.

Rəfiqə ana oğlunu çağırdı:

-İlqar! İlqar! Başına dönüm, mənim əziz balam... Biz hamımız sənin yanındayıq...

-Ana, üşüyürəm...- İlqar yenə pıçıldadı.

Ana dərhal əynindəki jaketi çıxarıb oğlunun üstünə saldı. Mən də qeyri-ixtiyari durub asılqandan paltomu götürdüm, İlqarın ayaqlarını örtdüm...

Lakin hələ burnumuzdan qara tütün çıxacaqdı, dərdin ən böyük yarası qabaqdaydı. Bir neçə gündən sonra məlum oldu ki, İlqar görmə qabiliyyətini tamamilə itirib. O, kor oldu və birinci dərəcəli Qarabağ əlili kimi evə döndü.

Aylar, illər ötdü, İlqarı haralara aparmadılar. Hökumət səviyyəsində hətta Moskvada müalicələr aldı, xeyri olmadı. Zədə həddən artıq ağır idi, onun gözlərinin işığını qaytara bilmədilər. Bütün bunlara baxmayaraq, nəhayət, mən ona ərə getdim. Toyumuza az qalmış İlqar mənə dedi:

-Bəlkə fikrini dəyişəsən? Axı sən sağlam adamla daha xoşbəxt ola bilərsən?!

-Yalnız səninlə...səninlə...Bir də bu sözləri dilinə gətirmə...

...Neçə illərdi birlikdəyik. Mən İlqara iki uşaq doğmuşam. Böyük oğlumuzun altı, qızımızın isə dörd yaşı var. İlqar mənə söz vermişdi ki, dünya çempionu olacaq. Oldu. Özü də bir dəfə yox, iki dəfə. O, tez-tez səfərlərdə olur, yarışlarda iştirak edir, hər dəfə də paraolimpiya oyunlarının qalibi kimi evə dönür. Kanadada, Yunanıstanda, Türkiyədə, Hollandiyada, Fransada, Braziliyida, Macarıstanda Azərbaycan bayrağını göylərə qaldırıb. Oğlum Fərid onunla fəxr edir, hər dəfə atası evə dönəndə onun boynuna sarılır, deyir:

-Ata, cüdoda səndən güclüsü yoxdu...

Mən isə düşünürəm ki, ümumiyyətlə dünyada mənim ərimdən güclüsü yoxdu. Hərdən fikirləşirəm ki, görəsən İlqar mənim barəmdə nə düşünür. Görəsən özünü xoşbəxt hiss edirmi? Sonra dərhal bu fikirləri başımdan qovuram; mən taleyimdən razıyam. Təki canımız sağ olsun, Allah bizim dualarımızı eşitsin, onun gözlərinin işığını qaytarsın. Hərdən də dəli bir ağlamaq keçir könlümdən, hər şeyi-müharibəni, dava salanları, erməni snayperini, havanı, dünyanı... lənətləyirəm. Axı dünyanın düz vaxtında adamı da dünya işığına həsrət qoyarlar? Belə gözəl dövranda, həyatın üzümüzə güldüyü bir zamanda bu işığı mənim çempionuma nə üçün qıydılar? Görəsən o erməni snayperinin arvadı varmı? Uşaqları varmı? Onun başına belə bir müsibət gəlsəydi...

...Bir neçə ay bundan qabaq günortaçağı yatmışdım, yuxu gördüm. Gördüm ki, İlqarla uzaq bir diyardayam. Hər yan qəribə, hər yan köhnə, lap qədim zamanları xatırladır. Daş divarlar, küçələr arasında qəribə-qəribə adamlar gəzişirlər. Birdən İlqar mənim əlimi buraxıb qabaqdakı palçıq gölməçəsinə tərəf qaçır. Deyirəm, qaçma, İlqar, yıxılarsan, axı sən görmürsən? O isə mənə baxmadan qaçır.

Mən yanımdan ötüb-keçən uzun, ağ donlu, başı çalmalı adamlardan soruşuram:

-Bura haradır?

-Qüds! Nazaretli İsa Məsihin vətəni...- deyə qara saqqallı, başında çoxlu tükü olan, yaxası açıq nurani cavan bir oğlan ehtiramla mənə baş əyir, sonra əlavə edir.- Xoş gəlmisiz, xanım! Qoy əriniz o gölməçəyə girib gözlərinə palçıq sürtsün...Sonra mənim yanıma gələrsiz...

Həyəcanlanıram, qaçıram, İlqara yetişirəm. Onun gözlərinə gölməçədəki palçıqdan sürtürəm, sonra ikimiz də geri qayıdırıq. Görürəm ki, qara saqqallı nurlu cavanın başına çox adam toplaşıb. Çətin bizi görsün. Lakin o, adamları aralayır, bizə "yaxın gəlin" deyir. İlqarın gözlərinə tüpürür, sonra əllərini onun gözlərinin üstünə qoyur.

-Bir şey görürsənmi?-soruşur.

-Adamları yeriyən ağaclar kimi görürəm...- İlqar deyir.

Nurani cavan əllərini yenə İlqarın gözləri üstünə qoyur, İlqar diqqətlə ətrafa baxır, məni görən kimi qışqırır:

-Görürəm! Səni sərrast görürəm!

Nurani cavan üzünü mənə tutur, deyir: evdə heç kimə bu barədə danışmayın!..

Bu yerdə yuxudan dik atıldım. Yaman qorxdum. Qapının zəngi çalınırdı. Hövlnak qaçıb qapını açdım. İlqar idi, məşqçisi ilə gəlmişdi. İçəri girən kimi ikisi də birnəfəsə:

-Muştuluq!-qışqırdı.

-Noolub?

-Məkkəyə gedirik, Həcc ziyarətinə... Səni də aparacam...Şeyxin yanından gəlirik. İki yer verdi bizə...

Onda hələ alnımız yerə dəyməmişdi. Həmin gün sevincimizi bütün qohum-əqraba ilə bölüşdük.

...Məkkədən sırağagün gəlmişik. Mən hələ də o yuxunu İlqara danışmamışam. Nədənsə, qorxuram. Dünən axşam evimizdə ürəyimi paralayan bir hadisə baş verməsəydi, heç bu əhvalatı da yazmayacaqdım...

...Mən İlqar üçün "Komada olan Adam" kitabını oxuyurdum. İlqar çox diqqətlə qulaq asırdı, bəzən başını tərpədir, bəzən də özünü saxlaya bilməyib deyirdi: "bax, burasını çox dəqiq yazıb!". Humay gəlinciyi ilə oynayırdı, Fərid isə o biri otaqda şəkil çəkirdi. Birdən qız gəlinciyini də götürüb qaça-qaça atasının üstünə gəldi. İlqar qızını dizinin üstündə oturdub başladı saçlarını iyləməyə.

-Ata, de görüm məni çox istəyirsən?-Humay soruşdu.

-Əlbəttə...

-Lap çox?

-Lap çox!

-Bəs Fəridi?

-Fəridi də istəyirəm...

-Çox istəyirsən?

-Lap çox!

Humay susdu. Sonra dodaqlarını uzadıb atasının üzündən öpdü. Pıçıltıyla dedi:

-Gözlərin elə həmişə belə qalacaq?

-Humay, mane olma! Ataya kitab oxuyuram... Get kuklanı yatızdır...-dözə bilməyib söhbətə qarışdım. Uşaq getmədi. Balaca toppuş əllərini atasının göz qapaqlarına tərəf uzatdı. Başladı onları aralamağa. İlqar isə elə bil uyumuşdu, qızının saçlarını qoxlayırıdı, opürdü.

-Atamın gözləri ağappaqdır!- qızım ucadan qışqırdı.

-Humay, atanı incitmə...- bu dəfə ona acıqlandım.

Fərid də o biri otaqdan çıxıb qaça-qaça gəldi. Oturdu atasının o biri dizinin üstündə.

-Nə dedin? Ağappaqdı? Baxım...- deyə o da əlini İlqarın gözünə apardı.

Bimirəm, o anlarda İlqar nə düşünürdü, amma mənə elə gəldi ki, o, dünyanın ən bəxtəvər atası kimi oturmuşdu - dimdik, qürurlu və məmnun... Ərim başını gah uşaqlarının toppuş əlləri arasında oynadır, gah da onları acgözlüklə öpürdü. Birdən Fərid də qışqırdı:

-Ata, sənin gözlərinin içi ağdır...

-Hə, oğlum, ağdır...

-Bəs qarası hanı?

-Qarası ananda, səndə, Humayda...- İlqar birnəfəsə dilləndi.

Sonra durub pərişan halda balkona çıxdı, üzünü uzaqlara tutdu. Mən çox kövrəldim, uşaqları danladım, özüm də getdim durdum İlqarın yanında. Biz beləcə xeyli susduq. Danışmadıq. Nəhayət:

-Düzünü de, bu anlarda kimi görmək istərdin?-heç özüm də bilmədim nədən belə soruşdum.

-Uşaqlarımı...Görəsən, onların gözlərinin rəngi necədi?

Mən doluxsundum. İlqar sanki bunu duydu, dedi:

-İncimə, səni də, anamı da, bacı-qardaşlarımı da görmüşəm... Siz mənim yaddaşımda əbədi qalacaqsız... Amma uşaqları görməmişəm. Bircə buna görə görmək istəyirəm. Onların rəngi...saçları... gözləri...əlləri...ayaqları...

Birdən açıq qalmış qapıdan boylanan Humay sevinclə qışqırdı:

-Ata, mən ağ rəngdəyəm... Bax...

Fərid bacısını dala itələyib balkona çıxdı, dedi:

-Mən də ağ rəngdəyəm, ata... Ağappağ... Sənin kimi...

...Bu da nöqtələr... Hamı yatıb, mən isə yata bilmədim, başladım bu hekayəti yazmağa. İlqarın bundan xəbəri yoxdu, o da yuxuya gedib, günorta üstü yenə paraolimpiya yarışlarına yola düşəcək. Pəncərəmdən çölə baxıram. Dan yeri sökülür. Bu səhər də mənim üçün ağ qızılgül kimi açılır. Namazımızın vaxtı yetişir. Biz hər gün sübhün sahibinə dua edirik - mən sevgimiz üçün yalvarıram. İlqar isə ailəmiz, evimiz, uşaqlarımız üçün dua edir... Mən Allaha inanıram. Bilirəm, O, məni eşidir. O, məni görür. Və O, bir gün mənim ağ sevgimin gözlərini də açacaq...

...Bir azdan uşaqlar duracaq. Onları yedizdirib bağçaya aparmalıyam, gəlib İlqarı Avropa çempionatına, Londona yola salmalıyam. Sonra da hər günkü qayğılar...ev işləri...hər günkü ümidlər...hər günkü dualar...hər günkü intizar və duyğu dolu anlar...Şairə olmaq asan deyil...

Bakı, 2016.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG